Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İqtisadiyyat / Hansı rayonlar birləşdiriləcək?

Hansı rayonlar birləşdiriləcək?

15.12.2021 [10:08]

Bu məsələ AMEA-nın Coğrafiya İnstitutunun  səlahiyyətində olmasa da...

Respublikamızın inzibati ərazi bölgüsünə yenidən baxıla bilər

İlhamə Rəsulova

Azərbaycan Milli Elmlər Akademiyasının Coğrafiya İnstitutu Azərbaycanda bəzi rayonların ləğv edilməsini təklif edir. İnstitutun baş direktoru Zakir Eminov bildirib ki, mövcud şəraitdə rayonlarda icra hakimiyyəti strukturları, demək olar ki, heç bir iş görmürlər. “Hansı inzibati rayonda hansı işi görmək lazımdır ki, rayonun mərkəzi hökumətdən dotasiyası az olsun... Yeni müəssisələrin tikilməsi, xidmət sahələrinin yaradılması lazımdır. Yalnız mərkəzi hökumət nəyə icazə verir, nəyə pul ayırır, bunun üçün işləyirlər. Ərazi bölgüsünün problemi yoxdur, idarəetmədə problemlər var. Sədərək rayonunda cəmi 3, Xızı rayonunda 6-7, yeni yaradılan Kəngərli rayonunda 7 kənd var. Məsələn, Lerik rayonunda 161 kənd var, amma kəndlərin əhalisinin sayı azdır. Samux, Xızı, Qobustan, Sədərək rayonlarının xırda bölgüsünə ehtiyac yoxdur. Onlar iqtisadi cəhətdən özünü doğrultmur, çünki bu rayonların idarə olunması üçün dövlət tərəfindən kifayət qədər vəsait işlənir. Belə halda onları birləşdirmək olar. Azərbaycanda 14 iqtisadi rayon ayrılıb, onların bəziləri kifayət qədər böyükdür. Həmin rayonlar vilayət və ya əyalət kimi ola bilər. İdarəetmə strukturunu təkmilləşdirmək, bəzi rayonların ləğv edilməsi məsələsinə baxmaq lazımdır”, - baş direktor vurğulayıb.

 “Yeni Azərbaycan”a danışan Milli Məclisin deputatı Nəsib Məhəməliyev deyib ki, bu məsələ AMEA-nın Coğrafiya İnstitutunun  səlahiyyətində olmasa da, deyilənlərdə həqiqət payı var: “Rayonların inzibati ərazilərinin formalaşdırılması daha çox həmin regionların sosial-iqtisadi potensialı,  əhalinin məşğulluq səviyyəsi, təbii resursları əsasında aparılır. Bu məsələdə çox dərin iqtisadi, texniki analiz aparılmalıdır, mövcud şəraiti nəzərə alaraq, addımlar atılmalıdır”.

Millət vəkili qeyd edib ki, mövcud əsasnaməyə görə, icra başçılarının səlahiyyətləri çox məhduddur: “Mərkəzi icra orqanlarının hər birinin regionlarda regional idarələri  mövcuddur və onlar bu regional idarələr vasitəsilə idarə olunur. Belə olan halda, yerli icra hakimiyyətlərinin əlində səlahiyyətlər kifayət qədər az qalır. Yüksəkkeyfiyyətli kadrların olmamasını, səlahiyyət məhdudiyyətini nəzərə alaraq, bu məsələyə baxmaq olar. Cənab Prezident cari ilin  iyulun 7-də “Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü haqqında” Fərman imzalayıb. 14 iqtisadi zona formalaşdırılıb. 14 iqtisadi inkişaf zonasında regional idarəetmə sistemləri yaradıla bilər. Türkiyədə valilik institutu mövcuddur. Kommunal xarakterli  məsələlərin yerli özünüidarəetmə orqanlarına verilməsinin tərəfdarıyam. Hesab edirəm ki, bu halda daha çox irəliləyişə nail olmaq mümkündür. Təbii ki, dövlət idarəetmə sistemindəki struktur dəyişikliklərinin davam etdirilməsinə müsbət baxıram. Təqdirəlayiq addımdır. Nəzərə almaq lazımdır ki, əvvəlki illərdən fərqli olaraq son 2 ildə 40-dan çox rayona mərkəzləşmiş qaydada dotasiya verilmir.  Hesab edirəm ki, əgər konkret ərazi, torpaq, təbii resurslar mövcuddursa, şərait yaratmalıyıq ki, həmin ərazi öz təbii və əmək resursları  sayəsində inkişaf etsin, mərkəzdən maliyyə asılılığı azalsın. Bu, daha yaxşı variant olardı. Mən yerli büdcələrin mərkəzdən maliyyə asılılığının maksimum şəkildə azaldılmasının tərəfdarıyam. Bu istiqamətdə iş davam etdirilməlidir”, - deyə o qeyd edib.

Millət vəkili, həmçinin bir çox bələdiyyələrin  də birləşdirilməsinin daha məqsədəuyğun olacağını dilə gətirib: “Özünü doğrultmayan, özünü maliyyələşdirmək imkanı olmayan çoxlu sayda bələdiyyələr var. Mən  hesab edirəm ki, onların birləşdirilməsi rentabelliyin artmasına xidmət edərdi. Rayonların daxilində xırda bələdiyyələr var. Məsələn, bir-birinə çox yaxın yerləşən, əhalisi az olan kəndlərin bələdiyyələrinin də birləşdirilməsi müsbət nəticələr verərdi. Mən İsveç nümunəsini göstərmək istərdim. Təxminən Azərbaycanın əhalisi qədər əhalisi var. Ölkənin 270 bələdiyyə orqanı mövcuddur. Özlərini maliyyələşdirir, ayaqda saxlaya bilirlər. Bu mənada, özünü doğrultmayan bələdiyyələrin də birləşdirilməsi iqtisadi cəhətdən faydalı olardı”.

İşğaldan azad olunmuş ərazilərin bərpası ilə bağlı Strateji Fəaliyyət Planı çərçivəsində infrastrukturun yenidən qurulmasına dair layihələrin icrasına artıq başlanıb. Artıq 7 rayonun hamısında, eləcə də Hadrut və keçmiş Ağdərə rayonunun işğaldan azad edilmiş məntəqələrində yol və elektrik enerjisi infrastrukturunun bərpası və tikintisi geniş vüsət alıb. Ərazilərin bərpası ilə bağlı ən çox müzakirə olunan məsələlərdən biri - kiçik kəndlərin birləşdirilməsinin meyar və prinsipləri də artıq bəllidir. Kəlbəcərdə, Laçında həyata keçiriləcək layihələrdə kiçik kəndlərin birləşdirilməsi nəzərdə tutulub.

Kiçik kəndlərin birləşdirilməsi ucqar zonalarda yerləşən yaşayış məntəqələrinə aiddir, yol və digər kommunikasiyalara yaxın ərazilərdə yerləşən kəndlər öz yerində qalır. 124 kənddən yalnız 56-sı yenidən qurulacaq. İri yaşayış məntəqələrinə birləşdiriləcək kəndlərin siyahısı da diqqət çəkən məqamlardandır. Belə ki, birinci növbədə bərpa olunacaq 13 yaşayış məntəqəsindən 9-u kiçik kəndlərin birləşdirilməsi hesabına bir az da böyüyəcək.

Azad olunmuş ərazilərin ölkəmizin iqtisadiyyatına reinteqrasiyası digər iqtisadi rayonlar, o cümlədən Gəncə-Qazax və Aran iqtisadi rayonları üzrə planlaşdırma işinin səmərəliliyinin artırılmasını, iqtisadi idarəetmədə çevikliyin təmin olunmasını və bu məqsədlə həmin iqtisadi rayonların tərkibinə də yenidən baxılmasını tələb edir. İşğaldan azad edilmiş rayonların bərpası yeni məsuliyyət, yeni iqtisadi resursların cəlb olunması deməkdir. Bu həm də o deməkdir ki,  bərpaya ayrılan resurslar digər rayonlarımızın iqtisadi vəziyyəti üçün problem, yük  yaratmamalıdır. Ekspertlərin qeyd etdikləri kimi, kiçik rayonların birləşdirilərək daha səmərəli idarə olunması həm iqtisadi, həm də sosial cəhətdən faydalı olar.

 

 

Paylaş:
Baxılıb: 826 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Siyasət

Xəbər lenti

Sosial

Tarix bəlli oldu...

16 Aprel 10:33

İqtisadiyyat

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30