Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İqtisadiyyat / Azərbaycan-Türkiyə-Gürcüstan iqtisadi üçbucağı

Azərbaycan-Türkiyə-Gürcüstan iqtisadi üçbucağı

16.12.2021 [10:07]

Mübariz ABDULLAYEV

Azərbaycan müstəqillik tarixində Ermənistan istisna olmaqla, bütün region dövlətləri ilə sıx iqtisadi partnyorluq münasibətləri qurub. İkitərəfli və çoxtərəfli platformalarda inkişaf edən bu münasibətlər qarşılıqlı maraqlara əsaslanır və bütün tərəflərə fayda gətirir. Bu səpkidə Azərbaycan, Gürcüstan və Türkiyə arasında formalaşan iqtisadi əməkdaşlıq əlaqələri xüsusilə diqqət çəkir. Yeri gəlmişkən, dekabrın 14-də Bakıda baş tutan Azərbaycan-Gürcüstan-Türkiyə biznes forumunda üç ölkə arasında iqtisadi tərəfdaşlıq münasibətlərinin hazırkı yüksək səviyyəsindən məmnunluq ifadə olunub, eyni zamanda, perspektivlə bağlı hədəflər müzakirə edilib.

Qarşılıqlı inam yüksək səviyyədə...

Azərbaycan, Gürcüstan və Türkiyə arasında münasibətlərdən bəhs edərkən, ilk növbədə, siyasi dialoqun yüksək səviyyəsinə diqqət çəkmək lazımdır. Üç ölkə arasında siyasi dialoq prezidentlər və parlament rəhbərləri, həmçinin digər səviyyələrdə birmənalı şəkildə dəstəklənir. Qonşu dövlətlər müxtəlif beynəlxalq platformalarda əksər hallarda bir-birlərinin maraqlarını müdafiə edirlər. Üçtərəfli iqtisadi əlaqələr də siyasi dialoqun yüksək səviyyəsinə adekvat qurulub. Deyə bilərik ki, Xəzər və Qara dəniz hövzələrini əhatə edən geniş coğrafiyada Azərbaycan, Türkiyə və Gürcüstan iqtisadi üçbucağı formalaşıb.

İndiyədək üç ölkənin birgə təşəbbüslərlə reallaşdırdıqları enerji, nəqliyyat layihələri regional və qlobal əməkdaşlıq baxımından xüsusi önəm daşıyır. Bu sırada 1999-cu ildə istifadəyə verilən Bakı-Supsa neft kəməri bir ilkdir. Bununla Bakı-Novorossiysk xəttinə alt?rnativ ixrac boru kəməri yaradıldı. 2005-ci ??də əsas ixrac kəmərinin - Bakı-Tbilisi-Ceyhanın açılışı baş tutdu. Artıq 15 ildir ki, BTC Xəzər neftçilərinin xidmətindədir. 2007-ci ildə  Xəzərin Azərbaycan sektorundakı “Şahdəniz” qaz-kondensat yatağından hasil edilən təbii qaz Bakı-Tbilisi-Ərzurum qaz boru kəməri ilə Türkiyənin “mavi yanacaq” şəbəkəsinə daxil oldu. Uzunluğu 690 kilometr olan Bakı-Tbilisi-Ərzurum kəməri 20 milyard kubmetrədək qazı nəql etmək gücünə malikdir. Nəhayət, Azərbaycanın moderatorluğu və Türkiyə ilə Gürcüstanın, digər tərəfdaş dövlətlərin fəal iştirakı ilə inşa olunan Cənub Qaz Dəhlizi ötən ilin dekabrında istifadəyə verildi. Dörd mühüm seqmentdən ibarət olan bu dəhlizlə Azərbaycan qazı qonşu ölkələrdən keçməklə Avropanın mərkəzi ölkələrinə çatdırılır.

Azərbaycan, Gürcüstan və Türkiyənin birgə səylərlə reallaşdırdıqları digər regional və qlobal əhəmiyyətli layihə nəqliyyat sektoruna aiddir. Söhbət 2017-ci ildə inşası tamamlanan Bakı-Tbilisi-Qars dəmir yolundan gedir. Azərbaycanın təşəbbüsü və böyük həcmlərdə investisiya yönəltməsi sayəsində ərsəyə gələn BTQ Avrasiyada ən qısa nəqliyyat bağlantısıdır. Təsadüfi deyildir ki, bu marşrutun funksionallığı getdikcə artır. Mütəxəssislərin də bildirdikləri kimi,  BTQ qısa müddətdə Azərbaycan, Türkiyə, Qazaxıstan,  Gürcüstan, Özbəkistan, Türkmənistan, Qırğızıstan, Rusiya və Çin arasındakı yük daşımaları və logistika baxımından təhlükəsiz fəaliyyət göstərən çox mühüm nəqliyyat bağlantısına çevrilib. Ümumilikdə, indiyədək Bakı-Tbilisi-Qars dəmir yolu vasitəsilə təqribən 1,3 milyon ton həcmində yük daşınıb.

Üç ölkə arasında qarşılıqlı inam yüksək səviyyədədir. Bunun nəticəsidir ki, yuxarıda bəhs olunan layihələrin icrasında indiyədək hər hansı bir fikir ayrılığı yaşanmayıb.

Aparıcı investorlar

Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Natia Turnava Bakının ev sahibliyi etdiyi  biznes forumda bildirib ki,  Azərbaycan və Türkiyə Gürcüstan üçün aparıcı investorlardır. Onun sözlərinə görə, hazırda Gürcüstanda Azərbaycan və Türkiyə sərmayəsi ilə qurulan 1000-dək şirkət fəaliyyət göstərir.

Azərbaycanla Gürcüstanın ikitərəfli münasibətləri də yüksək səviyyədədir. Ölkəmiz Gürcüstanın ticarət tərəfdaşları arasında ön sıralarda qərar tutur. 2021-ci ilin yanvar-oktyabr aylarında Azərbaycan ilə Gürcüstan arasında ticarət dövriyyəsi 33 faiz artıb. Bu barədə forumda Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov məlumat verib. Nazir qeyd edib ki, Azərbaycan Gürcüstana ən çox sərmayə yatıran ölkələrdən biridir. İndiyədək ölkəmiz Gürcüstana 3,3 milyard dollar investisiya yönəldib. Dost ölkənin ayrı-ayrı şəhərlərində Azərbaycan şirkətlərinin sərmayələri ilə çoxsaylı layihələr reallaşdırılır. Milli şirkətlərimiz bu ölkənin tikinti və xidmət sektorlarında böyük inam qazanmağa müvəffəq olublar. Enerji sektoru əməkdaşlığın prioritet istiqamətini təşkil edir. Hazırda dost ölkədə SOCAR brendi ilə çoxsaylı yanacaqdoldurma məntəqələri fəaliyyət göstərir. Azərbaycan şirkəti Gürcüstanın “mavi yanacaq” təchizatı şəbəkəsində böyük paya sahibdir. Gürcüstan Neft İdxalatçıları Birliyinin məlumatına əsasən  cari ilin yanvar-noyabr aylarında bu ölkə Azərbaycandan 194,5 min ton yanacaq alıb. Bu həcm Gürcüstanın ümumi mal idxalının 18,7 faizini təşkil edib.

Qarşılıqlı investisiya qoyuluşu artır

Azərbaycanla qardaş Türkiyə arasında münasibətlər bütün sahələrdə zirvədədir. Dünyada elə bir iki ölkə yoxdur ki, Azərbaycan və Türkiyə qədər bir-birlərinə yaxın olsunlar. İki ölkə arasında cari ildə Şuşa Bəyannaməsinin imzalanması ilə strateji tərəfdaşlıq münasibətləri keyfiyyətcə yeni mərhələyə yüksəlib.  Eyni zamanda, ölkələrimiz arasında qarşılıqlı investisiya qoyuluşunu və ticarət dövriyyəsini artırmaq üçün möhkəm hüquqi baza mövcuddur. Belə ki, indiyədək Azərbaycanla Türkiyə arasında iqtisadi əməkdaşlığın perspektiv inkişafını özündə ehtiva edən bir sıra sənədlər imzalanıb. COVID-19 pandemiyasının mənfi təsirlərinə baxmayaraq, Azərbaycan və Türkiyə arasında ikitərəfli ticarət əlaqələri 2020-ci ildə əvvəlki illə müqayisədə 14 faiz artaraq 4,6 milyard dollara çatıb. Ölkələrimiz qarşıya 2023-cü ilədək ticarət dövriyyəsinin həcmini 15 milyard dollara çatdırmaqla bağlı real hədəf qoyublar.

Azərbaycanlı iş adamları qardaş ölkədə yüksək fəallıq nümayiş etdirirlər. Hazırda Türkiyədə Azərbaycan kapitallı 2 minə yaxın şirkət fəaliyyət göstərir. Azərbaycandan yönəldilən 6,3 milyard dollar sərmayə hesabına Türkiyənin İzmir şəhərinin Əliağa rayonunda nəhəng “Star” neft emalı müəssisəsinin yaradılması dost ölkələrin qarşılıqlı inamının növbəti təcəssümüdür. Müəssisə 2018-ci ildə işə salınıb. Verilən məlumata görə, 2024-cü ildən “Star” neft emalı zavodunun istehsal həcmi 115 faiz proqnozlaşdırılır.

Eyni zamanda, qardaş ölkə də Azərbaycanda investisiya fəallığını getdikcə artırır. Forumda bildirildiyi kimi, Türkiyə şirkətləri Azərbaycanda 15,4 milyard dollar həcmində podrat layihələrini reallaşdırıblar. “Türkiyə şirkətləri Azərbaycanda 455 podrat layihəsi reallaşdırıblar. Üçüncü ölkələr vasitəsilə sərmayələr daxil olmaqla, Türkiyənin Azərbaycana yönəltdiyi investisiyalarının ümumi məbləği 12 milyard dollara çatır”, - deyə Türkiyənin ticarət naziri Mehmet Muş biznes forumda vurğulayıb.

Perspektivlə bağlı planlar genişdir

Hər üç ölkənin perspektivdə iqtisadi əlaqələrin dərinləşdirilməsi ilə bağlı planları genişdir. Bunu forum çərçivəsində imzalanan sənədlər də təsdiqləyir. Qeyd edək ki, forum çərçivəsində AZPROMO və Gürcüstan Ticarət və Sənaye Palatası (GCCİ), Azərbaycan Ticarət və Sənaye Palatası ilə GCCİ, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi ilə Azərbaycanlı İş Adamları Birliyi, Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi ilə Türkiyə Metal Sənayeçiləri Sendikası arasında anlaşma memorandumları, həmçinin “AzŞəkər” və “Aqrobay Qrup” arasında razılaşma memorandumu imzalanıb. Şübhə yoxdur ki, imzalanan bu 5 sənəd ölkələrimiz arasında əməkdaşlıq əlaqələrinin genişlənməsinə öz müsbət təsirini göstərəcək.

 

Paylaş
Baxılıb: 188 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Sosial

Boşluq, ya bozluq?

18 Yanvar 10:50

Sosial

Gündəm

Reallıqlar dəyişmir

18 Yanvar 10:01

Gündəm

Hər şey vaxtında!

18 Yanvar 09:46

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31