Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Tarix bərpa olunur

Tarix bərpa olunur

07.03.2024 [10:20]

Azərbaycan dövləti və xalqımız başda Prezident, Ali Baş Komandan İlham Əliyev olmaqla güclü iradə və həmrəylik nümayiş etdirərək 2020-ci ildə 44 günlük Vətən müharibəsində ərazi bütövlüyümüzü və 2023-cü ildə 23 saatlıq uğurlu antiterror tədbirlərində suverenliyimizi tam təmin etdi. Artıq Qarabağda separatizm yuvası dağıdılıb. Bunlar son 200 illik tariximizdə qazandığımız ən böyük qələbələrdir və əbədi olaraq xalqımızın qürur mənbəyi kimi qalacaq. Ötən il oktyabrın 15-də Prezident İlham Əliyev Xankəndidə, Xocalıda və digər tarixi ərazilərimizdə üçrəngli bayrağımızı ucaltdı.

Artıq üç onillik ərzində yad əllərdə qalmış Qarabağın yeni növrağı başlayıb. İşğaldan azad edilmiş bütün ərazilərdə əsaslı bərpa işləri həyata keçirilir, eməni vandalizminə məruz qalaraq dağıdılan şəhər və kəndlərimiz yenidən qurulur. Deyə bilərik ki, Azərbaycan xarabalıqlar üzərində dünyada tayı-bərabəri olmayan cənnət guşələri yaradır. Bu, dövlətimizin gücünü və xalqımızın yurd yerlərinə bağlılığını təzahür etdirir. Bu günlərdə isə lokal antiterror tədbirləri nəticəsində separatçılardan təmizlənən Xankəndidə qondarma “Artsax”ın miraslarının - separatçıların xüsusi simvollar yerləşdirməklə inşa etdirdikləri tikililərin sökülməsinə start verilib.

Ermənistanın söküntü işlərinə siyasi don geyindirmək cəhdi əsassızdır

Məğlub Ermənistan postmüharibə dövründə sülhyaratma prosesinə əngəllər yaratmaq üçün müxtəlif manipulyasiyalara əl atır. Bu ölkə qalib Azərbaycanın Xankəndidə başladığı bərpa və quruculuq işlərini də manipulyasiya predmetinə çevirməyə çalışır. Ermənistan hökumətində təmsil olunan müxtəlif ranqlı məmurlar Azərbaycanın Xankəndidə işğal illərində tikilmiş binaları sökməsinə siyasi don geyindirirlər. Bu günlərdə Ermənistan mətbuatında silsilə yazılar dərc olunur. Həmin yazılarda Xankəndidə baş verənlər əyri güzgüdən təqdim olunur. Guya Azərbaycan burada erməni izlərini itirməyə çaışır. Başdan-ayağa absurd iddialardır. Hansı izlərin itirilməsindən söhbət gedə bilər? Erməni siyasətçiləri bu kimi iddiaları səsləndirərkən əslində özlərini ifşa etmiş olurlar. Bir daha təsdiqlənir ki, ermənilərin Xankəndi ilə hansısa tarixi bağlılıqları yerli-dibli yoxdur və şəhərin tarixindən bixəbərdirlər. Ermənistanın Azərbaycanın Xankəndidə bəlli binaları sökməsindən siyasi şou düzəltməsinin heç bir məntiqi əsası yoxdur. Tarixi mənbələrə əsasən, Xankəndi XVIII əsrin axırlarında o dövrdə müstəqil Azərbaycan dövlətlərindən biri olan Qarabağ xanlığının başçılarının - xanların istirahəti üçün salınıb. Xanların fəaliyyətinə uyğun şərait yaradılması üçün istirahət məskəni xanlığın paytaxtı Pənahabadın (indiki Şuşanın) 10 kilometrliyində, nisbətən dağ ətəyində planlaşdırılır. Bu zaman istirahət məskəninin xanlığın digər vacib şəhər və kəndlərinə, o cümlədən Ağdama, Xocalıya, Malibəyliyə, Kərkicahana və digərlərinə yaxın olması da əsas götürülüb. Bəhs olunan məntəqələrin hamısında istisnasız olaraq azərbaycanlılar yaşayırdılar. İlk vaxtlarda yeni yaşayış məskənində ancaq xan ailəsi və onun yaxınları yaşadığından el arasında məhz bu adla tanınıb: Xanın kəndi.  Az vaxt ötəndən sonra isə “Xanın kəndi” “Xankəndi” adını alıb. Qarabağ xanlığı Rusiyaya birləşdirildikdə Xankəndi axırıncı Qarabağ xanı Mehdiqulu xanın xanımı Pəricahan bəyimə hədiyyə olunub.

Xankəndinin baş planı necə pozulmuşdu?

Türkmənçay müqaviləsindən sonra İran və Türkiyədən çox sayda erməni ailəsinin Qarabağda, o cümlədən də Xankəndidə yerləşdirilməsinə baxmayaraq, yaşayış məntəqəsinin tarixi adı uzun müddət saxlanılıb.  Keçmiş sovet hakimiyyəti qurulduqdan sonra Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsi 1923-cü il iyulun 7-də “Dağlıq Qarabağ Muxtar Vilayətinin yaradılması haqqında” dekret verib. Həmin dekretlə Xankəndi vilayətin mərkəzi elan olunub. 1923-cü ilin sentyabrında şəhər  Stepan Şaumyanın şərəfinə “Stepanakert” adlandırılıb. Cəmiyyətin tələbini nəzərə alan Azərbaycan SSR Ali Soveti isə 1991-ci ildə bəhs olunan yaşayış məntəqəsinin tarixi adının - Xankəndinin bərpa edilməsi ilə bağlı qərar imzalayıb.

Xankəndinin baş planı hələ sovet dövründə Heydər Əliyevin rəhbərliyi ilə təsdiqlənib və Azərbaycan SSR tərəfindən şəhərdə geniş tikinti işləri aparılıb. Amma işğaldan sonra şəhərin bütün mənzərəsi pozulub, baş plana uyğun olmayan yöndəmsiz binalar tikilib.

Beləliklə, Azərbaycanın hazırda Xankəndidə gördüyü işlər, əslində, Xankəndinin vaxtilə tərtib olunmuş və icra edilmiş baş planın bərpası anlamında qəbul olunmalıdır. Bu, həm də tarixin bərpasıdır. Ermənilər miflər uyduraraq saxta tarix yaratmağa adət ediblər. Ancaq erməni saxtakarlığı bizim üçün əziz olan şəhərlərimizin, o cümlədən də Xankəndinin simasına yapışmır. Tariximizə, xalqımızın ənənələrinə və ruhuna yad olan elementlər şəhərin simasından götürülməlidir və Azərbaycan da hazırda bunu edir.

Xatırladaq ki, işğaldan sonra Xankəndidə bir sıra binalar tikilib. Məsələn, bunlardan biri “Artsax parlamenti”nin binasıdır. Onun ümumi sahəsi 1350 kv/m.-dir. Binanın açılışı keçmiş separatçı rejimin elan olunmasının 16-cı ildönümü günü, yəni 2007-ci il sentyabrın 2-də olub. Açılış mərasimdə iştirak edən Ermənistan parlamentinin spikeri Tiqran Torosyan bu binanı “Dağlıq Qarabağ Respublikasının ayaqda olduğunu göstərən növbəti sübut” və “gözəl hadisə” kimi qiymətləndirmişdi. İşğal illərində bu bina hansı məkrli əməllərə şahidlik etməyib? Ölkəmizin suverenliyinə qarşı yönələn qərarlar məhz “Artsax parlamenti”nin binasının divarları arxasında imzalanırdı. Burada Azərbaycana qarşı işğal və soyqırım planları cızılırdı. Suverenliyini təmin etmiş Azərbaycan divarlarına eybəcər simvollar yapışdırılmış bu separatizm yuvasının qalmasına necə dözə bilərdi?

Yeri gəlmişkən, sözügedən binanın tikintisi zamanı külli miqdarda yeyintiyə də yol verilib. Bununla bağlı kifayət qədər faktlar var. Məsələn, qondarma parlamentin iclaslarında səslənən rəqəmlərə görə, binanın tikintisinə 2006-cı ildə 586 min ABŞ dolları ayrılıb, amma bu vəsait “kifayət etməyib”, ona görə 2007-ci ildə əlavə 985 min ABŞ dollarına qədər pul ayrılıb. Bununla belə, binanın tikintisinin yekunlaşması üçün adları çəkilməyən sponsorlardan da əlavə vəsait cəlb edilib.

Digər bir bədnam tikiliyə diqqət çəkək. Söhbət “veteranlar binası” və yaxud “Artsaxı azad etmiş döyüşçülər ittifaqının binası” adlandırılan tikilidən gedir. YERKRAPA əslində terrorçu dəstədir və minlərlə azərbaycanlının ölümündə əli var. Xankəndi şəhərinin mərkəzi meydandakı “veteranlar binası”ının açılışı 2013-cü il mayın 8-də baş tutub. Bu tarix, əlbəttə ki, təsadüfi seçilməmişdi. Şuşa məhz 1992-ci il mayın 8-də işğal olunmuşdu. Açılış mərasimi Xankəndidə təşkil olunmuş “bayram tədbirləri” çərçivəsində baş tutmuşdu. Mərasimdə ozamankı Ermənistan prezidenti Serjik Sarkisyan və qondarma rejimin rəhbəri Bako Saakyan (Hazırda Bakıda istintaq təcridxanasında məhkəməsini gözləyir - red.) iştirak etmişdilər.

Siyahını uzatmaq da mümkündür. Ancaq sadalanan faktlar Azərbaycanın davranışlarının nə qədər əsaslı olduğunu təsdiqləmək üçün kifayətdir.

Qanunsuz tikililər Azərbaycanın hər yerində sökülür

Ermənistanın Xankəndidə aparılan söküntü işləri ilə bağlı siyasi şou düzəlməsi hansısa bir hüquqi zəminə söykənmir. “Artsax respublikası” separatçılar tərəfindən qanunsuz yaradılmış bir təsisat idi. Buradan da aydın olur ki, qanunsuz rejimin verdiyi bütün qərarlar kimi, icra etdiyi layihələr və apardığı tikintilər də qanunsuz olub. Sözügedən binaların “Artsax”ın mövcudluğu dövründə tikildiyi müzakirə mövzusu deyil. Artıq “Artsax” layiq olduğu yerdə - tarixin zibilliyindədir. Əgər qondarma rejim artıq mövcud deyilsə, onun kədərli mirasları da aradan qaldırılmalıdır.  İşğal dövründə tikilən belə binalar qanunsuz tikililərdir. Bu cür tikililər Azərbaycanın istənilən şəhərində sökülür. Yeri gəlmişkən,  işğal vaxtı Şuşada da “parlament binası”nın tikintisi gedirdi. Bu binanın inşasının tamamlanmasını görmək separatçılara nəsib olmadı. İgid Azərbaycan əsgər və zabitləri qayalardan aşaraq, cığırlardan keçərək Şuşanı işğaldan azad etdilər. Şuşadakı “parlament binası” elə müharibə vaxtı dağıdıldı. Bu yerdə qalib ölkənin qalib Lideri İlham Əliyevin həmin bina önündə etdiyi çıxışını da xatırlamaq yerinə düşər.

Azərbaycan dövləti və cəmiyyəti xalqımızın çoxəsrlik mədəniyyəti və tarixinə sıx bağlıdır Biz tariximizlə qürur duyuruq. İşğal illərində Şuşada, Xankəndidə separatçıların tikdikləri binalar təkcə doğma şəhərlərimizin simasına deyil, həm də tariximizə yamaqdır. İndi qalib Azərbaycan öz tarixinə sahib çıxaraq onu bərpa edir.

MÜBARİZ

Paylaş:
Baxılıb: 469 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

Siyasət

Mina təhdidi...

22 Oktyabr 11:46

İqtisadiyyat

Analitik

Mədəniyyət

Mühacirətin səsi!

22 Oktyabr 08:21

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31