Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Qərb AP-dən və AŞPA-dan ibarət deyil

Qərb AP-dən və AŞPA-dan ibarət deyil

02.03.2024 [10:15]

Korporativ maraqlar yeni nizama necə uduzur?

Sovet İttifaqının dağılmasının ardından dünyada yeni siyasi konfiqurasiya qurmağa çalışan qeyri-sosialist qanad coğrafi təyinatdan daha çox siyasi anlam daşıyan “kollektiv Qərb” anlayışı üzərindən özünün təbliğatını qurdu. Məhz yeni siyasi-iqtisadi mərhələdə “reformlar cəmiyyəti”, “demokratik dünya”, “hüquq və azadlıqların keşikçisi”, “siyasi orbitr” kimi xarakterizə olunmaq üçün özünün təbliğat maşınını işə salmış “Qərb neokonsolidasiyası” XXI əsr üçün özünün strateji-taktiki proqramlarını hazırlamağa başladı. “Qərb” anlayışının siyasi mahiyyəti möhkəmləndikcə yeni çağırışlar meydana çıxırdı:

- “Qərbin marağı” beynəlxalq təsisatların “qərar və proqramları” adı altında pərdələnəcək;

- Lokal milli mənafe anlayışının aradan qaldırılması üçün proqramlar təsis olunacaq və həyata keçiriləcək;

- Kollektivləşmə və qlobalizmin üstün tərəflərinin təbliğatı gücləndiriləcək (halbuki kollektivləşməni Sovet İttifaqının dağılmasının əsas predmeti kimi ortaya atırdılar);

- Nəhayət, alt qatda transformasiyanı ehtiva edəcək “inteqrasiya” mərhələsi sürətlə keçiləcək.

Qərbin baxış “bucağı”nın iti və ya kor olması həqiqəti...

Qeyd edilən bu ştrixlərin hər biri Qərbin əsrlərlə davam etmiş “material imperializmini”n yeni istiqamətlərini müəyyənləşdirir. “Beynəlxalq təsisat” adı altında xüsusi maraq qruplarının işləməsi, müstəqil dövlətçilik anlayışının, milli maraqlara istinad anlayışının aradan qaldırılmasını hədəfləyən “qlobal dünya” uğrunda fəaliyyətin təmərküzləşdirilməsi sirr deyil. Qeyri - rəsmi struktura malik, lazım olmayan anda “tövsiyyəçilikdən” uzağa getmədiyini iddia edən, amma gərəkdiyində “düşmənə qarşı” bütün gücləri mərkəzləşdirilmiş və sistemləşdirilmiş hala gətirə bilən Qərb təsisatlarının inteqrativ oyunları həm də nəzarət funksiyasını daşımalı idi. Başqa sözlə, məsələlərə baxış bucağının fərqliliyi təsisatın diqqətinin “iti” və ya “kor” bucaq altında yönəldilməsini təmin edəcəkdi.

Elan edilmiş ideallar “yeni dünya” vəd etməklə yanaşı, müstəqil dövlətçilik təməli üzərində formalaşan ölkələrə təsir mexanizmlərini özündə əks etdirir. Diqqət yetirək:

- Dünyanın hər hansı nöqtəsinə təsir etmək və ya nəzarət etmək arzusundan doğan minlərlə “qətnamələrin” qəbul olunma və icra müddəti olduqca cəld şəkildə təşkil edilir - misallar olduqca çoxdur və ən sonuncu misal kimi Ukrayna - Rusiya qarşıdurmasında tutulan mövqeni ortaya qoymaq olar;

- Uzadılmasına çalışılan və bu yolla regionun iqtisadi-siyasi üstünlüklərindən ticari məqsədlərlə yararlanmağı hədəfləyən “münaqişələr”lə bağlı qərar və ya sənədlərin icra mexanizmi isə bəzən 30 ildən artıq yubadılır - məsələn, Ermənistanın Azərbaycana təcavüzünü “pisləyən”, işğal faktının aradan qaldırılmasını özündə ehtiva edən sənədlər kimi...

Bu məntiq haçalanması eyni mahiyyətli münaqişələrə fərqli baxışın real mənzərəsidir. Prezident İlham Əliyev Alman İqtisadiyyatının Şərq Komitəsinin sədrinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edən zaman bildirdi ki, Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini təmin etməklə bağlı digər ölkələrin atdığı addımlardan fərqli addımlar atmır. Bu fikirlər real tablonun ən uğurlu nümayişidir - mahiyyət etibarı ilə eyniliyə malik məsələlərə fərqli yanaşma korporativ maraqlardan xəbər verir, qeyri-səmimiliyin ən açıq təzahürüdür.

Qərb təsisatı, yoxsa imperialist iddialar...

Son dövrlərdə Azərbaycana qarşı açıq səlib yürüşü keçirən Avropa Parlamenti, Avropa Şurası Parlamentlərarası Assambleyası kimi “Qərb təsisatları” öz ideallarını və məramlarını göz ardı edir. Anti-Azərbaycan kampaniyalarda daha çox fəallıq nümayiş etdirən bu təşkilatlar fəaliyyətlərində bu kimi qeyri-hüquqi, qeyri-demokratik xətdə israrlı olduqca əsl mahiyyətini ortaya çıxarır - paralel olaraq Fransanın özünüifşası kimi. Necə ki, Fransa Senatı açıq şəkildə separatizmə dəstək verərək bu dövlətin kolonist mahiyyətini ifşa etdi, adıçəkilən təşkilatlar da Azərbaycanın hüquqi addımlarını özünəməxsus dəyərləndirmələrlə maraq çərçivələrinin sərhədlərni ortaya qoydular. Nə Avropa Parlamenti, nə də AŞPA-nın səmimi şəkildə Ermənistanı dəstəkləmədiyi hər kəsə məlumdur. Onlar Qarabağı öz xoşu ilə tərk etmiş ermənilər üzərindən öz maraqlarını təmin etməyə çalışırlar. Axı, ötən 30 ildə erməni təcavüzü nəticəsində öz doğma yurd-yuvalarından didərgin salının, etnik təmizləməyə məruz qalmış azərbaycanlılara münasibətdə nə Avropa Parlamenti, nə də AŞPA bu qədər “davamlı” və “ardıcıl” kampaniya aparmayıb. Azərbaycanın regionda güclənməsi, siyasi-iqtisadi aparıcı dövlət statusu qazanması, bölgədə baş verən proseslərin əsas tənəzimləyicisinə çevrilməsi “Qərb təsisatı” adı altında gizlənmiş imperialist maraqları hərəkətə gətirib...

Çabaladıqca daha çox batırlar...

Amma dünyanın siyasi çağırışları və siyasi davranışları dəyişir. Hətta Qərb təsisatlarının hissəsi olan dövlətlər böyük güclərin imperialist oyunlarının iştirakçısı olmaqdan imtina edirlər. Avropanın bir çox dövlətləri Avropa İttifaqının, Avropa Parlamentinin, AŞPA-nın və bu kimi təşkilatların apardığı ikiüzlü siyasəti ifşa edir. Azərbaycana qarşı qeyri-hüquqi münasibətinə görə AŞPA-ya edilən etirazlar bunun bariz təsdiqidir. Bu faktlar dünya birliyinin gedən oyunlardan bezdiyini göstərir. Ən əsası isə həmin təşkilatlar bu kimi addımları ilə həm alt-maraqlarını ortaya çıxarır, həm də işəyaramazlığını ortaya qoyur.

Bəli, Avropanın bu kimi təsisatlarına olan güvən artıq aradan qalxıb. AP və AŞPA kimi təşkilatlar özləri bu faktı görürlər. Dünyada yeni siyasi-iqtisadi münasibətlərin qurulması prosesi gedir. Beynəlxalq aləmdə yeni nizam formalaşır. Və bu nizam artıq “Qərbin” nəzarətində və ya onun coğrafi sərhədləri daxilində reallaşmır. Bu nizam Azərbaycanın son 20 ildə apardığı siyasətin formuluna uyğun olaraq tarixi bir geocoğrafiyada təşəkkül tapır - Mərkəzi Asiya, Cənubi Qafqaz, Kiçik Asiya ərazisində. Avropa Parlamenti və AŞPA “oyundan kənar” vəziyyətə düşdüklərini görürlər və həqiqəti dərk edirlər:

- Gələcək perspektivin əsas aktiv oyunçuları yeni siyasi proseslərin idarəsini əlinə alır;

- Yeni dünyada ən əsas mahiyyət daşıyacaq ünsür - yol, tranzit üstünlükləri aparıcı xəttə çevrilib;

- Güc və ya təhdid dili işə yaramır.

Beləliklə, yeni dünya nizamına təsir imkanları daraldıqca Avropa Parlamenti və AŞPA, eləcə də Fransa və onun kimi “düşünənlər” daha çox çabalamağa başlayır. Çabaladıqca isə daha çox batırlar...

Yeni reallığı dəyərləndirmək...

Təbii ki, dünyanın siyasi atlasının mühüm parçalarından biri olan Qərbi bütövlükdə ittiham etmək və ya sıradan çıxdığını idda etmək kimi bir fikrimiz yoxdur. Əslində, son baş verənlər Avropanın bəzi regionlarında yeni düşüncənin təşəkkül tapdığını deməyə əsas verir. Məsələn, Fransa prezidenti Makronun Ukrayna ilə bağlı iddalarının 24 saat keçməmiş təkzib olunması, Avropanın aparıcı dövlətlərinin Aİ-nin effektivsizliyini dərk edərək təşkilatdan çıxmasını, gələcəklə bağlı praqmatik düşüncələri olan Serbiya, Macarıstan və bu kimi dövlətlərin cəsarətli şəkildə yeni siyasətə üstünlük verməsini, hətta son günlərdə, xüsusilə Münxen Təhlükəsizlik konfransından sonrakı mərhələdə Almaniyanın mövqeyindəki dəyişiklikləri ortaya qoymaq olar. “Qərb AP-dən və ya AŞPA-dan ibarət deyil” həqiqəti artıq şillə kimi keçmiş siyasi iddiaları arasında itib-batan dairələrin üzünə çırpılır. Səsi isə lap yaxında daha bərk eşidiləcək...

PƏRVİZ

Paylaş:
Baxılıb: 194 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Gündəm

İqtisadiyyat

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30