Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İqtisadiyyat / 10 ildə 5 fundamental nəticədən biri

10 ildə 5 fundamental nəticədən biri

02.08.2022 [10:20]

Son altı ayda  sosial ödəniş  235,3 mln. manat çoxalaraq, 3 mlrd. 247 mln. manata çatıb

Mübariz ABDULLAYEV

Sosial dövlət olan Azərbaycanda həyata keçirilən siyasətin ana xəttini əhalinin rifah halının yaxşılaşdırılması təşkil edir. Prezident İlham Əliyev müxtəlif auditoriyalar qarşısındakı çıxışlarında dəfələrlə birmənalı şəkildə bəyan edib ki, Azərbaycanda həyata keçirilən siyasətin mərkəzində ölkə vətəndaşlarının maraqları dayanır.

Respublikamızda dövlət siyasətində sosial sferanın prioritetliyi bundan sonra da təmin ediləcək. Bu barədə  Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə təsdiqlənən Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyasında bildirilib. Qarşıdakı dövrün strateji hədəflərinin yer aldığı sənəddə vurğulanır ki,  əhalinin sosial müdafiəsi, xüsusilə həssas təbəqələrin sosial təminatı gücləndiriləcək, pensiya sistemində mühüm keyfiyyət dəyişikliyi baş verəcəkdir.

İqtisadi artımdan sosial rifaha doğru

Strategiyada ölkəmizin son 10 ildə qazandığı uğurlara diqqət çəkilib və beş fundamental nəticə xüsusi vurğulanıb. Bildirildiyi kimi, qalib dövlət, beynəlxalq nüfuz, təhsilli cəmiyyət, böyük iqtisadi potensial və yüksələn rifah ölkənin 10 illik sosial-iqtisadi inkişaf nailiyyətlərini xarakterizə edir.

Strategiyada sosial rifahın yüksəlməsinin 5 fundamental nailiyyətdən biri kimi vurğulanması ölkəmizin reallıqlarını əks etdirir. Son 10 il ərzində  iqtisadi artım bütün vətəndaşların sosial rifahının yaxşılaşmasında öz əksini tapıb. Bəhs olunan dövrdə aztəminatlı ailələrə verilən ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə istifadə olunan ehtiyac meyarının məbləği 2,3 dəfə artırılaraq 2011-ci ildəki 75 manatdan 2021-ci ildə 170 manata çatdırılıb. Ölkədə əhalinin sosial rifahının yaxşılaşdırılması istiqamətində ardıcıl genişmiqyaslı dövlət proqramları həyata keçirilib. Ölkəmiz işsizliyin və yoxsulluğun azaldılması istiqamətində  çox yaxşı göstəricilərə nail olub. Bu dövrdə məşğul əhalinin sayı 14%, muzdla işləyənlərin sayı 22,9% artıb, işsizlik səviyyəsi isə pandemiya ilə əlaqədar dalğalanmalara məruz qalmasına baxmayaraq, 2021-ci ildə ölkə üzrə 6% təşkil edib. Ölkədə yoxsul təbəqənin ehtiyaclarının qarşılanmasına yönələn ünvanlı dövlət sosial yardımı genişləndirilib, azgəlirli ailələrin təminatı daha da gücləndirilib. Son 10 ildə aztəminatlı ailələrə verilən sosial yardımın orta aylıq məbləği 2,6 dəfə artırılaraq 2021-ci ildə 280 manata çatdırılıb. Həyata keçirilən tədbirlər nəticəsində, yoxsulluq həddindən aşağı səviyyədə yaşayan əhalinin xüsusi çəkisi 2019-cu ildə 2010-cu illə müqayisədə 9,1%-dən 4,8%-dək azalıb. 2020-ci ildə isə COVID-19 pandemiyası ilə əlaqədar qeyd olunan göstərici 6,2%-dək artsa da, 2021-ci ildə 5,9%-ə enib.

Pensiya və əməkhaqlarında artımlar

Respublikamızda dərinməzmunlu sosial siyasətin mühüm bir istiqamətini insanların gəlir imkanlarının artırılması təşkil edir. Sənəddə qeyd olunduğu kimi, son 10 ildə ölkədə minimum əməkhaqqı 2,7 dəfə, orta aylıq əməkhaqqı 2 dəfə artıb. Bir qədər bundan əvvəl Prezident İlham Əliyevin Sədrliyi ilə keçirilən cari ilin altı ayının yekunlarına həsr olunan müşavirədə əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev dövlət başçısının imzaladığı müvafiq sənədlər əsasında respublikamızda reallaşdırılan üçüncü sosial paket çərçivəsində əməkhaqlarının və pensiyaların artırılması barədə geniş məlumat verib. Sözügedən sosial paketin əhatə dairəsi kifayət qədər genişdir. Təxminən 3 milyon 400 min insan yeni islahat tədbirlərindən faydalanmaq imkanı qazanıb. Bildirildiyi kimi, bu paket çərçivəsində əməkhaqqı seqmenti üzrə 1 milyon 200 min vətəndaşa əlavə olaraq 1 milyard 100 milyon manat məbləğində əməkhaqqı artımları edilib. Həm də minimum əməkhaqqı 20 faiz artırılaraq 300 manata çatdırılıb. Eyni zamanda, bir çox sektorda çalışanların əməkhaqları ciddi şəkildə artırılıb. Əlavə olaraq sosial ödənişlər seqmenti 2 milyon 300 min vətəndaşı əhatə edib. Sahil Babayevin sözlərinə görə, respublikamızda sosial müavinətlər 34 faiz, Azərbaycan Respublikası Prezidentinin təqaüdləri 26 faiz artırılıb. Bu siyasət ardıcıl həyata keçirilən proqramın tərkib hissəsidir. Belə ki, son dörd il ərzində 3 sosial islahat paketi ilə 4 milyon insan əhatə olunub. Onlar üçün illik 6 milyard manatlıq əlavə dövlət vəsaiti ayrılıb və nəticədə Azərbaycanda minimum əməkhaqqı 3-4 il ərzində 2,3 dəfə artaraq 130 manatdan 300 manata çatıb. Əməkhaqqı fondu 2,2 dəfə, əhali arasında gəlirlərin bölgüsünün ədalətlilik göstəricisi olan median əməkhaqqı 86 faiz artıb.

Artımlar pensiyalar üzrə də yüksək olub. Son 10 ildə pensiyaların minimum məbləği 2,3 dəfə artırılıb. O cümlədən cari ilin əvvəlindən  minimum pensiya 20 faiz artırılaraq 240 manata çatdırılıb. Orta aylıq pensiya 11 faiz artaraq 364 manata, yaşa görə pensiya 395 manata çatdırılıb. 2022-ci ilin yanvar-iyun aylarında pensiya ödənişlərinə ötən ilin müvafiq dövrünə nisbətən 4,5 faiz (104 mln. manat) çox olmaqla 2 mlrd. 443 mln. manat  vəsait yönəldilib. 2022-ci ilin əvvəlindən pensiyaların sığorta hissəsi indeksləşdirilib və sığorta prinsipi ilə pensiya alanlara bu il üzrə 200 manat maddi yardım ayrılıb. Habelə qulluq stajına görə əlavələr alan pensiyaçılara bu ilin əvvəlindən pensiyalarının 10 faizi məbləğində aylıq maddi yardım ödənilir. Həmin artımlar üçün illik 440 mln. manat əlavə vəsait ayrılıb.

Daha bir mühüm yenilik ondan ibarətdir ki, 2019-cu ilin əvvəlindən pensiya, müavinət və təqaüd təyinatları  elektronlaşdırılıb. Ötən dövrdə 64 mini pensiya, qalanı müavinət və təqaüd olan 430 min, o cümlədən bu ilin yanvar-iyun aylarında 15,6 mini pensiya, qalanı müavinət və təqaüd olan 160 min təyinat proaktiv olaraq e-qaydada aparılıb.

Əlamətdar haldır ki, ödəmələrdə hər hansı bir ləngimələrə də yol verilmir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən “Yeni Azərbaycan”a verilən məlumata əsasən, 2022-ci ilin birinci yarısında Dövlət Sosial Müdafiə Fondu tərəfindən pensiya, müavinət, təqaüd, ünvanlı yardımlar üzrə əhaliyə 3 mlrd. 247 mln. manat vəsait ödənilib ki, bu da ötən ilin eyni dövrünə nisbətən 7,8 faiz  və ya 235,3 mln. manat çoxdur.

Respublikamızda Prezidentin aylıq təqaüdü ilə təmin olunanların da əhatə dairəsi xeyli genişləndirilib. Belə ki, 2022-ci ilin 1 iyul tarixinə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Prezidentin aylıq təqaüdü ilə təmin edilən şəxslərin sayı ötən ilin müvafiq dövrünə (286,7 min nəfər) nisbətən 26,3 faiz, 4 il əvvələ (58 min nəfər) nisbətən isə 6,2 dəfə artaraq 362 minə çatıb. Eyni zamanda, son 4 ildə sosial ödənişlərin ciddi şəkildə artırılması ilə yanaşı, yeni təqaüd növləri də yaradılıb: müharibə veteranları, birinci dərəcə əlilliyi olan şəxslərə və əlilliyi olan 18 yaşadək şəxslərə qulluq edənlər, digər kateqoriyalar üçün aylıq təqaüdlər təsis olunub.

Yeni strateji hədəflər

Strategiyada qarşıdakı dövr üçün sosial sferada yeni strateji hədəflər müəyyənləşdirilib. Sənəddə dinamik, inklüziv və sosial ədalətə əsaslanan cəmiyyət üzrə strateji çərçivə öz əksini tapıb. Bildirilir ki, əməkhaqları artırılacaq və hamı üçün layiqli həyat səviyyəsi təmin ediləcək. İşləyənlərin layiqli həyat səviyyəsinin təmin edilməsi məqsədilə minimum əməkhaqları artırılacaq. Xalis minimum əməkhaqqının xalis orta aylıq əməkhaqqına nisbətinin məqbul səviyyəsi qorunacaq. Özəl sektorda yeni iş yerləri yaradılacaq, məşğulluq səviyyəsi artacaq. Yeni iş yerləri yaradan sahibkarlıq fəaliyyəti stimullaşdırılacaq. Xüsusilə regionlarda kiçik və orta sahibkarlığın, eləcə də özünüməşğulluğun inkişafına zəruri şərait yaradılmaqla əhali qrupları üçün səmərəli məşğulluğa və layiqli əməyə nail olunacaq, qeyri-formal məşğulluğa qarşı zəruri qabaqlayıcı və nəzarət tədbirləri gücləndiriləcək, bunun nəticəsində qeyri-dövlət sektorunda məşğul əhalinin payı 2021-ci ildəki 77,6%-dən artaraq 80%-ə çatdırılacaq. Qeyri-formal məşğulluğun mərhələli azaldılması nəticəsində muzdla işləyənlər üzrə qeyri-dövlət sektorunun payı 50% (2021-ci il üzrə: 46,9%) təşkil edəcək.

Sənəddə vurğulanır ki, bütün vətəndaşlar üçün ədalətli və əhatəli sosial müdafiə sistemi qurulacaq. Pensiyaçılar üçün effektiv yığım, aztəminatlı əhali qrupu üçün zəruri ehtiyacların ödənilməsi, əlilliyi olan şəxslər üçün isə sosial yardımların əlçatanlığı artırılacaq. Pensiya sisteminin dayanıqlılığı gücləndiriləcək, sosial sığortanın tətbiqi genişləndiriləcək. Hamı üçün bərabər iştirak imkanı yaradan sosial təminat və sosial xidmətlər sistemi inkişaf etdiriləcək. Minimum pensiya məbləği minimum əməkhaqqı səviyyəsinin 75-80%-də saxlanılacaq.

Paylaş:
Baxılıb: 93 dəfə
Multi-media

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Maraqlı

444 il əvvəl...

09 Avqust 11:20

İqtisadiyyat

İqtisadiyyat

Prezident bu gün

Prezident bu gün

09 Avqust 11:00

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Xarici siyasət

İqtisadiyyat

Siyasət

Xarici siyasət

Gündəm

Beşinci zəng...

09 Avqust 10:00  

Xəbər lenti

Neft cüzi ucuzlaşıb

09 Avqust 09:57

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Prezident bu gün

Prezident bu gün

08 Avqust 11:08

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31