Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Qisas qiyamətə qalmadı!

Qisas qiyamətə qalmadı!

24.02.2024 [10:10]

İnsanlıq əleyhinə cinayət - Xocalı faciəsi

Tarix boyunca Azərbaycan xalqı dəfələrlə ermənilərin xəyanətlərinə, vandalizm əməllərinə tuş gəlib. İmperialist güc mərkəzləri zamanında misli görünməmiş haqsızlıq edərək əzəli torpaqlarımızda - Qərbi Azərbaycanda Ermənistan dövləti yaratmağa nail olublar. Türkiyədən, İrandan və digər ölkələrdən məqsədli şəkildə bura köçürülən ermənilər sonradan bitib-tükənməyən iddialar ortaya qoyublar və yeni-yeni ərazilərimizin Ermənistana birləşdirilməsinə nail olublar.  Tarixi torpaqlarımızın məkrli yollarla ələ keçirilməsi bir qayda olaraq xalqımıza qarşı törədilən soyqırımları ilə müşayiət olunurdu. Ermənilər  təkcə XX əsrdə azərbaycanlılara qarşı 1905-1906-cı, 1918-1920-ci, 1948-1953-cü və 1988-1993- cü illərdə olmaqla, düz dörd dəfə soyqırımları törədiblər.

Daha bir qanlı faciəni Xocalıda yaşadıq

Erməni soyqırımlarının 1988-1993-cü illərdəki mərhələsi xüsusi amansızlığı ilə səciyyələnir. Bu mərhələdə  Xocalı şəhəri erməni vandalizminin növbəti ünvanı oldu. Burada 1992-ci il fevralın 25-dən 26-na keçən gecə insan təsəvvürünə sığışmayan dəhşətli qırğınlar törədildi. Həmin qanlı tarixdən 32 il ötür. Keçmiş sovet ordusunun 366-cı alayının dəstəyi ilə Xocalıya hücum çəkən ermənilər bir gecənin içində bütün şəhəri yerlə-yeksan etdilər. Xocalı faciəsi dünya tarixində dinc əhalinin kütləvi qətliamı kimi dərin iz qoymuş Xatın, Holokost, Sonqmi, Lidiçe, Babi Yar, Ruanda və Serebrenitsa kimi soyqırımları ilə bir sırada dayanır.

Xocalı soyqırımı zamanı 613 nəfər, o cümlədən 106 qadın, 63 uşaq və 70 qoca xüsusi qəddarlıqla öldürülüb, 1275 insan əsir və girov götürülərək işgəncələrə məruz qalıb. Onlardan 150 nəfərin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bugünədək məlum deyil. Qırğın zamanı 487 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Həmçinin 8 ailə tamamilə məhv edilib, 130 uşaq valideynlərindən birini, 25 uşaq isə hər iki valideynini itirib. Qətlə yetirilən insanlardan 56 nəfəri xüsusi qəddarlıqla - diri-diri yandırılaraq, başının dərisi soyularaq, boynu vurularaq, gözləri çıxarılaraq, hamilə qadınların isə qarın boşluğuna süngü ilə vurularaq öldürülüb.

Tarixi abidələri ilə fərqlənən, Azərbaycan tarixinin öyrənilməsində mühüm əhəmiyyət kəsb edən qədim mədəniyyətə, strateji önəmə malik Xocalı şəhəri, sözün əsl mənasında, işğalın nəticəsində xarabalığa çevrilib. Ermənilərin insanlığa sığmayan dəhşətli cinayət əməlləri nəticəsində Xocalı şəhərində 105 sosial-məişət obyekti, 3200 fərdi yaşayış binası, 14 məktəb, 21 klub, 29 kitabxana, üç mədəniyyət evi və bir tarix-diyarşünaslıq muzeyi dağıdılıb. Bununla yanaşı, şəhərdə XIV-XV əsrə aid türbələr, günbəzlər, məzarlar yerlə-yeksan olunub, qəbiristanlıq vandallara xas üsullarla dağıdılıb, ümumiyyətlə, bu torpağın ən qədim sakinləri olan azərbaycanlılara aid bütün izlər silinib.

Sadalanan faktlar bir daha təsdiqləyir ki, ermənilər bütün beynəlxalq konvensiyaları tapdalayaraq Xocalıda insanlıq əleyhinə cinayət törədiblər. Həm də Xocalı faciəsi ermənilərin son üç onillik ərzində xalqımıza qarşı törətdikləri müharibə cinayətlərinə aid yeganə nümunə deyildir. Vətən müharibəsində işğaldan təmizlənən ərazilərdən təqdim olunan foto və video materiallar erməni vandalizmi barədə konkret təsəvvür yaradır. Ermənilər güc tətbiq etməklə öz nəzarətləri altına aldıqları ərazilərdə hər şeyi dağıdıblar, hətta evlərin dam örtüklərini, qapı-pəncərə sistemlərini, sanitar qovşaqlarını belə sökərək Ermənistana daşıyıblar.

Ümumiyyətlə, Ermənistan hərbi birləşmələri heç vaxt açıq döyüşlərdə hər hansı bir uğur qazanmayıblar. Onlar xain, məkrli niyyətlərini yaşayış məntəqələrimizi, dinc əhalini atəşə tutmaqla həyata keçirməyə çalışıblar. Biz 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək davam edən Vətən müharibəsində bunun bir daha şahidi olduq. Döyüş meydanında sarsıdıcı məğlubiyyətlə üz-üzə qalan düşmənin hərbi birləşmələri münaqişə bölgəsindən uzaqda yerləşən Gəncə, Bərdə Tərtər, Beyləqan şəhərlərini ağır artilleriyadan, qadağan olunmuş silahlardan atəşə tuturdular. Bunun nəticəsində də aralarında qocalar, uşaqlar və qadınlar da olmaqla 100-dək dinc sakin həyatını itirdi, mülki tikililərə və infrastruktura ciddi ziyan dəydi.

Ulu Öndərin Xocalı faciəsinə həssas yanaşması

Xocalı faciəsinin baş verməsində o dövrdəki Azərbaycan iqtidarının böyük məsuliyyəti var. Açıq demək lazımdır ki, həmin illərdə respublikamızda güclü hakimiyyət yox idi, həmçinin bir sıra qüvvələr iqtidara gəlmək uğrunda mübarizə aparırdılar. Belə bir vəziyyətdə 1991-ci ilin sonlarından mühasirədə qalan Xocalının müdafiəsi təşkil olunmadı, dinc sakinlər şəhərdən çıxarılmadı. Mənfur düşmən isə bundan istifadə edərək öz planlarını həyata keçirdi.

Siyasi çəkişmələrin nəticəsi idi ki, 1992-ci ilin yazında qeyri-qanuni yolla hakimiyyətə gələn AXC-“Müsavat” iqtidarı Xocalı faciəsinə hüquqi-siyasi qiymət verməyə tələsmədi. Çünki diletant cütlüyün liderləri məhz məğlubiyyətlərimiz və faciələrimiz üzərində hakimiyyətə gəlməyə nail olmuşdular.  AXC-“Müsavat” iqtidarının səriştəsiz idarəçiliyi Azərbaycanı dalana gətirib çıxartdı. Ölkədə vətəndaş qarşıdurması yaranmışdı. Belə bir şəraitdə xalq ümid yeri kimi o dövrdə Naxçıvanda yaşayıb çalışan Heydər Əliyevə üz tutdu, Onun Azərbaycanın siyasi rəhbərliyinə gəlməsini təkid etdi. Heydər Əliyev çox sevdiyi xalqını ümidsiz qoymadı, onun səsinə səs verərək 1993-cü ilin yayında Bakıya gəldi və çətin vəziyyətdə olan respublikamıza rəhbərlik etməyin məsuliyyətini  öz üzərinə götürdü.

Heydər Əliyevin dövlət başçısı kimi gündəmə gətirdiyi vacib məsələlərdən biri də Xocalı faciəsinə siyasi qiymət verilməsi oldu. Xocalı faciəsinin Azərbaycan xalqının qan yaddaşı olduğunu dəfələrlə bəyan etmiş Heydər Əliyev hadisələrə siyasi qiymətin verilməsinin zərurliyini bildirdi, bu məsələnin dünya ictimaiyyətinə çatdırılması üçün xüsusi səy göstərdi.  Onun təşəbbüsü ilə 1994-cü il fevralın 24-də Milli Məclis “Xocalı soyqırımı günü haqqında” qərar qəbul etdi. Prezident Heydər Əliyevin 25 fevral 1997-ci il tarixli Sərəncamı ilə Xocalı soyqırımı qurbanlarının xatirəsini yad etmək məqsədi ilə hər il fevral ayının 26-sı saat 17.00-da Azərbaycan Respublikası ərazisində Xocalı soyqırımı qurbanlarının xatirəsinə ehtiram əlaməti olaraq sükut dəqiqəsi elan edilib. Həmçinin 1998-ci ildə Heydər Əliyevin müvafiq Sərəncamında Xocalı faciəsi soyqırımı adlanıb. 2002-ci ildə isə Milli Məclisdə soyqırımının 10 illiyi qətnaməsində 1992-ci ilin 26 fevralında baş verənlər soyqırımı kimi tanınıb.

Eyni zamanda, Prezident Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətə müvafiq surətdə atılan addımlar Xocalı soyqırımının dünya miqyasında tanıdılması istiqamətində də olduqca mühüm əhəmiyyət kəsb etdi. Belə ki, hər il bu faciənin ildönümü ölkəmizdə, dünyanın müxtəlif dövlətlərində yaşayan soydaşlarımız və digər dost xalqların nümayəndələri tərəfindən qeyd olundu, həmçinin bir çox ölkələrin nüfuzlu qəzetlərində faciəyə həsr olunmuş məqalələr çap edildi, televiziya və radio kanallarında verilişlər yayımlandı. Ümumiyyətlə, Heydər Əliyev hər il faciənin ildönümündə Xocalı soyqırımı ilə bağlı xalqa müraciət edib, faciənin bütün azərbaycanlıların qan yaddaşına çevrildiyini vurğulayıb.

Faciənin dünya miqyasında tanıdılması istiqamətində görülən işlər sonradan daha geniş miqyas aldı. Xüsusilə Ulu Öndər Heydər Əliyevin adını daşıyan Fond bu istiqamətdə fəal iş aparır. 2008-ci ildə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başlanmış “Xocalıya ədalət!” beynəlxalq kampaniyası uğurla davam etdirilir. Xocalı soyqırımının dünya miqyasında tanıdılması istiqamətində aparılan sistemli işin nəticəsidir ki, İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqının, Meksika, Pakistan, Çexiya, Peru, Kolumbiya, Panama, Honduras, Sudan, Qvatemala və Cibuti parlamentlərinin müvafiq sənədlərində Xocalıda törədilmiş kütləvi qətllərin soyqırımı aktı olduğu təsdiq edilib. Rumıniya, Bosniya və Herseqovina, Serbiya, İordaniya, Sloveniya, Şotlandiya parlamentləri, eləcə də ABŞ-ın 22 ştatının icra və qanunvericilik orqanları Xocalı soyqırımını qətliam kimi qiymətləndirərək qətiyyətlə pisləyiblər. Bu istiqamətdə fəaliyyət gələcəkdə də davam etdirilməlidir.

Oktyabrın 15-də...

Zamanında uzaqgörən siyasətçi Heydər Əliyev deyirdi: “İnanıram ki, Azərbaycanın dövlət müstəqilliyinin daha da möhkəmlənməsi, sərhədlərinin toxunulmazlığının və ərazi bütövlüyünün təmin edilməsi Xocalı şəhidlərinə və xalqımızın bütün qəhrəman övladlarına ucaldılan möhtəşəm abidə olacaqdır”.

Ulu Öndərin bu arzusu 44 günlük Vətən müharibəsində Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən həyata keçirildi. Vətən müharibəsində qazandığı şanlı qələbə sayəsində Azərbaycan özünün ərazi bütövlüyünü təmin etdi.

Yeri gəlmişkən, əli Xocalı faciəsi qurbanlarının qanına bulaşmış erməni vandallarının bir çoxu Vətən müharibəsi zamanı məhv edildi. Zamanında Xocalıda qətliamlar törədən, sonradan Ermənistanın müdafiə naziri vəzifəsinə yüksələn Serj Ohanyanın bu dəfə müharibənin gedişinə hər hansı bir təsir göstərmək istəyi baş tutmadı və o, canını qurtarmaq üçün Dağlıq Qarabağdan suyu süzülə-süzülə Ermənistana qayıtmaq məcburiyyətində qaldı. Bundan başqa, Xocalıda əli azərbaycanlıların qanına batmış Ermənistan parlamentinin sabiq deputatı Rüstəm Qasparyan və onun oğlu cəhənnəmə vasil oldular. Bir vaxtlar ermənilər tanklarını Bakıya sürəcəklərini, paytaxtımıza gəlib burada çay içəcəklərini bildirirdilər. Bəli, onların tankları Bakıya gəldi, ancaq qənimət kimi. Separatçıların liderləri də paytaxtımızdadırlar. Ancaq onların yeganə şansı çayı həbsxana barmaqlıqları arxasında içməkdir. Tezliklə layiq olduqları cəzalarını da alacaqlar. Beləliklə, qisas qiyamətə qalmadı.

Xocalıda Azərbaycan Bayrağı əzəmətlə dalğalanır

44 günlük Vətən müharibəsində Azərbaycan ərazi bütövlüyünü təmin etməyə nail olsa da, ərazilərimizdə separatizmin kökü kəsilməmişdi. Ata vəsiyyətinə əməl edən Prezident İlham Əliyev məqsədyönlü fəaliyyəti ilə ərazilərimizdə separatizmə son qoyulmasını, suverenliyimizin təmin olunmasını da yaxınlaşdırdı. Zamanında təsəvvürlərimizə belə sığışdıra bilmədiklərimiz ötən ilin sentyabr ayında reallığa çevrildi. Dövlətimizin başçısının göstərişləri əsasında Silahlı Qüvvələrimiz sentyabr ayının 19-da lokal xarakterli antiterror əməliyyatlarına başladı. Peşəkarlıqla, mülki insanlara və infrastruktura ziyan vurulmadan reallaşdırılan antiterror tədbirləri cəmi 23 saat ərzində uğurla tamamlandı. Beləliklə də, Xankəndidə, Xocalıda və digər tarixi torpaqlarımızda suverenliyimiz tam təmin olundu. Prezident İlham Əliyev dövlət başçısı seçilməsinin 20 ilinin tamamında - 2023-cü il 15 oktyabr tarixində Xocalıda Azərbaycan Bayrağını ucaltmaqla bütün dünya azərbaycanlılarına sonsuz sevinc və qürur hissi yaşatdı. Prezident İlham Əliyevin Özünün də bildirdiyi kimi çox ünvanlarda bayrağımızı ucaldıb. Ancaq Xocalıda bayrağımızın ucaldılması həm dövlət başçısı, həm də bütün Azərbaycan xalqı üçün xüsusilə həyəcanlı idi. Xocalı artıq bizim milli heysiyyatımıza çevrilib. “Qırx dörd günlük müharibə zamanı çoxlu xarici media nümayəndələrinə müsahibələr verərək, təbii ki, bizim planlarımız haqqında mən danışa bilməzdim. Halbuki suallar demək olar ki, təkrarlanırdı. Bir dəfə demişdim ki, Şuşasız bizim işimiz yarımçıq olacaq. Ancaq hələ o vaxt mən bilirdim ki, Xankəndisiz, Xocalısız bizim işimiz yarımçıq qalacaq. Üç il bundan əvvəl mən əmr verərək Azərbaycan Ordusunu dayandırdım və bir daha demək istəyirəm, tarix göstərdi ki, nə qədər düzgün addım idi. Ancaq o gündən, bax, bu günə qədər - sentyabr ayına qədər hər gün biz işləyirdik, çalışırdıq ki, Azərbaycanın suverenliyi tam şəkildə bərpa edilsin. Oktyabrın 15-də Ağdərədə, Əsgəranda, Xocavənddə, Xocalıda və Xankəndidə mən Azərbaycan Bayrağını qaldırdım. Bundan böyük xoşbəxtlik ola bilməz - həm mənim üçün, həm sizin üçün, həm Azərbaycan xalqı üçün, həm də bütün dünya azərbaycanlıları üçün”, - deyə Prezident İlham Əliyev ötən il noyabrın 8-də Xankəndi şəhərində Vətən müharibəsində əldə edilən Zəfərin üçüncü ildönümünə həsr olunan hərbi paraddakı çıxışında vurğulayıb.

Xocalıya qayıdışın baş tutacağı tarix də uzaqda deyil. Hazırda işğaldan azad olunmuş bütün ərazilərimizdə olduğu kimi, Xocalıda da genişmiqyaslı bərpa-quruculuq işləri həyata keçirilir.

Mübariz ABDULLAYEV

Paylaş:
Baxılıb: 506 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

Siyasət

Mina təhdidi...

22 Oktyabr 11:46

İqtisadiyyat

Analitik

Mədəniyyət

Mühacirətin səsi!

22 Oktyabr 08:21

YAP xəbərləri

Mədəniyyət

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31