Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Analitik / Dünyanın ən böyük qlobal enerji böhranı

Dünyanın ən böyük qlobal enerji böhranı

27.08.2026 [09:22]

Cari ilin fevralında başlayan ABŞ-İsrail-İran müharibəsinin və bu müharibənin tərkib hissəsi olaraq Hörmüz boğazında yaranan qeyri-müəyyənliyin yan təsirləri kifayət qədər böyükdür. Artan təsirlər bütün dünyanı əhatə edir və xüsusilə də enerji təchizatında özünü daha qabarıq şəkildə göstərir. Bu da onunla bağlıdır ki, Hörmüzdə daşımaların təhdid altına düşməsi səbəbindən enerji məhsullarının təchizat zənciri pozulub. Körfəzin neft-qaz resursları ilə zəngin olan ölkələri özlərinin ehtiyatlarını dünya bazarlarına çıxarmaqda ciddi çətinliklərlə üzləşirlər ki, bunun da nəticəsində enerji bazarında kəskin qiymət artımları yaranır, eyni zamanda Avropada, Asiyada istehlak tələbləri qarşılanmır.

Xatırladaq ki, müharibədən əvvəl dünyanın enerji məhsullarına olan tələbatının beşdəbiri məhz Hörmüz vasitəsilə daşımalar hesabına təmin olunurdu. Alternativ marşrutların ötürücülük imkanlkarı isə Hörmüzlə müqayisədə çox məhduddur. Digər tərəfdən, bu, əlavə vaxt itkisinə səbəb olur, daşıma və sığorta xərclərini artırır.

Müharibənin yeni fazaya keçməsi Hörmüzdə qeyri-müəyyənliyin yaxın perspktivdə aradan qalxacağına inamı azaldır. Bu isə o anlama gəlir ki, qlobal enerji bazarında böhran daha da dərinləşəcək. Bununla bağlı artıq beynəlxalq təşkilatrlar səviyyəsində də həyəcan təbili çalınır.

Körfəzdə real vəziyyət - Hörmüzdə ticarət gəmilərinin hərəkəti 95 faiz azalıb

Belçikada yerləşən “Kpler” şirkətinin gəmi izləmə məlumatında bildirilir ki, hazırda Körfəzdə milyonlarla barel neft, necə deyərlər,  daşınma saatını gözləyir və 22 tanker boş qalıb. Bazar ertəsi günü boğazdan cəmi iki tanker keçib. Bu da münaqişənin başlanğıcından bəri ən aşağı gündəlik keçid sayıdır. O cümlədən ABŞ-ın İrana qarşı dəniz blokadası səbəbindən çinli alıcıların asanlıqla əldə edə biləcəyi İran neftinin tədarükü sürətlə azalıb. Təxminən 40 milyon barel İran xam nefti Çinə göndərilən neftin gəmidən-gəmiyə daşınması üçün tez-tez istifadə edilən Sinqapur yaxınlığında tankerlərdə gözləyir.

Analitiklər bu vəziyyətin təkcə Tehrana deyil, həm də həmin xam neftin əsas müştəriləri olan Çinin özəl neft emalı zavodlarına zərbə olduğunu söyləyirlər. Alıcılar sentyabr ayı fyuçersləri üzrə İrandan yeni tədarük həyata keçirə bilməyəcək. Tədarükün demək olar ki, olmaması İran tərəfinin indi daha yüksək qiymətlər tələb edə biləcəyi ehtimalını gücləndirir. Bu vəziyyət artıq qiymətlərdə öz əksini tapır. İranın yüngül dərəcəli nefti üçün təklifləri “Brent” markalı xam neftin qiymətindən 3,5 dollar çox artıb.

Bundan başqa, ABŞ Tehrana qarşı iqtisadi tədbirləri daha da artırmaqda qərarlıdır. Birləşmiş Ştatların maliyyə naziri Skott Bessent İranın dünya tarixində ən böyük əlaqələndirilmiş iqtisadi təcridlə üzləşəcəyini bildirib. Bu, isə yeni ssenarilərə yol açır.

“Vortexa” gəmi izləmə şirkəti isə hazırda Hörmüz boğazında izlənilən tanker trafiki barədə məlumat yayıb. Məlumata görə,  ABŞ-İsrail-İran müharibəsi başlamamışdan əvvəl Hörmüzdən gündəlik təxminən 130 ticarət gəmisi keçirdi. Hazırda isə ticarət gəmilərinin hərəkəti müharibədən əvvəlki səviyyələrlə müqayisədə 95 faizdən çox azalıb.

BEA həyəcan təbili çalır - “təsəlliverici yastıqlar” tükənir

Dünyada enerji böhranı elə bir səviyyəyə çatıb ki, artıq Beynəlxalq Enerji Agentliyi (BEA) yaranmış çətin durumla əlaqədar həyəcan təbili çalır. Agentliyin icraçı direktoru Fatih Birol deyib ki, qlobal miqyasda dizel və reaktiv yanacaq tədarükü kritik səviyyədədir.

Dünyanın üzləşdiyi enerji böhranının miqyasına diqqət çəkən və enerji sektorundakı son prosesləri qiymətləndirən Fatih Birol bildirib ki, fevral ayının sonunda Yaxın Şərqdə başlayan müharibədən sonra Hörmüz boğazında baş verən fasilələr səbəbindən itirilən neft və təbii qazın həcmi 1973-cü və 1979-cu illərdəki neft böhranlarının və 2022-ci ildəki Rusiya-Ukrayna qaz böhranındakı ümumi həcmdən çoxdur. Bu vəziyyəti dünyanın indiyə qədər üzləşdiyi ən böyük enerji böhranı kimi xarakterizə edən Beynəlxalq Enerji Agentliyinin icraçı direktoru Hörmüz boğazı üçün “vaza qırılıb” ifadəsini işlədib.

O, qırılmış vazanın yenidən yapışdırıla bilməyəcəyini vurğulayaraq Hörmüz boğazına olan inamın tamamilə itdiyini bildirib: “Müharibədən əvvəl gündə 25 milyon barel olan tranzit həcmi indi təxminən 15 milyon barelə düşüb. Bazarları inandırmaq və risk götürərək gəmiləri boğaza qaytarmaq artıq çox çətindir”.

Neft qiymətlərinin hazırda 90 dollar ətrafında dəyişməsi və hələ də 100 dolları keçməməsinin səbəbini açıqlayan Fatih Birol qeyd edib: “Bu, müharibədən əvvəlki böyük həcmdə təchizat çoxluğu və Beynəlxalq Enerji Agentliyi tərəfindən təmin edilən 400 milyon barel strateji ehtiyatla əlaqədardır. Lakin “təsəlliverici yastıqlar” tükənir. Əsas təhlükə xam neftdə deyil, emal olunmuş məhsullardadır. Müharibə zamanı Rusiyadakı neft emalı zavodlarına dəyən ciddi ziyan, Çin və Hindistan kimi böyük ixracatçıların daxili bazarlarına üstünlük verməsi və ixracı azaltması fonunda dizel və reaktiv yanacaq tədarükü kritik səviyyədədir. Nigeriyadakı “Dangote” neft emalı zavodundan Avropaya göndərilən həcmlər azalıb. Problem həll olunmazsa, uçuşların ləğvi, dizel çatışmazlığı və kənd təsərrüfatı əkin mövsümündə gübrə böhranı baş verə bilər”.

O, qloballaşma dövründə “ən ucuz məhsulu tapmaq” fəlsəfəsinin başa çatdığını və yeni dövrün şüarının “etibarlı tərəfdaş” olduğunu bildirib. “Ölkələr artıq daha çox vəsait ödəmək olsa belə, enerjidən silah kimi istifadə etməyəcək etibarlı tərəfdaşlar axtarır. Rusiyadan Avropaya təbii qaz və Hörmüz boğazından dünyaya enerji axınının kəsilməsi qlobal şoka səbəb olub”, - deyə BEA-nin rəsmisi vurğulayıb.

Fatih Birol qarşıdakı dövrdə üç geosiyasi prosesi belə xarakterizə edib - asanlıqla həll olunmayacaq Rusiya-Ukrayna müharibəsi, Yaxın Şərqdə və İranda gərginlik, ABŞ və Çin arasında süni intellekt və texnologiya sahəsində rəqabət. O, həmçinin Tayvan böhranının da bu siyahıya əlavə olunma riskini qeyd edib. BEA-nin icraçı direktoru gələcəyin əsas ssenarisinin hərbi münaqişə formasında deyil, kritik minerallar (litium, kobalt, mis) və süni intellekt üzərində aparılan iqtisadi və ticarət müharibələri olacağını diqqətə çatdırırb.

Avropanın qaz təchizatı risk altında - anbarların doluluq nisbəti ötənilki səviyyədən 12 faiz aşağıdır

Yaxın Şərqdəki münaqişə fonunda Hörmüz boğazının bağlanması ayda 7 milyon tondan çox mayeləşdirilmiş təbii qazın (LNG) tədarükünün dayanmasına səbəb olub və bu da regional qaz bazarlarında ciddi təchizat çatışmazlığı yaradıb.

Hazırda Avropada təbii qaz anbarlarının doluluq nisbəti 61,6 faizdir. Ötən ilin eyni dövründə isə bu göstərici 74 faiz olub. Bu barədə “Gas Infrastructure Europe” (GIE) məlumat yayıb.

“Qoca qitədə” təbii qaz qiymətləri aşağı ehtiyatlar və təchizatın pozulması səbəbindən 5 faizədək artıb. Hazırda Niderlandın TTF habında təbii qazın qiyməti meqavat-saat üçün 68,36 avroya çatıb.

Analitiklərin fikrincə, bu artıma ehtiyat həcminin ötənilki səviyyələrdən aşağı qalması və təchizat kəsintiləri riski təsir edib. Qeyd olunur ki, anbarların doluluq nisbəti aşağı səviyyədə qalarsa, xüsusən də bu, soyuq qış aylarında baş verərsə, noyabr-mart ayları arasında təbii qaz qiymətləri kəskin arta bilər.

Avropa İttifaqı dekabrın 1-dək anbarların doluluq nisbətini 80 faizə çatdırmağı hədəfləsə də, təchizatdakı fasilələrin bu hədəfə mənfi təsir göstərəcəyi gözlənilir.

ABŞ-İran müharibəsi Yaxın Şərq ölkələrindən Avropaya qaz nəqlinə mənfi təsir göstərir.

Beynəlxalq Enerji Agentliyinin icraçı direktoru Fatih Birol bildirib ki, Yaxın Şərqdə təchizatdakı fasilələr və Rusiyadan mayeləşdirilmiş təbii qaz tədarükünün dayandırılması səbəbindən Avropa bu qış fəslində ciddi risklərlə üzləşə bilər.

“Wood Mackenzie” tədqiqat və konsaltinq şirkətinin məlumatına görə, Avropanın tarixən aşağı təbii qaz saxlama səviyyələri 2026/2027-ci illərin qış fəslində təchizat təhlükəsizliyini riskə atır.

Ən çətin vıziyyətdə olan ölkələrdən biri Almaniyadır. Son məlumatlara görə, Almaniyanın qaz ehtiyatları avqust ayında milli tutumun yalnız 47 faizini təşkil edib ki, bu da statistika aparılmağa başlandığından bəri ən aşağı səviyyədir. Bu, xüsusilə həyəcanvericidir, çünki Almaniyanın qaz ehtiyatları bütün Avropa İttifaqı (Aİ) üçün vacibdir və blokun ümumi saxlama tutumunun 20 faizindən çoxunu təşkil edir.

“Politico” nəşri bildirib ki, Almaniya Aİ-də ən həssas həlqədir, çünki onun böyük ölçüsü qonşu ölkələrdə qaz çatışmazlığına səbəb ola bilər və Berlin anbarlarını doldura bilməsə, bu, bütünlükdə blokda qiymətlərin artmasını qaçılmaz hala gətirər.

Almaniya Energetika Nazirliyi tarixən aşağı ehtiyatları etiraf etsə də, müdaxilə etməkdən və dövlət şirkətlərini mövcud qiymətlərlə qaz almağa məcbur etməkdən boyun qaçırıb. Onu da xatırladaq ki, bir neçə həftə əvvəl Avropanın ən böyük təbii qaz tədarükçüsü olan “Equinor” şirkətinin baş direktoru Avropanın qışın əvvəlinə qədər anbarlarını 80 faizə qədər doldura bilməyəcəyini deyib.

Asiyada kömür yanacağına qayıdış

Hörmüzdən keçən daşımalar böyük ölçüdə Asiya bazarlarına yönəldilirdi. İndi təchizat zəncirinin pozulması Asiya ölkələrini də alternativlər axtarmaq məcburiyyətində qoyub. O cümlədən qlobal enerji bazarlarında baş verən gərginlik Asiya ölkələrində kömürə olan tələbi əhəmiyyətli dərəcədə artırıb. Mütəxəssislərin fikrincə, neft tədarükündə yaranan çətinliklər alternativ enerji mənbələrinə, xüsusilə kömürə marağı gücləndirir.

Dəniz daşımaları sektorunda fəaliyyət göstərən “Seanergy Maritime Holdings Corp” şirkətinin baş icraçı direktoru Stamatis Tsantanis bildirib ki, Çin son aylarda kömür ehtiyatlarını böyük həcmdə artırıb. Onun sözlərinə görə, kömür hazırda həm enerji təhlükəsizliyi, həm də strateji resurs kimi daha önəmli mövqeyə çıxır. O cümlədən Çin 2027-ci ilə qədər elektrik stansiyalarının stabil rejimdə fəaliyyətini təmin etmək üçün xüsusi ehtiyat kömür gücü yaratmağı planlaşdırır və 2030-cu ilə qədər 300 milyon ton ehtiyat toplamağı hədəfləyir. Bu tədbir təbii fəlakətlər, bazardakı kəskin dəyişikliklər və qiymət dalğalanmalarının yumşaldılması məqsədi daşıyır. Bütövlükdə, ölkə hər il 4 milyard tondan çox kömür yandırır. Çin kömür tədarükünü əsas etibarı ilə Rusiyadan həyata keçirir.

Beynəlxalq proqnozların qlobal kömür tələbatının azalacağını bildirməsinə baxmayaraq, Hindistan da kömür hasilatı gücünü və idxalını artırmağa davam edir. Bu ölkədə koklaşa bilən daş kömürün idxalının 2030-cu ilə qədər artacağı gözlənilir. Avstraliya Hindistanın kömür idxalında 30.43 faiz  payla birinci sıradadır (təxminən 1.17 milyard dollar dəyərində rüblük tədarük). Avstraliya Hindistana əsasən polad sənayesi üçün koklaşan kömür tədarük edir. Ölkə qlobal enerji bazarındakı riskləri nəzərə almaqla həmçinin Rusiyadan kömür idxalını, o cümlədən energetik kömür idxalını yüksək templə artırır. Cari iİin yeddi ayında Rusiyadan Hindistana energetik kömür ixracı 48 faiz artaraq 7,2 milyon tona çatıb.

Mübariz ABDULLAYEV

Paylaş:
Baxılıb: 1 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Gündəm

Gündəm

İqtisadiyyat

İqtisadiyyat

Sosial

Analitik

Əl-Kibarın sirri

26 Avqust 09:56  

Mədəniyyət

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31