Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İqtisadiyyat / Cənubi Qafqazın lider dövləti

Cənubi Qafqazın lider dövləti

06.07.2022 [10:17]

Avropa İttifaqı ilə ticarət dövriyyəsində

Mübariz ABDULLAYEV

Son vaxtlarda Azərbaycanla Avropa İttifaqı (Aİ) arasında əməkdaşlıq əlaqələri daha da intensivləşib. Prezident İlham Əliyevin ötən ilin sonlarında və cari ildə Brüsselə, eləcə də Aİ rəsmilərinin Bakıya səfərləri uğurla baş tutub. Bu səfərlər çərçivəsində keçirilən görüşlərdə geniş əhatə dairəsinə malik olan qarşılıqlı münasibətlərin müxtəlif aspektləri müzakirə edilib və tərəflər qarşılıqlı maraqlara əsaslanan əməkdaşlığın perspektivdə daha da dərinləşdirilməsi ilə bağlı niyyətlərini bildiriblər. Bu günlərdə isə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Azərbaycan Prezidentinə zəng edib. Söhbət zamanı Brüssel gündəliyinə aid məsələlər müzakirə olunub. Telefon danışığında  Cənubi Qafqazda sabitlik, sülh və təhlükəsizliyin təmin olunmasının Avropa İttifaqı üçün vacibliyi xüsusi olaraq vurğulanıb. Söhbət zamanı Prezident İlham Əliyev Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsü və iştirakı ilə keçirilmiş üçtərəfli görüşləri, bu çərçivədə əldə olunmuş razılaşmaları qeyd edərək, ölkəmizin Ermənistan ilə Azərbaycan arasında münasibətlərin normallaşdırılması və sülh müqaviləsinin imzalanması, sərhədlərin delimitasiyası və demarkasiyası, nəqliyyat-kommunikasiya xətlərinin açılması istiqamətində danışıqların real nəticələrə gətirib çıxaracağına ümidvar olduğunu ifadə edib.

Əsas ticarət tərəfdaşı

Bu gün Azərbaycan-Avropa İttifaqı münasibətlərini yalnız hansısa bir kontekstdə dəyərləndirmək mümkün deyil. Bu münasibətlər çoxvektorludur və müxtəlif istiqamətləri əhatə edir. O cümlədən Azərbaycanla Aİ arasındakı siyasi dialoqun yüksək səviyyəsinə adekvat olaraq iqtisadi sahədə əməkdaşlıq da uğurla inkişaf edir. İndiyədək ölkəmizlə qurumda təmsil olunan 9 dövlət arasında imzalanan strateji tərəfdaşlıq haqqında sazişlərdə iqtisadi sahədə ikitərəfli əlaqələrin genişləndirilməsini özündə ehtiva edən maddələr yer alıb. Hazırda Azərbaycanla Avropa İttifaqı arasında mükəmməl hüquqi baza ilə tənzimlənən iqtisadi əməkdaşlıq yüksək səviyyəsi ilə diqqət çəkir. Rəqəmlərə istinadən deyə bilərik ki, Avropa İttifaqı Azərbaycanın əsas ticarət tərəfdaşıdır. Aİ-nin Cənubi Qafqazda ümumi ticarət dövriyyəsində Azərbaycan  lider mövqeyə malikdir. Ölkəmiz  Aİ üçün investisiya cəlbediciliyi baxımından da öz prioritetliyini qoruyub saxlayır. Qurum pandemiyadan əvvəl - 2019-cu ildə Azərbaycanda 2.6, Gürcüstanda 1.2, Ermənistanda isə cəmi 1 milyard avro həcmində sərmayə qoyuluşu həyata keçirib.

Azərbaycanla Aİ arasında ticarət dövriyyəsi 2021-ci ildə 15 milyard dollaradək yüksəldilib. Bütövlükdə, ölkəmizin ixrac partnyorları arasında Aİ-nin üzvü olan İtaliya 48 faiz payla birinci sırada gəlir. Eyni zamanda, Avropa İttifaqının Cənubi Qafqazda ticarət dövriyyəsinin 2/3-i Azərbaycanın payına düşür.

Sadalanan rəqəmlər Azərbaycanla Avropa İttifaqının iqtisadi-ticarət partnyorluğunun ümumi mənzərəsi barədə konkret təsəvvür formalaşdırır. Aydın şəkildə görünür ki, əməkdaşlığın dərinləşdirilməsinə maraq hər iki tərəfdə yüksəkdir.

İki milyardlıq yeni  sərmayə planı

Azərbaycanla Avropa İttifaqı arasında iqtisadi sahədə əməkdaşlığın perspektivlərinə də böyük inam var. Avropa İttifaqının qonşuluq və genişlənmə üzrə Komissarı Oliver Varhelyi cari ilin fevralında  Bakıya səfəri çərçivəsində keçirdiyi görüşlərdə  Aİ üçün Azərbaycan ilə tərəfdaşlıq münasibətlərinin böyük əhəmiyyət kəsb etdiyini və bu münasibətlərin daha da gücləndirilməsinin vacib olduğunu qeyd edib. Komissar Bakıya növbəti səfəri çərçivəsində  iqtisadi sərmayə planını açıqlayıb. O, iqtisadi sərmayə planı çərçivəsində Azərbaycana 2 milyard avroluq maliyyə paketinin ayrıldığını bildirib və bu çərçivədə konkret layihələrin reallaşmasının nəzərdən keçirildiyini qeyd edib. O.Varhelyi, habelə Aİ-nin Azərbaycanda həyata keçirilən bərpa və yenidənqurma prosesində iştirak etməyə hazır olduğunu ifadə edib. Xarici işlər nazirliyində keçirilən görüşdə tərəflər regional təhlükəsizlik, enerji tərəfdaşlığı, iqtisadi əlaqələr, həmçinin nəqliyyat və bağlantılar, sektoral əməkdaşlıq, habelə qarşılıqlı maraq doğuran digər sahələrdə əməkdaşlığın həyata keçirilməsi üzrə fikir mübadiləsi aparıblar. Görüşdə Azərbaycan və Aİ arasında münasibətlərin hüquqi əsasını təşkil edəcək yeni saziş üzrə danışıqların tamamlanmasının əhəmiyyəti qarşılıqlı şəkildə ifadə edilib.

Bəs bəhs olunan vəsait hansı istiqamətlərə yönəldiləcək? Aİ-nin komissarı bildirib ki, onlar Azərbaycan rəsmiləri ilə bu vəsaitin xalqın faydalana biləcəyi layihələrə yönəltməyi müzakirə ediblər. Bildirilir ki, bu vəsaitlər kiçik və orta biznesə, habelə tədqiqat və inkişafa dəstək, suyun təmizlənməsi, yaşıl enerji, bərpa olunan energetika, kommunikasiyalar kimi sahələrə yönəldiləcək. “Başlamağa hazır olan bir çox əla investisiya layihələri var. Biz üzərində işləmək üçün bir sıra digər layihələri də müəyyən etdik. Beynəlxalq maliyyə institutları ilə biz Azərbaycanın iqtisadi inkişafını yeni səviyyəyə çatdırmaq və artım üçün real imkanlar yaratmaq üçün ən azı 2 milyard avro investisiya cəlb edə bilərik,”- deyə Oliver Varhelyi özünün Twitter hesabında etdiyi paylaşımda bildirib.

Avropa üçün etibarlı enerji mənbəyi

Azərbaycanla Avropa İttifaqı arasında iqtisadi partnyorluğun prioritet istiqamətini isə enerji sektoru təşkil edir. Artıq neçə illərdir ki, respublikamız Avropanın enerji təhlükəsizliyinin təmin olunmasına mühüm töhfələr verir. Deyə bilərik ki, Azərbaycan “qoca qitə”nin yeni enerji xəritəsini müəyyənləşdirib. Zaman-zaman enerji amilini siyasi təzyiq vasitəsinə çevirən ayrı-ayrı ixracatçı ölkələrin müqavilə öhdəliklərini pozmaları, qiymətləri artırmaları, həcmləri azaltmaları kimi “şıltaqlıqları” ilə üzləşən Avropa Azərbaycanın timsalında etibarlı tərəfdaş tapıb. Respublikamız ədalətli enerji siyasəti həyata keçirir və bütün müqavilə öhdəliklərini yüksək səviyyədə yerinə yetirir. İndiyədək Avropanın ayrı-ayrı ölkələri özlərinin neft və neft məhsullarına olan tələbatının təxminən 40 faizini respublikamızdan edilən idxal hesabına ödəyib.

Ötən ilin əvvəlindən isə Azərbaycan Avropaya həm də qaz ixrac etməyə başlayıb. Bu, 2020-ci ilin dekabrında Xəzər sahillərindən “qoca qitə”nin mərkəzi hissəsinədək 3500 kilometrlik məsafədə uzanan Cənub Qaz Dəhlizinin sonuncu seqmenti olan Trans Adriatik qaz ixrac boru kəmərinin (TAP) inşası tamamlandıqdan sonra mümkün oldu. Bütövlükdə, Cənub Qaz Dəhlizi dörd mühüm seqmentdən ibarətdir. Bunlar zəngin “Şahdəniz” yatağının “Faza - 2” mərhələsində işlənməsindən, Cənubi Qafqaz boru kəmərinin genişləndirilməsindən, TANAP  və TAP kimi layihələrdən ibarətdir.  Layihənin icrasında iştirak edən 7 ölkənin, həmçinin əksər beynəlxalq maliyyə qurumlarının birgə səyləri sayəsində Cənub Qaz Dəhlizinin bütün seqmentləri üzrə işlər yüksək səviyyədə tamamlanıb. Artıq Avropa Cənub Qaz Dəhlizinin timsalında alternativ və etibarlı nəql marşrutuna malikdir. Bu marşruta hər hansı bir siyasi təzyiq istisna olunur. Çünki onun funksionallığının təmin olunmasında həm istehsalçı ölkə kimi Azərbaycan, həm də bütün potensial istehlakçılar maraqlıdırlar.

Azərbaycan “qoca qitə”nin xilaskarı rolunda

Sonu görünməyən Rusiya-Ukrayna müharibəsi fonunda Avropanın “mavi yanacaq” təchizatında ciddi çətinliklər yaranıb. Məsələ burasındadır ki, müharibədə Ukraynanı dəstəkləyən Avropa İttifaqı dövlətləri Rusiyaya qarşı sərt sanksiyalar tətbiq ediblər. Öz növbəsində Avropanın qaz təchizatında mühüm paya malik şimal qonşumuz bu üstünlüyündən istifadə edərək Qərbin sanksiyalarına “dost olmayan ölkələrə” satılan qazın dəyərinin rublla ödənilməsini tələb etməklə, eləcə də “qoca qitə”yə ixrac həcmlərini kəskin şəkildə azaltmaqla  cavab vermək taktikasını seçib. Bu da özünü Avropanın ayrı-ayrı ölkələrinin qaz təchizatında kəskin şəkildə göstərir. Hazırda Avropa yeni ixrac mənbələri axtarışındadır.

İndiki çətin şəraitdə Azərbaycan Avropanın tələbatını nəzərə alaraq “mavi yanacaq” ixracını artırmaq imkanlarına malik ölkədir. Ötən il respublikamızın ümumi “mavi yanacaq” ixracının həcmi 22 milyard kubmetr səviyyəsində olub. Cari ildə bu rəqəmin 24 milyard kubmetrə çatacağı gözlənilir. Perspektivdə isə ixrac həcmləri daha da artacaq. Hazırda “Şahdəniz” yatağının istismarı genişləndirilir. Paralel şəkildə, “Ümid”, “Babək”, “Abşeron” yataqlarının da istismara hazırlanması intensiv şəkildə davam etdirilir.

Ötən il Avropa Cənub Qaz Dəhlizi vasitəsilə  Azərbaycandan 8 milyard kubmetrdən çox “mavi yanacaq” alıb. 2022-ci ildə bu həcmin 10 milyard kubmetrədək artırılması nəzərdə tutulur. Respublikamız cari ilin beş ayında hasil edilmiş 19,6 milyard kubmetr qazın 9,4 milyard kubmetrini ixraca yönəldib. Energetika naziri Pərviz Şahbazovun verdiyi məlumata əsasən, hasilatın həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 15,3% çoxdur. Nazir əlavə edib ki, yanvar-may aylarında ötən ilin eyni dövrünə nisbətən qaz ixracı 27% çox olub. İxracın 48 %-i Avropanın, 38%-i Türkiyənin, 14%-i Gürcüstanın payına düşüb.

Paylaş:
Baxılıb: 166 dəfə
Multi-media

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Xəbər lenti

Prezident bu gün

Prezident bu gün

12 Avqust 10:29

İqtisadiyyat

MEDİA

Gender bərabərliyi

12 Avqust 10:21

Yeni texnologiyalar

Xəbər lenti

4 ildən sonra...

12 Avqust 10:16

Siyasət

Siyasət

Gündəm

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Dünya

Ədəbiyyat

Ədəbiyyat

Sosial

Siyasət

Xəbər lenti

Karantin qayıdacaq?

11 Avqust 10:19

İqtisadiyyat

Prezident bu gün

Prezident bu gün

11 Avqust 10:09

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31