Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Azərbaycan-Özbəkistan: iqtisadi əməkdaşlığın yeni formatı

Azərbaycan-Özbəkistan: iqtisadi əməkdaşlığın yeni formatı

29.08.2026 [09:30]

Azərbaycan və Özbəkistan arasında iqtisadi əməkdaşlıq son illərdə ən yüksək səviyyəyə çatıb və ikitərəfli ticari mübadilə dayanmadan artmaqdadır. İki ölkə arasında ticarət dövriyyəsi 2025-ci ildə əvvəlki illə müqayisədə üç dəfədən çox artıb və 795 milyon dollar təşkil edib. 2026-cı ilin yanvar-iyul aylarında isə ticarət dövriyyəsi ötən ilin müvafiq dövrü ilə müqayisədə 30 faiz artaraq 202 milyon dollara çatıb. Tərəflər bu rəqəmi qarşıdakı 4 il ərzində daha da artıraraq 1 milyard dollara çatdırmağı hədəfləyir.

Azərbaycan-Özbəkistan Ali Dövlətlərarası Şuranın 3-cü iclasında tərəflər ticarət dövriyyəsinin rekord həddə çatdırılması barədə anlaşma əldə edib. Bunun üçün möhkəm hüquqi əsas da yaradılıb - “Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında ticarət dövriyyəsinin 2030-cu ilədək 1 milyard ABŞ dollarına çatdırılması üzrə Proqram”ı və “Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında investisiyalar və ticarət sahələrində layihələrin həyata keçirilməsi üzrə Praktiki Fəaliyyət Planı”nı (Yol Xəritəsi)” hədəflərə çatmaq üçün mühüm hüquqi baza deməkdir.

Prioritet hədəfə çatmaq üçün...

Qarşılıqlı mübadiləni bir neçə dəfə böyütmək üçün resurs imkanları böyükdür və hər iki ölkənin potensialı rekord ticari mübadiləni təmin etməyə imkan verir.

İkitərəfli iqtisadi dövriyyənin artırılmasında biznes qurumları arasındakı əməkdaşlıq da mühüm rol oynayır. Son illərdə intensiv xarakter alan Biznes- forumlar ölkələr arasında ticarət, investisiya, sənaye, kənd təsərrüfatı sahələrində əməkdaşlığın dərinləşdirilməsinə geniş stimullar verməkdədir. Hazırda yeni  tərəfdaşlıq çərçivəsində gerçəkləşdirilən investisiya layihələri, Azərbaycanda birgə avtomobil istehsalı və tekstil müəssisələrinin, pambıq klasterinin yaradılması, bank və enerji sahəsində səmərəli əməkdaşlıq qeyd edilən hədəfə çatmaqda güclü potensiallar deməkdir. Eləcə də prioritet hədəfə çatmaq üçün “yaşıl enerji”, sənaye və logistika sektorlarında investisiya portfelinin davamlı olaraq genişləndirilməsi, nəqliyyat dəhlizləri ilə daşınmaların həcmlərinin artırılması, yüksək ixrac potensialına malik texnoloji layihələrin icrasının sürətləndirilməsi, sənaye, infrastruktur və texnoloji inkişaf sahəsində təşəbbüslərin həyata keçirilməsinin praktik həllinə nail olunması nəzərdə tutulur.

Özbəkistanlı iş adamları Azərbaycanın sənaye zonalarında

Məlumdur ki, Azərbaycanın əlverişli investisiya mühiti, həyata keçirilən iqtisadi islahatlar, sənaye zonaları, Ələt Azad İqtisadi Zonası, işğaldan azad edilmiş ərazilərimizdə həyata keçirilən layihələr, sərmayədarlar üçün yaradılan imkanlar özbəkistanlı biznes icmasının da marağını cəlb edir.  Özbəkistan şirkətləri Azərbaycanda sənaye, ticarət, energetika, nəqliyyat-logistika, kənd təsərrüfatı, turizm və digər istiqamətlər üzrə tərəfdaşlığın genişləndirilməsi üçün imkanlarını sıəfərbər etməkdədir. Məhz bu amil də imkanların araşdırılması və birləşdirilməsi, birgə layihələrin icrası sayəsində mal mübadiləsinin həcminin yüksəlməsinə dərin zəmin yaradır.

İqtisadi mübadilənin böyüməsində Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO) və Özbəkistanın İnvestisiyalar, Sənaye və Ticarət Nazirliyi yanında Xarici İnvestisiyaların Cəlb Edilməsi Agentliyi də mühüm rol oynayır. Həmçinin, İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyi ilə Özbəkistanın Ticarət və Sənaye Palatası arasında sıx əməkdaşlıq biznes əlaqələrinin inkişaf etdirilməsi, müxtəlif sahələr üzrə fəaliyyət göstərən sahibkarların nəticəəsaslı layihələr icra etməsi də gələcəkdə əmtəə dövriyyəsinin artmasına töhfələr verəcək.

Biznesmenlər Şurası yaradılır

Özbəkistan və Azərbaycan hökumətləri iki ölkənin sahibkarları arasında birbaşa əlaqələrin qurulmasına dəstək vermək, birgə investisiya layihələrini təşviq etmək məqsədilə Biznesmenlər Şurası yaratmağı da planlaşdırır. Özbəkistanın Azərbaycandakı səfiri Bahrom Əşrəfxanov bildirib ki, sahibkarlar arasında birbaşa qarşılıqlı fəaliyyəti təmin edəcək Şuranın yaradılması üzərində fəal iş aparılır.

Hazırda yeni təsisatın yaradılması üçün zəruri texniki və hüquqi məsələlər həll edilməkdədir. Şura biznes nümayəndələri arasında birbaşa qarşılıqlı fəaliyyəti təmin etmək, onların üzləşdiyi texniki çətinlikləri və hüquqi məsələlərin operativ şəkildə həllinə nail olmaq, institusional dəstək göstərmək, biznes planlarının realizasiyası istiqamətlərində çevik və təsirli addım atmaq məqsədi daşıyır. 

Özbəkistan və Azərbaycanda ikitərəfli və çoxtərəfli iqtisadi layihələri genişləndirməklə həm iqtisadi-ticari münasibətlərin dinamikasını, həm də qarşılıqlı sərmayə yatırımlarının məbləğini artırmaq niyyətindədir. Bu prosesdə iri şirkətlər və investisiya korporasiyaları ilə yanaşı, kiçik və orta biznes icmasının da sərmayə təşviqinə cəlb edilməsinə ehtiyac var. Bu baxımdan Biznesmenlər Şurası bu funksiyanı öz üzərinə götürərək ticarət-sənaye palataları və sahibkarlar assosiasiyalarının xətti ilə koordinasiyanı təmin edəcək, investisiya paketinin formalaşdırılmasına töhfə verəcək.

“Yaşıl enerji” iqtisadi imkanları genişləndirəcək

İkitərəfli əməkdaşlığın digər perspektivli sahəsi enerji sektorudur. İki ölkənin şirkətləri - SOCAR və “Uzbekneftegaz” ASC Azərbaycan və Özbəkistanda neft yataqlarının birgə işlənməsi, neft-qaz sektorunda layihələrin həyata keçirilməsi və digər sahələrdə əməkdaşlıq edirlər. Gələcəkdə Mərkəzi Asiya ölkələrindən Azərbaycan vasitəsilə Avropaya elektrik enerjisinin ixracı imkanları nəzərdən keçirilir. Azərbaycan iri elektrik enerjisi istehsalçısı və ixracatçısı kimi öz ərazisindən elektrik enerjisinin tranziti üçün geniş imkanlar açır. 2024-cü ilin mayında imzalanmış Azərbaycan, Özbəkistan və Qazaxıstanın enerji sistemlərinin birləşdirilməsinə dair Əməkdaşlıq Memorandumu bu sahədə səmərəli və qarşılıqlı faydalı əməkdaşlığın göstəricisidir.

Özbəkistan və Azərbaycan arasında əlaqələrin digər mühüm şaxəsi “yaşıl enerji” dəhlizində əməkdaşlıqdır. Ötən il Daşkənddə keçirilən görüşdə Azərbaycan, Qazaxıstan və Özbəkistan hökumətləri tərəfindən “Azərbaycan, Qazaxıstan və Özbəkistanın enerji sistemlərinin qarşılıqlı əlaqəsi üzrə Əməkdaşlıq Memorandumu” imzalanıb. Sənədə əsasən, enerji səmərəliliyinin artırılması, “yaşıl” iqtisadiyyatın artımını stimullaşdıran inteqrasiya olunmuş regional şəbəkənin yaradılması nəzərdə tutulur ki, bu da gələcəkdə Orta Asiya-Xəzər-Avropa “yaşıl dəhliz”inin yaradılmasına səbəb olacaq. Azərbaycanın bərpa olunan enerji mənbələri üzrə proqnoizları kifayət qədər ümidvericidir. Xəzərdə və azad edilmiş ərazilərdə böyük potensiallar var. Təkcə Xəzər dənizində külək sayəsində enerji istehsalı üçün təxminən 157 QVt güc vardır. Özbəkistanın da geniş çöllərində günəş enerjisi üçün resurslar xeyli böyükdür. Azərbaycan bərpa olunan enerji mənbələrinin ölkənin enerji balansındakı payını 2026-cı ilədək 24 faizə, 2028-ci ilə qədər isə 30 faizə çatdırmağı planlaşdırır.

Bir sözlə, Azərbaycan və Özbəkistan arasında yeni iqtisadi gündəliyin icrası əsas iqtisadi hədəfə - 1 milyard dəyərində əmtəə mübadiləsinin gerçəkləşməsinə imkan verəcək.

E.CƏFƏRLİ

Paylaş:
Baxılıb: 135 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Gündəm

104 illik tarix!

29 Avqust 11:19

Ədəbiyyat

Analitik

Nüvə kabusu...

29 Avqust 09:45  

Sosial

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

29 Avqust 08:31  

Gündəm

İqtisadiyyat

Gündəm

Ədəbiyyat

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31