Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Bizim ailəmiz Türk dünyasıdır

Bizim ailəmiz Türk dünyasıdır

16.02.2024 [10:00]

Türkdilli dövlətlərlə inteqrasiya ölkəmizin xarici siyasət kursunun əsas prioritetlərindən biridir

Müasir dünyanın reallıqları, bir sıra hallarda  ikili standartların önə çəkilməsi, ayrı-ayrı güc mərkəzlərinin təzyiq və təhdid siyasəti həyata keçirməyə çalışmaları milli dövlətlər üçün mühüm çağırışlar meydana çıxarıb. Bəhs olunan reallıqlar fonunda milli dövlətlər strateji müttəfiqlərini  düzgün müəyyənləşdirməlidirlər.  Azərbaycan müstəqil siyasi kurs həyata keçirir. Ölkəmizin reallaşdırdığı multiregional siyasət sırf müstəqillik və suverenlik kimi fundamental prinsiplərə əsaslanır. Biz müttəfiqlərimizi özümüz seçirik. 7 fevral seçkilərinin qalibi olan Prezident İlham Əiyev fevralın 14-də keçirilən andiçmə mərasimində söylədiyi nitqində ölkəmizin xarici siyasət kursu ilə bağlı strateji seçiminə bir daha diqqət çəkib.

Əsas prioritetlərdən biri

Azərbaycanın Prezident İlham Əliyev tərəfindən müəyyənləşdirilən çoxvektorlu xarici siyasət kursunun əsas mahiyyəti ondan ibarətdir ki, burada milli maraqlar əsas götürülür, eyni zamanda tərəfdaşlara böyük hörmət bəslənilir və onlarla qarşılıqlı maraqlar əsasında sıx əməkdaşlıq qurulur. Belə effektiv siyasətin nəticəsidir ki, hazırda respublikamıza və onun Lideri İlham Əliyevə həm yerləşdiyi coğrafiyada, həm də uzaq xaricdə böyük hörmət bəslənilir.

Azərbaycan Rusiya, Gürcüstan, Türkiyə, İran və Ermənistanla quru sərhədlərinə malikdir. Mərkəzi Asiyadakı ayrı-ayrı ölkələrlə isə bizi Xəzər dənizi birləşdirir. Ölkəmizin qonşuluq siyasəti səmimilik, xoş niyyət və beynəlxalq hüquq normalarına əsaslanır. Respublikamızın hansısa bir qonşu dövlətlə konfliktə girmək, ərazi iddiaları ilə çıxış etmək kimi bir niyyəti yoxdur. Azərbaycanın Türkiyə, Gürcüstan, Rusiya, Mərkəzi Asiya dövlətləri ilə münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib.

Respublikamızın nüfuzlu beynəlxalq təşkilatlarda, o cümlədən də Birləşmiş Millətlər Təşkilatında (BMT) yüksək fəallığı diqqəti cəlb edir. Azərbaycan 5 mart 1992-ci ildə üzv seçildiyi bu qurumda müvəffəqiyyətlə təmsil olunmaqla tarixi nailiyyətlərə imza atır. Bir zamanlar BMT sıralarında sıravi üzv olan Azərbaycan indi qurumun nüfuzlu, prinsipial mövqeyi ilə fərqlənən üzvlərindən birinə çevrilib. 

Qısa müstəqillik tarixinə malik olan Azərbaycanın 2011-ci il oktyabrın 24-də BMT Baş Assambleyasının plenar iclasında gizli səsvermənin nəticələrinə əsasən 2012-2013-cü illərdə Şərqi Avropa bölgəsini qurumun Təhlükəsizlik Şurasında təmsil edəcək qeyri-daimi (müvəqqəti) üzv seçilməsini diplomatiyamızın BMT zirvəsi kimi səciyyələndirə bilərik.

Respublikamız 2011-ci ildə Qoşulmama Hərəkatına tamhüquqlu üzv qəbul olunub. Ölkəmizin Qoşulmama Hərəkatında təmsilçiliyi uzun zaman müddətini əhatə etməsə də, öz səmərəliliyi və məhsuldarlığı ilə diqqət çəkir. Azərbaycanın Qoşulmama Hərəkatının prinsiplərinə sadiqlik nümayiş etdirməsi, daim onun ideyalarının təşviqinə çalışması, ehtiyac yarandığı təqdirdə ayrı-ayrı üzv dövlətləri dəstəkləməsi, qurumun fəaliyyətinə digər sanballı töhfələr verməsi QH-də ölkəmizə böyük etimad və nüfuz qazandırıb. Bunun nəticəsidir ki, Hərəkata üzv ölkələrin 2016-cı ildə Venesuelada keçirilmiş Zirvə görüşündə quruma 2019-2022-ci illər üzrə sədrliyin Azərbaycana həvalə edilməsi barədə yekdil qərar qəbul edilib. Qoşulmama Hərəkatı dövlət və hökumət başçılarının 25-26 oktyabr 2019-cu il tarixlərində Bakıda keçirilmiş 18-ci Zirvə Görüşündə quruma sədrlik Azərbaycana həvalə olunub. Eyni zamanda, Qoşulmama Hərəkatına üzv dövlətlər quruma 3 illik sədrliyi 2022-ci ildə bitməli olan Azərbaycana Hərəkata əlavə bir il də sədrlik etmək barədə müraciət ünvanlayıblar və bu müaciət respublikamız tərəfindən müsbət dəyərləndirilib. Ölkəmizin Qoşulmama Hərəkatına sədrliyi kifayət qədər uğurlu oldu və qurumun nüfuzunu,  funksionallığını əhəmiyyətli dərəcədə artırdı.

Dünya birliyinin BMT-nin ən genişmiqyaslı tədbirlərindən sayılan COP29 Konfransının Azərbaycanda keçirilməsi ilə bağlı qərar qəbul etməsi beynəlxalq səviyyədə ölkəmizə inamın artmasının daha bir ifadəsidir. Ölkəmiz mühüm ekoloji çağırışların, yaşıl enerji gündəliyinin müzakirə olunacağı bu tədbirə də yüksək səviyyədə ev sahibliyi etmək əzmindədir. Artıq cari ilin ikinci yarısında baş tutacaq tədbirə hazırlıq proseslərinə başlanıb və tədbirlər planı uğurla reallaşdırılır. Yeni dövrdə xarici siyasətimizin əsas prioritetlərindən biri isə Türk dünyasına inteqrasiyanın dərinləşdirilməsi olacaq. Bunu nəzərə çatdıran Prezident İlham Əliyev deyib: “Biz beynəlxalq təşkilatlarla bağlı bundan sonra da öz addımlarımızı atacağıq, ilk növbədə, Türk Dövlətləri Təşkilatı çərçivəsində səylərimizi davam etdirəcəyik. Bu, bizim üçün prioritetdir, mən bunu açıq demək istəyirəm, yəqin ki, indi aparılan siyasət də hər kəsə bunu aydın göstərir. Bu, bizim üçün əsas beynəlxalq təşkilatdır, çünki bu, bizim ailəmizdir. Bizim başqa ailəmiz yoxdur. Bizim ailəmiz Türk dünyasıdır”.

Məqsəd birgə səylərlə Türk Dövlətləri Təşkilatını gücləndirməkdir

Prezident İham Əliyevin yeni dövrdə ölkəmizin xarici siyasət kursunun əsas prioritetlərindən biri kimi Türkdilli dövlətlərlə inteqrasiyanın dərinləşdirilməsinin zəruriliyini önə çəkməsi heç də təsadüfi deyil. Dövlətimizin başçısı andiçmə mərasimindəki nitqində açıq danışıb. Bildirib ki,  bizi heç yerdə gözləmirlər və bunu artıq gizlətmirlər. Əgər əvvəlki illərdə, xüsusilə işğal dövründə bizi çaşdırmaq üçün, yəni, gözdən pərdə asmaq üçün müəyyən vədlərlə cəlb etməyə çalışırdılarsa, indi o maskalar da yırtıldı və açıq-aydın burada ayrıcı xətlər müşahidə olunur. Biz o ayrıcı xətləri çəkməmişik, biz bu ayrıcı xətlərin əleyhinəyik. Biz hətta, cəmi üç ölkənin yerləşdiyi Cənubi Qafqazda bu gün bu ayrıcı xətləri açıq-aydın görürük. Belə olan halda, bizi haradasa qəbul etmək istəməyənlərə biz baş əyməliyikmi? Qətiyyən, bu, olmayacaq! Türk dünyası isə bizim üçün doğmadır və burada biz özümüzü, Prezident İlham Əliyevin bildirdiyi kimi, çox yaxşı hiss edirik. “Türk Dövlətləri Təşkilatına üzv olan bütün ölkələrlə qardaşlıq münasibətlərimiz var və bizim siyasətimiz Türk Dövlətləri Təşkilatını gücləndirməkdir. Bu, böyük coğrafiyadır, böyük ərazidir, böyük hərbi gücdür, böyük iqtisadiyyatdır, təbii sərvətlərdir, nəqliyyat yollarıdır, gənc əhalidir, artan əhalidir və bir soydan, kökdən olan xalqlardır. Bundan güclü birlik ola bilərmi? Əlbəttə ki, yox. Biz müştərək səylərlə elə etməliyik ki, Türk Dövlətləri Təşkilatı qlobal arenada önəmli aktora və güc mərkəzinə çevrilsin. Buna biz ancaq birlikdə nail ola bilərik”, - deyə Prezident İlham Əliyev vurğulayıb.

Qeyd edək ki, Türk birliyinin ideyadan reallığa çevrilməsində Azərbaycan Prezidenti İlham Əliyevin müstəsna xidmətləri olub. Biz qürur duyuruq ki, TDT-nin yaranmasına aparan yol Naxçıvandan başlayıb. 2009-cu ildə Naxçıvanda keçirilmiş Zirvə Görüşündə Azərbaycanın dövlət başçısının təşəbbüsü ilə “Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının yaradılması haqqında Naxçıvan Sazişi”i imzalanıb və Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının yaradılması üzrə razılığa gəlinib. Ötən dövrdə respublikamız TDT-nın müxtəlif tədbirlərinə böyük uğurla ev sahibliyi edib. Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) katibliyi və Türk Mədəniyyəti və İrsi Fondunun katibliyi Azərbaycanda yerləşir. Ölkəmiz Türk Dövlətləri Təşkilatının təsisçi dövlətlərindən biri kimi daim təşkilat çərçivəsində əməkdaşlığın daha da inkişafı məqsədilə mühüm təşəbbüslərlə çıxış edib. Məsələn, Prezident İlham Əliyev 2014-cü ildə Bodrumda keçirilən Dördüncü Zirvə görüşü zamanı Türk İnvestisiya Fondunun yaradılması təşəbbüsünü irəli sürüb və artıq bu fond təsis edilib. Məlumdur ki, Azərbaycanın Türk Dövlətləri Təşkilatına sədrliyi qlobal pandemiya dövrünə təsadüf etdi. Ölkəmiz vəziyyətə adekvat reaksiya verərək uğurlu bir sədrlik həyata keçirib. 2020-ci ildə Azərbaycan təşkilatın dövlət və hökumət başçılarının onlayn Zirvə görüşünü təşkil etməyə nail oldu. Prezident İlham Əliyevin təşəbbüsü ilə baş tutan Zirvə Görüşü pandemiya dövründə dövlət və hökumət başçıları səviyyəsində təşkil edilən ilk tədbir idi.

44 günlük müharibədə Azərbaycanın qazandığı parlaq qələbə sayəsində regionda yeni reallıqlar formalaşıb. Bu reallıqlar, həmçinin tarixi Türk coğrafiyasının bərpası üçün də geniş perspektivlər açıb. Müharibəni qalibiyyətlə başa vuran ölkəmiz 2020-ci il 10 noyabr tarixində Azərbaycan, Rusiya prezidentlərinin və Ermənistanın baş nazirinin imzaladıqları üçtərəfli Bəyanata uyğun olaraq respublikamızı Naxçıvanla və oradan da Türkiyə ilə birləşdirəcək Zəngəzur dəhlizinin yaradılmasında israrlı mövqe sərgiləyir. Zəngəzur dəhlizinin açılması ilə tarixi ədalətsizliyə son qoyulacaq və Türk coğrafiyası bərpa olunacaq.

Mübariz FEYİZLİ

Paylaş:
Baxılıb: 491 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

9 ayda 2,5 milyard manat

24 Oktyabr 11:10  

YAP xəbərləri

Analitik

Siyasət

İqtisadiyyat

Ədəbiyyat

Analitik

Sosial

121 yaşlı metropoliten...

24 Oktyabr 08:32  

Ədəbiyyat

Azadlıq şairi...

24 Oktyabr 08:15

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31