Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İqtisadiyyat / İqtisadi və sosial siyasətimiz bir-birini tamamlayır

İqtisadi və sosial siyasətimiz bir-birini tamamlayır

14.01.2022 [10:14]

M.ABDULLAYEV

Azərbaycan bir sıra spesifik cəhətləri ilə fərqlənən uğurlu sosial-iqtisadi inkişaf modelinə malik olan ölkədir. Respublikamızda son 18 ildə Prezident İlham Əliyevin siyasi iradəsi əsasında davamlı şəkildə reallaşdırılan yeni nəsil islahatlar iqtisadiyyatın dinamik inkişafını təmin edib. Qısa zaman kəsiyində Azərbaycanın iqtisadi müstəqilliyə nail olması böyük uğurdur. Bu gün ölkəmiz heç kimdən, heç bir beynəlxalq maliyyə qurumundan asılı deyil, əksinə, özü daxildə olduğu kimi, xaricdə də fəal investisiya siyasəti həyata keçirir.

Azərbaycanın inkişaf modelinin ən səciyyəvi cəhətlərindən biri ondan ibarətdir ki, ölkəmizdə iqtisadi və sosial siyasətin adekvatlığı təmin edilir. Belə ki, respublikanın iqtisadi-maliyyə imkanları artdıqca sosial sferada əhalinin rifah halının yaxşılaşmasını hədəfləyən təşəbbüslərin miqyası da genişlənir. Prezident İlham Əliyev yanvarın 12-də yerli televiziya kanallarına verdiyi geniş müsahibəsində ölkəmizi fərqləndirən bu cəhətə diqqət çəkərək vurğulayıb ki, bizim, ümumiyyətlə, iqtisadi və sosial sahədə siyasətimiz bir-birini tamamlayır.

Qeyri-neft sənayesində dünyada ən yüksək göstərici

Bəhs olunan müsahibədə Prezident İlham Əliyev artıq tarixdə qalan 2021-ci ilin iqtisadi yekunlarına diqqət çəkib və müxtəlif istiqamətlərdə qazanılan uğurlardan məmnunluğunu bildirib. Yeni növ koronavirus pandemiyası ilə müşayiət olunan 2021-ci il qlobal iqtisadiyyat üçün çətin keçib. Bu da pandemiyanın fəsadları ilə bağlıdır. Pandemiya səbəbindən qapanmalar dünyada iqtisadi fəallığa, ölkələrin gəlirlərinə mənfi təsir göstərib. Təsadüfi deyildir ki, qlobal pandemiyanın yaratdığı çətinliklər qarşısında artan xərclərini qarşılaya bilməyən 150-dən çox ölkə kömək üçün Beynəlxalq Valyuta Fonduna və Dünya Bankına müraciət etmək, hətta özlərinin sosial xərclərini ixtisara salmaq məcburiyyətində qalıb. Ekspertlərin qənaətinə görə bir sıra ölkələrə iqtisadiyyatlarını bərpa etmək üçün uzun zaman kəsiyi lazım gələcək.

Azərbaycan isə həm pandemiyanın, həm də 44 günlük müharibənin yaratdığı çətinlikləri daha asan və fəsadlarsız dəf etməyə nail oldu. Ölkəmiz heç kimdən kömək istəmədi, əksinə, özü donor qismində çıxış etdi.  Müsahibədə də vurğulandığı kimi, 2021-ci ildə Azərbaycan iqtisadiyyatı bərpa dövrünü keçdi. Pandemiya şəraitini və ölkəmizin müharibədən təzə çıxmasını nəzərə alsaq, respublikanın bərpa prosesini uğurla keçməsi və inkişafa istiqamətlənməsi milli iqtisadiyyatımızın rəqabət qabiliyyətinin, “təhlükəsizlik yastığı”nın kifayət qədər güclü olduğunu bir daha təsdiqləyir. Prezident İlham Əliyev bəhs olunan müsahibəsində diqqəti faktlara çəkib. “İqtisadi artım 5 faizdən çoxdur. Bu, çox gözəl göstəricidir, xüsusilə müharibədən çıxmış ölkə üçün. Ən sevindirici hal odur ki, qeyri-neft iqtisadiyyatımız 7,2 faiz artıb. Bu, onu göstərir ki, qeyri-neft sektorunun inkişafı ilə bağlı bizim bütün planlarımız həyatda öz əksini tapır”, - deyə dövlətimizin başçısı vurğulayıb.

Son illərdə Azərbaycanın ən yaxşı iqtisadi inkişaf göstəriciləri qeyri-neft sənayesində qeydə alınır. Bu da onunla bağlıdır ki, Prezident İlham Əliyev respublikamızda müasir texnologiyalara və yeni yanaşmalara əsaslanan sənaye quruculuğuna güclü siyasi iradə göstərir. Dövlət dəstəyinin məntiqi nəticəsidir ki, qısa müddətdə respublikamızda bir neçə iri sənaye parkı yaradılıb. Azərbaycanın müdafiə təyinatlı sənaye quruculuğuna nail olması, dünyanın kosmik ailəsində yerini möhkəmlətməsi qürurverici haldır. Hazırda respublikamızın sənaye xəritəsi regionlara doğru genişlənir. Respublikamızda qeyri-neft sənayesində son illərin uğurlu inkişaf ənənəsi 2021-ci ildə də davam edib. Bunu məmnunluq hissi ilə nəzərə çatdıran dövlətimizin başçısı “Sənaye istehsalına gəldikdə, həm ümumi sənaye istehsalımız 5 faizdən çox artıb, həm də qeyri-neft sənayemiz 20 faizə yaxın artıb. Hesab edirəm ki, bu, dünya miqyasında bəlkə də ən yüksək göstəricidir. Çünki biz neft amilini kənara qoysaq, real iqtisadi və sənaye artımı məhz bu rəqəmdə özünü əks etdirir”, - deyə bildirib.

İl ərzində qeyri-neft sektorunda istehsal həcmlərinin artması ixraca da öz müsbət təsirini göstərib. 2021-ci ildə Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 2,7 milyard dollar təşkil edib. Qeyri-neft sektoru üzrə ixrac 2020-ci illə müqayisədə 870 milyon dollar və ya 47,2 faiz artıb. “Bizim ixracımızla bağlı planlarımız həyata keçirilir. Qeyri-neft ixracımız 40 faizdən çox artıb. Bu, imkan verir ki, biz valyutanı təkcə neft-qaz hesabına yox, eyni zamanda, digər məhsullar hesabına ölkəmizə gətirək”, - deyə Prezident İlham Əliyev vurğulayıb.

Artan valyuta ehtiyatları

Biz yuxarıda pandemiya şəraitində ayrı-ayrı ölkələrin ağır maliyyə çətinlikləri ilə üzləşmələrindən bəhs etdik. Azərbaycan isə dünyanın nadir ölkələrindəndir ki, arzu­olunmaz qlobal təsirlər şəraitində də özünün valyuta ehtiyatlarını artırmağa nail olur. Ölkəmiz Prezident İlham Əliyevin göstərişlərinə uyğun olaraq valyuta ehtiyatlarının azalmasına imkan vermir. Öz növbəsində kifayət qədər maliyyə vəsaitlərinə malik olması respublikamızın özünəinam hissini artırır. Güclü iqtisadi-maliyyə imkanlarına güvənən Azərbaycan dövləti ölkəmizin, xalqımızın milli maraqlarını qətiyyətlə qoruyur və qarşıya qoyulan hədəflərə çatılmasını təmin edir. “Bizim valyuta ehtiyatlarımız artıb, baxmayaraq ki, keçən il böyük xərclərimiz olub. Xüsusilə Qarabağ və Şərqi Zəngəzur bölgələrində və ölkəmizin digər yerlərində investisiya proqramı tam icra edilmişdir. Buna baxmayaraq, valyuta ehtiyatlarımız 2,5 milyard dollar artıb. Bildiyiniz kimi, mənim hökumətə ümumi göstərişim ondan ibarət idi ki, biz valyuta ehtiyatlarının azalmasına imkan verməməliyik. Əgər lazım olarsa, xərcləri, xüsusilə investisiya xərclərini bir qədər azaldıb, amma valyuta ehtiyatlarımızı sabit saxlamalıyıq və çalışmalıyıq ki, artıraq. Çünki bu, bizə iqtisadi müstəqillik verir və iqtisadi müstəqillik olmadan, siyasi müstəqillikdən danışmaq mümkün deyil”.

Xarici ticarətdə müsbət saldo

Azərbaycan dünyanın azsaylı ölkələrindəndir ki, xarici ticarətdə müsbət saldoya malikdir. Müsahibədə də bildirildiyi kimi, dünyanın əksər ölkələrində idxal ixracı üstələyir. Azərbaycanın isə  xarici ticarət balansının saldosu müsbətdir. 2021-ci ilin yekununda respublikamızın xarici ticarətində müsbət saldo 10 milyard dollardan çox olub. İqtisadiyyatla məşğul olan hər bir adam bunun nə dərəcədə əhəmiyyətli olmasını başa düşür. Müsbət saldonun belə yüksək rəqəmlə ifadə olunmasının əhəmiyyətinə diqqət çəkən Prezident İlham Əliyev deyib: “Əlbəttə ki, ilk növbədə, manatın sabit qalmasına bunun ən böyük təsiri var. Uzun illər ərzində manat sabitdir və həm ölkə əhalisi bundan faydalanır, həm də manata inam böyük dərəcədə artıb. Manat depozitlərinin həcmi artır və ümumi depozitlərin balansında artıq üstünlük təşkil edir. Bunun investorlar üçün də çox böyük faydası var. Çünki investorlar da görürlər ki, milli valyuta sabitdir. Belə olan halda investisiyalar, o cümlədən xarici investisiyalar daha böyük həcmlə təşkil oluna bilər”.

Azərbaycan xalqı əmin ola bilər ki...

Ötən ili həm də ölkəmizdə sosial məzmunlu islahatlar ili kimi səciyyələndirmək mümkündür. Respublikamızda sosial sahəyə həmişə xüsusi diqqət göstərilir. Azərbaycanın ardıcıllıqla həyata keçirdiyi siyasətin, ilk növbədə, insan amilinə əsaslandığını deyən Prezident İlham Əliyev vurğulayıb: “Prinsip etibarilə bizim siyasətimizin təməlində, mərkəzində insan amili olduğu üçün daim sosial sahəyə xüsusi diqqət göstərilir. Həm maaşların, pensiyaların, təqaüdlərin qaldırılması, həm də sosial obyektlərin yaradılması, şəhid ailələrinə, keçmiş məcburi köçkünlərə diqqətin göstərilməsi kimi sosial paket imkan verirdi ki, biz iqtisadi islahatları uğurla həyata keçirək. Ötən il qəbul edilmiş qərarın məqsədində bu amil dayanır”.

Ötən il respublikamızda böyük sosial paketin icrası uğurla təmin edildi. O cümlədən minimum əməkhaqqı və minimum pensiya 20 faiz artırıldı. Artımlar, həmçinin təqaüdləri, sosial müavinətləri də əhatə etdi.  Bütövlükdə, 2021-ci ildə reallaşdırılan və əhatə dairəsi kifayət qədər geniş olan sosial islahatlar ölkəmizə 1,5 milyard manat vəsaitə başa gəldi. Bu islahatlardan təxminən, 2 milyon insan faydalanacaq. Sosial məzmunlu islahatların əhatə dairəsinin kifayət qədər geniş olduğuna diqqət çəkən Prezident İlham Əliyev “Biz hesab edirik ki, bu artan maaşlar çörəyin qiymətinin qalxmasının təzminatı kimi qiymətləndirilə bilər və bu addım birinci dəfə deyil atılır. Biz müntəzəm olaraq maaşları qaldırırıq. Əgər misal üçün son 10 ilin tarixçəsinə nəzər salsaq, görərik ki, minimum əməkhaqqı nə dərəcədə artıb. Bu, bizi qane edir? Əlbəttə ki, yox. Ancaq biz imkan daxilində bütün işləri aparmalıyıq. İnsanların sosial rifahının yaxşılaşdırılması üçün kompleks tədbirlər görülür. Maaşların və təqaüdlərin artırılması bunun bir hissəsidir”, - deyə bildirib.

Azərbaycanın dərinməzmunlu sosial siyasətindən bəhs edərkən mühüm bir məqama da diqqət çəkmək istərdik. Son illərdə respublikamızda aparılan islahatların, o cümlədən də şəffaflığın artırılmasının məntiqi nəticəsi olaraq büdcəyə əlavə vəsaitlərin yığılması təmin edilir. Həmin vəsaitlər də dövlət başçısının təşəbbüsü ilə bütünlüklə sosial sferaya istiqamətləndirilir. Bu baxımdan, 2021-ci il də istisna təşkil etməyib. Bunu nəzərə çatdıran Prezident İlham Əliyev  “Azərbaycan xalqı əmin ola bilər ki, imkan daxilində, imkan yarandıqca biz əlavə yığılmış vəsaiti, ilk növbədə, sosial məsələlərə yönəldəcəyik. Necə ki, mən qeyd etdiyim kimi, vergi orqanları proqnozdan 1,4 milyard manat vəsait artıq toplayıblar, 1,5 milyard manatlıq sosial paket dərhal təmin edildi. Yəni əlavə yığılmış bütün vəsait yalnız sosial layihələrə istiqamətləndirildi və bu, bir daha bizim sosial sahəyə nə qədər böyük önəm verdiyimizdən xəbər verir”, - deyə vurğulayıb.

Paylaş:
Baxılıb: 622 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Sosial

Genetik kodumuz...

25 Aprel 11:15

Sosial

Gündəm

Gündəm

Gündəm

Tarixdən bu günə

25 Aprel 10:00

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30