Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Azərbaycanda demokratik seçki ənənəsi

Azərbaycanda demokratik seçki ənənəsi

07.02.2024 [09:00]

Bu gün respublikamızda müstəqillik tariximizdə sayca 9-cu olan Prezident seçkiləri keçirilir. Azərbaycanın müstəqillik tarixi cəmi üç onilliyi əhatə edir. Tarix nöqteyi-nəzərindən bu elə də uzun bir zaman kəsiyi deyil. Əsas məqamlardan biri ondan ibarətdir ki, ötən dövrdə respublikamızda cəmiyyət həyatının demokratikləşməsi prosesi davamlı hal alıb. Qısa müstəqillik tarixində ölkədə yüksək seçki mədəniyyətinin və ənənələrinin formalaşması da böyük nailiyyətdir.

Azərbaycanda qanunvericiliklə vətəndaşların seçmək və seçilmək hüququ müvafiq qaydada təmin edilir. Seçkilər çoxpartiyalılıq prinsipi ilə keçirilir və hər kəsin öz iradəsini gizli və sərbəst şəkildə ifadə etməsinə şərait yaradılır.

Ölkəmizdə Prezident, parlament (ali qanunverici orqan) və bələdiyyə (yerli idarəetmə orqanı) seçkiləri, həmçinin referendumlar keçirilir. Seçkilər ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə aparılır. Əgər biz müqayisə etsək, görərik ki, respublikamızda seçkilərdə və referendumlarda iştirakçılıq getdikcə artıb. Bu da bir tərəfdən ölkəmizdə münbit, demokratik seçki mühitinin yaradılmasına dəlalət edir, digər tərəfdən isə seçicilərin fəallığının artmasını göstərir. Azərbaycan vətəndaşları vətənpərvərdirlər və ölkənin taleyinə biganə deyillər. Buna görə də getdikcə daha fəal şəkildə seçki prosesinə qoşularaq səslərini ən layiqli namizədlərə verirlər.  

Seçkilərin ən önəmlisi - Prezident seçkiləri

Azərbaycanda keçirilən seçkilərin ən önəmlisi Prezident seçkiləridir. Ərazi bütövlüyümüzün və suverenliyimizin tam təmin olunmasından sonra respublikamızda ilk olaraq prezident seçkilərinin keçirilməsi də məhz bu amillə bağlıdır. Ərazi bütövlüyümüzün və suverenliyimizin bərpası ilə ölkəmizdə mahiyyət etibarı ilə bütöv bir mərhələyə yekun vurulub. Başa çatan mərhələdə dövlətin və cəmiyyətin əsas ümummilli ideyası reallaşdırılıb. Yeni mərhələnin isə strateji çağırışları və məqsədləri var. Buna görə də yeni mərhələnin başlanğıcında parlament və yaxud bələdiyyə çeçkilərinin keçirilməsi məqsədəuyğun olmazdı. Bu gün keçirilən Prezident seçkiləri ilə Qalib Azərbaycanın yeni mərhələsinə qədəm qoyacağıq. Bu seçkilər həm də Prezident seçkilərinin ilk dəfə ölkənin bütün ərazisində keçirilməsi ilə əlamətdardır.

Azərbaycan Respublikası Prezidenti ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst və gizli səsvermə yolu ilə 7 il müddətinə seçilir. Bir şəxsin prezident seçilmə sayına məhdudiyyət yoxdur. 2009-cu ildə baş tutan Azərbaycan Respublikasının Konstitusiyasına əlavə və dəyişikliklər edilməsinə dair referendumdan əvvəl isə bir şəxs iki dəfədən artıq prezident seçilə bilməzdi.

1991-ci il sentyabrın 8-də keçirilən seçkilər müstəqil Azərbaycanda baş tutan birinci prezident seçkiləri oldu. Prezident seçkiləri “Azərbaycanın dövlət müstəqilliyi haqqında” Konstitusiya Bəyannaməsinin qəbul edilməsindən 10 gün sonra keçirildi. Seçkilərdə yalnız bir namizəd iştirak edirdi.

Müstəqil Azərbaycanda sayca ikinci Prezident seçkiləri 1992-ci il iyunun 7-də baş tutdu. Seçki marafonuna beş namizəd qatılmışdı.

Ölkəmizdə üçüncü prezident seçkiləri Heydər Əliyevin xalqın təkidli tələbi ilə 1993-cü ilin yayında Azərbaycanın siyasi rəhbərliyinə qaydışından sonra baş tutdu. 1993-cü il oktyabrın 3-də keçirlən və üç namizədin qatıldığı bu seçkilərdə Heydər Əliyev 98.84 faiz səslə Azərbaycan Prezidenti seçildi.

Müstəqil Azərbaycanda sayca 4-cü Prezident seçkiləri 11 oktyabr 1998-ci ildə keçirilib. Səsvermədə 3.358.465 seçici iştirak edib ki, bu da seçici siyahılarında qeydə alınan seçicilərin ümumi sayının 79, 18 faizini təşkil edirdi. Həmin seçkilərdə iştirak etmiş seçicilərin 2.556.059 nəfəri və ya 76,11 faizi ölkə Prezidentliyinə altı namizəddən biri olan Əliyev Heydər Əlirza oğluna səs verib. Beləliklə, Azərbaycan Respublikası Konstitusiyasının 101-ci məddəsinin ikinci hissəsinə uyğun olaraq H.Əliyev səsvermədə iştirak etmiş seçicilərin üçdə iki hissəsinini səs çoxluğu ilə yenidən Azərbaycan Respublikasının Prezidenti seçilib. Oktyabrın 18-də Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi günündə Prezidentin andiçmə mərasimi keçirilib.

Azərbaycanda baş tutan növbəti (beşinci) Prezident seçkiləri 2003-cü il 15 oktyabr tarixində keçirilib. Demokratik qaydada keçirilən seçkilərdə səsvermə hüququna malik olan vətəndaşların 71.5%-i (3,046,401 vətəndaş) iştirak edib. Azad, ədalətli və şəffaf şəkildə keçirilən seçkilərdə Yeni Azərbaycan Partiyasının (YAP) namizədi İlham Əliyev ümumi seçicilərin 2 milyon 438 min 787 nəfərinin səsini qazanaraq, yəni 76.84  faizdən çox səs toplayaraq Azərbaycan Respublikasının Prezidenti seçilib.

2008-ci il 15 oktyabr tarixində baş tutan seçkilər Azərbaycan Respublikası Prezidenti  postuna keçirilən 6-cı rəsmi seçkilərdir. Seçkilərdə səsvermə hüququna malik olan vətəndaşların 75,64%-i (3,700,634 vətəndaş) iştirak edib. Seçkilərdə seçicilərin 88,73 faiz səsini qazanan İlham Əliyev ikinci dəfə Azərbaycan Respublikasının Prezidenti seçilib.

Müstəqil Azərbaycanın tarixində sayca yeddinci Prezident seçkiləri 2013-cü il oktyabr ayının 9-da keçirilib. Seçkilərə 10 namizəd qatılıb.  Seçici fəallığı 72,31 faiz olub. Seçicilərin 84,54 faiz səsini qazanan İlham Əliyev növbəti dəfə Azərbaycan Respublikasının Prezidenti seçilib.

Azərbaycan Prezidenti İlham Əliyevin 5 fevral 2018-ci il tarixli Sərəncamına əsasən 2018-ci il aprelin 11-də Azərbaycanda növbədənkənar Prezident seçkilərinin keçirilməsi qərara alındı. Beləliklə,  Azərbaycan tarixində birinci dəfə növbədənkənar Prezident seçkiləri baş tutdu. Ölkənin kifayət qədər güclənməsi, regional proseslərdə həlledici söz sahibinə çevrilməsi və beynəlxalq proseslərə təsir imkanları qazanması seçkilərə beynəlxalq diqqəti artırırdı. Seçkilərin nəticələri təkcə Azərbaycan deyil, regionda geosiyasi proseslərin gələcəyi üçün də böyük əhəmiyyət daşıyırdı.

Seçkilərdə 8 namizəd mübarizə aparırdı. Prezident İlham Əliyevin namizədliyi Yeni Azərbaycan Partiyası, Araz Əlizadənin namizədliyi Azərbaycan Sosial Demokrat Partiyası, Qüdrət Həsənquliyevin namizədliyi Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası, Fərəc Quliyevin namizədliyi Milli Dirçəliş Hərəkatı Partiyası, Hafiz Hacıyevin namizədliyi Müasir Müsavat Partiyası, Sərdar Məmmədovun namizədliyi Azərbaycan Demokrat Partiyası, Razi Nurullayevin namizədliyi Cəbhəçilərin təşəbbüs qrupu, Zahid Orucun namizədliyi isə özü tərəfindən irəli sürülmüşdü.

125 dairənin 5641 seçki məntəqəsində keçirilən seçkiləri 61 təşkilat, 59 ölkədən olmaqla 894 beynəlxalq müşahidəçi izləyirdi. Seçkiləri müşahidə edən yerli müşahidəçilərin sayı isə 58 min 175 nəfər idi. Şəffaflığın təmin olunması məqsədilə digər vasitələrlə yanaşı, işğal olunmuş ərazilər istisna olmaqla bütün ölkə coğrafiyasını əhatə edən 1000 seçki məntəqəsində və ya seçki məntəqələrinin təqribən 20 faizində veb-kameralar quraşdırılmışdı.

Seçkilərdə Yeni Azərbaycan Partiyasının namizədi İlham Əliyev seçicilərin 86,02 faiz səsini qazanaraq qalib gəldi. Zahid Oruca 3,12 faiz, Sərdar Məmmədova 3,03 faiz, Qüdrət Həsənquliyevə 3,02 faiz, Hafiz Hacıyevə 1,52 faiz, Araz Əlizadəyə 1,38, Fərəc Quliyevə 1,17 faiz, Razi Nurullayevə isə 0,74 faiz səs verildi. Prezident İlham Əliyevin andiçmə mərasimi 2018-ci il aprelin 18-də Milli Məclisdə keçirildi.

Ali qanunverici orqana - Milli Məclisə seçkilər

Azərbaycan Respublikasının Milli Məclisi ölkəmizdə qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanıdır. Birpalatalı orqandır. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir. Milli Məclisin hər çağırışının seçkiləri beş ildən bir noyabr ayının birinci bazar günü keçirilir. Milli Məclisdə hər il iki növbəti yaz və payız sessiyaları keçirilir.

Azərbaycanda parlament tarixi Azərbaycan Xalq Cümhuriyyəti dövründən başlayır. İlk dəfə 1918-ci il iyulun 21-də Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər keçirilməsi haqqında Əsasnamə təsdiqlənib. Qanuna əsasən, məclisin tərkibinə 120 nəfər daxil olmalı idi. Həmçinin parlament seçkilərində 20 yaşı tamam olmuş hər iki cinsin nümayəndələri iştirak edə bilərdi. İstisna olaraq inzibati vəzifələr tutan şəxslər Milli Məclisə seçilə bilməzdilər, yalnız səs verə bilərdilər. 1991-ci il avqustun 30-da Azərbaycan ikinci dəfə müstəqillik əldə etdikdən, 18 oktyabr tarixində Müstəqillik haqqında Konstitusiya Aktı keçmiş Ali Sovet tərəfindən qəbul olunduqdan sonra parlamentin fəaliyyətində dəyişikliklər zərurəti yarandı.

Keçmiş Ali Sovetdəki “Demokratik” Blokun üzvləri parlamentin iclaslarının az keçirilməsinə etiraz edərək, onun daha çevik fəaliyyət göstərməsinə nail olunması üçün 50 nəfərdən ibarət Milli Şuranın yaradılması təklifi ilə çıxış etdilər. Uzun sürən gərgin müzakirələrdən sonra 50 nəfərlik Milli Şuranın yaradılması ilə bağlı razılıq əldə olundu. Beləliklə, 1991-ci ilin sonlarına yaxın 360 nəfərdən ibarət olan Ali Sovetin daimi fəaliyyət göstərəcək orqanı-Milli Şura yaradıldı və bu tərkibdə ilk Milli Şuranın (sonradan adı dəyişdirilərək Milli Məclis adlandırıldı) üzvləri təsdiqləndilər.

1995-ci ildən etibarən Azərbaycan Respublikasının qanunvericilik hakimiyyətini Milli Məclis yerinə yetirir və 5 ildə bir dəfə olaraq Milli Məclisə 125 mandat üzrə 125 seçici dairəsində majoritar qaydada seçkilər keçirilir. Sonuncu dəfə 2000-ci il Parlament Seçkilərində 100 millət vəkili majoritar (çoxluq), 25 millət vəkili isə proporsional (nisbi) səsvermə sistemi ilə seçildi. 2002-ci ildə keçirilən referendum ilə proporsional səsvermə ləğv edildi.

Müstəqillik tariximizdə parlamentə 1990, 1995, 2010, 2015, 2020-ci illərdə olmaqla seçkilər keçirilib.  Milli Məclis tarixində ilk dəfə V çağırış ərzində, 2019-cu ildə iqtidar partiyası Yeni Azərbaycan Partiyasının tələbi ilə Milli Məclis buraxılıb və ilk dəfə 2020-ci il fevralın 9-a növbədənkənar parlament seçkiləri təyin edilib. Seçkilərində iştirak etmək üçün rekord sayda 2431 nəfər müraciət edib. Yenə rekord sayda, 1637 nəfər namizəd qeydə alınıb, lakin sonradan onlardan bir çoxu namizədliyini geri götürüb. Beləcə, namizədlərin sayı 1325-ə enib. Bunlardan, 360 namizəd 19 siyasi partiyanı təmsil edirdi. Növbədənkənar parlament seçkilərinədək Milli Məclis rəhbərliyi Yeni Azərbaycan Partiyası və bitərəflərdən ibarət olub. İlk dəfə VI çağırışda başqa partiyadan-Vətəndaş Həmrəyliyi Partiyasından seçilən millətvəkili Fəzail İbrahimli Mill Məclis rəhbərliyində təmsil olunub. O, Milli Məclisin sədr müavini vəzifəsinə iştirak edən 115 deputatdan 112-sinin təsdiqi ilə seçilib.

Yerli özünüidarəetmə orqanlarına - bələdiyyələrə seçkilər

Ölkəmizdə yerli özünüidarəetmə orqanları - bələdiyyələr seçkilər vasitəsilə yaradılır. Bu zaman yerli özünüidarəetməyə rəhbərlik edən şəxslər öz səlahiyyətlərini seçkilər yolu ilə bilavasitə əhalidən alırlar. Respublikamızda bələdiyyə seçkilərinin həyata keçirilməsinin əsas hüquqi bazasını ölkə Konstitusiyası, 2 iyul 1999-cu ildə qəbul olunmuş “Bələdiyyələrə seçkilərin qaydaları haqqında” Azərbaycan Respublikasının Qanunu, 2003-cü ildən isə Azərbaycan Respublikasının Seçki Məcəlləsi təşkil edir.

Heydər Əliyevin ölkə rəhbərliyinə qayıdışından sonra həyata keçirilən demokratik islahatların davamı olaraq Azərbaycan Respublikasında yerli özünüidarəetmə institutu - bələdiyyələr yaradıldı və 1999-cu ilin dekabr ayında bələdiyyələrə ilk seçkilər keçirildi. Qısa müddət ərzində bələdiyyələrin fəaliyyətini tənzimləyən qanunvericilik bazası yaradılaraq bələdiyyələrə geniş səlahiyyətlər verildi.

Bələdiyyələrə seçkilərin keçirilməsi qaydası 2003-cü il 27 may tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Seçki Məcəlləsi ilə müəyyən edilir. Seçki Məcəlləsinin VII bölməsi (210-246-cı maddələr) bələdiyyə seçkilərinə həsr olunub. Azərbaycan Respublikasının vətəndaşları yerli özünüidarəni həyata keçirən bələdiyyələrin üzvlərini ümumi, bərabər və birbaşa seçki hüququ əsasında gizli və şəxsi səsvermə yolu ilə seçirlər. Seçkilər günü 18 yaşına çatmış Azərbaycan Respublikasının hər bir vətəndaşının bələdiyyələrə üzv seçmək hüququ - aktiv seçki hüququ vardır.

Azərbaycan Respublikasında ilk bələdiyyə seçkiləri 12 dekabr 1999-cu ildə keçirilib. Bu seçkilərdə 74 dairə və 4683 məntəqə seçki komissiyası yaradılıb. Seçkilərin təşkili ilə 90,5 min insan məşğul olub. Ədliyyə Nazirliyi tərəfindən qeydiyyatdan keçən bir sıra partiyalar bu seçkilərdə aktiv iştirak ediblər.

17 dekabr 2004-cu ildə növbəti bələdiyyə seçkiləri keçirilib. Bu seçkilər dövründə 4.551.346 insan səsvermə hüququna malik idi. Bunlardan bələdiyyə seçkilərində 2 milyon 109 min 267 nəfər - 46,34 faizi səs verib Bələdiyyə seçkilərində 2731 bələdiyyədə 21613 vakansiyaya 38041 qeydə alınmış namizəd seçilib.

2009-cu ilin dekabrında keçirilmiş növbəti bələdiyyə seçkilərində fərqli xüsusiyyətlər müşahidə edildi. Belə ki, əksər ərazilərdə bələdiyyələrin “iriləşdirilməsi” prosesi baş verdi. 2009-cu il bələdiyyə seçkilərində 31 minə yaxın namizəd 1718 bələdiyyə üzrə 15 min 682 yer uğrunda mübarizə apardı. Namizədlərin 16 min 755-i siyasi partiyaların siyahıları üzrə, 14 min 73-ü fərdi qaydada, 147 nəfəri isə təşəbbüs qrupları tərəfindən irəli sürüldü. Seçkilərdə 1 milyon 466 min 734 seçici səs verdi. Bu, ümumi seçicilərin 32,04 faizini təşkil etdi. Bələdiyyə üzvü seçilmiş namizədlərin sayı 15 591 nəfər təşkil etdi. 2011-ci ildə Azərbaycanda bələdiyyələrə təkrar, əlavə və yeni seçkilərdə səsvermə prosesi başa çatıb. Ümumilikdə, 1169 seçki məntəqəsində səsvermə keçirilib. Seçkilər 86 seçki dairəsi və 330 bələdiyyə üzrə 464 yerə keçirilib. Bələdiyyə üzvlüyünə ümumilikdə 1567 namizəd qeydə alınıb. Seçkilərdə 9 siyasi partiyanın üzvü olan namizədlər iştirak ediblər.

Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının 21 oktyabr 2014-cü il tarixli iclasında bələdiyyə seçkilərinin təyin edilməsi barədə Komissiyanın 4/25 saylı qərarı ilə növbəti bələdiyyə seçkilərinin 2014-cü il dekabrın 23-də keçirilməsi qərara alınıb. “Azərbaycan Respublikasında bələdiyyələrin birləşməsi yolu ilə yeni bələdiyyələrin yaradılması haqqında” Azərbaycan Respublikasının 30 may 2014- cü il tarixli Qanunu ilə 28 seçki dairəsi üzrə 110 bələdiyyə ləğv olunub və respublika üzrə bələdiyyələrin sayının 1607 olduğu müəyyənləşdirilib. Seçicilər üçün maksimum əlverişli şərait yaradılmasının zəruriliyi, yerli və digər şəraitin münasibliyi, seçki dairələrinin sərhədlərinin pozulmasının yolverilməzliyi və seçicilərin sayının qanunvericiliklə müəyyən olunmuş normalara uyğunluğuna dair Seçki Məcəlləsinin tələblərinə əməl etməklə 113 yeni seçki məntəqəsi yaradılıb.

2014-cü il dekabrın 23-də keçirilmiş seçkilər nəticəsində formalaşmış bələdiyyələrin qanunvericiliklə müəyyən olunan səlahiyyət müddətinin başa çatmaq üzrə olduğu nəzərə alınaraq, Mərkəzi Seçki Komissiyasının (MSK) 18 oktyabr 2019-cu il tarixli iclasında bələdiyyə seçkilərinin təyin edilməsi məsələsi müzakirə edilib və həmin iclasda Komissiyanın 7/24 saylı qərarı ilə növbəti bələdiyyə seçkilərinin 2019-cu il dekabrın 23-də keçirilməsi qərara alınıb. Beynəlxalq qurumların və kütləvi informasiya vasitələrinin də iştirakı ilə MSK-nın 2020-ci il yanvarın 11-də keçirilmiş yekun iclasında geniş müzakirə olunduqdan sonra yekdilliklə qəbul edilən qərarda 39 seçki məntəqəsində səsvermənin nəticələrinin ləğv edilməsi, 9 bələdiyyə üzrə seçkilərin etibarsız sayılması, seçkilərin ümumi yekunları rəsmi təsdiq edilən bütün 1597 bələdiyyənin tərkibinin formalaşmasının (yalnız 2 bələdiyyə tam tərkibdə formalaşmadı) nəzərə alınması və bələdiyyələr üzrə seçilən üzvlərin siyahısının elan olunması öz əksini tapıb.

Müstəqil Azərbaycanda baş tutan referendumlar

Müstəqil Azərbaycanda həmçinin zəruri hallarda referendumlar keçirilir. 1991-ci ildə baş tutan referendum - Müstəqillik Referendumu adlanır. 1993-cü ildə Azərbaycanda Etimad Referendumu keçirilib.

1991-ci il dekabrın 29-da baş tutan Müstəqillik Referendumu Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Ali Sovetin Konstitusiya Aktının qəbul olunması məsələsi ilə bağlı keçirilib və “Siz Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Azərbaycan Respublikası Ali Sovetinin qəbul etdiyi Konstitusiya Aktına tərəfdarsınızmı?” sualı qoyulub. Referendumda 3.751.174 nəfər və ya səsverənlərin siyahılarına daxil edilmiş vətəndaşların 95,27 faizi iştirak edib, səsverənlərin 99,58 faizi sualın lehinə 0,2 faizi isə əleyhinə səs verib.

1993-cü il avqustun 29-da Azərbaycan Respublikasının Prezidenti Əbülfəz Elçibəyə etimad göstərilməsi məsələsi haqqında ümumxalq səsverməsi olub. Referendumda “Siz Azərbaycan Respublikasının Prezidentinə etimad edirsiniz mi?” sualı verilib, seçici siyahılarına salınmış 4.097.367 vətəndaşın 3.767.928 nəfəri seçkilərdə iştirak edib, 92,02 faizi Ə.Elçibəyə etimad göstərilməsi əleyhinə səs verib, yalnız 77.730 nəfəri, yaxud 2,1 faizi ona etimad göstərib. Seçici fəallığı 91,6 faiz təşkil edib.

Bundan sonra 1995, 2002, 2009 və 2016-cı illərdə olmaqla Konstitusiya referendumları baş tutub. Sonuncu Konstitusiya Referendumu 2016-cı il sentyabrın 26-da keçirilib. Azərbaycan seçiciləri böyük ruh yüksəkliyi ilə sentyabrın 26-da keçirilən ümumxalq səsverməsində iştirak etdilər. Ölkə üzrə 5 267 111 seçicidən 3 673 029 nəfəri səsvermədə iştirak edib ki, bu da ümumi seçicilərin 69,7 faizini təşkil edir. Layihədə müzakirəyə çıxarılmış məsələlərə görə lehinə səsvermə faizi 83 faizdən yuxarıdır. MSK-nın məlumatında bildirilir ki, referendum 125 seçki dairəsi üzrə 5627 seçki məntəqəsində keçirilib. Seçki məntəqələrinə 5 milyon 280 min 924 səsvermə bülleteni paylanılıb. Dairə Seçki komissiyalarının hamısı kompüterləşdirilib və digər lazımi avadanlıqla təmin olunub. Məntəqələr gözlə görünməyən mürəkkəb və bu mürəkkəbi oxumaq üçün ultrabənövşəyi lampalar və s. zəruri materiallarla tam təchiz edilib. Ümumxalq səsverməsi ilə əlaqədar 119 seçki dairəsi üzrə min seçki məntəqəsində onlayn rejimdə işləyən veb-kameralar quraşdırılıb.

Mübariz ABDULLAYEV

Paylaş:
Baxılıb: 197 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

181-ci üzv

02 Mart 11:10

Xəbər lenti

MEDİA

Sosial

Analitik

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Sosial

Analitik

Gərginlik artır

01 Mart 11:10

Xəbər lenti

Xəbər lenti

MEDİA

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31