Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İqtisadiyyat / Azərbaycan Avropanın xilaskarı rolunda

Azərbaycan Avropanın xilaskarı rolunda

11.11.2021 [10:37]

Ölkəmizin təklif etdiyi alternativ mənbə və marşrut “mavi yanacaq” böhranı yaşayan “qoca qitə”nin soyuqdan donmasının qarşısını alır

 

Son illərdə Azərbaycan mötəbər beynəlxalq tədbirlərə uğurla ev sahibliyi edən məkana çevrilib. Bu günlərdə isə paytaxtımızda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə baş tutan “COVID-19-dan sonrakı dünya” mövzusunda növbəti Qlobal Bakı Forumu keçirilib. Dünyanın 40-dan çox ölkəsindən 300-ə yaxın qonağın canlı və onlayn qaydada qoşulduğu tədbirdə müasir dünyanın bir sıra aktual məsələləri müzakirə olunub. Forumda çıxış edən Prezident İlham Əliyevin diqqət çəkdiyi aktual məsələlərdən biri də hazırda növbəti dəfə “mavi yanacaq” problemi ilə üzləşən Avropanın enerji təhlükəsizliyində Azərbaycanın rolunun artması ilə bağlı olub. Dövlət başçımız sonuncu seqmenti (Trans Adriatik Boru Kəməri - TAP) 2020-ci ilin dekabrında tamamlanan Cənub Qaz Dəhlizini Avropanın enerji təhlükəsizliyinin mühüm meyarı kimi səciyyələndirib.

 

Enerji amilindən heç vaxt siyasi təzyiq vasitəsi kimi istifadə olunmamalıdır

Azərbaycanın bütün məsələlərə münasibətdə nümayiş etdirdiyi ədalətli yanaşması və strateji baxışları enerji siyasətində daha qabarıq şəkildə nəzərə çarpır. Prezident İlham Əliyev ölkəmizin prinsipial mövqeyini dəfələrlə diqqətə çatdıraraq bildirib ki, enerji amilindən heç vaxt siyasi təzyiq vasitəsi kimi istifadə olunmamalıdır. Təsadüfi deyildir ki, ölkəmizin qatıldığı bütün transmilli layihələrdə tərəfdaşların hamısı bərabər hüquqda iştirak edir və əməkdaşlıqdan faydalanırlar.

Bir neçə il bundan əvvəl Avropa soyuq qış aylarında “mavi yanacaq” çatışmazlığı ilə imtahana çəkildi. “Qoca qitə” üçün köhnə problemlər bir sıra çətinliklərlə müşayiət olunan pandemiya dövründə yenidən təkrarlanıb. Artıq xeyli müddətdir ki, Avropanın ayrı-ayrı ölkələri “mavi yanacaq” çatışmazlığının yaratdığı fəsadların cəngində qalıblar. Bu, zəncirvari proseslərə rəvac verir - qiymətlər artır, inflyasiyanı cilovlamaq mümkün olmur. İnsanlara psixoloji təzyiqlər də öz yerində.

Əlbəttə, vəziyyət bu həddədək gərginləşməyə də bilərdi. İndi Avropada çoxları hökumətləri vaxtında lazımi həcmlərdə qaz tədarükü görməməkdə, anbarları boş saxlamaqda, bir sözlə, məsuliyyətsizlikdə günahlandırır. Bildirilir ki, hökumətlər pandemiya dövründə “mavi yanacaq” tədarükünə ikinci dərəcəli məsələ kimi yanaşmamalı idilər.

Lakin pandemiya, hökumətlərin məsuliyyətsizliyi və yaxud hansısa digər səbəblərdən asılı olmasına baxmayaraq, fakt ortalıqdadır - böyük bir coğrafiyanı əhatə edən Avropada kəskin “mavi yanacaq” qıtlığı yaşanır və burada təchizatçıların müəyyən maraqlardan çıxış etdikləri də aydın şəkildə sezilməkdədir.

Belə bir şəraitdə Azərbaycanın Avropanın enerji təhlükəsizliyi üçün önəmi getdikcə artır. Deyə bilərik ki, ölkəmiz soyuqların qapının ağzını kəsdirdiyi bir vaxtda “qoca qitə”nin xilaskarına çevrilib. Respublikamız Avropaya alternativ mənbə və marşrut təqdim edir. İndiki məqamda Azərbaycanın şaxələndirilmiş neft-qaz boru kəmərləri şəbəkəsinin qurulmasına nail olması strateji əhəmiyyət daşıyır. Məhz şaxələndirilmiş infrastruktur qurması sayəsində Azərbaycan istehsalçı ölkə kimi müstəqil enerji siyasəti həyata keçirməyə və milli maraqlarını maksimum dərəcədə qorumağa nail olur. Şaxələndirilmiş enerji marşrutları, həmçinin istehlakçılar üçün  böyük əhəmiyyət daşıyır. Şaxələndirilmiş boru kəməri şəbəkəsi respublikamıza özünün enerji resurslarını müxtəlif istiqamətlərə nəql etməyə imkan verir, paralel s?rətdə istehlakçılar da tələbatlarını müxtəlif mənbələrdən ödəyirlər. Eyni zamanda, Azərbaycan Avropa üçün yeni təchizat mənbəyidir. İndiyədək “qoca qitə”yə Xəzər hövzəsindən heç vaxt “mavi yanacaq” axını həyata keçirilməyib. Azərbaycan bu prosesə ilk dəfə 2012-ci ilin əvvəlindən start verib. Yeni və kifayət qədər zəngin mənbə kimi isə ölkəmizin Xəzərdəki “Şahdəniz” yatağı çıxış edir. Xatırladaq ki, dünyada azsaylı nəhəng qaz yataqlarından biri hesab olunan “Şahdəniz” keçən əsrin ortalarında azərbaycanlı geoloqlar tərəfindən kəşf edilib, lakin müvafiq texnologiyaların olmamasına görə yatağın istismarı dayandırılıb, onun potensial imkanları müəyyən edilməyib. 1996-cı ildə Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin beynəlxalq neft şirkətləri ilə yaratdığı konsorsium yatağın qazla zəngin olduğunu təsdiqləyib. Yeni kəşfiyyat-dəyərləndirmə işlərinin nəticəsi gözləniləndən daha yaxşı olub. Mütəxəssislər yataqda 1,2 trilyon kubmetr qazın olmasını ehtimal edirlər. Azərbaycanın təşəbbüsü və liderliyi ilə yaradılan Cənub Qaz Dəhlizi isə “qoca qitə”nin “mavi yanacaq” təchizatında keyfiyyətcə yeni bir mərhələnin başlanması kimi dəyərləndirilir. Təxminən 3500 kilometr uzunluğa malik olan və 7 ölkəni birləşdirən Cənub Qaz Dəhlizi çox mürəkkəb relyefə malik coğrafi ərazilərdən, o cümlədən hündürlüyü 2500 metr olan dağlardan keçir. Yeni enerji dəhlizinin 100 kilometrdən artıq hissəsi isə Adriatik dənizinin dibində quraşdırılıb. İlkin olaraq layihənin yerinə yetirilməsi üçün 44,6 milyard dollar məbləğində vəsait nəzərdə tutulmuşdu. Lakin səmərəli idarəçilik və düzgün planlaşdırma nəticəsində layihənin dəyərini 33 milyard dollara endirmək mümkün olub.

Azərbaycanın təqdim etdiyi marşrutun funksionallığı kifayət qədər yüksəkdir. Hazırda Azərbaycan bu marşrutla beş istehlakçı ölkəyə “mavi yanacaq” ixrac edir. Bunlar Türkiyə, Gürcüstan, İtaliya, Yunanıstan və Bolqarıstandır. Son 10 ay ərzində respublikamız  bu marşrutla 14 milyard kubmetrdən çox təbii qaz ixrac edib ki, bu həcmin təxminən yarısı Avropa İttifaqının istehlakçıları tərəfindən istifadə olunub.

İxrac həcmlərini artırmaq üçün geniş potensial mövcuddur

Ekspertlərin yekdil qənaəti belədir ki, yaxın perspektivdə Cənub Qaz Dəhlizinin Avropada əhatə coğrafiyası daha da genişlənəcək. Məlumdur ki, Cənub Qaz Dəhlizi ətrafında tərəfdaş dövlətlərdən, transmilli şirkətlərdən, beynəlxalq maliyyə qurumlarından ibarət güclü komanda formalaşıb. Burada Böyük Britaniyanın, Amerika Birləşmiş Ştatlarının rolunu xüsusi qeyd edə bilərik. Layihənin reallaşdırılmasında Gürcüstan, Türkiyə, Bolqarıstan, Yunanıstan, Albaniya və İtaliya da yaxından iştirak ediblər. Həmçinin bir sıra dövlətlər də perspektivdə Cənub Qaz Dəhlizinə qoşulmaqla bağlı niyyətlərini ifadə ediblər. Bu isə “qoca qitədə” etibarlı təchizatçı ölkə olan Azərbaycana inamın getdikcə artması ilə bağlıdır. Bunu diqqətə çatdıran Prezident İlham Əliyev “Azərbaycan qazı ilə təchiz edilən ölkələrdə nə qaz böhranı, nə qiymət böhranı və nə də soyuqdan donma var. Bu, göstərir ki, Cənub Qaz Dəhlizi Avropa üçün əsl enerji təhlükəsizliyi layihəsidir. Azərbaycan məsuliyyətli ölkə, hasilatçı və ixracatçı kimi, - hazırda tək nefti deyil, qazı da ixrac edirik, - gələcəkdə enerji təhlükəsizliyi məsələlərində çox mühüm rol oynayacaq”, - deyə vurğulayıb.

Qeyd edək ki, enerji sektorunda gələcək əməkdaşlıq üçün imkanlar kifayət qədər genişdir. Ölkəmizdən Avropaya “mavi yanacaq” ixracının həcmlərini artırmaq üçün də geniş potensial mövcuddur. Azərbaycanın qaz ehtiyatları yalnız “Şahdəniz”lə məhdudlaşmır. Respublikamız Xəzərdəki digər yataqlarda da zəngin resurslara malikdir. Hazırda kəşfiyyat və hasilat mərhələsində olan bir neçə yataqla bağlı çox ümidverici perspektivlər var. “Babək” yatağı 400 milyard kubmetr həcmdə təsdiqlənmiş qaz ehtiyatına malikdir. “Abşeron” qaz-kondensat yatağının 350 milyard kubmetr ehtiyatı var. Yaxın perspektivdə “Abşeron” yatağı üzrə hasilata başlanılması gözlənilir. Digər bir yataq isə “Ümid” adlanır ki, orada ən azı 200 milyard kubmetr təbii qaz ehtiyatı mövcuddur. Xəzərdəki rəmzi “Dostluq” adı verilən yatağın da ehtiyatları kifayət qədər böyükdür. Bu yatağın istismarını Azərbaycan dost Türkmənistanla birlikdə həyata keçirəcək. Bütün bunlara istinad edən Azərbaycan  böyük qaz ixracı ilə bağlı yeni təşəbbüslər irəli sürür. Məsələn, TAP üzrə işlərin yekunlaşması ilə İonik-Adriatik boru kəmərinin inşası layihəsi gündəmə gəlib. Bütün bunlar isə Azərbaycanla tərəfdaş ölkələr arasında enerji sektorunda yeni əməkdaşlıq platformalarının yaranması deməkdir.

Mübariz ABDULLAYEV

 

 

 

Paylaş
Baxılıb: 124 dəfə

Xəbər lenti

Hamısına bax

Hava dəyişəcək

29 Noyabr 15:05

ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30