Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Bundan sonra hər kəs bizimlə hesablaşmalıdır

Bundan sonra hər kəs bizimlə hesablaşmalıdır

20.03.2024 [10:05]

Əks təqdirdə, özü peşman olacaq

“İyirmi il torpaqlarımızın azad olunmasına hazırlaşmışdıq

Təcəvüzkar Ermənistan ötən əsrin 90-cı illərinin əvvəllərində torpaqlarımızın 20 faizini o zaman müstəqilliyini yenicə bərpa etmiş Azərbaycanda AXC-“Müsavat” cütlüyünün xəyanəti nəticəsində baş verən mənfi proseslərdən, hakimiyyət boşluğundan, hərc-mərclikdən, həmrəyliyin təmin olunmamasından istifadə etməklə və havadarlarının dəstəyindən bəhrələnməklə işğal altına almışdı. Mənfur düşmən beynəlxalq birlik tərəfindən tanınan ərazilərimizi zor tətbiq etməklə işğal altına alanda və sonrakı mərhələdə ağır müharibə cinayətlərinə əl atdı. Belə ki, bu işğal nəticəsində soydaşlarımız doğma yurd-yuvalarını tərk etmək məcburiyyətində qaldılar. Qaçqın və məcburi köçkünlərin sayı bir milyonu ötmüşdü və bu, ölkəmiz üçün böyük humanitar fəlakət idi.

Azərbaycanın gündəliyinin əsas məsələsi

Torpaqlarımızı zəbt edən Ermənistan işğal faktının sonsuzluğadək davam etməsini istəyirdi. Eyni zamanda, işğalçı dövlətin havadarları danışıqlar prosesində Azərbaycana təzyiqlər göstərirdilər. Qlobal məsələlərlə bir-birinə qarşı daim antoqonist mövqe tutan ATƏT-in Minsk qrupunun həmsədr ölkələri, maraqlıdır ki, Qarabağ məsələsində oxşar mövqedən çıxış edirdilər. Onlar bu mövqeləri ilə əslində Azərbaycanı işğalın nəticələri ilə barışmağa, xalqımızın iradəsini sındırmağa və ölkəmizin ərazisində ətraf 7 rayon daxil olmaqla artıq keçmişdə qalan Dağlıq Qarabağda ikinci erməni dövlətinin yaradılmasına dəstək verirdilər.

Danışıqlar prosesi açıq-aşkar imitasiya edilirdi və mahiyyət etibarilə “for long occupation”a (uzun müddətli işğala) hesablanmışdı. Müxtəlif sayda rayonların gah əvvəl, gah sonra qaytarılmasının uzun müddət müzakirə mövzusuna çevrilməsi ilə “baş altına yastıq qoyulmasına” çalışılırdı. Azərbaycan uzun illər ərzində dünya ictimaiyyətini ədalətli olmağa, BMT Təhlükəsizlik Şurasının, digər beynəlxalq təşkilatların qərar və qətnamələrinin icra olunmasına çağırsa da, 30 ilə yaxın müddətdə ölkəmizin haqq səsi qulaqardına vuruldu. Bunun əksinə olaraq həmsədrlər “münaqişənin hərb yolu ilə həll variantı yoxdu”, “münaqişə ancaq sülh yolu ilə həll oluna bilər” kimi bəyanatlar verirdilər. ATƏT-in Minsk qrupunun həmsədrlərinin fəaliyyəti və regiona səfərləri isə daha çox qeydiyyat xarakteri daşıyırdı.

Təbii ki, Azərbaycan dövləti və xalqı ölkə ərazisinin bir hissəsinin işğal altına düşməsi faktı ilə heç vaxt barışmadı. Üç onillik ərzində ölkəmizin ərazi bütövlüyünün təmin olunması məsələsi Azərbaycanın siyasi gündəliyinin mərkəzində dayandı. Aparılan sülh danışıqlarında fəallıq göstərən, daim konstruktivlik ortaya qoyan Prezident İlham Əliyev müxtəlif auditoriyalar qarşısında qətiyyətlə bildirirdi ki, Azərbaycan işğal faktı ilə heç vaxt barışmayacaq, sülh danışıqları nəticə verməyəcəyi təqdirdə, işğalın nəticələri başqa yollarla aradan qaldırılacaq. Beləliklə, dövlət başçısının qətiyyətli siyasi iradəsi əsasında ölkənin ərazi bütövlüyünün təmin olunması daim Azərbaycanın gündəliyinin mərkəzində saxlanıldı. “Biz iyirmi il torpaqlarımızın azad olunmasına hazırlaşmışdıq. Bir çox istiqamətlər üzrə planlı şəkildə işlər gedirdi”, - deyə Prezident İlham Əliyev martın 18-də Xankəndidə Novruz bayramı münasibətilə Azərbaycan xalqına ünvanladığı təbrikində vurğulayıb.

Maliyyə imkanları artırıldı

Müharibə geniş mənada ölkələrin milli güclərinin qarşı-qarşıya gəlməsi anlamında qəbul olunur. İqtisadiyyatı güclü olmayan dövlət heç vaxt müharibənin qalib tərəfinə çevrilə bilməz. Bu mənada, Prezident İlham Əiyevin son 20 ildə respublikamızın iqtisadi müstəqilliyinin təmin olunması məqsədilə həyata keçirdiyi ardıcıl siyasət təqdirəlayiqdir.

Bəhs olunan dövrdə respublikamız Prezident İlham Əliyevin effektif siyasəti sayəsində özünün iqtisadi-maliyyə müstəqilliyini yüksək səviyyədə təmin edib. Bu gün Azərbaycan heç bir beynəlxalq təşkilatdan, o cümlədən də maliyyə qurumlarından asılı deyil. Ölkəmizin güclü iqtisadi dayaqları var.  Prezident İlham Əliyevin Azərbaycana rəhbərlik etdiyi 2003-2023-cü illərdə qazanılan iqtisadi uğurlar ölkəmizin ardıcıl yüksəlişini təmin edib. Həyata keçirilən islahatlar nəticəsində yüksək rəqabət qabiliyyətinə malik iqtisadiyyat qurulub, Azərbaycan iqtisadiyyatı 3,6 dəfə artaraq 123 milyard manatı ötüb. Milli iqtisadiyyatın strukturu əhəmiyyətli dərəcədə yaxşılaşıb qeyri-neft-qaz sektoru 3,5 dəfə, qeyri-neft-qaz sənayesi 4,3 dəfə, kənd təsərrüfatı isə 2,1 dəfə böyüyüb.

Azərbaycanın dövlət başçısı hələ 2003-cü ildə ilk dəfə Prezident seçiləndə bildirirdi ki, ölkənin siyasi müstəqilliyi onun iqtisadi müstəqilliyi ilə bilavasitə bağlıdır. İqtisadi baxımdan müstəqil olmayan dövlət özünün siyasi müstəqilliyini də təmin edə və özünün ümummilli məqsədlərinə çata bilməz. Belə dövlətlər həmişə təzyiq və diqtə altında yaşamağa məhkumdurlar. Məğlub Ermənistan məhz belə dövlətdir və xoşbəxtliyini həmişə özgə çətirləri altında tapır. Azərbaycan  isə son 20 ildə özünün iqtisadi müstəqilliyini tam təmin edən ölkəyə çevrilib, dövlətin maliyyə imkanları əhəmiyyətli dərəcədə yaxşılaşıb. 2003-cü ildə 1,6 milyard ABŞ dolları təşkil edən strateji valyuta ehtiyatları 43 dəfə artaraq 68,5 milyard dollara çatıb. Dövlət büdcəsi 29 dəfədən çox artaraq sosial rifahla yanaşı, iqtisadi fəallığın da dəstəklənməsində aktiv rol oynayıb, ölkə iqtisadiyyatının müxtəlif sahələrinə 318,9 milyard ABŞ dollarına yaxın investisiya cəlb edilib.

Bütün bunlar Azərbaycanın daxili və xarici siyasət kursunu müstəqillik və suverenlik prinsipləri əsasında qurmasını və qətiyyətlə irəli aparmasını şərtləndirən mühüm amillərdir. Xatırladaq ki, qlobal pandemiyanın pik mərhələsində təxminən 150 ölkə üzləşdiyi çətinlikləri aradan qaldırmaqdan ötrü beynəlxalq maliyyə qurumlarından kömək istədi. Azərbaycan isə bu siyahıda yer almadı. Həmin dönəmdə əhalisini və iqtisadiyyatını qorumaq üçün genişmiqyaslı tədbirlər görən Azərbaycan, eyni zamanda, Ümumdünya Səhiyyə Təşkilatına, ayrı-ayrı dövlətlərə böyük həcmlərdə vəsaitlər ayırdı və digər dəstək tədbirləri gördü.

İqtisadi cəhətdən heç kimdən asılı olmayan Azərbaycan özünün güclü potensialına əsaslanmaqla siyasi müstəqilliyini  də qorumağı bacarır. Respublikamız xarici əlaqələrini, siyasi, iqtisadi, hərbi, humanitar və digər sahələrdə müttəfiqlərini, əməkdaşlıq etdiyi ölkə və beynəlxalq təşkilatları özü seçir. “Biz iqtisadi inkişafa nail olduq, iqtisadi müstəqilliyə nail olduq və bu gün heç kimdən iqtisadi cəhətdən və təbii ki, siyasi cəhətdən asılı deyilik. Güclü iqtisadiyyat bizə imkan verdi ki, siyasi müstəvidə öz siyasətimizi müstəqil şəkildə aparaq. Bu gün Azərbaycan dünya miqyasında nadir ölkələrdəndir ki, onun siyasəti tamamilə müstəqildir, ancaq və ancaq Azərbaycan xalqının maraqlarına, iradəsinə əsaslanır”.

Öz gücümüzü göstərdik...

İşğal dövrünün ilk mərhələsində dünyadakı erməni lobbisi təcavüzə məruz qalan ölkəmizin ətrafında bir növ çəpər çəkmişdi. Haqq səsimiz beynəlxalq platformalarda eşidilmirdi, təcavüzə məruz qaldığımız halda qınanılırdıq. Ermənilər isə özləri barədə düzəltdikləri saxta mifləri çox asanlıqla gerçəklik kimi beynəlxalq ictimaiyyətə sırıyırdılar.

Prezident İlham Əliyevin son 20 ildə həyata keçirdiyi fəal xarici siyasət kursu sayəsində saxta erməni təbliğatını tar-mar etmək və bütün dünyada ölkəmizin müsbət imicini formalaşdırmaq mümkün oldu.  Ardıcıllıqla reallaşdırılan multiregional xarici siyasət ölkəmizə beynəlxalq münasibətlər sistemində müstəqil xarici siyasət həyata keçirən milli dövlət kimi etibarlı strateji tərəfdaş imici qazandırıb. Hazırda respublikamıza və onun Lideri İlham Əliyevə həm yerləşdiyi coğrafiyada, həm də uzaq xaricdə böyük hörmət bəslənilir.

Bütövlükdə, ötən illər ərzində Azərbaycanın xarici siyasətində mühüm nailiyyətlər əldə edilib, ölkəmizin beynəlxalq nüfuzu daha da yüksəlib. Prezident İlham Əliyevin dəfələrlə bildirdiyi kimi, heç bir dövlət qonşularla yaxşı münasibətlər qurmadan uğurlu inkişafa nail ola bilməz. Azərbaycanın qonşuluq siyasəti xoş mərama əsaslanır. Respublikamızın hansısa bir qonşu dövlətlə konfliktə girmək, ərazi iddiaları ilə çıxış etmək kimi bir niyyəti yoxdur. Məhz belə bir ardıcıl xarici siyasət kursunun məntiqi nəticəsidir ki, respublikamız işğalçı Ermənistan istisna olmaqla bütün qonşularla yüksəksəviyyəli münasibətlər qurmağa nail olub. Azərbaycanın, şəxsən Prezident İlham Əliyevin irəli sürdüyü təşəbbüslər bütövlükdə Cənubi Qafqazın, Xəzər hövzəsi regionunun inkişafını, burada sağlam əməkdaşlıq konfiqurasiyasının formalaşmasını hədəfləyir.

Ölkəmizin nüfuzlu beynəlxalq təşkilatlarda, o cümlədən də Birləşmiş Millətlər Təşkilatında (BMT) yüksək fəallığı da diqqəti cəlb edir. Azərbaycan - 5 mart 1992-ci ildə üzv seçildiyi bu qurumda müvəffəqiyyətlə təmsil olunmaqla tarixi nailiyyətlərə imza atır. Bir zamanlar BMT sıralarında sıravi üzv olan Azərbaycan indi qurumun nüfuzlu, prinsipial mövqeyi ilə fərqlənən üzvlərindən birinə çevrilib.Qısa müstəqillik tarixinə malik olan Azərbaycanın 2011-ci il oktyabrın 24-də BMT Baş Assambleyasının plenar iclasında gizli səsvermənin nəticələrinə əsasən 2012-2013-cü illərdə Şərqi Avropa bölgəsini qurumun Təhlükəsizlik Şurasında təmsil edəcək qeyri-daimi (müvəqqəti) üzv seçilməsini diplomatiyamızın BMT zirvəsi kimi səciyyələndirə bilərik.

Respublikamız 2011-ci ildə Qoşulmama Hərəkatına tamhüquqlu üzv qəbul olunub. Ölkəmizin Qoşulmama Hərəkatında təmsilçiliyi uzun zaman müddətini əhatə etməsə də, öz səmərəliliyi və məhsuldarlığı ilə diqqət çəkir. Ölkəmizin fəallığı Hərəkatda təmsil olunan dövlətlər tərəfindən yüksək dəyərləndirlir. Hərəkata üzv ölkələrin 2016-cı ildə Venesuelada keçirilmiş Zirvə görüşündə quruma 2019-2022-ci illər üzrə sədrliyin Azərbaycana həvalə edilməsi barədə yekdil qərar qəbul edilib. Qoşulmama Hərəkatı dövlət və hökumət başçılarının 25-26 oktyabr 2019-cu il tarixlərində Bakıda keçirilmiş 18-ci Zirvə Görüşündə quruma sədrlik Azərbaycana həvalə olunub. Eyni zamanda, Qoşulmama Hərəkatına üzv dövlətlər quruma 3 illik sədrliyi 2022-ci ildə bitməli olan Azərbaycana Hərəkata əlavə bir il də sədrlik etmək barədə müraciət ünvanlayıblar və bu müaciət respublikamız tərəfindən müsbət dəyərləndirilib. Aərbaycan Qoşulmama Hərəkatına sədrliyini də böyük uğurla yekunlaşdırıb.

Belə fəal və məqsədyönlü siyasət beynəlxalq miqyasda ölkəmizə münasibətin dəyişməsi ilə nəticələnib. Hələ işğal dövründə ayrı-ayrı ölkələr və beynəlxalq təşkilatlar Azərbaycanın ərazi bütövlüyünə dəstək ifadə edən sənədlər qəbul etdilər ki, bütün bunlar da respublikamızın haqq savaşında daha qətiyyətli olmasına öz müsbət təsirini göstərdi.  “Siyasi müstəvidə dünyada Azərbaycanın mövqeləri möhkəmləndi, dostlarımızın sayı böyük dərəcədə artmışdır. Beynəlxalq təşkilatlar bizim təşəbbüsümüzlə münaqişə ilə bağlı bizim mövqeyimizi dəstəkləyən və beynəlxalq hüquqa əsaslanan qərar və qətnamələr qəbul etmişlər və bu münaqişənin həlli üçün hüquqi və siyasi zəmin yaratmışdır”, - deyə Prezident İlham Əliyev bildirib.

Bu gün Azərbaycan özünün ən güclü dövrünü yaşayır. Dövlətimiz öz gücünə bütün problemlərini həll etdi - beynəlxalq hüquq çərçivəsində suverenliyini bərpa etdi. Yeni dövrdə bu reallıqları qəbul etməyənlər özləri peşman olacaqlar. Prezident İlham Əliyev bildirib ki, biz hamımız İkinci Qarabağ müharibəsindən sonra qürurla yaşayırıq: “Biz hamımız fəxr edirik ki, biz özümüz ədaləti bərpa etdik, torpaqlarımızı işğalçılardan azad etdik, öz gücümüzü göstərdik və bundan sonra hər kəs bizimlə hesablaşmalıdır, əks təqdirdə, özü peşman olacaq”.

Mübariz FEYİZLİ

Paylaş:
Baxılıb: 517 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

Siyasət

Mina təhdidi...

22 Oktyabr 11:46

İqtisadiyyat

Analitik

Mədəniyyət

Mühacirətin səsi!

22 Oktyabr 08:21

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31