Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İqtisadiyyat / “Rəqəmsal qızıl” bazarında çalxalanma

“Rəqəmsal qızıl” bazarında çalxalanma

03.02.2026 [09:15]

“Bitcoin”in kəskin ucuzlaşması investorları təşvişə salıb

2026-cı ilin ilk ayı və fevralın birinci günü dünya maliyyə bazarları üçün həm iqtisadi göstəricilərin, həm də geosiyasi proseslərin kəsişdiyi həssas bir dövr kimi xarakterizə oluna bilər. ABŞ, Almaniya, Avrozona və İngiltərədə açıqlanan makroiqtisadi məlumatlar investor gözləntilərini formalaşdırarkən, qlobal miqyasda davam edən geosiyasi gərginliklər bazarlarda riskdən qaçış davranışını gücləndirməklə əsas aktivlərdə kəskin qiymət dalğalanmalarına səbəb oldu.

Dünyanın bir nömrəli iqtisadiyyatı olan ABŞ-da açıqlanan əsas iqtisadi göstəricilər artımın yavaşlaması siqnallarını verməklə biznes və maliyyə aktivliyində ləngimələrin müşahidə olunduğunu əks etdirməkdədir.

İtkilər bir neçə yüz milyard dollara çatıb

Baş verənlərin fonunda dünyada ən bahalı kriptovalyuta (rəqəmsal pul) olan “Bitcoin”in dəyəri son dövrlərdəki yüksək sıçrayışlardan sonra aşağı enişə doğru istiqamətlənib. Ötən gün virtual pul bazarında “Bitcoin”in qiyməti 74-75 min dollar arasında olub. Bu, 2025-ci ilin aprel ayından bəri ilk dəfə qeydə alınan aşağı göstəricidir. Belə ki, sonuncu dəfə həmin rəqəmsal pulun dəyəri 75 min dollara təklif olunmuşdu. “Binance” satış platformasının göstəricilərinə əsasən, qeyd edilən kriptovalyutanın dəyəri ötən gün daha 4,8 faiz ucuzlaşaraq 74,8 min dollara düşüb. Bazarın ümumi dinamikası riskli aktivlərə marağın azalması, qlobal maliyyə bazarlarında qeyri-müəyyənliklərin artması və investorların qısamüddətli mənfəət realizasiyası ilə izah olunur.

Təxminlərə görə, kriptovalyuta bazarlarında baş verən kəskin enişlər nəticəsində qlobal investorların itkiləri bir neçə yüz milyard dollara çatıb. Son satış dalğasından  həm fərdi investorlar, həm də böyük şirkətlər ciddi zərər görüb.  Bununla belə, itkinin böyük hissəsinin real pullara bağlı olmadığı, “kağız üzərində” görünən dəyər itkisi olduğu vurğulanır. “CoinShares” araşdırma mərkəzinin rəhbəri Ceyms Batterfill hesab edir ki, investorlar indiki vəziyyətdə kapitalın hərəkətini rəqəmsal bazarda azaltmağa çalışır. Bazar iştirakçıları narahatdır və kripto üzrə istiqamətdəki qeyri-müəyyənliklər qiymətlərin bir qədər də aşağı enməsinə səbəb ola bilər.

Yeni FES sədrinin elan olunması şok effekti yaradıb

Qeyd edək ki, “Bitcoin” qlobal maliyyə sektorunda qızıldan sonra ən çox birja dəyəri nümayiş etdirən və investorların marağında olan aktivdir. Son 2 ildə “Bitcoin”in qiyməti 3,5 dəfədən çox bahalaşaraq yanvarın sonlarında 105 min dollara qədər yüksəlib, dövriyyədəki ümumi dəyəri isə 2 trilyon dolları ötüb.

“Bitcoin”in dəyəri bir neçə amillə bağlıdır, burada real bazar prosesləri ilə yanaşı, spekulyativ simulyasiyalar da xüsusi rol oynayır. İlk növbədə, bu rəqəmsal valyutanın dəyərinə təsir edən mühüm amillərdən biri dolların dəyərindəki dəyişikliklərdir. Əgər dolların qlobal dəyəri azalarsa, “Bitcoin” bir qədər də bahalaşır. Bu nöqteyi-nəzərdən ABŞ-ın Federal Ehtiyatlar Sisteminin (FES) yürütdüyü siyasət kripovalyutanın dəyərinə təsir edir. Eləcə də FES rəhbərliyində baş verən dəyişikliklər də bazar seqmentlərinə təsirsiz ötüşməyib. Bir neçə gün əvvəl Prezident Donald Tramp Kevin Uorşu Federal Ehtiyat Sisteminin sədri vəzifəsində Cerom Pauellin varisi kimi namizədliyini açıqlayıb və bununla da Mərkəzi Bank sistemində və maliyyə sektorlarında misli görünməmiş çalxalanmalar yaşanıb. Trampın “Onun FED-in ən böyük sədrlərindən biri, bəlkə də ən yaxşısı kimi tarixə düşəcəyinə heç bir şübhəm yoxdur. Hər şeydən önəmlisi, o tam mənada “mükəmməldir” və sizi əsla məyus etməyəcək. Təbriklər, Kevin!” ifadələri qlobal maliyyə icmasında parçalanmaya səbəb olub. Kriptobazar bossları yeni FES sədrinin  faiz endirimlərinə gedəcəyinə inanırlar. Çünki hazırkı sədr Cerom Pauell faizlərin aşağı salınmasının qəti əleyhdarı kimi tanınır. Ehtimal olunur ki, FES sistemində dəyişikliklər bazarlarda ciddi dalğalanmalar yaradacaq.

İnvestorlar ümidlidir: “Bitcoin” 140 min dollara yüksələcək

Tanınmış bazar tədqiqat institutu - “Bitget Research” şirkətinin aparıcı analitiki Rayan Linin fikrincə, “Bitcoin”in ucuzlaşması müvəqqəti xarakter daşıyır. Ekspert bildirib ki, indi əsas diqqət ABŞ-da pul siyasətinin gələcəyinə və FES-in əsas faiz dərəcəsini artırmasına yönəlib. Əgər investorlar növbəti 6 ay ərzində pul siyasətinin yumşaldılması siqnalı alsalar, kapitalın riskli aktivlərə qayıdacağını gözləməyə dəyər. Belə ki, qlobal maliyyə bazarlarında qeyri-müəyyənliklərin aradan qalxması fonunda investorların yeni realizasiyası baş verə bilər ki, bu da “Bitcoin”in 110 min dollara qədər bahalaşmasına gətirib çıxaracaq. Ardınca qiymətli kriptopul 2026-cı ilin ikinci rübündə daha 10 min dəyər qazanmaqla birjalarda 120 min - 125 min dollar arasında satıla bilər. 2026-cı ilin ikinci yarısında isə “Bitcoin”in gözlənilməz rekordu təzələyə, 140 min dollara çatması gözlənilir...

Bununla yanaşı, Rayan Li ehtimallarının gerçəkləşməsi üçün investorların kapitallarını kripto bazarına axınını artırmalarını vacib sayır. Onun qənaətinə görə, likvidlik artarsa, artım olacaq, yeni kapital axını gəlməsə, “Bitcoin” qiymət diapazonu 120 min dolları ötə bilməyəcək.

İnvestorlar “Bitcoin”in bahalaşması üçün 2 mühüm amili də diqqətdə saxlayırlar. Bu, FES-in faiz dərəcələrini endirəcəyi gözləntisi və institusional alışların artması ilə bağlıdır. Hər iki ssenari üzrə gözləntilərə yaxın vaxtlarda FES-in verəcəyi növbəti faiz qərarı təsir edəcək.

Qızıl da dəyər itirir - unsiyası 163 dollardan çox ucuzlaşıb

ABŞ-ın makroiqtisadi göstəricilərindəki tendensiyalar öz siqnallarını digər bazar alətlərinə, o cümlədən ən dəyərli maliyyə aktivi olan qızıla da ötürüb və sarı metalın unsiyası 163 dollardan çox ucuzlaşıb. Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyasının qiyməti 4 min 581,5 dollar təşkil edib. Gümüş isə 3,95 dollar azalaraq 74,59 dollara bərabər olub.

Bazar tədqiqatçıları qızılın və digər aktivlərin dəyərindəki ucuzlaşmanın iqtisadi amillərlə yanaşı, geosiyasi risklərdən qaynaqlandığını da istisna etmirlər. Belə ki, ABŞ-Çin münasibətlərində ticarət və texnologiya sahəsində davam edən gərginlik qlobal iqtisadi artım perspektivlərinə dair narahatlıqları artırdığından investorların yeni sərmayə həvəsi məhdudlaşıb. Bu gərginlik xüsusilə Asiya bazarlarında və texnologiya sektorunda ticarətdə qırılmalara da səbəb olub. Eyni zamanda, ABŞ-ın Qrenlandiya ilə bağlı strateji maraqlarını və Arktika bölgəsində təsir dairəsini genişləndirməyə yönəlik ritorikasını yenidən gündəmə gətirməsi transatlantik münasibətlərdə narahatlıq yaradır. Qrenlandiyanın geostrateji mövqeyi, təbii resurs potensialı və Arktika marşrutlarına nəzarət imkanları ABŞ-Avropa xəttində siyasi gərginliyin artması da investorların risk qiymətləndirmələrini yenidən sərtləşdirib.

Beləliklə, “Bitcoin”in və qızılın yaxın vaxtlarda real bazar qiymətləri ABŞ-ın monetar siyasəti, iqtisadi göstəricilər, bazar risklərinin azalması və geosiyasi proseslər fonunda müəyyənləşəcək. Qlobal maliyyə bazarlarında qeyri-müəyyənliklər səngiyəcəyi halda həm qızıl, həm də “rəqəmsal qızıl”ın bahalaşması istisna deyil.

E.CƏFƏRLİ

Paylaş:
Baxılıb: 17 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28