Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İqtisadiyyat / Qlobal enerji bazarında təlatümlər

Qlobal enerji bazarında təlatümlər

07.07.2022 [10:24]

Tələb təklifi üstələyəndə...

Mübariz ABDULLAYEV

İqtisadiyyatda bir sıra sahələri dominant kimi səciyyələndirmək mümkündür. Enerji sektoru qlobal iqtisadiyyat üçün belə drayver istiqamətlərdən biri, bəlkə də, birincisidir. Alimlər və ekspertlər kifayət qədər uzun tarixə malik neft erasının sonunun yaxınlaşdığını dəfələrlə proqnoz etsələr də, hələlik buna nail olunmayıb və bu sektorun qlobal iqtisadiyyatda dominant mövqeyi bu gün də qalmaqdadır. Qlobal enerji bazarında yaşanan son təlatümlər bunu bir daha təsdiqləyir. Aydın şəkildə görünür ki, ölkələr və qlobal iqtisadiyyat neft-qaz amilindən hələ böyük dərəcədə asılıdır.

Enerji amili siyasi təzyiq vasitəsi kimi

İlk baxışda elə görünür ki, neft-qaz sırf iqtisadi anlayışlardır və bunun siyasətlə hər hansı bir bağlılığı yoxdur. Əslində isə belə bir fikri qətiyyətlə söyləmək mümkündür ki, neft-qaz həm də siyasətdir. Qlobal iqtisadiyyatın və bununla bərabər bütün dünya üzrə inkişaf trendlərini istiqamətləndirən enerji amilinin siyasi təzyiq vasitəsinə çevrildiyi çoxdan müşahidə edilən bir prosesə çevrilib. Bir sıra hallarda qlobal güc mərkəzləri özlərinin geosiyasi məqsədlərini reallaşdırmaq üçün enerji amilindən rəqiblərinə qarşı təzyiq aləti kimi istifadə edirlər. İndiyədək şahidi olduğumuz manipulyasiyaların əhatə dairəsi kifayət qədər genişdir. Bir neçə il bundan əvvəl qlobal güc mərkəzləri, necə deyərlər, qiymətlərlə oynadılar - bazara tələbdən artıq neftin çıxardılmasına nail olmaqla onlar “qara qızılın” psixoloji həddi keçənədək ucuzlaşmasına nail oldular. Beləliklə, neft ixac edən əksər ölkələr böyük ziyana düşdülər. Və yaxud qışın oğlan çağında Avropanın qaz təchizatının məhdudlaşdırıldığını yada salaq. Bu dəfə enerji amilindən təzyiq aləti kimi istifadə edən təchizatçılar “oyundan” qalib çıxdılar. Fors-major hallarının, xətlərdə, platformalarda qəzaların, müqavilə öhdəliklərinin pozulmasının, yeni qiymətlərin diktə edilməsinin intensivləşməsi kimi halları da manipulyasiyalar siyahısına aid etmək mümkündür.

Kəskin qiymət artımlarına aparan səbəblər

Bu gün yenə də əsasən geosiyasi amillərdən qaynaqlanan qlobal neft bazarındakı təlatümlər, ilk növbədə, kəskin artan qiymətlərdə özünü göstərir. Qiymətlərdəki volatillik daha çox yüksələn istiqamətə doğru dəyişir. Yuxarıda xatırlatdığımız enmələrdən sonra birjalarda neftin qiyməti artıb. Son məlumatlara görə, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barelinin qiyməti 2,14 dollar artaraq 104,91 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barelinin qiyməti isə 1,63 dollar bahalaşaraq 101,13 dollar olub.

Son vaxtlarda qazın qiymətində də davamlı artımlar müşahidə edilməkdədir. Son hərraclar zamanı Avropada qazın 1000 kubmetrinin qiyməti 1 600 ABŞ dollarını ötüb.  4 iyul tarixində Avropanın ən likvid virtual satış mərkəzi sayılan Niderlandın “Title Transfer Facility”də (TTF) avqust fyuçerslərinin qiyməti 1 602,2 dollar təşkil edib ki, bu da öncəki hesablama qiyməti ilə müqayisədə 0,4% çoxdur.

İndiki halda qlobal enerji bazarında qiymətlərin artmasına geosiyasi və iqtisadi faktorlar birlikdə təsir göstərir. Postpandemiya mərhələsində enerji daşıyıcılarının qiymətlərinin artması iqtisadi aktivliyin yüksəlməsi fonunda baş verir. İkiillik durğunluqdan sonra artan iqtisadi fəallıq qlobal enerji bazarında tələbatı artırıb ki, bu da qiymətlərdə əks olunmaya bilməz.

Rusiya-Ukrayna müharibəsinin təsirləri

Qlobal enerji bazarında volatilliyin yüksələn xətlə davam etməsinə təsir göstərən siyasi faktorlar sırasında Rusiya-Ukrayna müharibəsi xüsusilə önə çəkilir. Müharibə tərəfi olan Rusiya nəhəng enerji resurslarına malikdir. Şimal qonşumuz gündəlik 5 milyon barel neft və 3 milyon barel neft məhsulları ixracatını həyata keçirir. Bu ölkə Avropaya yalnız neft ixracatından illik 104 milyard dollar gəlir götürür.

Rusiyanın qaz hasilatı da böyük rəqəmlərlə ölçülür. Verilən məlumatlara görə, Avropanın illik qaz tələbatı 552 milyard kubmetrə bərabərdir. İndiyədək bu həcmin təxminən 40 faizi Rusiyadan idxal hesabına ödənilib. Rusiya-Ukrayna müharibəsi fonunda istehsalçı və istehlakçı ölkələrin enerji amilindən siyasi təzyiq vasitəsi kimi istifadə etdikləri daha aydın şəkildə müşahidə edilir. ABŞ-da Rusiyadan neft idxalına qadağa qüvvəyə minib. Avropa İttifaqı ölkələri də analoji qərar veriblər. Belə ki, Aİ ölkələrindən Rusiyaya qarşı gələn beşinci sanksiyalar paketində Rusiyadan neft idxalının məhdudlaşdırılmasına aid müddəalar yer alıb. Rusiya da öz növbəsində Qərbdən gələn sanksiyalara analoji tədbirlərlə cavab verir. Artıq Rusiyada “dost olmayan ölkələrə” satılan qazın dəyərinin rublla ödənilməsi tələbi qüvvəyə minib.

Qərbdə enerji ajiotajı

Sanksiyalar ayrı-ayrı ölkələrin enerji təchizatına ciddi təhdidlər yaradıb. Belə görünür ki, Rusiya neftindən imtinanın fəsadları sanksiya müəllifləri olan ölkələrin özündə də qaçılmazdır. Qeyd edək ki, Avropa İttifaqı ölkələrinin neft təchizatında Rusiya 25 faiz paya malikdir. Birləşmiş Ştatlar ötən il ən çox neft idxalını həyata keçirdiyi ölkə şimal qonşumuz olub - 672 min barel neft və neft məhsulları. Analitiklər Rusiyaya qarşı tətbiq edilən sanksiyalar fonunda ABŞ-ın  neft ehtiyatlarının 600 min barel, benzin ehtiyatlarının isə 800 min barel azalacağını proqnozlaşdırırlar. Hazırda ABŞ-da və Avropada, sözün əsl mənasında, dizel ajiotajı yaşanır. Avropa Rusiyadan gündəlik 740 min barel dizel alır. Qoca qitədə dizelin bir litrinin qiyməti 1,69 avroya çatıb. Avropada bu yanacağın qiyməti son bir ildə 35% artıb. Regionda dizelin qiyməti Rusiya-Ukrayna müharibəsi başlayandan bəri isə 15% bahalaşıb. ABŞ Enerji İnformasiya Administrasiyasının məlumatlarına görə, Amerikada dizelin bir qallonun qiyməti 5,5-6 dollara çatıb. Son bir ildə iki dəfə bahalaşan dizelin qiyməti fevralın 24-də müharibə başlayandan bəri təxminən 50% artıb.

Avropanın qaz təchizatında böyük paya malik Rusiya özünün bu üstünlüyünü açıq-aşkar siyasi təzyiq vasitəsinə çevirib. Aydın məsələdir ki, istehlakçı ölkələrin bir çoxu Rusiyadan tədarük olunan qazın dəyərini rublla ödəmək imkanlarına malik deyillər. Digər bir çətinlik isə Rusiyanın ixraca yönəldilən qazın həcmini azaltması ilə bağlıdır.  İyunun ortalarından etibarən Rusiya Avropaya qaz çatdırılan əsas kəmər - “Şimal Axını-1”lə “mavi yanacaq” nəqlini gündəlik 167 milyon kubmetrdən 67 milyon kubmetrə qədər azaldıb. Buna səbəb kimi, kəmərin nasos stansiyalarında “Siemens” şirkətinin istehsalı olan aqreqatların təmirdən sonra vaxtında çatdırılmaması göstərilsə də, siyasi məqsədlər ortadadır. Bunu Avropa ölkələrinin rəsmiləri də açıq şəkildə bəyan edirlər. Bütövlükdə, cari ilin əvvəlindən şimal qonşumuzun “Qazprom” şirkətinin uzaq xaricə qaz ixracı 27,6 faiz azalmaqla cəmi 61 milyard kubmetr həcmində olub. Rusiya Avropada itirdiyi istehlakçıları əvəzləməyi də bacarıb. Belə ki, bu ölkədən dünya nəhənglərindən sayılan Çinə qaz ixracı artıb.

Təklifə yeni təhdidlər

Rusiyadan Qərbə neft-qaz ixracının azalması fonunda Avropanın enerji təhlükəsizliyinə daha bir təhlükənin anonsu verilib. Söhbət indiki mərhələdə Avropanın nəhəng qaz təchizatçılarından olan Norveçin iyulun 9-dan etibarən qaz ixracının məhdudlaşdıracağı ilə bağlı yayılan xəbərlərdən gedir. “Komersant” nəşrinin yazdığına görə Norveç bu məcburi addımı işçilərin tətili səbəbindən ata bilər. Ekspertlərin qənaətinə görə, ölkənin qaz ixracını təxminən 56 faiz azaltması tam realdır. Norveç Avropanın “mavi yanacaq” təchizatında Rusiya-Ukrayna müharibəsi fonunda önə çıxıb. Bu ölkədən qaz nəqlinin yarıbayarı azaldılması Avropanın nəfəsliyinin daralması və “qoca qitə”nin çox çətin durumda qalması anlamına gəlir.

Qlobal eneji bazarında təklifə yeni təhdidlər həm də OPEC-dən “Neft və qaz sənayesi risk altındadır” açıqlaması ilə gəlib. Qurumdan bildirilib ki, neft-qaz sənayesi bir çox istiqamətlərdə problemlərlə üzləşib. Bu sahə ötən illərlə müqayisədə qlobal sərmayə çatışmazlığının girovuna çevrilib ki, bu da bazarda məhdud təklifə gətirib çıxarıb.

Daha çox həcmlərdə təklif istəyi

Beləliklə, artan qiymətlərlə və tələbin təklifdən geri qalması problem ilə üzləşən Avropa üçün çətin sınaq dövrü başlayıb. Qoca qitənın növbəti enerji böhranından hansı vəziyyətdə çıxacağı isə zaman məsələsidir. Belə bir vəziyyətdə ABŞ və Avropa tələbin qarşılanmamasını yeni mənbələr hesabına qarşılamaq üçün yollar axtarırlar.

Bir qədər bundan əvvəl Ağ Evin rəsmiləri Səudiyyə Ərəbistanına səssiz-küysüz səfər ediblər. KİV-in yazdığına görə, Vaşinqtonun elçilərini Əl-Riyada həm də neft xahişinə görə göndəriblər. Ağ Ev azalan ehtiyatların yerini doldurmaq, qiymətlərin yüksəlməsini dayandırmaq və yaranan narazılıqları səngitmək üçün Səudiyyə Ərəbistanından neft istehsalını artırmasını istəyir. Xatırladaq ki, dünyanın neft ehtiyatlarının təxminən 18 faizi  Səudiyyə Ərəbistanının payına düşür. Əl-Riyadda Ağ Evin xahişi nəzərə alınacaqmı? Bunu zaman göstərəcək. Ancaq görünən odur ki, Rusiyadan neft idxalını dayandıran ABŞ yeni mənbələr axtarmağa məcburdur. Ölkədə narazılıqların səngiməsi üçün Əl-Riyadın müsbət cavabı çox vacibdir.

Bu arada Böyük Britaniya OPEC+u neft hasilatını artırmağa çağırış edib.  Böyük Britaniyanın baş naziri Boris Conson hesab edir ki, OPEC+ neft hasilatını artırmalı və qiymətləri aşağı salmağa kömək etməlidir. Bu barədə  “Reuters” məlumat yayıb.  “Şübhə yoxdur ki, bizə OPEC+dan daha çox neft lazmdır” - deyə Boris Conson bildirib.

Baş nazir, həmçinin qeyd edib ki, Böyük Britaniyanın Səudiyyə Ərəbistanı ilə möhkəm və məhsuldar əlaqələri var və bu, bütün Qərbin etməli olduğu bir şeydir. Xatırladaq ki, iyunun 30-da keçirilən görüşdən sonra OPEC+ ölkələri avqustda gündəlik neft hasilatını 648 min barel artırmağa qərar veriblər.

Bədbin proqnozlar

Analitiklərin qənaətinə görə, Rusiyada hasilatın mümkün azalması Avropada olduğu kimi, dünyanın digər bölgələrində də fəlakətli nəticələrə səbəb ola bilər. Bildirilir ki, tədarükün sutkada 3 mln. barel azaldılması Londonda qiymətləri 190 dollara, ən pis halda isə (5 mln. barel azalma) qiymətləri 380 dollaradək qaldıra bilər. Dünyanın ən böyük investisiya banklarından biri olan “Goldman Sachs” beynəlxalq birliyin bu yay neft rallisi görəcəyini proqnozlaşdırır. “Goldman Sachs”ın əmtəələr üzrə qlobal tədqiqat departamentinin rəhbəri Ceff Karrinin sözlərinə görə, sərmayələrin məhz enerji sektorunda görünməli olduğu vaxtda investorlar  bu sektoru tərk etmək məcburiyyətində qalırlar.

Paylaş:
Baxılıb: 161 dəfə
Multi-media

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Sosial

Xəbər lenti

Sümük köçü

17 Avqust 10:47

İqtisadiyyat

Sosial

İqtisadiyyat

Prezident bu gün

Prezident bu gün

17 Avqust 10:15

Xəbər lenti

Neft ucuzlaşıb

16 Avqust 12:18

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31