Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / “Yaşıl” təşəbbüslərin ön sıralarında

“Yaşıl” təşəbbüslərin ön sıralarında

06.03.2024 [10:20]

Azərbaycan “Qlobal Metan Vədi” platformasına qoşulduğunu elan edib

Qlobal iqlim dəyişmələrinin fəsadları dünyanı yeni çağırışlarla üz-üzə qoyub. Bu çağırışlar özündə ilk növbədə ekoloji tarazlığın qorunması üçün beynəlxalq birliyin imkanlarının və səylərinin əlaqələndirilməsi və koordinasiyalı fəaliyyətlərin həyata keçirilməsi təşəbbüslərini ehtiva edir. Azərbaycan da məsuliyyətli dövlət kimi, belə təşəbbüsləri dəstəkləyir və bu istiqamətdə fəaliyyətlərə davamlı töhfələr verməyə çalışır. Respublikamızın fevralın 28-də qlobal metan emissiyalarının azaldılması üzrə dövlətlərin könüllü olaraq öz üzərinə götürdüyü öhdəlikləri nəzərdə tutan “Qlobal Metan Vədi” təşəbbüsünə qoşulduğunu elan etməsi bunun növbəti təzahürüdür. Buna uyğun olaraq, Azərbaycanın 2030-cu ilə qədər qlobal metan emissiyalarının ən azı 30 faiz həcmində azaldılmasını hədəfləyən birgə beynəlxalq səylərə qoşulmağa hazır olduğu bildirilir.

“Qlobal Metan Vədi” nədir?

Hazırda hökm sürən iqlim dəyişmələri planetimizi təhdid edən başlıca problemlər sırasında yer almaqdadır. İqlim dəyişmələrinin təsirləri həyatın bütün sahələrində özünü büruzə verir. Açıq statistikaya əsasən planetimizdə son yüz il ərzində havanın illik temperaturu 1 dərəcə artıb. Ən dəhşətlisi odur ki, temperaturun 0,75 dərəcə artımı son onilliyə təsadüf edir. Son bir əsrdə kosmik Yer kürəsində sel, daşqın hadisələrinin sayı kəskin şəkildə çoxalıb. Okeanın səthi əvvəllər min metr dərinliyə qədər qızırdısa, artıq qızma iki min metr dərinliyə qədər çatır. Bu da isti axınların daha da artmasına səbəb olur. Yəni bütün bu təbii fəlakətlərin artımında əsas amil iqlim dəyişmələridir. Çox doğru olaraq bu tendensiya qlobal miqyasda sənaye inkişafının genişlənməsi ilə əlaqələndirilir. Yer üzündə həyatın tam məhv olması üçün isə temperaturun 10-15 dərəcə artması kifayətdir. Xəbərdarlıq edilir ki, əgər temperaturun artması belə davam edərsə, onda 130-200 ildən sonra Yerdə həyat mövcud olmayacaq. Antropogen fəaliyyət zamanı atmosferə atılan hissəciklər və qazlar nəinki iqlim sferasında qlobal dəyişikliklərlə nəticələnir, həm də insan sağlamlığına birbaşa mənfi təsir göstərir. BMT-nin məlumatına görə, dünyanın 99 faizi havanın çirklənməsindən təsirlənir. Bu da ildə 6,5 milyon insanın vaxtından əvvəl ölümünə səbəb olur.

Qlobal istiləşmənin və güclü sənaye inkişafının yaratdığı ekoloji fəlakətlərin qarşısını almaq üçün BMT səviyyəsində həyəcan təbili çalınır. İndiyədək qurum dünya ölkələrinin səylərini əlaqələndirmək məqsədilə bir sıra sənədlər, o cümlədən də İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası qəbul edib. Həmçinin Konvensiyanın Kioto Protokolu təsdiqlənib. Kioto protokolu üzrə öhdəliklərin yerinə yetirilməsinin 2-ci dövrü üçün Doha əlavəsi qəbul olunub. Eyni zamanda, 22 aprel 2016-cı il tarixində Paris razılaşması imzalanıb. Razılaşmanın məqsədi (2-ci maddəyə görə) Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi Çərçivə Konvensiyasının “tətbiqini artırmaq”, xüsusən qlobal orta temperatur artımını 2 °C-dən “çox aşağıda” saxlamaq və məhdudlaşdırmaq üçün “səy göstərmək”dən ibarətdir. Razılığa gələn tərəflər SO2 emissiyalarının zirvəsinə “ən qısa müddətdə” çatmalı olduqlarını elan ediblər.

İqlim dəyişmələrinə qarşı mübarizə üzrə beynəlxalq platformalardan biri də “Qlobal Metan Vədi”dir. Bu,  2021-ci ildə Birləşmiş Krallığın Qlazqo şəhərində keçirilmiş COP26 İqlim Dəyişikliyi Konfransında ABŞ və Avropa İttifaqı (Aİ) tərəfindən metan emissiyalarının azaldılması ilə bağlı qlobal öhdəlik kimi irəli sürülmüş təşəbbüsdür. “Qlobal Metan Vədi”nin məqsədi 2030-cu ilə qədər metan emissiyalarını 2020-ci illə müqayisədə ümumilikdə, 30 faiz məhdudlaşdırmaqdır. Hazırda 155 ölkə bu beynəlxalq öhdəliyə qoşulduğunu elan edib və qlobal metan çirklənməsinin təxminən yarısı bu ölkələrin payına düşür.

Azərbaycanın milli səviyyədə nümayiş etdirdiyi məsuliyyət

İqlim dəyişmələri ilə bağlı yaranan təhdidlər milli səviyyələrdə ölkələr üçün böyük məsuliyyət yaradır. Hər bir dövlət öz siyasətində dekarbonizasiya məsələlərini önə çəkməlidir. Bu mənada, məsuliyyətli dövlət olan Azərbaycanın yanaşması təqdirəlayiqdir. Respublikamız iqlim dəyişiklikləri ilə bağlı BMT-nin çağırışlarına fəal şəkildə qoşulan ölkələr sırasında yer alır. Ölkəmiz 1995-ci ildə BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasını, 2000-ci ildə isə Konvensiyanın Kioto Protokolunu ratifikasiya edib, qlobal iqlim dəyişikliklərinin mənfi təsirlərinin yumşaldılması üzrə beynəlxalq səylərə qoşulub. Azərbaycan Milli Səviyyədə Müəyyən Edilmiş Töhfələr (NDC) sənədində qlobal iqlim dəyişikliklərinə təsirlərin yumşaldılması təşəbbüslərinə özünün töhfəsi olaraq baza ili (1990) ilə müqayisədə 2030-cu ilə istilik effekti yaradan qaz emissiyalarının 35 faiz azalma səviyyəsində saxlanılmasını hədəf kimi götürüb. 2023-cü ildə yenilənmiş sənəddə isə yeni öhdəlik kimi 2050-ci ilə qədər istixana effekti yaradan qaz emissiyalarının 40 faiz həcmində azaldılması hədəf götürülüb. Bununla yanaşı, 2050-ci ilədək Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının dekarbonizasiya zonasına çevrilməsinin hədəfləndiyi elan edilib.

Eyni zamanda, zəngin karbohidrogen ehtiyatlarına malik olan ölkəmiz neft istehsalı sahəsində sıfır emissiyasız fəaliyyəti hədəfləyib və bu sahədə qlobal tərəfdaşlığa öz töhfələrini verir.  Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) 2008-ci ildən GGFR-in rəhbər komitəsinin üzvüdür. Respublikamızda həyata keçirilən layihələr nəticəsində il ərzində atmosferə atılan 1 milyard kubmetr qaz yığılaraq əhalinin istifadəsinə yönəldilib. SOCAR tərəfindən səmt qazının azaldılması tədbirləri Dünya Bankının Ekspert Şurası tərəfindən bir neçə dəfə ali mükafata layiq görülüb. Hazırda neft hasilatı zamanı səmt qazının emissiyası göstəricilərinin aşağı olmasına görə Avropa İttifaqına neft ixrac edən əsas 10 ölkə arasında Azərbaycan birinci yeri tutur. Qurum neft-qaz əməliyyatlarında 2030-cu ilə qədər normal hasilat prosesində məşəldə yandırmaların sıfıra endirilməsinin, 2022-ci il baza dövrü ilə müqayisədə 2030-cu ilə qədər “Upstream” seqmentində emissiya intensivliyinin 30 faiz, 2035-ci ilə qədər korporativ emissiya intensivliyinin 30 faiz azaldılmasının, 2035-ci ilə qədər “Sıfır metan” hədəfinə yaxınlaşmanın və 2050-ci ilə qədər “Xalis sıfır” hədəflərinə çatmanın özünün əsas məqsədlərindən biri olduğunu bildirib.

Beynəlxalq birliyin “yaşıl enerji” tərəfdaşı

Qlobal iqlim dəyişiklikləri ilə mübarizədə fəallığı ilə seçilən və ön sıralarda dayanan ölkəmizin “Qlobal Metan Vədi”nə qoşulması onun dünyada etibarlı “yaşıl” enerji tərəfdaşı kimi mövqeyini daha da gücləndirəcək. Yeni qlobal çağırışların yarandığı indiki mərhələdə enerji transformasiyası Azərbaycanın da gündəliyində dayanan vacib məsələlər sırasında yer alır. Karbohidrogen resursları ilə zəngin olan respublikamız elektrik enerjisi istehsalında “yaşıl enerji”nin xüsusi çəkisinin artırılmasını hədəfləyib. Bu da onunla bağlıdır ki, ölkəmiz bərpa olunan enerji mənbələri ilə kifayət qədər zəngin bir diyardır. Respublikamızın iqtisadi cəhətdən əlverişli və texniki baxımdan istifadəsi mümkün olan bərpa olunan enerji mənbələrinin potensialı 27000 MVt həcmində qiymətləndirilir. Qeyd edək ki, son illərdə respublikamızda külək enerjisi istehsalı 131 dəfə, Günəş enerjisi istehsalı isə 55 dəfə artıb. Ölkəmiz növbəti illərdə bərpa olunan enerjinin ümumi istehlakda payını artırmaq niyyətindədir. Bu sahədə 2030-cu ilədək qarşıya qoyulan hədəf bərpa olunan enerjinin ümumi istehlakda payının 30 faizdən çox artırılmasına nail olmaqdan ibarətdir.

“Yaşıl” hədəflər uğrunda...

Beynəlxalq birliyin məsuliyyətli üzvü kimi Azərbaycan hər zaman qlobal iqlim siyasəti ilə bağlı dövlətlərin apardığı birgə fəaliyyətə əhəmiyyətli dəstək və töhfə verir, “yaşıl” hədəflər uğrunda daha çox səy göstərilməsini təşviq edir. Üzərinə götürdüyü öhdəliklərə sadiqlik, Azərbaycan Prezidenti tərəfindən elan edilmiş “Yaşıl dünya naminə həmrəylik İli” çərçivəsində uğurlu fəaliyyət və digər təşəbbüslər Azərbaycanı dünyada qlobal iqlim siyasətinə böyük töhfə verən uğurlu nümunə kimi tanıdır. BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyinin ölkəmizə həvalə edilməsi də bu fəaliyyətə verilən beynəlxalq qiymətin və göstərilən etimadın açıq təzahürüdür.

Artıq vaxt itirilmədən COP29-a hazırlıq işlərinə start verilib. Hazırlıq işlərinin layiqincə həyata keçirilməsi üçün komanda formalaşdırılıb, bütün qurumlar səfərbər olunub. Konfransa hazırlıqla bağlı ilk müşavirənin dövlət başçısının sədrliyi ilə keçirilməsi ölkəmizin COP29-un layiqli və yüksək səviyyədə baş tutmasına necə böyük məsuliyyətlə yanaşdığını göstərir. Azərbaycan Prezidentinin müvafiq Sərəncamı ilə COP29-un, Kioto Protokolunun Tərəflər Görüşünün 19-cu və Paris Sazişinin Tərəflər Görüşünün 6-cı sessiyalarının 2024-cü ildə Bakı şəhərində təşkili və keçirilməsinin təmini məqsədilə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Samir Nuriyevin sədrliyi ilə Təşkilat Komitəsi yaradılıb. Yanvarın 22-də Samir Nuriyevin sədrliyi ilə Təşkilat Komitəsinin ilk iclası keçirilib. İclasda COP-29-un ən yüksək səviyyədə keçirilməsi üçün bütün lazımi tədbirlərin görüləcəyi vurğulanıb.

Mübariz FEYİZLİ

Paylaş:
Baxılıb: 182 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Analitik

Siyasət

Yeni faktlar...

10 Aprel 10:51

Siyasət

Siyasət

Gündəm

İlk dəfədir ki...

10 Aprel 09:55

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30