Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Ədəbiyyat / Əlyazmanın qapıları

Əlyazmanın qapıları

29.08.2026 [08:53]

Hər tərəfdən açılmaq üzrədir.

Get-gedə qədim mətnlərdəki sirlər açılır. Texnologiya qapını döyür və içəri dəvət almadan evə daxil olur. Bircə qalır, sirləri düzgün oxuyub anlamaq...

Dünyada qədim əlyazmaların qorunması, bərpası və elektronlaşdırılmasında Süni İntellekt (Sİ), qabaqcıl görüntüləmə texnologiyaları vasitəsilə inqilabi innovasiyalar tətbiq edilir. Artıq kömürləşmiş, bir-birinə yapışdığı üçün açılması qeyri-mümkün olan əlyazmalar virtual açılma və KT texnologiyaları ilə işığa çıxır, bülükmüş əlyazmaların daxili qatları rentgenlə  skan edilir. Hətta vulkan nəticəsində kömürə dönsə də, nisbətən salamat qala bilmiş papiruslar Sİ vasitəsilə, açılmadan, daxilindəki mürəkkəb izlər təhlil edilərək rəqəmsallaşdırılır. İllərlə solub saralmış, qaralmış, hətta üzərində yenidən nə isə yazılmış mətnləri bərpa etmək mümkün olur.

Artıq Avropada bu istiqamətdə həyata keçirilən layihələr çərçivəsində qırx minə yaxın orta əsr əlyazması rəqəmsallaşdırılaraq axtarışa uyğun mətn formasına çevrilib. Sİ Vatikan kitabxanasındakı qədim, kodlaşdırılmış əlyazmaların dilini deşifrə etməklə uğurlu nəticələrə nail olub. Bu, azmış kimi, qədim əlyazmaların üzərindəki “yad izlər”, su ləkələri, yırtıqlar, hətta sonradan edilmiş qeydlər müəyyənləşdirilərək ortaya çıxarılır. O cümlədən, itmiş hissələr bərpa edilir: Sİ mətnin qalan hissəsinin kontekstini və müəllifin yazı üslubunu təhlil edərək, hər hansı səhifənin itmiş, silinmiş hissələrində hansı sözlərin olduğunu dəqiqliklə müəyyənləşdirərək bərpa edə bilir.    

İnnovasiyalar təkcə texnoloji bərpa ilə bitmir, həmçinin əlyazmalar idarə edilir, təsnifatlaşdırılır. Xüsusilə, ərəb əlifbasında olan əlyazmaların təsnifatı üçün yaradılmış koqnitiv sistem vasitəsilə əlyazmanın xətt növü, dövrü, mövzusu avtomatik olaraq kataloqlaşdırılır. 

Dünyanın ayrı-ayrı kitabxanalarında saxlanılan əlyazmaların fraqmentləri bulud sistemlərin köməyilə vahid şəkildə birləşdirilərək, alimlərə hər hansı mətni ümumiləşdirib tədqiq etmək imkanı verir. Qədim mətnlər də müasir, rəqəmsal mətnlərin sırasına qarışaraq elektron resursa çevrilir. Beləcə, min illər boyu yaratdığımız irs və üslub bu dəfə qapılarını üzümüzə açır.     

Texnologiya insan gözünün görə bilmədiyi yerləri görə bilir, çünki işıq dalğaları başqadır - texnologiya insandan fərqli olaraq infraqırmızı, ultrabənövşəyi işıq dalğaları tətbiq edir, sonra isə zəkanın min bir əzabla yaratdığı üslubu da müəyyənləşdirə bilir.

Lakin bu texnologiyanı da insan yaradır. Və beləcə, bütün əlyazmalar gələcək nəsillərə ötürülür...

Bircə sual qalır. Gələcək nəsil keçmişi oxumaq istəyəcəkmi? Bundan sonra da insan zəkası ÜSLUB yaradıb Sİ ilə oyun oynamağa çalışacaqmı? 

Məqsəd Nur

Paylaş:
Baxılıb: 7 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

İqtisadiyyat

Gündəm

Ədəbiyyat

Sosial

Siyasət

İqtisadiyyat

Ədəbiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31