Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Qanlı 20 Yanvar - tariximizin kədər və qürur səhifəsi

Qanlı 20 Yanvar - tariximizin kədər və qürur səhifəsi

20.01.2024 [10:00]

Azərbaycan xalqının mental dəyərlər sistemində doğma Vətənə bağlılıq, torpağı qorumaq, azad yaşamaq istəyi mühüm yer tutur. Bu ideyalar tarix boyunca bizi bir yumruq kimi birləşdirərək yadellilərə qarşı mübarizələrə sövq edib. Heç vaxt məkrli qüvvələrin basqıları qarşısında mənən sınmamışıq, geri çəkilməmişik. Haqq, ədalət, milli varlığımızı, əcdadlarımızın mirası olan ərazilərimizi qorumaq mücadiləsində faciələrlə də üzləşmişik, itkilərimiz də çox olub. Belə faciələrdən birini düz 34 il bundan əvvəl - 1990-cı il yanvarın 19-dan 20-ə keçən gecədə yaşadıq. Həmin gecədə Bakının Şimaldan olan giriş qapısında, şəhərin ayrı-ayrı küçə və meydanlarında dəhşətli hadisələr baş verdi - keçmiş ittifaqın təpədən dırnağadək silahlanmış ordu bölmələri dinc insanları, o cümlədən də uşaqları, qocaları, qadınları fərq qoymadan xüsusi bir amansızlıqla güllə yağışına tutaraq qətlə yetirdilər. Şəhərə tanklar və digər ağır texnika yeridildi. Elə təsəvvür yaranırdı ki, keçmiş sovet ordusu düşmən qüvvələrinə qarşı müharibəyə başlayıb.

Həmin faciə qan yaddaşımızdan heç vaxt silinməyəcək. Biz xalqımıza bu faciəni yaşadanları daim lənətləyəcəyik. Eyni zamanda, 1990-cı il yanvarın 19-dan 20-ə keçən gecədə Bakıda yaşananlar yaddaşımıza  tariximizin şərəfli bir səhifəsi kimi yazılıb. Xalqımız bu faciədən sonra milli azadlıq və ərazi bütövlüyü uğrunda mübarizədən geri çəkilmədi. Dünya sarsılmaz milli iradəmizin şahidi oldu. Biz mübarizəni davam etdirməklə XX yüzillikdə ikinci dəfə müstəqilliyə  qovuşduq. Haqq, ədalət uğrunda mübarizəmiz ilbəil daha dönməz xarakter aldı. 1990-cı ilin 20 yanvarında faciəyə məruz qalan Azərbaycan xalqı özünün müdrik və qətiyyətli Liderinin - Prezident İlham Əliyevin rəhbərliyi ilə 2020-ci ildə ölkənin ərazi bütövlüyünə, 2023-cü ildə isə Qarabağda suverenliyimizin bərpasına nail oldu. 20 Yanvar şəhidləri də məhz bu müqəddəs amallar naminə əliyalın imperiya qüvvələrinin şəhərə yeridilən tanklarının qabağına çıxmışdılar. ?ndi bütün şəhidlərimizin Vətən göylərində gəzən ruhları şaddır!

Günahkarlar kimlər idi?

Bakı ilə paralel şəkildə, bölgələrində də qırğınlar törədildi. Ümumilikdə, Bakıda və respublikanın rayonlarında 147 nəfər qətlə yetirildi, 744 nəfər yaralandı, 841 nəfər isə həbs olundu. Bu, dinc insanlara qarşı törədilən qanlı bir cinayət idi. Ordunun xalqa ağır texnikadan atəş açması tarixdə az rast gəlinən faktdır. Bunu keçmiş SSRİ-nin rəhbəri M.Qorbaçovun əmri ilə imperiya ordusu etdi.

Aradan 34 il ötəndən sonra da bir sual aktuallığını qoruyub saxlayır: Günahkarlar kimlər idi və yaxud faciədən qaçmaq olardımı? Respublikamızda törədilən qırğınların birbaşa baiskarı, əlbəttə ki, erməni ətrafının diqtəsi ilə oturub duran M. Qorbaçov idi.  Ordunun Bakıya yeridilməsi əmrini məhz o vermişdi. Ancaq təhlillərdən həm də o nəticə hasil olur ki, həmin dövrdə respublikada yaranan ictimai-siyasi vəziyyət düzgün dəyərləndirilməyib. Burada həm respublikanın o vaxtkı rəhbərliyi, həm də xalq hərəkatını istiqamətləndirən qüvvələr məsuliyyət daşıyırlar. Tam qətiyyətlə söyləyə bilərik ki, həmin dövrdə proseslərə yanılış istiqamət verildi. Əslində, faciədən qaçmaq mümkün idi. Xatırlayaq.  Keçmiş ittifaqda 1985-ci ildə M.Qorbaçovun təşəbbüsü ilə başlayan yenidənqurma cəmi bir neçə ildən sonra SSRİ-nin dağılmasını labüd etmişdi. Yəni proseslər sütunları zəif olan ittifaqın parçalanmasına doğru gedirdi. Lakin o dövrdə respublikamızda təzə-təzə başlayan xalq hərəkatına soxulmuş ambisiyalı qüvvələr önə keçmək və perspektivdə hakimiyyətə gəlmək üçün insanların vətənpərvərlik hisslərindən özlərinin çirkin niyyətlərinə çatmaq üçün bir vasitə kimi istifadə etməyə çalışırdılar. Onlar xalqa vəd etdirdilər ki, Bakıya qoşun yeridilməyəcək. Digər tərəfdən, həmin dövrdə Azərbaycana Ə.Vəzirov kimi xalqdan uzaq olan kosmopolit bir şəxs rəhbərlik edirdi. O, təşəbbüssüz rəhbər idi və cəmiyyətdə  heç bir nüfuza malik deyildi. Onun yeganə məqsədi respublikada imperiyanın maraqlarını təmin etmək idi. Bax, bu iki səbəb üzündən Azərbaycan müstəqilliyinə faciədən keçərək nail oldu. Halbuki, keçmiş ittifaqın digər respublikalarında proseslər dinc məcrada inkişaf etdi və ötən əsrin doxsanıncı illərinin əvvəllərində onlar da öz müstəqilliklərinə qovuşdular.

Faciə yaşayan xalqını tək qoymayan Heydər Əliyev

Kədərli günlərdə insanların gözləri yolda qalır, kiminsə ürək-dirək verməsi onlar üçün böyük təsəlli olur. Bir gecənin içində dəhşətli faciə ilə üz-üzə qalan Azərbaycan xalqı həmin dövrdə bir növ tək qalmışdı. Respublikamızın ətrafında informasiya blokadası qurulmuşdu.  Imperiyanın ruporları yalanlar uyduraraq facə qurbanlarını beynəlxalq ictimaiyyətə terroristlər, qiyamçılar, silahlı dəstələr, ictimai asayişi pozan xuliqanlar kimi təqdim edirdi. Bir tərəfdən itkilərimiz, digər tərəfdən ünvanımıza yağdırılan şantajlar bizi yandırıb yaxırdı.

Belə ağır məqamdə o dövrdə keçmiş ittifaqdakı bütün vəzifələrindən uzaqlaşdırılsa da, Moskvada yaşayan Heydər Əliyev bir milli mücadilə nümunəsi ortaya qoydu. O, faciənin ertəsi günü hədə-qorxulara, təhdidlərə məhəl qoymayaraq ailə üzvləri ilə birlikdə Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gəldi və Bakıda baş verənlərlə bağlı informasiya blokadasını yardı, bütün dünyaya bir sıra mesajlarını çatdırdı. Doğma xalqı ilə bir yerdə olduğunu bildirən, dərin kədərini ifadə edən Heydər Əliyev Azərbaycanda baş vermiş hadisələri hüquqa, demokratiyaya yabançı, humanizmə və respublikada elan olunmuş hüquqi dövlət quruculuğu prinsiplərinə zidd addım kimi dəyərləndirdi. “Ordu yeridilmiş, günahsız adamlar həlak olmuşlar. Yeri gəlmişkən, deyim ki, ölənlər arasında hərbi qulluqçuların olması haqqında da məlumatlar daxil olur. Sual olunur: ölkənin ali dövlət, partiya rəhbərliyinin səhv qərarı ucundan, olmayan qiyamı yatırtmaq adı ilə Azərbaycana göndərilmiş rus gənclərinin günahı nədir?

Azərbaycana kənardan böyük ordu kontingenti yeridilmişdir. Respublikada neçə ordu birləşməsinin olduğu mənə yaxşı bəllidir. Azərbaycanda kifayət qədər - 4-cü ordu, Xəzər Hərbi Dəniz Donanması, desant qoşunlarının diviziyası, Hava Hücumundan Müdafiə Qoşunları, DİN-in daxili qoşun birləşmələri vardır. Oraya əlavə qoşun yeritmək nəyə lazım idi?”, - deyə Heydər Əliyev sual edirdi.

Heydər Əliyev Azərbaycanın Moskvadakı daimi nümayəndəliyində etdiyi çıxışında günahkarların, qırğın törədənlərin hamısının  cəzalandırılmasını istədi. Ulu Öndərin bu addımı xalq üçün böyük təsəlli oldu.

20 Yanvar faciəsinə siyasi- hüquqi qiymət verilməsi

20 Yanvar faciəsinin baş verməsində o dövrdə xalq hərəkatına soxulmuş qüvvələrin də günahkar olduğunu qeyd etdik. İş elə gətirdi ki, həmin qüvvələr sırasında yer alan AXC-”Müsavat” cütlüyü müstəqilliyimizin ilk illərində qeyri-legitim yolla hakimiyyətə gəlməyə nail oldu. Lakin faciə ərəfəsində insanları meydanlara səsləyən, onlara ataş açılmayacağına təminatlar verən həmin qüvvələr iqtidarda olduqları dövrdə 20 Yanvar faciəsinə hüquqi-siyasi qiymət verilməsi barədə heç düşünmədilər də.  Sanki hər şey unudulmuş və belə bir hadisə baş verməmişdi. Zamanında xalq hərəkatına soxulan, sonradan AXC-”Müsavat” iqtidarında yüksək vəzifələr tutan “liderlər” bu gün də ambisiyalar səsləndirirlər. Bu isə artıq mənəviyyatsızlığın ən son həddidir.

Yalnız Heydər Əliyevin səyləri sayəsində  20 Yanvar faciəsi özünün hüquqi-siyasi qiymətini aldı. Onun təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikasının Ali Məclisi 20 Yanvar faciəsinə ilk siyasi qiymət verdi. Bununla bağlı Naxçıvan MR Ali Məclisi 21 noyabr 1990-cı il tarixli qərar qəbul etdi. Azərbaycan SSR Ali Sovetinin 7 mart 1991-ci il tarixli sessiyasındakı çıxışı zamanı Heydər Əliyev bildirdi ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecədə  ittifaq dövləti tərəfindən Azərbaycan xalqına qarşı hərbi təcavüz edilib. Heydər Əliyev 1993-cü ilin yayında xalqın təkidli tələbi ilə Azərbaycanın siyasi rəhbərliyinə qayıtdıqdan sonra 20 Yanvar faciəsi ilə bağlı mühüm sənədlərin qəbul olunmasını təmin etdi. O cümlədən Prezident Heydər Əliyev 1994-cü il yanvar ayının 5-də 20 Yanvar faciəsinin dördüncü ildönümünün keçirilməsi ilə bağlı Fərman imzaladı. Fərmanda Milli Məclisə tövsiyə olunurdu ki, faciəyə tam siyasi-hüquqi qiymət verilsin. Bunun ardınca isə 1994-cü il yanvarın 12-də dövlət komissiyasının geniş iclasında dövlət başçısı Azərbaycan Respublikası Ali Soveti Milli Şurasının 1992-ci il 19 yanvar tarixli qərarını xatırladaraq bu qərarda 20 Yanvar hadisələrinin əsl səbəblərinin açıqlanmadığını, həqiqi günahkarların aşkar edilmədiyini, iki il ərzində həmin qərarın özünü doğrultmadığını diqqətə çatdırdı.

Heydər Əliyevin bu istiqamətdə gərgin əməyinin nəticəsi kimi, 1994-cü il mart ayının 29-da “1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında” adlı xüsusi qərar qəbul edildi. Bununla da Azərbaycan xalqının məruz qaldığı dəhşətli faciəyə - 20 Yanvar hadisələrinə siyasi-hüquqi qiymət verilmiş oldu.

Beynəlxalq birliyə çağırış

Təəssüf doğuran haldır ki, aradan 34 il ötsə də, müvafiq beynəlxalq təşkilatlar 20 Yanvar faciəsinə adekvat hüquqi qiymət verməyib. Bu günlərdə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva 1990-cı il 20 Yanvar faciəsinin 34-cü ildönümü ilə əlaqədar bəyanat yayıb. Bəyanatda bildirilir ki, mülki əhaliyə, o cümlədən qadınlara, uşaqlara və qocalara qarşı xüsusi qəddarlıqla törədilmiş bu hərbi təcavüz nəticəsində beynəlxalq hüququn insan hüquq və azadlıqlarına hörmət olunması prinsipi, eləcə də Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin, “Mülki və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktın və digər beynəlxalq hüquqi sənədlərin müddəaları kobud şəkildə pozulub. Beynəlxalq təşkilatlara və dünya ictimaiyyətinə dəfələrlə müraciətlər edilməsinə baxmayaraq, insanlıq əleyhinə törədilmiş bu cinayətə hələ də hüquqi qiymət verilməyib, bu qanlı cinayəti törətmiş şəxslər məsuliyyətə cəlb edilməmişlər. “Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili olaraq, beynəlxalq təşkilatları dinc əhaliyə qarşı törədilmiş və insan hüquqlarının kobud şəkildə pozulması ilə nəticələnmiş bu amansız cinayətə hüquqi qiymət verməyə, təqsirkar şəxslərin ədalət mühakiməsi qarşısında cavab vermələri məqsədilə qətiyyətli addımlar atmağa çağırıram”, - deyə sənəddə vurğulanır.

Mübariz FEYİZLİ

Paylaş:
Baxılıb: 583 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

İqtisadiyyat

Mədəniyyət

Baş rejissorsuz...

03 Fevral 08:27

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28