Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / İlham Əliyev: Bütün sınaq anlarının əsl mənəvi dayağı...

İlham Əliyev: Bütün sınaq anlarının əsl mənəvi dayağı...

08.03.2024 [09:45]

Güclü müasirlik duyğusu, yenilikçi təbiətə sahib, fədakar Azərbaycan Qadını!

Bu gün onların - tarixin dərin qatlarından üzü bu yana barələrində müxtəlif təşbehlər ifadə olunan, həyatımızın çiçək kimi bəzəyi sayılan qadınların günüdür. Ölkəmizdə də  8 mart rəsmi bayram günü kimi qeyd olunur. Hər il bayram günü ərəfəsində Azərbaycan qadınlarının bir qrupuna dövlət səviyyəsində fəxri adlar verilir, onlar orden və medallarla təltif edilirlər. Eyni zamanda, ailələrdə, əmək kollektivlərində hər bir kişi ətrafındakı qadınları təbrik edib onlara arzularını, xoş diləklərini çatdırmağı özünə mənəvi borc sanır. Əslində isə qadınlar elə bir əvəzolunmaz dəyərdirlər ki, onlar ildə yalnız bir dəfə deyil, hər gün sevinməyə, hər gün səmimi təbriklər qəbul etməyə layiqdirlər.

Ənənələrin və müasirliyin vəhdəti

Azərbaycan qadınları tarixən gözəllik, əxlaq, mənəvi saflıq mücəssəməsi sayılıblar. Bu gün dünya sürətlə dəyişir. Transformasiyalar dövründə yaşayırıq. Bu transformasiyalar yalnız elmi və texnoloji sahələri əhatə etmir. Biz həm də dəyərlərin dəyişməsinin, ənənələrin unudulmasının şahidi oluruq. Bir sıra cəmiyyətlərdə ailə dəyərləri aşınır. Belə proseslər xüsussilə Qərb dünyasında geniş intişar tapıb.

Azərbaycan isə fərqli modelə malikdir. Bizim cəmiyyətimiz sözün yaxşı mənasında mühafizəkar cəmiyyətdir. Ailədə və digər yerlərdə böyük-kiçik yeri gözlənilir.  Milli-mənəvi dəyərlərimiz yüksək səviyyədə qorunur. Bu isə indiki mürəkkəb dünyada öz axarı ilə gedən bir proses deyil. Burada Azərbaycan qadınının müstəsna  rolu xüsusi qeyd edilməlidir. Analarımız öz əcdadlarının gör-götürlərini nəsillərdən-nəsillər ötürürlər, beşik başında oxuduqları laylalarla övladlarına milli ruh aşılayırlar. İndiki qloballaşma şəraitində azərbaycanlı identikliyini qoruyub saxlayan, çoxluğun içərisində əriməyə qoymayan məhz analarımızın bizim daxilimizə hopdurduqları həmin o milli ruhdur. Qadınlarımız keçimişmizlə bu günümüz arasında bir körpüdür. Önlar öz nəcib davranışları, öyüd-nəsihətləri ilə bizləri əcdadlarımızın mənəvi miraslarına qırılmaz tellərlə bağlayırlar. Azərbaycan qadını övladına nəyi aşılayır? Vətən, torpaq sevgisini, humanizm və nəcibliyi, milli və beynəlmiləl olmağı, elm öyrənməyi, yaxşı təhsil almağı. Prezident İlham Əliyev 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə Azərbaycan qadınlarına ünvanladığı təbrikində bildirib ki, Azərbaycan xalqı hər zaman qadına dərin ehtiram bəsləmiş, ana haqqını uca tutmuşdur. Ölkəmizdə dövlət qadın siyasətinin başlıca prinsipləri bu çoxəsrlik zəmin üzərində formalaşmışdır.

Dövlətin qadın siyasətində varislik

Azərbaycan cəmiyyətinin qadına yüksək münasibəti 1918-ci ildə qurulan ilk Respublikanın idarəçiliyində özünü büruzə verdi. Belə ki, cəmi 23 ay ömrü olan Azərbaycan Xalq Cümhuriyyəti qadınların seçmək və seçilmək, təhsil və digər hüquqlarını tanıdı. Bu, bütün Şərq aləmində bir ilkə imza atılması demək idi.

AXC-nin varisi olan müstəqil Azərbaycanda dövlət qadın siyasətinin əsasını müdrik siyasətçi Heydər Əliyev qoyub. Ulu Öndər ölkə həyatının bütün sahələrində qadınlara xüsusi yer ayırır, onların hərtərəfli fəaliyyətinə geniş meydan verir, lider qadınlar yetişdirirdi. O həm də qadın şəxsiyyətinə böyük hörmətlə yanaşırdı. Prezident Heydər Əliyevin 1998-ci il 14 yanvar tarixli Fərmanı ilə Azərbaycan Respublikasının Qadın Problemləri üzrə Dövlət Komitəsi yaradılıb. Dövlət başçısı ölkənin siyasi, sosial, iqtisadi və mədəni həyatında qadınların rolunu artırmaq, Azərbaycan Respublikasının 1995-ci il iyunun 30-da qoşulduğu BMT-nin “Qadınlara münasibətdə ayrı-seçkiliyin bütün formalarının ləğv olunması haqqında” Konvensiyasından irəli gələn  öhdəliklərini daha geniş miqyasda həyata keçirmək üçün 1998-ci il 14 yanvar tarixində “Azərbaycanda qadınların rolunun artırılmasına dair tədbirlər haqqında” Sərəncam imzalayıb. Prezident Heydər Əliyev tərəfindən 6 mart 2000-ci il tarixində imzalanan Fərman isə “Azərbaycan Respublikasında dövlət qadın siyasətinin həyata keçirilməsi haqqında” adlanır. Fərmanla Azərbaycan Respublikasının bütün dövlət qurumlarında fəaliyyət növü nəzərə alınmaqla qadınların rəhbərlik səviyyəsində kişilərlə bərabər təmsil olunmalarının təmin edilməsi tapşırılıb. Sonrakı illərdə Heydər Əliyevin təşəbbüsü ilə  “Azərbaycan Respublikasında Qadın Problemləri üzrə Milli Fəaliyyət Planı” qəbul edildi.

Son 20 ildə isə Prezident İlham Əliyev bütün sahələrdə olduğu kimi, dövlət qadın siyasətində də varisliyi təmin edib. Ölkəmizdə Prezident İlham Əliyevin siyasi iradəsi əsasınsda qadınların bütün imkanlara çıxışının təmin olunması məqsədilə hüquqi baza getdikcə daha da möhkəmləndirilir. Bu kontekstdə ölkə Prezidentinin təşəbbüsü ilə 2006-cı ildə “Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında” Qanunun qəbul edilməsini, elə həmin il dövlət başçısının müvafiq Sərəncamı ilə Qadın Problemləri üzrə Dövlət Komitəsinin Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi kimi yenidən formalaşdırılmasını xüsusi qeyd edə bilərik.

Ölkənin inkişafında qadınların müstəsna rolu

Bu gün Azərbaycan qadınlarının ölkənin inkişafında müstəsna rolu var. Onlar dövlət müstəqilliyimizin bərpasından sonrakı ötən dövr ərzində milli dövlət quruculuğu prosesinin fəal iştirakçısına çevrilib, respublikamızın sosial-iqtisadi, intellektual-mədəni potensialının artırılması üçün dəyərli töhfələr veriblər. Statistik məlumatlara əsasən hazırda ölkə əhalisinin ümumi sayının 50,2 faizini qadınlar təşkil edir. Ölkənin ümumi təhsil müəssisələrində müəllimlərin 81,9 faizi, orta ixtisas təhsil müəssisələrində 81,3 faizi, ali təhsil müəssisələrində 57,4 faizi, həkimlərin isə üçdən ikisi qadınlardır. Ümumi təhsil müəssisələrində təhsilalanların 46,6 faizini, orta ixtisas təhsili müəssisələri tələbələrinin 61,9 faizini, ali təhsil müəssisələri tələbələrinin isə yarısını qızlar təşkil edir. Qadınların məşğul əhalinin ümumi sayındakı xüsusi çəkisi, ilkin məlumatlara əsasən, 48,3 faizə çatıb. Dövlət qulluğunda çalışanlar arasında qadınların xüsusi çəkisi 28,0 faiz, fərdi sahibkarlar arasında isə 22,0 faizdir.

Qadınların elmin inkişafında da müstəsna rolu var. Elmi işçilərin 59,2 faizini qadınlar təşkil edir. Son 10 ildə onlardan elmlər doktoru elmi dərəcəsi olanların sayı 2,2 dəfə, fəlsəfə doktoru elmi dərəcəsi olanların sayı isə 2,1 dəfə artıb.

Milli Məclisdə qadın deputatların sayı da artır. Əgər 1990-cı ildə bütün deputatların 4,3 faizini, 2000-ci ildə 10,7 faizini qadınlar təşkil edirdisə, hazırda bu göstərici18,6 faizə çatıb.

Tarixdə Azərbaycan qadınları öz funksiyalarını yalnız nəsil artırmaqla bitmiş saymayıblar.  Ər igidlərə arxa, dayaq duran, lazım gəldikdə onlarla birlikdə döyüşlərə qatılan, çiyin-çiyinə vuruşub qəhrəmanlıqlar göstərən qadınlarımız da az olmayıb. Nigarın, Həcərin, Tomrisin, Sara xatunun qəhrəmanlıqları barədə dastanlar yazılıb. Azərbaycan qadını özünün yüksək vətənpərvərliyini və şücaətini növbəti dəfə Birinci və İkinci Qarabağ müharibələrində təcəssüm etdirdi. Sədd heyif ki, Azərbaycan qadınları həm də şəhid ana-bacılarıdırlar. İllər ötsə də möcüzəyə inanıb gözlərini yollardan çəkməyən qadınlarımızın da sayı çoxdur. Təsəlli yerimiz isə ondan ibarətdir ki, şəhidlərimizin qanı yerdə qalmadı. Silahlı Qüvvələrimiz Müzəffər Lider İlham Əliyevin rəhbərliyi ilə ərazi bütövlüyümüzü və suverenliyimizi təmin etdi.

Yumşaq güc”ün rəmzi

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun rəhbəri Mehriban xanım Əliyeva çoxşaxəli fəaliyyəti ilə həm ölkədə, həm də beynəlxalq aləmdə Azərbaycan qadınının nüfuzunu daha da yüksəklərə qaldırır. Onun hərtərəfli parlaq fəaliyyəti, xeyirxahlıq missiyası, mədəniyyətimizin bütün dünyada təbliği sahəsində gördüyü işlər əsl örnəkdir. Ölkənin “yumşaq güc” siyasətinin təcəssümü olan Mehriban xanım Əliyevanın humanitar layihələri ölkəmizə yeni dostlar qazandırır. Onun təşəbbüsü ilə həyata vəsiqə alan Heydər Əliyev Fondunun xeyriyyəçilik tədbirləri bir sıra ölkələri əhatə edir. Deyə bilərik ki, Mehriban xanım Əliyevanın prezidenti olduğu Heydər Əliyev Fondu uzun illərdir ki, Azərbaycanın humanitar və mədəni diplomatiyasının səlahiyyətli nümayəndəsinə çevrilib. Belə məqsədyönlü fəaliyyət hər şeydən əvvəl dünyada Azərbaycanın təqdimatı və təbliğidir. Ölkənin Birinci vitse-prezidentinin rəhbərliyi ilə milli maraqlarımıza xidmət edən və ənənələrimizi yaşadan çoxlu sayda böyük layihələrin uğurla icra olunması Azərbaycan qadınının mərhəmət və xeyirxahlığının, zəngin mənəvi-intellektual və yüksək əxlaqi dəyərlərə malik olduğunun bariz nümunəsidir.

Mübariz ABDULLAYEV

Paylaş:
Baxılıb: 495 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

Siyasət

Mina təhdidi...

22 Oktyabr 11:46

İqtisadiyyat

Analitik

Mədəniyyət

Mühacirətin səsi!

22 Oktyabr 08:21

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31