Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İqtisadiyyat / Geniş sosial paket

Geniş sosial paket

10.09.2022 [11:27]

117 min şəxsə 232 min sosial dəstək xidməti

Mübariz FEYİZLİ

Azərbaycan cəmiyyətində 44 günlük Vətən müharibəsində ölkənin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə həyatlarını itirən şəhidlərin ailələrinə və qazilərə böyük ehtiram bəslənilir. Eyni zamanda, bu qəbildən olan ailələrin və müharibə əlillərinin sosial ehtiyaclarının ödənilməsi dövlət tərəfindən daim diqqət mərkəzində saxlanılır. Tarixi Zəfərimizlə başa çatan 44 günlük Vətən müharibəsindən sonrakı dövrdə Prezident İlham Əliyevin tapşırığı əsasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xətti ilə döyüşlərdə şəhidlik zirvəsinə ucalan qəhrəmanlarımızın ailələri və müharibə əlilləri ilə bağlı genişmiqyaslı sosial dəstək paketinin həyata keçirilməsi bunun əyani təzahürüdür.

Sosial siyasətdə ardıcıllıq

Azərbaycanın sosial siyasəti ardıcıl səciyyə daşıyır. Ölkəmizdə qayğıya ehtiyacı olan bütün insanlar dövlət tərəfindən dəstəklənirlər. Respublikamızda postmüharibə mərhələsində Prezident İlham Əliyevin imzaladığı müxtəlif sənədlər əsasında reallaşdırılan sosial dəstək paketinin də əhatə dairəsi kifayət qədər genişdir. Bura müvafiq kateqoriyadan olan ailələrə və qazilərə göstərilən sosial dəstək xidmətləri, sığorta ödənişlərinin verilməsi, ehtiyac yarandığı təqdirdə tibbi xidmətlərin göstərilməsi, müavinətlərin artırılması və digər məsələlər daxildir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən “Yeni Azərbaycan”a verilən məlumata əsasən, postmüharibə dövründə bəhs olunan sosial dəstək paketi çərçivəsində qurum tərəfindən şəhid ailələrinin üzvləri və müharibə veteranlarından ibarət 101 min şəxsə 113 min sosial ödəniş (aylıq pensiya, müavinət, təqaüd) təyinatı aparılıb, dövlət icbari şəxsi sığortası üzrə 2 minə yaxın şəxsə sığorta ödənişi edilib. 2021-ci ilin əvvəlindən şəhid ailələrinin üzvlərinin, müharibə əlillərinin və Milli Qəhrəmanların təqaüdləri, 2022-ci ilin əvvəlindən isə sosial müavinətlər orta hesabla 60% artırılıb. Həmçinin 11 min nəfərə 34 min sosial-psixoloji dəstək və reabilitasiya xidməti göstərilib. O cümlədən, 3 minədək ailə psixoloji dəstək və ödənişsiz dərman, 2600 şəxs reabilitasiya xidmətləri, I və II Qarabağ müharibəsi əlillərindən ibarət 352 şəxs 367 ədəd yüksək texnologiyalı müasir protez, 1582 müharibə əlili 24300 reabilitasiya vasitəsi ilə təmin olunub. Ötən ilin iyun ayında yaradılan vahid əlaqələndirmə mərkəzlərində şəhid ailələrinin üzvləri, müharibə ilə əlaqədar xəsarət almış hərbi qulluqçular və müharibə əlillərindən ibarət 53 mindən çox şəxsə xidmətlər göstərilib. Ümumilikdə, postmüharibə dövründə şəhidlərin ailə üzvləri, müharibə iştirakçıları ilə bağlı icra olunan sosial dəstək paketi 117 min şəxsi əhatə edib, onlara 232 min sosial dəstək xidməti göstərilib.

Şəhid ailələrinin üzvlərinin və qazilərin əmək bazarına inteqrasiyası da diqqət mərkəzində saxlanılır. Bu məqsədlə özəl sektorun da qoşulduğu və bütün ölkəni əhatə edən məşğulluq marafonu keçirilir. İndiyədək 13 mindən çox şəhid ailəsi və müharibə veteranı aktiv məşğulluq proqramlarına cəlb olunub. Respublikamızda şəhid ailələrinin üzvlərini və müharibə əlillərini əmək bazarına cəlb etmək məqsədilə reallaşdırılan özünüməşğulluq proqramının da əhatə dairəsi getdikcə genişlənir. Hazırda müvafiq kateqoriyadan olan 8 minədək şəxs özünüməşğulluq proqramına qoşularaq öz həyatlarını təmin etmək imkanı qazanıblar. Proqramın iştirakçıları dövlət tərəfindən zəruri aktivlərlə təmin olunurlar. İştirakçılar fəaliyyətə başlamazdan öncə təqdim etdikləri layihələr üzrə mütəxəssislər tərəfindən təlimatlandırılırlar. Əlamətdar haldır ki, özünüməşğulluq proqramına daha əvvəl qoşulanlar indi fəaliyyətlərini genişləndirmək barədə düşünürlər.

14 mindən çox şəxsə birdəfəlik ödəmə

Avqust ayının əvvəlindən etibarən respublikamızda Birinci Qarabağ müharibəsi əlillərinə birdəfəlik ödəmələrin verilməsi proqramının icrasına başlanıb. Proqramın icrası Nazirlər Kabinetinin təsdiqlədiyi Qaydaya uyğun şəkildə reallaşdırılır. Bəhs olunan proqram “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Qanunun qüvvəyə mindiyi 1997-ci il avqustun 2-dək hərbi xidmətdə olarkən aldığı xəsarət nəticəsində əlilliyi müəyyən edilmiş hərbi qulluqçuları və daxili işlər orqanları əməkdaşlarını, onlardan vəfat edənlərin vərəsələrini əhatə edir. Həmin dövrədək hərbi xidmətdə xəsarət alması barədə məlumatları aidiyyəti qurumlar tərəfindən müvafiq elektron sistemə daxil edilmiş, o cümlədən sığorta ödənişi alması üçün məhkəmə qətnaməsi olan şəxslərə e-sistem üzərindən proaktiv qaydada (heç bir quruma müraciət etmədən) ödəmə təyin olunaraq onların bank hesablarına köçürülür. Bu barədə, habelə ödəməni hansı bankdan alacağına dair onlara SMS göndərilir. Eyni zamanda, birdəfəlik ödəmə təyin olunmuş şəxslər bu barədə məlumatı nazirliyin sosial.gov.az saytındakı “Müharibə əlillərinə birdəfəlik ödəmə” pəncərəsinə daxil olaraq da əldə edə bilərlər. Birdəfəlik ödəmə Azərbaycan Beynəlxalq Bankından (ABB) sosial ödəniş alan şəxslərin mövcud kartlarına ödənilir. ABB-də kartı olmayan, birdəfəlik ödəmə təyin olunmuş şəxslər yeni kartlarını ABB-nin istənilən filialından şəxsiyyət vəsiqəsi ilə əldə edə bilərlər.

Birdəfəlik ödəmənin məbləği aşağıdakı həcmlərdə müəyyənləşdirilib.  

I dərəcə əlilliyə görə - 8 800 manat,

II dərəcə əlilliyə görə - 6 600 manat,

III dərəcə əlilliyə görə - 4 400 manat

Haqqı çatan şəxslərə birdəfəlik ödəmənin verilməsi prosesi uğurla davam edir. İndiyədək yeni sosial dəstək proqramı çərçivəsində 14 mindən çox şəxs birdəfəlik ödəmə ilə təmin olunub.

Mənzillərlə təminat

Dünyada müharibədə həlak olanların ailələrinin və qazilərin mənzil təminatının dövlət hesabına həyata keçirildiyi ölkələrin sayı azdır. İşğalçı Ermənistana nəzər salaq. Bu ölkədə müharibədə ölən və yaralanan hərbiçilərin həyatı çox ucuz tutulur, onlara mənzil yox, heç daxma da verilmir.  Qalib Azərbaycan isə özünün sosial dövlət fəlsəfəsinə sadiqlik nümayiş etdirərək canlarını Vətən torpaqları uğrunda fəda edən şəhidlərin ailələrinin və qazilərin mənzil təminatını öz üzərinə götürüb. Postmüharibə dövründə şəhid ailələrinin və qazilərin mənzillə təminat proqramı 5 dəfə genişlənib. O cümlədən 3800 mənzil şəhid ailələrinə, müharibə əlillərinə və həssas təbəqələrdən olan digər şəxslərə təqdim olunub. Əlamətdar haldır ki, mənzillərin böyük əksəriyyətinin təqdim edilməsi mərasimlərinə Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva şəxsən qatılıblar. Bundan başqa, postmüharibə dövründə qazilərə 264 avtomobil verilib. Ümumilikdə, ötən dövrdə 12,5 mindən çox şəhid ailəsi və müharibə əlili mənzil və ya fərdi evlə, 7450 müharibə əlili avtomobillə təmin edilib.

Paylaş:
Baxılıb: 110 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Mədəniyyət

Xarici siyasət

Xarici siyasət

Xəbər lenti

Analitik

Xəbər lenti

İqtisadiyyat

Prezident bu gün

Prezident bu gün

04 Oktyabr 10:30

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31