Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Qlobal təhlükəsizlik arxitekturasında Bakı amili

Qlobal təhlükəsizlik arxitekturasında Bakı amili

19.03.2024 [10:20]

Azərbaycan-NATO əlaqələri daim inkişaf edir

Son 4 ildə Azərbaycanın bölgədə yaratdığı yeni siyasi-hərbi reallıqlar həm də regional təhlükəsizliyin təmini istiqamətində mühüm addımlar olaraq dəyərləndirilir. Xüsusilə, 2020-ci il Vətən müharibəsi və 2023-cü ildə lokal antiterror tədbirləri nəticəsində bölgədə separatizmin kökünün kəsilməsi dünyanın təhlükəsizlik arxitekturası üçün mühüm bir töhfədir - Azərbaycan son dövrlərdə yeganə ölkədir ki, separatizmə qarşı mübarizədə uğurlu və qəti nəticələr əldə edib. Bu isə təbii olaraq bölgəyə marağı və diqqəti artırıb. NATO-nun Baş katibi Yens Stoltenberqin Bakı səfərinin həm də bu mahiyyətdən irəli gəldiyini demək olar. Ümumiyyətlə, son proseslərdən sonra iqtisadi, siyasi, hətta hərbi strukturlar, təşkilatlar belə regiona həssas yanaşır, Azərbaycanın yaratdığı yeni reallıqları təftiş və təqdir edir. Bu mənada, NATO-nun da regionla bağlı maraqları anlaşılandır.

Azərbaycan terrorizmə qarşı mübarizədə ön sıralarda...

Azərbaycan həm də NATO ilə hərbi sahədə yaxın tərəfdaşlığa malikdir - ölkəmiz alyansın bir sıra sülhyaratma missiyasında uğurla təmsil olunub. 1994-cü ildən NATO-nun “Sülh naminə tərəfdaşlıq”, 2004-cü ildən isə “Fərdi tərəfdaşlıq” proqramlarına qoşulan, 1999-cu ildə NATO Parlament Assambleyasına müşahidəçi, 2002-ci ildən isə assosiativ üzv qəbul edilən Azərbaycan ilə NATO arasındakı münasibətlər praktiki tərəfdaşlığa söykənir. Ölkəmiz ilə qurum arasındakı hərbi əməkdaşlığa diqqət yetirdikdə praktiki əməkdaşlığın əsas istiqamətlərini görmək olar:

- müdafiə və təhlükəsizlik sektorunda islahatlar;

- beynəlxalq əməliyyatlarda iştirak;

- fövqəladə hallara hazırlıq;

- təhlükəsizliklə əlaqəli olan elmi və ekoloji məsələlər və ictimai diplomatiya təşkil edir. Son dövrlərdə Azərbaycan Silahlı Qüvvələrinin NATO standartlarına uyğunlaşdırılması istiqamətində ciddi addımlar atılıb.

Qeyd edildiyi kimi, Azərbaycan NATO-nun müxtəlif sülhyaratma missiyalarında uğurla təmsil olunub, fəallıq nümayiş etdirib. 1999-2008-ci illərdə NATO-nun rəhbərliyi ilə Kosovoda keçirilən sülhməramlı və sülhə dəstək əməliyyatlarına qoşulub. Hərbçilərimiz NATO qüvvələri ilə birlikdə, həmçinin İraqda da sülhməramlı missiya həyata keçiriblər, Əfqanıstanda “Qətiyyətli dəstək” əməliyyatlarında iştirak ediblər. Azərbaycan hərbçiləri 2002-ci ildən 2021-ci il avqustun sonunadək Əfqanıstanda xidmət göstəriblər. Məlum hadisələr zamanı hərbçilərimiz Əfqanıstan paytaxtının hava limanını ən axırıncı tərk edənlərdən olublar. Sülhməramlılarımız hava limanında 120 mindən çox insanın təxliyəsinə töhfə veriblər. Martın 17-də Azərbaycan Prezidenti İlham Əliyev NATO-nun Baş katibi Yens Stoltenberqlə görüşdən sonra mətbuata bəyanatında bildirib ki, Azərbaycan-NATO tərəfdaşlığının 30 ildən artıq davam edən uzun tarixi var: “Tərəfdaşlığımız müsbət olmuşdur. Azərbaycan Kosovoda və Əfqanıstanda sülhməramlı əməliyyatlarda iştirak edib. Bu, bizim üçün böyük təcrübə olub. 2021-ci il avqustun axırında Əfqanıstanı tərk edən sonuncu müttəfiq qüvvələr bizim hərbi qulluqçularımız olmuşlar. Bu isə bir daha bizim əməkdaşlığımıza güclü sadiqliyimizi nümayiş etdirir”.

Enerji dialoqu yüksək səviyyədədir

Qeyd olunduğu kimi, Azərbaycanla NATO arasında əməkdaşlığın qurulmasından ötən 30 ildən artıq müddətdə əlaqələrin intensivləşməsi və etimad mühitinin möhkəmlənməsi istiqamətində mühüm addımlar atılıb. Xüsusilə vurğulanmalıdır ki, Azərbaycan ilə NATO arasında əməkdaşlıq öz səmərəliliyi ilə seçilib - bu əməkdaşlıq hazırda da uğurla davam edir, çoxvektorluğu ilə seçilir:

- Respublikamız ayrı-ayrılıqda NATO-da təmsil olunan bir sıra ölkələrlə strateji tərəfdaşlıq münasibətlərinə malikdir;

- NATO-nun 20-yə yaxın üzv ölkəsi özünün enerji təhlükəsizliyini, neft idxalını Azərbaycan vasitəsilə həyata keçirir;

- Eyni zamanda, NATO üzvü olan ölkələrin bəziləri Cənub Qaz Dəhlizi vasitəsilə Azərbaycandan mavi yanacaq alır...

NATO Baş katibi mətbuata bəyanatında vurğulayıb ki, o,  Azərbaycanın bir neçə NATO müttəfiqi ilə sıx əlaqələrini inkişaf etdirməsini alqışlayır və ölkəmizin qazın çatdırılmasında, eləcə də gələcək enerjinin, yəni elektrik enerjisinin Avropada NATO-nun əsas müttəfiqlərinə ötürülməsində daha mühüm rol oynadığını görməkdən məmnundur: “Beləliklə, bu göstərir ki, tərəfdaşlığımız təkcə siyasi dialoqa yox, o cümlədən əyani əməkdaşlığa söykənir və biz bunu alqışlayırıq. Bundan əlavə, təbii ki, bu regionda sülh bölgə xalqları, ölkələri üçün çox vacibdir, o, həmçinin Qara dəniz regionu və Şimali Atlantika təhlükəsizliyi üçün əhəmiyyətlidir. Buna görə də sülh və sabitlik nəinki burada, həmçinin daha geniş miqyasda təhlükəsizlik üçün vacibdir”.

Biz sülhə heç vaxt olmadığımız qədər yaxınıq

NATO Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşması prosesinə də xüsusi həssaslıqla yanaşır. İllərlə NATO-nun Zirvə görüşlərinin, sammitlərinin yekun qətnamələrində Azərbaycanın haqlı mövqeyi ifadə olunub. Ermənistanın işğalçı addımları pislənilib. Bu gün isə artıq situasiya dəyişib. Azərbaycan öz ərazilərini işğaldan azad edib. Prezident İlham Əliyev bəyanatında bildirib ki, Azərbaycan 2020-ci ildə İkinci Qarabağ müharibəsi və ötən ilin sentyabrında həyata keçirilmiş antiterror əməliyyatı nəticəsində özünün ərazi bütövlüyünü və suverenliyini bərpa etdi. Beləliklə, ölkənin ərazisi üzərində tam suverenlik bərpa edilib və bu, uzunsürən münaqişələrin necə həll edilə biləcəyinin bariz nümunəsidir. Münaqişə hərbi-siyasi yolla həll edilib. Biz BMT Nizamnaməsinə əsasən özünümüdafiə hüququmuzdan istifadə etdik: “Hazırda isə biz Ermənistanla sülh danışıqlarının fəal mərhələsindəyik. Mənim Brüsselə sonuncu səfərim zamanı mətbuat konfransında bu məsələyə toxundum və qeyd etdim ki, Azərbaycan belə bir təşəbbüs irəli sürüb və biz Ermənistanın cavabını gözləyirik. Sülh danışıqlarına başlamağın bizim təşəbbüsümüz olduğunu bir daha bildirmək istərdim. Bugünədək sülh sazişinin layihəsinə dair ermənistanlı həmkarlarla 7 dəfə şərhlərin mübadiləsi baş tutub. Xarici işlər nazirləri və sərhədlərin delimitasiyası ilə bağlı Baş nazirlərin müavinləri arasında keçirilmiş görüşlər məsələnin həlli üçün yaxşı imkanın olduğunu nümayiş etdirir. Bu yaxınlarda qeyd etdiyim kimi, biz sülhə heç vaxt olmadığımız qədər yaxınıq”.

Öz növbəsində NATO Baş katibi də bildirib ki, uzun illərin münaqişəsindən sonra Ermənistan ilə Azərbaycan arasında hazırda davamlı sülhə nail olmaq imkanı var: “Siz söylədiyiniz kimi, sülh sazişinə heç vaxt olmadığı qədər yaxın olmağınızla bağlı sözlərinizi yüksək qiymətləndirirəm. Mən Ermənistanla dayanıqlı sülh sazişinə nail olmaq üçün həmin fürsətdən istifadə etməyinizdə Sizi dəstəkləyirəm”.

Azərbaycan ordusu Türkiyə modelinə uyğunlaşdırılıb

Nəzərə alınmalıdır ki, “Şuşa bəyannaməsi” ilə Azərbaycanın rəsmi strateji müttəfiqi sayılan Türkiyə NATO-nun ən aparıcı üzvüdür. Bu amil Azərbaycan ilə NATO arasında münasibətlərdə də yeni mərhələ yaradır və qarşıdakı dövrdə əməkdaşlıqda xüsusi çalarlar vəd edir. Azərbaycan özünün milli təhlükəsizlik strategiyasının ayrılmaz tərkib hissəsi olan hərbi təhlükəsizliyinin möhkəmləndirilməsi istiqamətində əsaslı addımları ilə seçilir. Son illər bu sahədə həyata keçirilən davamlı islahatların və məqsədyönlü tədbirlərin  nəticəsində Azərbaycan regionda ən güclü orduya malik olan dövlətə çevrilib. Yeni mərhələdə Silahlı Qüvvələrimiz Türkiyə modelinə uyğunlaşdırılır. Bu il fevralın 19-da Türkiyəyə rəsmi səfəri çərçivəsində prezidentlərin mətbuata bəyanatı zamanı dövlətimizin başçısı İlham Əliyev bildirib ki, əməkdaşlığımızın önəmli istiqamətlərindən biri hərbi sahədə iş birliyidir: “Bizim ordularımız bir yumruq anlamına gəlib, hər il ən azı 10 hərbi təlim həm Türkiyədə, həm Azərbaycanda keçirilir və beləliklə, bizim hərbi gücümüz daha da artır. İkinci Qarabağ savaşı və ondan sonra, düz 5 ay əvvəl keçirdiyimiz antiterror əməliyyatı bir daha onu göstərdi ki, Türkiyənin Ordu modeli Azərbaycanda artıq tam oturuşub”.

Bəli, Ali Baş Komandan İlham Əliyevin tapşırığına uğun olaraq Silahlı Qüvvələrimiz Türkiyə modelinə keçir və ordu quruculuğu istiqamətində qardaş Türkiyənin modeli əsas götürülür. Bu istiqamətdə xeyli işlər görülüb. Xüsusi olaraq dağ komanda birlikləri, hərbi hissələr yaradılıb ki, müasir döyüşlərdə və yeni müharibələrdə  onun çox böyük önəmi var. Eyni zamanda, xüsusi təyinatlılarımızın sayının artırılması istiqamətində də xeyli addımlar atılıb. Azərbaycan Silahlı Qüvvələri ştat-zabit strukturuna uyğun olaraq, Türkiyə modelinə keçib və bu keçiddə qardaş Türkiyənin xüsusi rolu var. “Şuşa Bəyannaməsi” isə bir çox istiqamətlərdə, o cümlədən hərbi  sahədə əməkdaşlığı dərinləşdirib.

P.SADAYOĞLU

Paylaş:
Baxılıb: 499 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

Siyasət

Mina təhdidi...

22 Oktyabr 11:46

İqtisadiyyat

Analitik

Mədəniyyət

Mühacirətin səsi!

22 Oktyabr 08:21

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31