Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Azərbaycan-Çin: Münasibətlərdə yüksək dinamika

Azərbaycan-Çin: Münasibətlərdə yüksək dinamika

30.03.2024 [10:00]

Coğrafiyanın genişliyi, əhali sayı, iqtisadiyyatın həcmi və bir sıra digər parametrlər baxımından Azərbaycanla Çin arasında paralellər aparmaq, bəlkə də, uyğun görünməzdi. Əksər seqmentlər üzrə Çinin göstəriciləri Azərbaycanınkından qat-qat böyükdür. Lakin bu fərq heç də iki ölkə arasındakı münasibətlərdə ayırıcı xətlər formalaşması üçün əsas olmayıb. Məmnunluq doğuran haldır ki, bu gün Azərbaycan-Çin münasibətləri uğurla inkişaf edir. Bu da ilk növbədə onunla bağlıdır ki, hər iki dövlət və liderlər münasibətlərin inkişafı və genişlənməsi üçün ortaq siyasi iradə göstərirlər. Həmçinin qarşılıqlı maraqlar ikitərəfli əməkdaşlıq əlaqələrinin inkişafına yüksək impuls verir.

Strateji tərəfdaşlıq münasibətləri

Azərbaycanın malik olduğu multiregional xarici siyasət kursunda müxtəlif inkişaf səviyyəsinə malik olan dövlətlərlə sıx əməkdaşlıq əlaqələri qurmağa nail olması ölkəmizin böyük üstünlüyüdür. Prezident İlham Əliyevin qətiyyətli siyasi iradəsinə uyğun olaraq bu əlaqələr dövlətlərin böyüklüyündən və yaxud kiçikliyindən asılı olmayaraq, qarşılıqlı maraqlar və bir-birinə hörmət prinsipi əsasında inkişaf etdirilir. Azərbaycan-Çin münasibətləri buna yaxşı nümunədir.

Azərbaycan-Çin əlaqələrinin tarixi qədim “İpək Yolu”na qədər uzanır. Hələ 2500 il bundan öncə qədim “İpək Yolu” vasitəsilə xalqlarımız arasında ticari və mədəni əlaqələr mövcud olub. Xalqlarımız arasında olan tarixi bağlılıq dahi Azərbaycan şairi Nizami Gəncəvinin 12-ci əsrdə yazdığı əsərlərdə də öz əksini tapıb. Nizami Gəncəvi Çin xalqına olan hörmət və ehtiramını “Yeddi gözəl” poemasında “Çin gözəli”nin vəsfi ilə ifadə edib.

Azərbaycanın müstəqilliyinin 1991-ci ilin dekabrın 27-də Çin Xalq Respublikası tərəfindən tanınması və 1992-ci il 2 aprel tarixində ikitərəfli diplomatik münasibətlərin qurulması ilə Azərbaycan-Çin münasibətləri yeni mərhələyə qədəm qoyub. 1992-ci ildə Çin Xalq Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyi, 3 sentyabr 1993-cü ildə isə Azərbaycan Respublikasının Çin Xalq Respublikasındakı Səfirliyi açılıb. Azərbaycanın müstəqilliyi illərində ikitərəfli münasibətlər yüksək dinamika ilə inkişaf edərək strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Təbii ki, bu dövrdə Azərbaycan-Çin münasibətlərinin yaranmasında və inkişafında görkəmli dövlət xadimi Heydər Əliyevin müstəsna rolu olub.

Azərbaycan və Çin liderlərinin dostluğu və fəal təşəbbüsləri

Ənənəvi olaraq dövlətlərarası münasibətlərin formalaşmasında və inkişafında liderlərin şəxsi münasibətləri mühüm rol oynayıb. Hazırda da bu ənənə beynəlxalq münasibətlərin mühüm trendlərindən birini təşkil edir.  Dünyada liderlərin dostluq əlaqələrinin töhfələri sayəsində yaxşı dövlətlərarası münasibətlər nümunəsindən söhbət açdıqda Azərbaycan-Çin əməkdaşlığını da qeyd edə bilərik. Dövlət başçılarının üzbəüz görüşləri, telefon danışıqları, məktub mübadiləsi, beynəlxalq tədbirlərdəki təmaslar əsasında formalaşmış sıx dialoqu, qarşılıqlı hörmət və etimadı Azərbaycan-Çin münasibətlərinin müxtəlif sahələrdə dərinləşməsində əvəzsiz rol oynayır. Dövlətimizin başçısı Sədr Si Cinpinin dəvəti ilə 2014-cü ildə Çində işgüzar, 2015-ci ildə isə dövlət səfərində olub. 2019-cu ildə isə Pekində keçirilən 2-ci “Bir kəmər, bir yol” beynəlxalq əməkdaşlıq forumunda Cənubi Qafqazdan olan yeganə dövlət başçısı məhz Prezident İlham Əliyev olub. Çin lideri Si Cinpin özünün əsas qlobal təşəbbüsü olan “Bir kəmər, bir yol” strategiyası üzrə Azərbaycana yüksək dəyər verməsi təkcə ölkəmizin əlverişli coğrafi mövqeyi, tranzit potensialı ilə deyil, həm də dövlətimizin başçısına bir lider kimi olan etimadı ilə bağlıdır. Si Cinpinin sədrliyi dövründə Çinin Azərbaycan ilə münasibətlərinin siyasi, iqtisadi, humanitar və digər aspektlərində olduqca müsbət dinamika müşahidə olunub. Çinin Sədri Si Cinpin ikitərəfli münasibətlərin yüksək dinamika ilə inkişafında Azərbaycan Prezidentinin rolunu həmişə yüksək dəyərləndirib. “Sizin Azərbaycan ilə Çin arasında əlaqələrin inkişafına mühüm əhəmiyyət verməyinizi çox yüksək qiymətləndiririk. Biz əlaqələrimizin strateji səviyyədə hərtərəfli inkişafını dəstəkləyirik”, - deyə Si Cinpin Azərbaycanın dövlət başçısı ilə Səmərqənddə baş tutan növbəti görüşündə vurğulayıb.

Səmimi münasibətin ifadəsi olaraq liderlər əlamətdar tarixlərdə bir-birilərinə təbrik məktubları ünvanlayırlar. Beynəlxalq ictimaiyyət Azərbaycanda cari il fevralın 7-də keçirilən prezident seçkilərini azad, ədalətli və demokratik şəraitdə baş tutan seçkilər kimi dəyərləndirərək qəbul edib.  Bunu prezident seçkilərinin ilkin nəticələri elan olunar-olunmaz dünyanın müxtəlif regionlarındakı dövlətlərin liderlərindən, beynəlxalq və regional təşkilatların rəhbərlərindən, nüfuzlu ictimai-siyasi xadimlərdən, tanınmış şəxslərdən seçkilərdə böyük səs çoxluğu ilə növbəti dəfə qələbə qazanan Prezident İlham Əliyevin ünvanına gələn təbrik məktubları, Ona edilən telefon zəngləri bir daha təsdiqləyir. Prezident İlham Əliyevi ilk təbrik edənlər sırasında dünya nəhəngi Çin Xalq Respublikasının Sədri Si Cinpin də var. O, Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Si Cinpin Çin hökuməti və xalqı adından, şəxsən öz adından təbriklərini çatdıraraq, Azərbaycanın Prezident İlham Əliyevin rəhbərliyi ilə bütün dövlət quruculuğu təşəbbüslərində yeni nailiyyətlər əldə edəcəyinə əminliyini bildirib.

Öz növbəsində Azərbaycan Prezidenti İlham Əliyev bir qədər bundan əvvəl dost ölkədə yüksək səviyyədə qeyd olunan Bahar bayramı münasibətilə Çin Xalq Respublikasının Sədri  Si Cinpinə təbrik məktubu ünvanlayıb. Prezident İlham Əliyev təbrik məktubunda Çinin liderini və onun simasında dost Çin xalqını Bahar bayramı münasibətilə öz adından və Azərbaycan xalqı adından səmimi-qəlbdən təbrik edib. Təbrik məktubunda oxuyuruq: “Ay təqvimi ilə Yeni ilin gəlişini tərənnüm edən və təbiətlə insanın sarsılmaz vəhdətinə dərin ehtiramın ifadəsi olan qədim Çuntsze bayramı özünün tükənməz yeniləşdirici ruhu ilə səmimiyyət, xeyirxahlıq, başqalarına qayğı kimi duyğuları gücləndirir. Zəngin milli-mənəvi ənənələri yaşadan xalqınıza bu bayramın xoşbəxtlik, firavanlıq və yeni-yeni uğurlar bəxş etməsini diləyirəm”.

Genişlənən iqtisadi əlaqələr

Prezident İlham Əliyev Si Cinpinə ünvanladığı təbrik məktubunda ikitərəfli münasibətlərin yüksələn xətlə inkişaf etdiyinə xüsusi diqqət çəkib. Ölkələrimiz arasında əlaqələrin bundan sonra daha da möhkəmlənəcəyinə əminliyini ifadə edən dövlətimizin başçısı bildirib: “Fürsətdən istifadə edərək Azərbaycan-Çin dostluq və əməkdaşlıq münasibətlərinin yüksələn xətlə inkişafından məmnunluğumu, dövlətlərarası əlaqələrimizin bundan sonra da birgə səylərimizlə möhkəmlənəcəyinə və genişlənəcəyinə dair əminliyimi ifadə edirəm”.

İkitərəfli münasibətlərdə iqtisadi sektor xüsusi yer tutur. Çin hazırda dünyanın ən böyük iqtisadiyyatlarından birinə malikdir. Çin Milli Statistika Bürosunun (UIB) məlumatına görə, 2023-cü ildə Çinin ÜDM-i 126,06 trilyon yuana (təxminən 17,71 trilyon dollar) çatıb. Xarici təzyiqlərə və daxili çətinliklərə baxmayaraq, Çin 2023-cü il üçün qarşıya qoyulan məqsədlərə nail olub və iqtisadiyyatda canlanma və yaxşılaşma qeydə alınıb. 2023-cü ildə Çinin sənaye əlavə dəyəri illik müqayisədə 4,6 faiz artıb. Əsas kapitala investisiyaların artımı 3 faiz, pərakəndə ticarət isə illik müqayisədə 7,2 faiz artıb. Bu ölkə böyük idxal və ixrac həcmlərinə malikdir. Çinin ixrac coğrafiyası bütün dünyanı əhatə edir, desək, yanılmarıq və burada həm də inkişaf etmiş ölkələr yer alırlar. Çin transformasiyalardan uğurla çıxmağı, çevik keçidlər etməyi, özünün itisadi siyasətini yeni çağırışlara məharətlə uyğunlaşdırmağı yaxşı bacaran ölkədir.

İqtisadiyyatların həcmində böyük fərq olsa da, Azərbaycanla Çinin inkişaf fəlsəfəsində oxşarlıq var. Azərbaycan da qlobal risklərə yüksək davamlılıq nümayiş etdirən, inkişafını daxili resurslarına istinad etməklə quran ölkədir. Qlobal çətinliklərə baxmayaraq, Azərbaycan da iqtisadiyyatının rəqabətqabiliyyətliliyini artırmaqda davam edir.  Ölkə xarici borcun azaldılması strategiyasını uğurla reallaşdırır. Respublikamız yüksək investisiya cəlbediciliyinə malikdir.

İnkişaf fəlsəfəsindəki oxşarlıq iki ölkəni ayrı-ayrı iqtisadi layihələrdə bir araya gətirib. Çin əlverişli investisiya iqliminə malik Azərbaycana yönəltdiyi sərmayələrin həcmini artırır. Çinlə ölkəmiz arasında son illərdə səmərəli investisiya əməkdaşlığı həyata keçirilib. Respublikamızda  Çin investisiyalı 275 şirkət qeydiyyatdan keçib. Bundan başqa, Azərbaycanın işğaldan azad edilən ərazilərində başlanan infrastruktur layihələrində iştirak üçün Çin şirkətləri müraciət edib. “Huawei” şirkəti isə artıq bu regionda “ağıllı kənd” və “ağıllı şəhər” layihələrinin icrasına başlayıb.  Dövlət Statistika Komitəsinin məlumatına görə, hazırda respublikamızın ticarət dövriyyəsində Çin əsas ölkələr siyahısında 4-cü yerdə qərarlaşır. Təkcə ötən il ərzində Azərbaycandan Çinə ixrac olunan mal və məhsulların dəyəri 60  milyon dollardan çox olub. Qeyri-neft məhsullarının ixracı isə 20  milyon dolları keçib.  

Çin şirkətlərinin Azərbaycanda fəaliyyəti sənaye, enerji, infrastruktur, informasiya texnologiyaları, ticarət, kənd təsərrüfatı və digər sahələri əhatə edir. Dost ölkənin 1995-ci ildən indiyədək respublikamıza yatırdığı birbaşa investisiyanın həcmi isə 920 milyon dollara çatır. Qeyd etmək yerinə düşər ki, “Acwa Power” şirkətinin yaşıl enerji ilə bağlı Azərbaycanda qurduğu stansiyanın texniki təminatı da məhz  Çin şirkətləri tərəfindən həyata keçirilib.

Çinin irəli sürdüyü “Bir kəmər, bir yol” layihəsinə dəstək verən ilk ölkə

Azərbaycanla Çin arasında nəqliyyat sektorunda əməkdaşlığın genişlənməsi diqqətəlayiq haldır. Çində Azərbaycan üzərindən keçən dəhlizlərin önəmi yüksək dəyərləndirilir. Bu ölkə 10 il bundan əvvəl Avrasiyada infrastrukturun yaradılmasına və qarşılıqlı əlaqələrin qurulmasına yönələn “Bir kəmər, bir yol” layihəsini elan edib. Strategiya iki əsas inkişaf istiqamətini nəzərdə tutur: “İpək Yolu İqtisadi Kəməri” və “Dəniz İpək Yolu”. Burada söhbət malların Şərqdən Qərbə güzəştli şərtlərlə birbaşa daşınması üçün ticarət dəhlizinin yaradılmasından gedir. Azərbaycan Çinin irəli sürdüyü “Bir kəmər, bir yol” təşəbbüsünə Qafqaz regionunda dəstək verən ilk ölkə olub. Prezident İlham Əliyevin 2015-ci ilin dekabrında Çinə rəsmi səfəri çərçivəsində “Azərbaycan Respublikası Hökuməti və Çin Xalq Respublikası Hökuməti arasında İpək Yolu İqtisadi Kəmərinin yaradılmasının birgə təşviqinə dair Anlaşma Memorandumu” imzalanıb. 2019-cu il yanvarın 22-də isə Davosda Dünya İqtisadi Forumu çərçivəsində “Bir kəmər, bir yol” təşəbbüsünün inkişaf etdirilməsi: Çinin trilyon dollarlıq baxışı” mövzusunda sessiya keçirilib. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sessiyada iştirak ediblər. Hazırda respublikamız yaratdığı müasir infrastrukturla “Bir kəmər, bir yol” layihəsinin, eləcə də Orta Dəhliz strategiyasının həyata keçirilməsində logistika mərkəzi, qovşaq və körpü rolunu oynayır.

Mübariz FEYİZLİ

Paylaş:
Baxılıb: 183 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Analitik

Siyasət

Yeni faktlar...

10 Aprel 10:51

Siyasət

Siyasət

Gündəm

İlk dəfədir ki...

10 Aprel 09:55

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30