Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Azərbaycanın iddialı gündəliyi

Azərbaycanın iddialı gündəliyi

05.03.2024 [10:00]

Bakı ikinci dəfə Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində həm də Yaşıl Enerji Məşvərət Şurasına ev sahibiyi etdi. Bu format ötən ildən formalaşdırılıb. Aktual enerji məsələləri ətrafında mühüm müzakirələrin aparıldığı Cənub Qaz Dəhlizi Məşvərət Şurasının yaşıl enerji seqmenti üzrə genişləndirilməsi isə heç də təsadüfi deyil. Hazırda dünya enerji transformasiyası mərhələsinə qədəm qoyub. Yaranan suallar çoxdur. Yaşıl enerjiyə keçid fonunda ənənəvi enerjiyə təlabat aradan qalxacaqmı? Bərpaolunan mənbələrin səmərəliliyi necə olacaq? Ölkələr yeni çağırışlara hazırdırmı? Qlobal miqyasda enerji transformasiyasına tələb olunan investisiyalar hansı mənbələrdən yönəldiləcək? Martın 1-də Bakıda, “Gülüstan” sarayında Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclasları çərçivəsində bu və digər suallar ətrafında geniş müzakirələr aparılıb və önəmli təkliflər səsləndirlib. Eyni zamanda, Prezident İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclasları zamanı “Euronews” televiziyasına verdiyi müsahibəsində ölkəmizin yaşıl enerji gündəliyi barədə ətraflı məlumat verib.

Yaşıl enerjiyə keçidlə bağlı qlobal çağırışlar 

Hazırda dünyanın əsas çağırışlarından biri enerji keçidi ilə bağlıdır. Mövcud geosiyasi gərginliklər fonunda Avropa İttifaqı (Aİ) “qoca qitə”nin “REPowerEU” adlandırılan xilas planını hazırlayıb ki, burada da enerjiyə tələbatın qarşılanması, bütövlükdə, yeni şəraitdə iqtisadi təhlükəsizliyinin təmin edilməsi üçün bərpaolunan mənbələrdən alınan enerjinin həcmlərinin artırılması üstün prioritet kimi müəyyənləşdirilib.

Beynəlxalq Enerji Agentliyinin (BEA) ötən ilin sonlarında yaydığı yeni hesabatında dünyada yaşıl enerjiyə keçidin labüd olduğu xüsusi olaraq vurğulanır. Bildirilir ki, dünya bərpaolunan enerjiyə doğru qarşısıalınmaz  bir keçiddədir. Hesabatda təmiz enerji və texnologiyalarda artımın qənaətbəxş olduğu qeyd edilib. Belə ki, 2020-ci ildə satılan hər 25 avtomobildən biri elektriklə işləyirdi, amma cəmi üç il sonra bu rəqəm beşdəbirə yüksəlib. Agentliyin icraçı direktoru Fatih Birol deyib: “Təmiz enerjiyə keçid bütün dünyada baş verir və bu, qarşısıalınmaz prosesdir. Sadəcə, onu sürətləndirmək lazımdır, çünki təmiz enerjiyə keçid nə qədər tez olsa, hamımız üçün bir o qədər yaxşıdır. Hökumətlər, şirkətlər və investorlar təmiz enerji keçidlərinə mane olmaq yerinə, onların arxasınca getməlidir”. 

BEA hesab edir ki, təmiz enerji texnologiyaları 2030-cu ilə qədər dünya enerji sistemində indikindən daha böyük rol oynayacaq. Yollarda elektriklə işləyən avtomobillərin sayı 10 dəfə artacaq, qlobal elektrik enerjisi istehsalında bərpaolunan enerjinin payı 20 faiz çoxalacaq. Dənizdə yerləşən külək elektrik stansiyası layihələrinə kömür və qaz elektrik stansiyalarından üç dəfə çox investisiya qoyulacaq. Ölkələr mövcud siyasətlərinə və iqlim məqsədlərinə uyğun hərəkət etsələr, təmiz enerji sahəsində irəliləyiş daha sürətli ola bilər.

Hesabata görə, bərpaolunan enerji mənbələri 2030-cu ilə qədər elektrik enerjisi istehsal gücünün 80 faizini təşkil edəcək. Təkcə Günəş enerjisi bu artımın yarısını ödəyəcək. Lakin bu artım hələ də Günəş enerjisində potensialın altında qalacaq. 2030-cu ilə qədər ümumi 800 qiqavat gücündə yeni Günəş elektrik stansiyaları yaradılarsa, Çində kömürdən elektrik enerjisi istehsalı 20 faiz, Latın Amerikası, Afrika, Cənub-Şərqi Asiya və Yaxın Şərqdə isə kömür və qazdan elektrik enerjisi istehsalı 25 faiz azala bilər.

COP29-a ev sahibliyi etmək ölkəmizin yaşıl gündəliyini nümayiş etdirir

Cari ildə Azərbaycan çox mühüm və irimiqyaslı tədbirə - COP29-a ev sahibliyi edəcək. BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına Tərəflərin Konfransı- COP Konvensiyanın ali qərar qəbul edən orqanıdır. Katibliyi Bonnda yerləşir. Hər il dünyanın bütün yerlərindən hökumət nümayəndələri COP-da toplaşaraq iqlim dəyişmələrinin qarşısının alınması və fəsadlarının aradan qaldırılması istiqamətində birgə səylər göstərmək üçün çağırışlar edirlər. Ötən il dekabrın əvvəlində Dubayda keçirilən sonuncu COP28 100 minə yaxın nümayəndəni bir araya gətirib və  BMT-nin tarixində ən genişmiqyaslı tədbir kimi yadda qalıb. Konfrans çərçivəsində təşkil edilmiş Zirvə toplantısına 120-dən artıq dövlət və hökumət başçısı qatılıb. Sözügedən tədbirdə ilk dəfə olaraq Azərbaycan Prezidenti İlham Əliyev də iştirak edib.

Azərbaycanın COP29-a ev sahibliyi etməsi, şübhəsiz ki, ölkəmiz üçün  2024-cü ilin ən mühüm hadisəsi olacaq. Bunu eyni zamanda respublikamızın yaşıl iqtisadiyyata keçid strategiyasının məntiqi davamı kimi qiymətləndirmək mümkündür. Azərbaycan Prezidentinin Sərəncamı ilə 2024-cü ilin ölkəmizdə “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi bu missiyaya verilən dəyərin təsdiqidir. Bu təşəbbüs sadəcə rəmzi məna daşımır, həmçinin Azərbaycanın müsbət ekoloji dəyişmələr yaratmaq məqsədi güdən ölkələr üçün nümunə olmaq istəyidir, eyni zamanda, gələcək nəsillər üçün daha yaşıl və sağlam gələcəyin qurulması istiqamətində  öhdəliyini, strateji məqsədlərini və fəal tədbirlərini əks etdirən addımdır. Prezident İlham Əliyev “Euronews” televiziyasına müsahibəsində bildirib ki, qazıntı yanacağı ilə zəngin ölkələr yaşıl enerjiyə keçiddə ön sıralarda olmalıdır. “Biz bunu ənənəvi ehtiyatlarımız çatışmadığına görə etmirik, ona görə edirik ki, neft-qaz satışından əldə etdiyimiz maliyyədən, gəlirlərdən bərpaolunan enerjiyə sərmayə yatırmaq üçün istifadə etməklə töhfə vermək və buna ehtiyacın olduğuna dair ümumi bir anlayış yaratmaq istəyirik. Biz hər il bunu Bakıda görürük. Hər il biz Xəzər dənizinin getdikcə daha da dayazlaşmasının şahidi oluruq. Dəniz kənarında, hətta burada Bakının mərkəzində yaşayan hər kəs bunu görür. Biz iqlim dəyişikliyinin fəsadlarını, təhlükəli fəsadlarını görürük, çaylarımızda su azalır, dağlarımızda qar azalır, Xəzər dənizində suyun səviyyəsi azalır. Əgər biz enerji və əzmlə bu məsələ ilə məşğul olmasaq, hamımız əziyyət çəkəcəyik”, - deyə dövlətimizin başçısı qeyd edib.

Hazırda Azərbaycan COP29-a uğurlu ev sahibliyi etmək üçün çox məsuliyyətli hazırlıqlar görür ki, bu da ölkəmizin yaşıl gündəliyə münasibətinin ifadəsidir. Qeyd edək ki, Azərbaycan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına tərəf olmaqla qlobal iqlim dəyişmələrinə qarşı mübarizəyə qoşulub. Ölkəmiz 1990-cı illə müqayisədə 2030-cu ilə qədər istixana qazlarının miqdarını 35 faiz azaldılmasını hədəfləyir. 2030-cu ildən sonra isə daha iddialı hədəf müəyyən edilib ki, bu da 2050-ci ilə qədər istixana qazlarının miqdarının 40 faiz azaldılmasından ibarətdir. Bundan başqa, Azərbaycan Prezidenti ölkəmizin işğaldan azad edilmiş torpaqlarını “Yaşıl enerji” zonası elan edib. Bu ərazilərin 2050-ci ilədək “Netto sıfır emissiya” zonasına çevrilməsi nəzərdə tutulur. Beləliklə, ölkəmiz yaşıl enerji iqtisadiyyatına verdiyi önəmi əməli fəaliyyətlərlə də təsdiqləyir. Prezident İlham Əliyev Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu iclası və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclasındakı çıxışında ölkəmizin bu il COP29 Konfransına ev sahibliyi etməsinin önəmindən də söz açaraq vurğulayıb ki, iqlim dəyişikliyi ilə bağlı bu qlobal tədbirə ev sahibliyi etmək istəyimizin olması bizim iradəmizi nümayiş etdirir. “...COP29-un Azərbaycanda təşkil edilməsi barədə yekdil qərar beynəlxalq birliyin ölkəmizə hörmətinin əlamətidir. Bizim tədbirə ev sahibliyi etmək və bu işə töhfə vermək istəyimiz yaşıl gündəliyimizi nümayiş etdirir”, - deyə dövlətimizin başçısı vurğulayıb.

Mühüm yolu qət etməyə başlamışıq

Yeni qlobal çağırışların yarandığı indiki mərhələdə karbohidrogen resursları ilə zəngin olan respublikamız da elektrik enerjisi istehsalında yaşıl enerjinin xüsusi çəkisinin artırılmasını hədəfləyib. Bu da onunla bağlıdır ki, respublikamız bərpaolunan enerji mənbələri ilə kifayət qədər zəngin bir diyardır. Qeyd edək ki, son illərdə respublikamızda külək enerjisi istehsalı 131 dəfə, günəş enerjisi istehsalı isə 55 dəfə artıb. Ölkəmiz növbəti illərdə bərpaolunan enerjinin ümumi istehlakda payını artırmaq niyyətindədir. Bu sahədə 2030-cu ilədək qarşıya qoyulan hədəf bərpaolunan enerjinin ümumi istehlakda payının 30 faizdən çox artırılmasına nail olmaqdan ibarətdir. “Azərbaycanın bərpaolunan enerji layihələri gündəliyi çox iddialıdır. Beynəlxalq Maliyyə Korporasiyasının hesablamalarına əsasən, Xəzər dənizinin Azərbaycan sektorunda potensialı 157 giqavat təşkil edir. Biz artıq bu mühüm yolu qət etməyə başlamışıq. Biz ola bilsin ki, 10 ilə ölkədə bərpaolunan enerjidən maksimum dərəcədə istifadə etməyi və daxili bazarda təbii qaz istehlakını azaltmağı planlaşdırırıq”, - deyə Prezident İlham Əliyev “Euronews” televiziyasına verdiyi müsahibəsində vurğulayıb.

Mübariz FEYİZLİ

Paylaş:
Baxılıb: 517 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

Siyasət

Mina təhdidi...

22 Oktyabr 11:46

İqtisadiyyat

Analitik

Mədəniyyət

Mühacirətin səsi!

22 Oktyabr 08:21

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31