Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İqtisadiyyat / Saxta pullar: Onlardan necə qorunmalı?

Saxta pullar: Onlardan necə qorunmalı?

03.12.2021 [22:59]

Mübariz ABDULLAYEV

Saxta pul mövzusu həmişə aktual olub. Dünyada ilk qəlp pullar bizim eradan əvvəl VI əsrdə Eqina adlanan yunan adasında aşkarlanıb. Məlum olub ki, tökmə ustaları misin üzərini gümüş təbəqə ilə örtməklə saxta sikkələr hazırlayıblar. İlk vaxtlarda saxta pul hazırlayanlar qızıl və yaxud gümüş kimi qiymətli metallardan kəsilən sikkələrin oxşarlarını hazırlayarkən onların tərkibinə daha ucuz metallar qatırdılar və yaxud ölçünü bir qədər kiçildirdilər. İş o yerə çatmışdı ki, bir sıra hallarda yüksək titullara malik şəxslər də tökməçilərlə sövdələşmələrə girərək saxta pulların hazırlanmasında və dövriyyəyə buraxılmasında iştirak edirdilər, hətta dövlətlərin də belə çirkin əməllərə qatıldıqlarına dair faktlar mövcuddur. Tarixdə saxta pul nişanlarının hazırlanmasına dair bir sıra əməliyyatlar böyük populyarlıq qazanıb. Belə əməliyyatların içərisində nisbətən yaxın keçmişdə dünyanı silkələyən “Bernhard” əməliyyatını nümunə göstərmək mümkündür. Bu, saxta pul nişanlarının hazırlanmasının alman nümunəsidir. Bəhs olunan əməliyyat üzrə əsasən İkinci Dünya müharibəsi illərində qüvvədə olan funt sterlinq saxtalaşdırılırdı. Əməliyyat daha çox hərbi-siyasi məqsəd daşıyırdı - qarşıya rəqibin maliyyə sektorunu çökdürmək kimi məqsəd qoyulmuşdu. Saxta pul əməliyyatını Alfred Nauyoksun rəhbərliyi altında çalışan xüsusi qrup həyata keçirirdi.

Dünyada ən çox saxtalaşdırılan pul vahidi dollardır

Milli pul nişanlarının saxtalaşdırılması hallarına bütün ölkələrdə rast gəlinir. Verilən statistikadan isə bəlli olur ki, qlobal miqyasda ən çox saxtalaşdırılan pul vahidi dollardır.  Bu da onunla bağlıdır ki, ölkəmizdə “göy” deyə adlandırılan dollar möhkəm və bütün dünya üzrə keçərli valyutadır. Bu pul vahidini əldə etməyi hər yerdə hamı arzulayır.

Ötən əsrin səksəninci illərinin sonlarında saxta pul dövriyyəsi üzrə “superdollar” əməliyyatı üzə çıxdı. Saxta əskinaslar çox yüksək keyfiyyətlə hazırlanırdı. Əsl və saxta “göy” əskinaslar bir-birılərinin əkizləri idilər və onları hətta xüsusi yoxlamalarla da fərqləndirmək çətin olurdu. Sonradan verilən kəşfiyyat məlumatlarında aydın oldu ki, “superdollarlar” ABŞ-a rəqib dövlətlərin ali rəhbərlərinin xeyir-duası və nəzarəti altında reallaşdırılıb.

Yuxarıda qeyd olunan faktlar müxtəlif ölkələrdə əskinasların həm iqtisadi, həm də siyasi maraqlar naminə kütləvi şəkildə saxtalaşdırıldığını əks etdirir. Eyni zamanda, pulların kiçik emalatxanalarda ayrı-ayrı fərdlər tərəfindən saxtalaşdırılmasına dair faktlar da çoxdur. Dünya üzrə nə qədər saxta dolların dövriyyədə olduğunu dəqiq demək çətindir. Müxtəlif mərkəzlərin verdikləri məlumatlara əsasən hazırda qlobal səviyyədə müştərilərə təxminən 200 milyon saxta dollar təklifi var ki, bu da kifayət qədər böyük həcmdir. Dollardan sonra saxta pul nişanlarının siyahısında funt sterlinq, avro, frank kimi əskinaslar da, necə deyərlər, yüksək yerləri bölüşürlər. Mütəxəssislərin ümumi qənaəti belədir ki, pul vahidlərinin işlənmə arealı genişləndikcə və tələbat artdıqca onların saxtalaşdırılmasına cəhdlər də çoxalır.

Manat dördpilləli mühafizə sisteminə malikdir

Tarixən Azərbaycan ərazisində ayrı-ayrı dövlətlər mövcud olub və müxtəlif adlar altında pul nişanları dövriyyəyə buraxılıb. Azərbaycan ötən əsrin doxsanıncı illərinin əvvəllərində müstəqilliyini bərpa etdikdən sonrakı dövrdə respublikamızın pul vahidlərini 1992-2006-cı illərdə dövriyyədə olan milli valyuta, hazırda dövriyyədə olan manat, eləcə də yubiley və xatirə pul nişanları təşkil edir. Azərbaycan Respublikasının Prezidentinin 7 fevral 2005-ci il tarixli “Azərbaycan Respublikasında pul nişanlarının nominal dəyərinin və qiymətlər miqyasının dəyişdirilməsi (denominasiyası) haqqında” Fərmanına uyğun olaraq 2006-cı ildən etibarən 1 yeni manat 5000 manata bərabər tutulmaqla denominasiya həyata keçirilib, tədavülə yeni nəsil pul nişanları (AZN) buraxılıb. Yeni nümu?əli pul nişanlarının nominal strukturu 7 ədəd kağız pul nişanından (1, 5, 10, 20, 50, 100, 200 manat) və 6 ədəd metal pul nişanından (1, 3, 5, 10, 20, 50 qəpik) ibarətdir. Azərbaycan manatının beynəlxalq ISO kodu 994-dür.

Mərkəzi Bankdan “Yeni Azərbaycan”ın sorğusuna cavab olaraq bildirilib ki, milli valyutada kağız pul nişanlarının mühafizə sistemi qəbul edilmiş ümumi mühafizə fəlsəfəsi əsasında hazırlanıb. Kağız pul nişanlarının mühafizə sistemi 4 pilləli (I, II, III və IV dərəcəli) yaradılıb. Hər nominallı kağız pul nişanlarının əsas fon rəngi mövcuddur və mühafizə elementləri bütün nominallı kağız pul nişanlarında eyni yerlərdə yerləşdirilib. “I dərəcəli mühafizə elementləri xüsusi avadanlıq tələb olunmadan müəyyən edilir və əhali üçün nəzərdə tutulub. II dərəcəli mühafizə elementləri sadə alətlərlə (böyüdücü şüşə və UB lampa) müəyyən edilir və əsasən ticarət müəssisələri üçün nəzərdə tutulub. III dərəcəli mühafizə elementləri yüksək texnologiyalar əsasında hazırlanaraq əsasən bank mütəxəssisləri tərəfindən xüsusi avadanlıqlarla müəyyənləşdirilir. IV dərəcəli mühafizə elementləri yalnız Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən müəyyən edilir.

Metal pul nişanlarının mühafizə sistemi pul nişanlarının yan tərəfində yerləşdirilmiş xüsusi təhlükəsizlik elementindən, dizayn elementlərinin dəqiq cizgilərindən, zərb olunmuş qabarıq səthdən, pul nişanı üçün müəyyən olunmuş texniki göstəricilərdən, o cümlədən diametr, çəki və metal tərkibdən ibarətdir”, - deyə Mərkəzi Bankdan qəzetimizə daxil olan məlumatda bildirilir.

Yaşlı və qadın müştərilər daha tez-tez aldanırlar

Bütün bu kimi ciddi mühafizə elementlərinə baxmayaraq, manat da işbazların maraq dairəsindədir. Zaman-zaman ayrı-ayrı fərdlərin və yaxud qrup halında olan şəxslərin müxtəlif İKT vasitələri üzərindən saxta əskinaslar çap etmələrinə dair faktlar ictimaiyyətin diqqətinə çatdırılır. Açıq deyək ki, saxta pul nişanlarına dövriyyədə də rast gəlinir. Statistik rəqəmləri ümumiləşdirdikdə belə qənaət hasil olur ki, işbazlar daha çox kiçik nominallı pul nişanlarını saxtalaşdırmağa çalışırlar. Ekspertlərin bildirdiklərinə görə, işbazların 1, 5, 10, 20 manatlıq əskinasların saxtalaşdırılmasına meyıllənmələri diqqəti cəlb etməmək məqsədi daşıyır. Alış-veriş zamanı bu əskinasların  qəbuluna xüsusi həssaslıqla yanaşılmır və işbazlar da istəklərinə nail olurlar. Statistika onu da təsdiqləyir ki, saxta pul nişanlarının dövriyyəsi, adətən, alış-verişin pik saatlarında, həmçinin müvafiq cihazların quraşdırılmadığı ticarət obyektlərində baş tutur. Aldanılanlar arasında yaşlı nəslin nümayəndələri və qadınlar üstünlük təşkil edirlər.

Qeyd edək ki, Azərbaycan Respublikasının Mərkəzi Bank haqqında Qanununa əsasən pul nişanlarının saxta olması barədə ekspert rəyini Mərkəzi Bank verir. Məlumatda bildirilir: “Saxta pul nişanlarının tədavüldən çıxarılması, məhv edilməsi və bununla əlaqədar müvafiq tədbirlərin görülməsi qaydaları Mərkəzi Bankın İdarə Heyəti tərəfindən müəyyən edilir. Saxta pul nişanlarının dəyəri ödənilmir və onlar geri qaytarılmır. Bu qayda xarici valyutada olan saxta pul nişanlarına da şamil edilir”.

Pulların saxtalaşdırılması cinayət məsuliyyəti yaradır

Qurumdan bildirilib ki, Mərkəzi Bankda pul nişanlarının ekspertizası üzrə beynəlxalq standartlara cavab verən biznes proseslər yaradılıb və yüksək texnoloji sistemlərlə təchiz olunmuş laboratoriya fəaliyyət göstərir. Mərkəzi Bank tərəfindən saxtakarlığa qarşı mübarizənin effektiv təşkili, milli valyutanın saxtalaşdırılması risklərinin minimallaşdırılması, bu sahədə əhalinin maarifləndirilməsi, habelə nağd pulla əməliyyat aparan mütəxəssislərin ixtisaslaşma səviyyəsinin yüksəldilməsi məqsədilə ölkə ərazisində fəaliyyət göstərən kommersiya bankları, eləcə də pərakəndə ticarət müəssisələri və hüquq mühafizə orqanlarının əməkdaşları üçün xüsusi təlim proqramı əsasında nəzəri-praktik seminarlar təşkil edilir və müvafiq texniki yardımlar göstərilir. Bununla yanaşı, Mərkəzi Bankın Maliyyə savadlılığı Proqramı çərçivəsində ali və orta məktəb tələbələri üçün treyninqlər həyata keçirilir.

Azərbaycan Mərkəzi Bankı saxtakarlığa qarşı mübarizə sahəsində müvafiq dövlət orqanları ilə koordinasiyanın aparılması, pul nişanlarının ekspertizası üzrə həyata keçirilən biznes proseslərin və informasiya axınlarının avtomatlaşdırılması və geniş analitik hesabatlığın formalaşdırılması, saxta pul nişanları üzrə ölkədə vahid məlumat bazasının yaradılması, bu məlumatlara real vaxt rejimində çıxış imkanının əldə olunması, eləcə də manatın mühafizə sisteminin daha da inkişaf etdirilməsi üçün tədqiqat potensialının formalaşdırılması məqsədilə “Saxta Pul nişanlarının Monitorinqi Sistemi”ni yaradıb.

Pul nişanlarının saxtalaşdırılması, əlbəttə ki, cinayət məsuliyyəti yaradır. Dünyanın əksər ölkələrində olduğu kimi, Azərbaycanda da pul nişanlarını saxtalaşdıranlar müvafiq qanunvericilikdə nəzərdə tutulan qaydada cəzalandırılırlar. Bu cəzalar isə kifayət qədər sərtdir. Mərkəzi Bankdan bildirilib ki, pul nişanlarının saxtalaşdırılmasına qarşı mübarizə istiqamətində qurum kredit təşkilatları, aidiyyəti dövlət qurumları, o cümlədən hüquq-mühafizə orqanları, eləcə də, beynəlxalq təşkilatlarla (İnterpol, CBCDG, İCDC və s.) əməkdaşlıq edir. “Azərbaycan Respublikasının Cinayət məcəlləsinə əsasən satış məqsədi ilə saxta pul, qiymətli dövlət kağızları və ya xarici valyuta, yaxud xarici valyutada ifadə olunan qiymətli kağızları hazırlama, habelə əldə etmə və ya satma əmlakı müsadirə olunmaqla və ya olunmamaqla 5 ildən 7 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Eyni əməllər xeyli miqdarda və ya əvvəllər saxta pul və ya qiymətli kağızlar hazırlama, əldəetmə və ya satmağa görə məhkum olunmuş şəxs tərəfindən törədildikdə əmlakı müsadirə olunmaqla 7 ildən 10 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Qeyd olunan əməllər mütəşəkkil dəstə tərəfindən və külli miqdarda törədildikdə əmlakı müsadirə olunmaqla 8 ildən 12 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır”. Mərkəzi Bankın məlumatında belə deyilir.

Əlbəttə, saxta pulların dövriyyəsi arzuedilən bir hal deyil. Bundan daha çox sadə vətəndaşlar əziyyət çəkirlər. Pul dəllallarının fırıldaqları ilə üzləşən vətəndaşlar uzun müddət bunun məyusluğunu, peşmançılığını yaşayırlar. Sonrakı peşmançılıqla üzləşməmək üçün isə pulu qəbul edərkən və ya verərkən ehtiyatlı olmaq lazımdır. Ən doğru seçim isə nəğdsız dövriyyəyə üstünlük verilməsidir.

 

 

 

Paylaş
Baxılıb: 219 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

İqtisadiyyat

İqtisadiyyat

Siyasət

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31