Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Ədəbiyyat / Müharibə uşaqlığından ədəbiyyat zirvəsinə...

Müharibə uşaqlığından ədəbiyyat zirvəsinə...

25.08.2026 [10:15]

Fikrət Qoca ömrünü yazıya, yazılarını isə insanlara əmanət edən sənətkar idi

Onun adı çəkiləndə ilk növbədə həyata, insana və Vətənə özünəməxsus münasibəti ilə seçilən, sözün sadə görünən qatlarının altında böyük mənalar gizlədən, zamanın səsini duymağı və onu poetik ifadəyə çevirməyi bacaran sənətkar obrazı göz önünə gəlir. Çünki onun yaradıcılığında adi həyat hadisələri belə şair təxəyyülünün süzgəcindən keçərək insanı düşündürən, duyğulandıran, bəzən də həyat haqqında yenidən düşünməyə vadar edir. Fikrət Qocanın yaradıcılıq dünyasının əsas xüsusiyyətlərindən biri onun insan taleyinə və hisslərinə həssas münasibətidir. Şair üçün insan yalnız əsərin qəhrəmanı deyil, həyatın bütün ziddiyyətlərini, sevincini, kədərini, ümidini və narahatlığını özündə daşıyan mürəkkəb bir mənəvi aləmdir. Məhz buna görə əsərlərində sevgi, dostluq, sədaqət, Vətən, zaman, yaddaş, həyat və ölüm kimi böyük mövzular müxtəlif çalarlarla öz əksini tapıb.

Sabah görkəmli şair və yazıçının anadan olmasından 91 il ötür. O, 1935-ci il avqustun 25- də Ağdaş rayonunun Kotanarx kəndində anadan olub. Uşaqlıq illəri Azərbaycanın ən ağır tarixi dövrlərindən birinə - İkinci Dünya müharibəsi illərinə təsadüf edib. Şair sonralar həmin illəri xatırlayarkən uşaqlığının bir hissəsinin atasının çalışdığı hospitalda keçdiyini, müharibənin yaratdığı ağır mənzərələri gördüyünü danışırdı. Görünür, insan taleləri ilə erkən yaşda üz-üzə qalması onun dünyagörüşünün formalaşmasına, insan həyatına və mənəvi dəyərlərə münasibətinə də ciddi təsir göstərmişdi.

Şair olmamışdan əvvəl...

Atası həkim olan Fikrət Qocanın uşaqlıq xatirələrində müharibə illərinin acı mənzərələri xüsusi yer tuturdu. Maraqlıdır ki, şairin həyat yolu birbaşa ədəbiyyatla başlamayıb. O, Ağdaşda orta məktəbi bitirdikdən sonra 1953-1957-ci illərdə Bakı dəmir yolu texnikumunda təhsil alıb, daha sonra 1957-1959-cu illərdə Bakıda tikinti idarəsində işləyib və yalnız bundan sonra Moskvada Maksim Qorki adına Ədəbiyyat İnstitutunda təhsil almaq üçün yola çıxıb. Yəni, gələcək Xalq şairinin həyatında dəmir yolu, tikinti, mətbuat və ədəbiyyat kimi ilk baxışdan bir-birindən uzaq görünən sahələr bir-birini əvəz edib.

Moskva illəri və böyük dostluq

Moskvada keçən tələbəlik illəri isə onun həyatında xüsusi mərhələ olub. 1959-1964-cü illərdə Maksim Qorki adına Ədəbiyyat İnstitutunda təhsil alan Fikrət Qoca burada yalnız peşəkar ədəbi biliklər qazanmır, eyni zamanda böyük bir şəhərin, müxtəlif xalqların və fərqli mədəniyyətlərin içərisində öz dünyagörüşünü daha da genişləndirirdi.

Onun Moskvadakı tələbəlik illərinin maraqlı tərəflərindən biri də gələcək Xalq şairinin həmin dövrdə Azərbaycan ədəbi mühitində tanınan gənclərlə dostluq etməsi idi. Fikrət Qocanın uzun illər yaxın dostluq etdiyi Xalq şairi Nəriman Həsənzadə də onun tələbə yoldaşı olub. Bu dostluq sonralar onilliklər boyu davam edərək Azərbaycan ədəbiyyatının iki görkəmli nümayəndəsini bir-birinə bağlayan möhkəm mənəvi körpüyə çevrilib.

Bakıya qayıtdıqdan sonra Fikrət Qocanın həyatında mətbuat və ədəbi təşkilatçılıq xüsusi yer tutmağa başlayıb. O, Azərbaycan Dövlət Radio və Televiziya Verilişləri Komitəsində redaktor, “Azərbaycan gəncləri” qəzetində ədəbi işçi, Azərbaycan Yazıçılar İttifaqında məsul katib, “Azərbaycan” jurnalında şöbə müdiri və uzun illər “Qobustan” incəsənət toplusunun baş redaktoru kimi çalışıb.

Fikrət Qocanın həyatında səyahətlərin də xüsusi yeri olub. Dünyanın müxtəlif ölkələrinə etdiyi səfərlər onun dünyagörüşünü zənginləşdirib, müxtəlif xalqların həyatını, milli azadlıq mübarizələrini və tarixi hadisələrini yaxından öyrənməsinə imkan yaradıb. Bu səfərlərin izləri onun əsərlərində də özünü göstərib. Ağdaşın kiçik Kotanarx kəndindən çıxan şairin dünyası zaman keçdikcə ölkə sərhədlərini aşaraq Latın Amerikasından Asiyaya qədər uzanan böyük coğrafiyanı əhatə edib.

85 yaşında belə yazı masasından ayrılmırdı

Onun həyatının daha şəxsi və maraqlı səhifələrindən biri isə həyat yoldaşı Raya xanımla tanışlığıdır. Raya xanımın xatirələrinə görə, onların ailələri əvvəldən bir-birini tanıyırmış və gələcək həyat yoldaşı ilə ilk görüşlərindən biri Kürqırağı meşələrdə baş verib. Sonradan isə bu təsadüfi görüş uzun illər davam edən ailə həyatının başlanğıcına çevrilib.

Fikrət Qocanın ömrünün son illərində belə yazı masasından uzaq düşməməsi onun xarakterinin mühüm cəhətlərindən biri idi. 2020-ci ildə karantin dövründə verdiyi müsahibədə evdə əvvəlki işi ilə məşğul olduğunu, şeirlər yazdığını və çap olunacaq materialları hazırladığını söyləyirdi. Bir sözlə, 85 yaşında belə onun üçün yaradıcılıq sadəcə peşə deyil, gündəlik həyatının ayrılmaz hissəsi olaraq qalırdı.

Fikrət Qoca 2021-ci il mayın 5-də dünyasını dəyişib. Şairlər dünyadan köçsələr də, onların sözlə yaratdıqları dünya yaşayır. Çünki zaman insan ömrünü təqvimlərə yazsa da, əsl sənətin ömrünü illərlə ölçmək mümkün olmur. Fikrət Qocanın adı da Azərbaycan ədəbiyyatında məhz sözə sədaqəti, həyatın gerçəkliklərinə açıq baxışı və poeziyanın insan qəlbinə yol tapmaq gücünə inamı ilə yadda qalan sənətkarlar sırasında yaşayır.

Yeganə BAYRAMOVA

Paylaş:
Baxılıb: 26 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31