Əl-Kibarın sirri
26.08.2026 [09:56]
18 il əvvəl silinmiş nüvə izi bu gün yenidən üzə çıxır
Suriya müharibəsinin ən qaranlıq səhifələrindən biri 18 ildən sonra yenidən açılıb. Bu dəfə söhbət Bəşər Əsəd rejiminin kimyəvi silahlarından və ya adi hərbi arsenalından yox, 2007-ci ildə İsrail aviasiyasının bombaladığı Deyr əz-Zor əyalətindəki gizli nüvə obyektindən gedir. 17-18 avqust 2026-cı ildə Beynəlxalq Atom Enerjisi Agentliyinin, yəni nüvə enerjisinin dinc məqsədlərlə istifadəsinə nəzarət edən BMT qurumu MAQATE-nin baş direktoru Rafael Qrossinin rəhbərlik etdiyi nümayəndə heyətinə həmin əraziyə giriş verilməsi, eyni zamanda, Əsəd dövründən qalmış başqa bir gizli sahədə nüvə materialının aşkarlanması Yaxın Şərqin nüvə tarixində bağlanmamış dosyeni yenidən dünyanın gündəminə gətirib.
Məsələni anlamaq üçün 2007-ci ilin 6 sentyabr gecəsinə qayıtmaq lazımdır. Həmin gecə İsrail aviasiyası Suriyanın Deyr əz-Zor əyalətində yerləşən Əl-Kibar adlı obyekti bombaladı. İsrail uzun müddət bu obyektin nüvə reaktoru olduğunu açıq şəkildə təsdiqləməsə də, sonrakı illərdə yayılan məlumatlar və Beynəlxalq Atom Enerjisi Agentliyinin araşdırmaları obyektin nüvə reaktoru olmasının çox yüksək ehtimalla təsdiqləndiyini göstərdi. MAQATE 2011-ci ildə hazırladığı texniki qiymətləndirməsində həmin binanın nüvə reaktoru olduğuna və Suriyanın onu ?gentliyə bəyan etməli olduğuna dair “çox yüksək ehtimal” müəyyənləşdirmişdi.
Bu, adi bir nüvə stansiyası məsələsi deyildi. ABŞ Dövlət Departamentinin sonrakı qiymətləndirməsinə görə, Əl-Kibarda gizli tikilən reaktor plutonium istehsal etmək imkanına malik ola bilərdi, odur ki, obyekt fəaliyyətə başlamadan məhv edilmişdi. Suriya uzun müddət bunun nüvə proqramı ilə əlaqəsini rədd etdi və MAQATE-nin suallarına tam cavab vermədi. Burada başlıca məsələ bombalanmış binanın özü deyil, əsas sual budur: İsrail 2007-ci ildə bir obyekti məhv etdisə də, həmin obyektin arxasındakı bütün nüvə fəaliyyətini aradan qaldıra bildimi?
Bu sualın cavabı 2026-cı ildə yenidən ortaya çıxan materiallarla daha da mürəkkəbləşir. Suriyanın nüvə proqramının tarixçəsi isə Əl-Kibardan xeyli əvvələ gedib çıxır. Dəməşq müxtəlif mərhələlərdə bir sıra ölkəylə mülki nüvə texnologiyası üzrə əməkdaşlıq imkanlarını araşdırmışdı. 1980-ci illərdə Fransa ilə Suriyada nüvə reaktoru tikintisi üzrə layihə müzakirə edilmiş, lakin bu təşəbbüs həyata keçirilməmişdi. Sonrakı mərhələdə Suriya Çinlə əməkdaşlığa keçmiş və 1990-cı illərdə 30 kilovat gücündə SRR-1 tədqiqat reaktoru yaradılmışdı. Bu layihə beynəlxalq nəzarət çərçivəsində açıq həyata keçirilirdi.
MAQATE-nin baş direktoru Rafael Qrossi 18 avqustda Dəməşqdə keçirilən mətbuat konfransında bildirdi ki, Suriyanın Deyr əz-Zor bölgəsində, Əsəd rejimi dövründən qalmış və əvvəllər MAQATE-nin giriş əldə edə bilmədiyi ərazidə “bir neçə ton nüvə materialı” aşkarlanıb. Agentlik materialın inventarlaşdırılması, təhlükəsiz saxlanması və onun mənşəyinin müəyyənləşdirilməsi üzərində işləyir. Suriyanın xarici işlər naziri Əsəd Həsən əl-Şeybani isə həmin materialın təhlükəli olmadığını və Suriya ərazisində qalacağını bildirib. Dəməşq material üzərində suveren nəzarət hüququnu vurğulayır, lakin onun MAQATE-nin nəzarəti altında saxlanacağını və Suriyanın Nüvə Silahlarının Yayılmaması haqqında Müqavilə üzrə öhdəliklərini yerinə yetirəcəyini bildirir.
Məhz burada hadisənin siyasi çəkisi artır, çünki Suriya artıq Əsəd dövründəki Suriya deyil. Bəşər Əsəd 2024-cü ilin sonunda devriləndən sonra ölkədə yeni siyasi hakimiyyət formalaşıb, rəsmi Dəməşq Qərblə münasibətləri normallaşdırmağa, beynəlxalq qurumlarla əməkdaşlığı bərpa etməyə çalışır. MAQATE-nin Suriya ilə əməkdaşlığının yeni hakimiyyət dövründə əvvəlki rejimlə müqayisədə ciddi şəkildə dəyişdiyini Rafael Qrossi də vurğulayıb. Beləliklə, yeni Suriya üçün nüvə məsələsi yalnız keçmişin araşdırılması deyil, həm də Qərbə verilən siyasi mesajdır. Dəməşq demək istəyir ki, Əsəd rejiminin gizli nüvə fəaliyyəti ilə indiki hakimiyyətin siyasətini eyniləşdirmək olmaz, Suriya MAQATE ilə əməkdaşlığa hazırdır və nüvə texnologiyasından yalnız dinc məqsədlərlə istifadə etmək niyyətindədir. Əl-Şeybani də məhz bu xətti müdafiə edir və Suriyanın tibbdə, kənd təsərrüfatında, elmi tədqiqatlarda nüvə texnologiyalarından istifadə etmək hüququnu xüsusi olaraq vurğulayır.
Amma beynəlxalq ictimaiyyət üçün məsələ bununla bağlanmır, çünki MAQATE-nin qarşısında 2007-ci ildən qalmış ciddi suallar var: Suriya həmin reaktoru nə məqsədlə tikirdi? Reaktorun layihələndirilməsində hansı ölkələr iştirak edirdi? Ölkəyə nə qədər nüvə materialı gətirilmişdi? Materialın hansı hissəsi Əl-Kibar obyektində istifadə olunmuşdu? Başqa obyektlər mövcud idimi? Bu obyektlər arasında funksional əlaqə vardımı? İsrailin 2007-ci ildə məhv etdiyi obyekt tam proqramın yalnız bir hissəsi idimi? MAQATE-nin 2008-2009-cu illərdə apardığı araşdırmalarda Deyr əz-Zor ərazisindən götürülmüş nümunələrdə bəyan edilməmiş uran hissəciklərinin aşkarlanması da məhz bu sualların yaranmasına səbəb olmuşdu. Agentliyin məlumatına görə, bəzi hissəciklər kimyəvi emaldan keçmiş uranla əlaqəli idi və Suriya onların mənşəyini izah etməli idi. Daha maraqlısı odur ki, məsələ 2024-cü ildə də tam bağlanmamışdı. MAQATE-nin həmin il üçün hesabatında Deyr əz-Zordakı obyektlə funksional əlaqəsi olduğu iddia edilən üç başqa məkanda Agentliyə giriş verildiyi və ətraf mühit nümunələrinin götürüldüyü göstərilir. Həmin nümunələrin nəticələri sonrakı araşdırmalar üçün əsas yaratdı.
İndi - 2026-cı ildə MAQATE yenidən Deyr əz-Zora daxil olur. Bu dəfə vəziyyət tam başqadır. Əvvəlki rejim, əvvəlki siyasi müqavimət, MAQATE-yə qapını bağlayan hakimiyyət yoxdur, əksinə, 17 iyul 2026-cı ildə yeni hakimiyyət özü Agentliyə müraciət edib əvvəl bəyan edilməmiş bir sahədə nüvə materialının olduğunu MAQATE-yə bildirir. Qrossi 18 avqustda bu məlumatın Agentlik tərəfindən qəbul edildiyini və həmin əraziyə girişin təmin olunduğunu təsdiqləyib. Bu isə dosyenin yeni mərhələsidir. İndi söhbət yalnız Əsəd rejiminin keçmiş fəaliyyətini araşdırmaqdan getmir, söhbət Suriya ərazisində qalmış nüvə materialının tam inventarının çıxarılmasından gedir. Beynəlxalq nüvə təhlükəsizliyi baxımından bu məsələ son dərəcə həssasdır, çünki nüvə materialının özü ilə nüvə silahı arasında birbaşa bərabərlik yoxdur, müəyyən materialın mövcudluğu avtomatik qaydada Suriyanın nüvə silahına malik olması demək deyil. Lakin materialın mənşəyi, miqdarı, fiziki-kimyəvi xüsusiyyətləri, hansı proqram çərçivəsində əldə edilməsi və əvvəllər bəyan olunmaması beynəlxalq nəzarət baxımından ciddi məsələdir. Məhz buna görə Rafael Qrossi hazırkı mərhələni yalnız keçmişin araşdırılması kimi deyil, nüvə silahlarının yayılmasının qarşısının alınması baxımından əhəmiyyətli proses kimi qiymətləndirir.
Şimali Koreya faktoru da diqqətdən kənarda qalmır
ABŞ və digər Qərb mənbələri illərdir Suriya ilə Şimali Koreya arasında nüvə texnologiyası sahəsində mümkün əməkdaşlıqdan narahatlıq bildiriblər. Əl-Kibar obyektinin dizaynının Şimali Koreyanın Yongbyon nüvə obyektinə bənzəməsi də bu şübhələri gücləndirmişdi. Lakin konkret olaraq hansı texnologiyanın, hansı həcmdə və hansı kanallarla ötürüldüyü barədə bütün suallar bu günədək tam çözülməyib. Elə buna görə də Deyr əz-Zorda indi açılan qapı yalnız Suriya üçün yox, Şimali Koreyanın Yaxın Şərqdəki mümkün nüvə əlaqələrinin araşdırılması baxımından da əhəmiyyətlidir.
Məsələnin daha bir tərəfi İsraildir. 2007-ci ildə İsrail obyekti bombalamaqla mümkün nüvə təhlükəsini hərbi yolla aradan qaldırmışdı. 2026-cı ildə isə eyni məsələnin həlli üçün başqa mexanizm işə düşüb: MAQATE-nin inspeksiyası, inventarlaşdırma və beynəlxalq nəzarət. Birinci mərhələdə bombalar danışmışdı, ikinci mərhələdə isə sənəd, ekspertiza və beynəlxalq hüquq danışır. Bu dəyişiklik Yaxın Şərqdə nüvə təhlükəsizliyi baxımından xüsusi əhəmiyyət daşıyır, çünki nüvə məsələlərində ən təhlükəli vəziyyət materialın mövcudluğu deyil, materialın harada olduğunu, kimə məxsus olduğunu və hansı məqsədlə əldə edildiyini heç kimin dəqiq bilməməsidir. İndi MAQATE-nin qarşısında məhz bu qaranlıq sahəni işıqlandırmaq vəzifəsi durur.
Deyr əz-Zorda 18 ildən sonra açılan qapının arxasında bütün cavabların tapılıb-tapılmayacağı hələ məlum deyil, lakin bir şey artıq aydındır: 2007-ci ildə bombalanmış Əl-Kibar obyekti ilə bağlı nüvə dosyesi tarix kitabının bağlanmış səhifəsi deyilmiş. Əsəd rejimi getdisə də, onun nüvə sirri getmədi. İndi həmin sirrin qalan hissəsini MAQATE-nin inspektorları, nümunələr, sənədlər və beynəlxalq hüquq açmağa çalışır. Deyr əz-Zorda 18 ildən sonra yenidən başlanmış araşdırmanın ən mühüm sualı da budur: 2007-ci ildə məhv edilmiş obyekt Əsəd rejiminin nüvə proqramına həqiqətən son qoydumu, yoxsa bu gün tapılan materiallar həmin proqramın görünməyən hissəsinin sübutudur?
Kəramət QƏNBƏROV,
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının
“Dövlət qulluğu və kadr siyasəti” kafedrasının müəllimi, beynəlxalq hüquq üzrə ekspert və beynəlxalq münasibətlər üzrə tədqiqatçı
Xəbər lenti
Hamısına baxDünya
25 Avqust 22:57
Dünya
25 Avqust 22:36
Elanlar
25 Avqust 22:24
Siyasət
25 Avqust 21:57
Dünya
25 Avqust 21:56
Siyasət
25 Avqust 21:45
Dünya
25 Avqust 21:32
Dünya
25 Avqust 20:59
Dünya
25 Avqust 20:39
Dünya
25 Avqust 19:58
Dünya
25 Avqust 19:27
İqtisadiyyat
25 Avqust 18:56
İqtisadiyyat
25 Avqust 18:25
Elm
25 Avqust 17:58
Elm
25 Avqust 17:25
Sosial
25 Avqust 17:16
Sosial
25 Avqust 16:55
İqtisadiyyat
25 Avqust 16:51
Sosial
25 Avqust 16:40
Sosial
25 Avqust 16:39
Siyasət
25 Avqust 16:15
Elm
25 Avqust 16:10
Siyasət
25 Avqust 16:02
Elm
25 Avqust 15:35
İqtisadiyyat
25 Avqust 14:47
Dünya
25 Avqust 14:16
Dünya
25 Avqust 13:38
Dünya
25 Avqust 12:45
Analitik
25 Avqust 11:50
Siyasət
25 Avqust 11:35
Analitik
25 Avqust 11:15
Analitik
25 Avqust 10:35
Ədəbiyyat
25 Avqust 10:15
Analitik
25 Avqust 09:25
Dünya
24 Avqust 23:58
Dünya
24 Avqust 23:36
Dünya
24 Avqust 22:58
Dünya
24 Avqust 22:23
Dünya
24 Avqust 21:52
Dünya
24 Avqust 21:31
Dünya
24 Avqust 20:55
Dünya
24 Avqust 20:28
Dünya
24 Avqust 19:58
Gündəm
24 Avqust 19:50
Dünya
24 Avqust 19:36
Elm
24 Avqust 18:55
Sosial
24 Avqust 18:25
Mədəniyyət
24 Avqust 17:55
Elm
24 Avqust 17:25
Gündəm
24 Avqust 17:02
Gündəm
24 Avqust 16:58
Gündəm
24 Avqust 16:46
Sosial
24 Avqust 16:42
Sosial
24 Avqust 15:50
Siyasət
24 Avqust 15:43
Siyasət
24 Avqust 15:42
Siyasət
24 Avqust 15:39
Mədəniyyət
24 Avqust 15:31
Mədəniyyət
24 Avqust 14:59
İqtisadiyyat
24 Avqust 14:28
Dünya
24 Avqust 13:47
Dünya
24 Avqust 12:45
Gündəm
24 Avqust 11:59
Dünya
24 Avqust 11:45
Gündəm
24 Avqust 11:19
Dünya
24 Avqust 10:30
Dünya
24 Avqust 09:33
Sosial
24 Avqust 08:45
Dünya
23 Avqust 23:56
Gündəm
23 Avqust 23:17

