Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Azərbaycan-Gürcüstan münasibətləri...

Azərbaycan-Gürcüstan münasibətləri...

19.03.2024 [10:05]

Hərtərəfli və yüksələn dinamikaya malikdir

Çoxvektorlu xarici siyasət kursuna malik Azərbaycan bütün dövlətlərlə ikitərəfli münasibətlərin yüksək səviyyədə qurulmasında maraqlıdır. 2020 - ci il Vətən müharibəsindən sonra bölgənin yeni iqtisadi-siyasi reallıqlara qovuşması qarşılıqlı əlaqələrə də yeni impuls qazandırıb. Xüsusilə, ölkəmizin Şərq-Qərb tranziti üzərində formalaşan ticari daşımaçılığa qazandırdığı üstünlüklər yerləşdiyimiz region üçün yeni perspektivlər qazandırır. Bunun nəticəsidir ki, artıq rəqəmsal daşımaçılıq anlayışı yeni dövr üçün aktuallığını daha da artırır.

Aparılan bu siyasət kursu bütövlükdə bölgəyə yeni mənzərə qazandırır - Asiya ilə Avropanın “təbii körpüsü” adlandırılan, sivilizasiyaların, Şərq və Qərb mədəniyyətlərinin qovşağı sayılan Azərbaycan yeni mərhələ üçün yeni nizam qaydaları yaradır. Azərbaycan bütövlükdə Cənubi Qafqazın prosesdən uğurla, eləcə də həm siyasi, həm də iqtisadi dividend qazanaraq çıxması üçün çalışır - başqa sözlə, Azərbaycan istər təşəbbüskarı olduğu, istərsə də iştirakçı kimi təmsil olunduğu qlobal layihələrin ilk növbədə Cənubi Qafqaz regionunu əhatə etməsi, bölgəyə dividendlər qazandırması faktoruna fokuslanır. Bu isə bölgə dövlətləri ilə münasibətlərimizə yeni ştrixlər əlavə edir.

Qeyd olunduğu kimi, Azərbaycan dövləti qonşuları ilə münasibətdə səmimi və işgüzar məqamlara istinad edir - Gürcüstan ilə əlaqələrimiz də bu kontekstdə inkişaf etməkdədir.  

Yüksək siyasi dialoq...

Tarixi qonşu və strateji əməkdaş sayılan Azərbaycan və Gürcüstan dövlətləri hər zaman öz nümunəvi qonşuluq münasibətləri ilə seçiliblər. Hətta uzun illər eyni dövlətin tərkibində olan bu iki xalq hər zaman yüksək səviyyədə əlaqələr qurub, əməkdaşlıq ediblər. SSRİ-nin dağılmasının ardından müstəqillik əldə etmiş Azərbaycan və Gürcustan dövlətləri arasındakı əlaqələr daha da möhkəmlənib. İkitərəfli münasibətlərə gəldikdə isə, Azərbaycan ilə Gürcüstan arasında diplomatik əlaqələr rəsmən 1992-ci ildə yaradılsa da, bu əlaqələr 1993-cü ildən - Ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra inkişaf etməyə başlayıb. 1995-ci ilin fevral ayında Bakıda Gürcüstanın, 1996-cı ilin mart ayında isə Tbilisidə Azərbaycanın səfirlikləri fəaliyyətə başlayıb. İki ölkə arasında Birgə İqtisadi Komissiya fəaliyyət göstərir. Hər iki ölkənin parlamentində işçi qruplar fəaliyyət göstərir.

Azərbaycan və Gürcüstan tarixi bağlara və qarşılıqlı maraqlara  əsaslanan münasibətlərini strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiblər. O cümlədən iki ölkə arasında iqtisadi əlaqələrin genişlənməsi, investisiya qoyuluşunun artırılması üçün heç bir maneə yoxdur, əksinə belə fəaliyyətlər qarşılıqlı olaraq təşviq edilir. İki ölkə arasında regional və qlobal əhəmiyyət daşıyan iqtisadi sahədə əməkdaşlıq müxtəlif istiqamətləri əhatə edir və yüksək dinamikaya malikdir. Martın 16-da Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə görüşdən sonra mətbuaa bəyanatında Prezident İlham Əliyev bildirib ki, Gürcüstan və Azərbaycan iki müstəqil dövlət kimi daim bir-birinin yanındadır, bizim dostluğumuz, qardaşlığımız dərin tarixi köklərə əsaslanır. Əsrlər boyu bizim xalqlarımız dostluq və mehriban qonşuluq şəraitində yaşamışlar, dövlətlərarası münasibətlər bu möhkəm zəmin üzərində qurulmuşdur.

İlk beşlikdə yer alan ticarət tərəfdaşı

Ötən il Azərbaycan və Gürcüstan arasında ticarət dövriyyəsinin dəyəri 2022-ci illə müqayisədə 15,5 faiz artaraq 1 milyard 515,981 milyon ABŞ dolları olub. Bu, qonşu ölkənin illik ticarət dövriyyəsinin 7 faizini təşkil edib. Hesabat dövründə Gürcüstanın Azərbaycana ixrac etdiyi məhsulların dəyəri 1 il əvvələ nisbətən 28,2 faiz 862,07 milyon ABŞ dolları (ümumi ixracın 14,2 faizini), Gürcüstanın Azərbaycandan idxal etdiyi məhsulların dəyəri isə 2,1 faiz artaraq 653,911 milyon ABŞ dolları (ümumi idxalın 4,2 faizi) olub. Prezident İlham Əliyev bildirib ki, bizim ticarət dövriyyəmiz də artmaqdadır. Artıq 900 milyon dollara yaxındır və keçən il təxminən 15 faiz artıb: “Gürcüstan Hökumətinin düşünülmüş islahat siyasəti nəticəsində ölkədə çox gözəl sərmayə iqlimi yaradılmışdır. Azərbaycan investorları Gürcüstan iqtisadiyyatına 3,4 milyard dollar sərmayə qoymuşlar. Təbii ki, bunun əsas səbəbi gözəl investisiya iqliminin mövcudluğudur”.

Eyni zamanda, Azərbaycanda 1000-ə yaxın Gürcüstan investisiyalı kommersiya qurumu qeydiyyatdadır, onlardan yarıdan çoxunun fəaliyyəti aktivdir. Gürcüstanın Baş naziri İrakli Kobaxidze mətbuata bəyanatında bildirib ki, eyni zamanda, ticarət məsələsini müzakirə etdik: “Azərbaycan Gürcüstanın ilk beşlikdə yer alan ticarət tərəfdaşıdır və biz əminik ki, bu rəqəmlər getdikcə artacaq. Nəqliyyat, energetika sahələrində də çox mühüm potensialımız var və cənab Prezident artıq bunu qeyd etdi. Bu işlər davam etdiriləcək. Qarşılıqlı səfərlər davam edəcək. Nümayəndə heyətlərinin görüşləri davam edəcəkdir ki, bu sahələrdə də bizim əməkdaşlığımız dərinləşdirilə bilsin. Biz bu əməkdaşlığı irəliyə aparmağa tam şəkildə hazırıq”.

Ötürmə qabiliyyəti 1 milyon tondan 5 milyon tona çatdırılacaq

İki ölkə arasında bir sıra mühüm qlobal layihələr reallaşıb ki, bu günün rakursunda həmin layihələrin dəyəri daha açıq şəkildə görünməkdədir. Qeyd edilməlidir ki, Azərbaycanla Gürcüstanın iqtisadi sahədə əməkdaşlığı yalnız ikitərəfli məzmun daşımır. İndiyədək iki dost ölkə qardaş Türkiyə ilə birlikdə Bakı-Tbilisi-Supsa, Bakı-Tbilisi-Ərzurum, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Qars, Cənub Qaz Dəhlizi kimi transmilli nəqliyyat və enerji layihələrini reallaşdırmağa nail olublar. Hazırda ölkələrimiz Orta Dəhlizlə daşımaların rəqəmsal sistemləşdirilməsi məsələsini tam reallaşdırır ki, bu da əlaqələrin daha da yüksəlməsinə yol açacaq amillər sırasında yer alır. Atılacaq addımlar Bakı-Tbilisi-Qars dəmir yolunun aşırma qabiliyyətinin bir neçə dəfə artmasını şərtləndirəcək. Bu kimi layihələr və əlaqələr isə Orta Dəhlizin funksionallığının artmasına böyük töhfə olacaq. Prezident İham Əliyev mətbuata açıqlamasında bildirib ki, bu gün hər iki ölkə birgə səylərlə nəinki öz iqtisadi inkişafını təmin edir, eyni zamanda, bölgə üçün və böyük mənada Avrasiya üçün də önəmli ölkələrə çevrilib: “Birgə həyata keçirdiyimiz infrastruktur layihələri - nəqliyyat, enerji layihələri bir çox ölkələr üçün böyük əhəmiyyət kəsb edir və bundan sonra da bu istiqamətdə əlavə addımlar atılacaq. Xüsusilə nəqliyyat sahəsində yaradılan və yaradılacaq yeni infrastruktur bir çox ölkələr üçün əvəzolunmaz imkanlar açacaq. Xüsusilə Bakı-Tbilisi-Qars dəmir yolunun bir-iki aydan sonra artıq genişləndirilmiş formada fəaliyyətə başlaması hesab edirəm ki, böyük nailiyyətlərdən biridir. Dediyim kimi, bir-iki aya bu dəmir yolunun ötürmə qabiliyyəti 1 milyon tondan 5 milyon tona çatdırılacaq və eyni zamanda, bu dəmir yolunun fəaliyyəti bir çox ölkələr üçün də cəlbedici olacaq”.

Gürcüstanın və Azərbaycanın böyük bərpaolunan enerji potensialı var

Azərbaycan və Gürcüstan arasında enerji sahəsində də mühüm dialoq mühiti mövcuddur. Azərbaycanın qaz ixracında mühüm tranzit ölkəsi kimi yer tutan Gürcüstan ilə bu sahədə əlaqələr xüsusi yer tutur. Avropada Azərbaycan qazına tələbatın artması fonunda, Gürcüstan kimi etibarlı tərəfdaşlarla tranzit imkanlarının genişləndirilməsi də aktuallıq daşıyır.  Birgə layihələr vasitəsilə enerji ixracı daha rentabelli hal alacaq - bu isə özlüyündə Gürcüstan ilə Azərbaycan arasındakı əlaqələri daha da möhkəmləndirəcək.

İki dövlət arasında “Yaşıl enerji dəhlizi” layihəsi üzrə əməkdaşlıq da mühüm perspektivə malikdir. Prezident İlham Əliyev bildirib ki, biz yeni layihələr üzərində də işləyirik: “Onlardan biri yaşıl enerji layihəsidir. Burada da Gürcüstan və Azərbaycan digər ölkələrlə bərabər çox böyük və genişmiqyaslı layihənin icrasına başlamışdır. Hesab edirəm ki, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Cənub Qaz Dəhlizi, Bakı-Tbilisi-Qars kimi uğur gətirən layihələr yaşıl enerji layihəsi üçün örnək olacaq və yaşıl enerji layihəsi eyni müvəffəqiyyətlə icra ediləcəkdir. Buna da böyük tələbat var. Həm Gürcüstanın, həm Azərbaycanın çox böyük bərpaolunan enerji potensialı var və biz hazırda texniki-iqtisadi əsaslandırma üzərində çalışırıq. Hesab edirəm ki, ilin sonuna qədər bu iş başa çatacaq və ondan sonra praktiki addımlar atılacaqdır”.

P.İSMAYILOV

Paylaş:
Baxılıb: 529 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

Siyasət

Mina təhdidi...

22 Oktyabr 11:46

İqtisadiyyat

Analitik

Mədəniyyət

Mühacirətin səsi!

22 Oktyabr 08:21

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31