Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İqtisadiyyat / Xarici ticarətdə müsbət saldo

Xarici ticarətdə müsbət saldo

11.12.2021 [10:49]

Mübariz ABDULLAYEV

Bir sıra mənfi amillərin təsirinə, o cümlədən pandemiya dövrünün yaratdığı çətinliklərə baxmayaraq, postmüharibə dövründə Azərbaycan iqtisadiyyatında müsbət meyillər güclənib. Son bir ildə milli iqtisadiyyatımızda bərpa prosesi ötən hər ayda daha da genişlənib. Əlamətdar haldır ki, müşahidə edilən bu müsbət meyillər müxtəlif istiqamətləri əhatə edir.

Nə qədər məhsul idxal-ixrac etmişik?

Beynəlxalq metodologiyada ölkənin iqtisadiyyatının durumu bir sıra mühüm parametrlər üzrə göstəricilər əsas götürülməklə dəyərləndirilir. Bu göstəricilər sırasında ölkələrin qiymətləndirilən dövr ərzində həyata keçirdiyi idxal və ixrac əməliyyatlarının nisbəti - ticarət saldosu da yer alır. Azərbaycana gəldikdə, 2021-ci ilin əvvəlindən bu göstərici müsbət olub. Cari ilin yanvar-oktyabr aylarında Azərbaycan xarici ölkələrlə 26 182,7 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Dövlət Gömrük Komitəsinin açıqladığı məlumata əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 24,7% çoxdur. İlin arxada qalan 10 ayında ölkəmizin xarici ticarətinin 16 848,9 milyard dolları ixracın, 9 333,8 milyard dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 37,7%, idxal isə 6,4 % artıb. Nəticədə, xarici ticarətdə 7,515 milyard dollarlıq müsbət saldo yaranıb. Bu, illik müqayisədə 2,2 dəfə çoxdur. Daha bir müsbət məqam ondan ibarətdir ki, il ərzində Azərbaycanın xarici ticarət saldosu bütün aylarda müsbət olub və ən yaxşı göstəricilər ixracın pik həddə çatdığı aprel ($1 227.64 mln.), iyul ($1 675.04 mln.) və oktyabrda ($1 229.13 mln.) müşahidə olunub.

Müharibədən çıxan bir ölkədə idxal-ixrac əməliyyatlarında müsbət saldoya nail olunması Azərbaycan iqtisadiyyatı üçün kifayət qədər etibarlı “təhlükəsizlik yastığı” yaradıldığını təsdiqləyir. Əvvəlki dövrdə respublikamızda iqtisadi inkişaf üçün zəruri olan bütün şərtlərin təmin edilməsi, yeni çağırışlarla adekvatlıq təşkil edən islahatların reallaşdırılması, xüsusilə də idarəetmənin təkmilləşdirilməsi və investisiya təminatının gücləndirilməsi hazırkı müsbət reallığın təməlində dayanan əsas amillərdir.

Çeşid artır

Bəhs olunan dövrdə respublikamız xarici bazarlara   14 795 280.59 min ABŞ dolları həcmində neft-qaz məhsulları çıxarıb. Azərbaycanın Xəzərdə zəngin enerji resurslarına malik olduğunu nəzərə alsaq, ölkəmizin ixracının böyük hissəsini neft-qaz məhsullarının təşkil etməsi təbiidir. Ölkəmiz bu sahədə ənənələrini davam etdirir. Diqqəti çəkən əsas məqam isə ölkəmizdən qeyri-neft məhsullarının ixracının artım dinamikasıdır.  Son 18 ildə respublikamızda neft gəlirləri məqsədyönlü şəkildə neftdənkənar iqtisadiyyatın qurulmasına istiqamətləndirilib. Bu da öz bəhrəsini verir. Ölkəmizdən ixracın strukturunda qeyri-neft sektoruna aid məhsulların həcmi getdikcə artır. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin dərc etdiyi “İxrac icmalı”nın dekabr sayında yer alan məlumatlara əsasən,  2021-ci ilin 11 ayı ərzində Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 2,4 mlrd. ABŞ dolları təşkil edib. Qeyri-neft sektoru üzrə ixrac 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 720,8 mln. ABŞ dolları və ya 44% artıb ki, bu da kifayət qədər böyük rəqəmdir.

Qeyri-neft sektorundan ixrac olunan məhsulların çeşidi də rəngarəngdir. 2021-ci ilin 11 ayı ərzində ölkəmizdən meyvə-tərəvəz məhsullarının ixracı  ötən ilin eyni dövrü ilə müqayisədə 258,8 min ABŞ dolları artaraq 549,8 milyon ABŞ dolları təşkil edib. Müvafiq dövr ərzində qeyri-neft ixracında pambıq iplik 3,4 dəfə, qara metallar və onlardan hazırlanan məmulatlar 2,3 dəfə, kimya sənayesi məhsulları 2,7 dəfə, pambıq lifi 70,2%, şəkər 29,8%, alüminium və ondan hazırlanan məmulatlarda isə 69,3% artım qeydə alınıb. Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib ki, yenilənmiş proqnozlara görə, bu il respublikamızda qeyri-neft məhsullarının ixracı rekord həddə çataraq 2,6 milyard dolları ötəcək.

İxrac coğrafiyası genişlənir

Ölkəmizin ixrac coğrafiyasının genişlənməsi də təqdirəlayiq haldır. Bu fakt Azərbaycanın keyfiyyətli məhsullarına beynəlxalq səviyyədə inamın artmasının göstəricisidir. Respublikamızdan Avropa İttifaqı (Aİ) ölkələrinə məhsul ixracının artması məmnunluq doğurur. Azərbaycan Aİ-yə üzv olan 9 dövlətlə strateji tərəfdaşlıq haqqında müqavilələr imzalayıb. 2021-ci ilin yanvar-oktyabr aylarında ölkəmizdən  Avropa İttifaqına üzv dövlətlərə 9 milyard 708,7 milyon ABŞ dolları dəyərində məhsul ixrac edilib. Dövlət Gömrük Komitəsinin məlumatına əsasən,  bu göstərici 2020-ci ilin müvafiq dövrünə nisbətən 3 milyard 563,3 milyon dollar çoxdur. Bəhs olunan dövrdə Aİ ölkələrindən Azərbaycana idxal edilən məhsulun dəyəri isə 1 milyard 769,6 milyon dollar təşkil edib.

Azərbaycanın xarici ticarətində MDB ölkələrinin xüsusi çəkisi var. Uzun illər boyu keçmiş ittifaqın tərkibində yer alan bugünkü müstəqil dövlətlər inteqrasiya əlaqələrini davam etdirirlər. Cari ilin yanvar-oktyabr aylarında Azərbaycan MDB ölkələri arasında ən çox Rusiyaya məhsul ixrac edib. Sonrakı yerləri Ukrayna və Belarus tutur. 2021-ci ilin 10 ayında respublikamızdan Rusiyaya ixrac olunan məhsulların dəyəri 696,9, Ukraynaya 421,5, Belarusa isə 233,2 milyon ABŞ dollar təşkil edib.

Yanvar-oktyabr aylarında Azərbaycanın ən çox ticarət əməliyyatları apardığı Körfəz ölkələri sırasında ilk üçlükdə İran, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Səudiyyə Ərəbistanı qərarlaşıb. Bəhs olunan dövrdə ölkəmizin İranla ticarət dövriyyəsinin dəyəri 337,2, BƏƏ ilə 36,2, Səudiyyə Ərəbistanı ilə 15,8 milyon dollar olub. Hər üç ölkə ilə ticarət dövriyyəsi 2020-ci ilin müvafiq dövrünə nisbətən artıb.

Azərbaycan özünün ən böyük ticarət tərəfdaşlarından olan qardaş Türkiyə ilə idxal-ixrac əməliyyatlarında da müsbət saldoya malikdir. Cari ilin yanvar-oktyabr aylarında Azərbaycanın Türkiyə ilə apardığı ticarət mübadiləsinin həcmi 3,498 mlrd. ABŞ dollar təşkil edib. Bunun 2,010 mlrd. dolları ixracın, 1,488 mlrd. dolları isə idxalın payına düşüb.  Nəticədə Azərbaycanın Türkiyə ilə ixrac-idxal əməliyyatlarında ölkəmizin xeyrinə 526,186 mln. dollarlıq müsbət saldo yaranıb.

Bütövlükdə, xarici ticarətdə müsbət saldo həyata keçirilən uğurlu iqtisadi siyasətin real və səmərəli nəticəsidir.

 

 

 

Paylaş
Baxılıb: 173 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Xəbər lenti

YAP xəbərləri

Xəbər lenti

Sabah qar yağacaq

26 Yanvar 13:40

Sosial

İqtisadiyyat

Neft ucuzlaşıb

26 Yanvar 10:24

Müsahibə

MEDİA

Gündəm

Sosial

Müsahibə

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31