Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İqtisadiyyat / Güclü iqtisadiyyatına istinad etməklə...

Güclü iqtisadiyyatına istinad etməklə...

12.01.2023 [10:43]

Hədəflədiyi bütün strateji məqsədlərə çatan ölkə

MÜBARİZ

İqtisadiyyat hər bir ölkə üçün müstəsna önəm daşıyan sahədir. Dövlətlərin ümumi inkişafı milli iqtisadiyyatların vəziyyətindən bilavasitə asılıdır. Bu mənada Azərbaycan iqtisadiyyatının genişlənməsi nikbinlik üçün ciddi əsaslar yaradır. Qürurverici haldır ki, son 19 ildə dünya miqyasında Azərbaycan kimi dinamik iqtisadi inkişaf göstəriciləri əldə edən ölkələrin sayı çox azdır. Bu da respublikamızda iqtisadi inkişaf üçün bütün şərtlərin yüksək səviyyədə təmin edilməsi ilə bilavasitə bağlıdır.

134 milyard manata çatan ümumi daxili məhsul

Azərbaycan 30 ildir ki, müstəqillik yolu ilə irəliləyir. Üç onillik tarix üçün elə də böyük bir zaman məsafəsi deyil. Ancaq bəhs olunan dövrdə Azərbaycanın qazandığı uğurları ayrı-ayrı dövlətlərin yüz illər boyunca keçdikləri yolla müqayisə edə bilərik. Azərbaycan müstəqillik yolunda inamlı addımlar atır. Bu gün respublikamız sırf milli maraqlar əsasında xarici siyasət aparır. Heç bir güc mərkəzi ölkəmizlə diktat dili ilə danışa bilməz və danışmır da. Azərbaycanın gündəliyinin bütün məsələləri məhz Bakıda müzakirə edilərək öz həllini tapır.  Bütün dünyada Azərbaycanla hesablaşırlar, ölkəmizin mövqeyini nəzərə alırlar. Üçrəngli bayrağımız müxtəlif nüfuzlu beynəlxalq təşkilatların önündə əzəmətlə dalğalanır. Respublikamız regional güc amili qismində çıxış edir. İndiyədək regionda bütün irihəcmli nəqliyyat və enerji layihələri məhz  Azərbaycanın təşəbbüsləri və moderatorluğu ilə reallaşdırılıb.

Müstəqil Azərbaycanın Prezident İlham Əliyevin rəhbərliyi ilə qazandığı ən böyük uğur isə, heç şübhəsiz ki, öz gücünə ərazi bütövlüyünü təmin etməsidir. Bu, iki il bundan əvvəl Müzəffər Ordumuzun 44 günlük Vətən müharibəsində qazandığı şanlı Qələbə sayəsində mümkün oldu. Azərbaycan xalqının apardığı Vətən müharibəsi işğalçı Ermənistanın kapitulyasiya aktını imzalaması ilə nəticələndi. Eyni zamanda, iki il əvvəl müharibəni şanlı Zəfərlə başa vuran Azərbaycan işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı bərpa-quruculuq işlərini həyata keçirir. Təxminən 11 min kvadratkilometr ərazi erməni vandalları tərəfindən vəhşicəsinə dağıdılıb və burada hər şeyi sıfırdan yaratmaq lazım gəlir. Azərbaycan işğaldan azad edilmiş əraziləri dünyanın ən gözəl məkanlarından birinə çevirmək və orada Böyük Qayıdışı layiqli şəkildə təmin etmək əzmindədir. Bu işdə ölkəmizin yeganə rəqibi zamandır. Nəzərdə tutulan bütün layihələr yüksək keyfiyyətlə və çox qısa müddətdə reallaşdırılır. Burada da respublikamız sırf öz gücünə arxalanır.

Qlobal pandemiya dövründə Azərbaycan dövlətinin davranışlarını da yada salaq. Respublikamız qlobal pandemiya dövründə beynəlxalq həmrəyliyin güclənməsinə sanballı töhfələr verdi, ayrı-ayrı ölkələrə böyük həcmlərdə maddi yardım göstərdi. Eyni zamanda, ölkə daxilində iş yerlərinin saxlanmasına, vətəndaşların sağlamlığının qorunmasına, insanların sosial müdafiəsinin gücləndirilməsinə, iqtisadiyyatın rəqabət qabiliyyətinin zəifləməsinin qarşısının alınmasına hesablanan genişmiqyaslı dəstək tədbirləri reallaşdırıldı.

Əldə olunan uğurlara aid daha çox sayda faktlar sadalamaq mümkündür. Artan qlobal riskləri və təhdidləri də xatırlatsaq, Azərbaycanın nailiyyətlərinin miqyası barədə daha konkret təsəvvür yaranar. Təəssüf doğuran haldır ki, sərt iqtisadi qapanmalarla səciyyələnən qlobal pandemiya dövründən sonrakı mərhələdə, həmçinin 2022-ci ildə dünya üzrə iqtisadi meyillər heç də ürəkaçan olmayıb. Belə ki, il ərzində qlobal iqtisadi mühit geosiyasi və geoiqtisadi gərginliyin təsirləri ilə daha da mürəkkəbləşib. Qlobal iqtisadiyyatda əhəmiyyətli paya malik olan ölkələrdə müşahidə edilən  iqtisadi zəifləmə onların ticarət tərəfdaşlarına da mənfi təsir göstərib. Yüksək qeyri-müəyyənliklər fonunda dünyada iqtisadi aktivlik göstəriciləri il ərzində  azalma meyilli olub.

Bəs belə çətinliklər şəraitində Azərbaycanın həm daxili, həm də xarici siyasətdə uğurlar qazanmasının mənbəyini harada axtarmaq lazımdır? Sualın cavabı birmənalıdır: Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasət sayəsində milli iqtisadiyyatımızın güclənməsində. Bu gün Azərbaycan öz iqtisadiyyatına istinad etməklə hədəflədiyi bütün strateji məqsədlərə çatmaq iqtidarında olan bir ölkədir. Prezident İlham Əliyev yanvarın 10-da yerli televiziya kanallarına müsahibəsində iqtisadi müstəqilliyin önəmini xüsusi olaraq vurğulayıb: “Biz bütün işləri öz hesabımıza edirik. Mən bunu artıq səsləndirmişəm. Biz müharibədən sonra heç kimdən yardım almamışıq. Sadəcə olaraq, iki ölkənin - Özbəkistanın və Qazaxıstanın prezidentləri Füzulidə iki məktəbin tikintisinə özləri təşəbbüs göstərmişlər. Bundan başqa biz heç bir yerdən bir manat yardım almamışıq. Ona görə iqtisadi müstəqillik mütləq güclənməlidir və keçən il bizim ümumi daxili məhsulumuz rekord həddə çatıb. Son dəqiqləşdirilmiş məlumata görə 134 milyard manata çatıb. Bu da təxminən 80 milyard dollara bərabər olan rəqəmdir”.

Xarici ticarətdə müsbət saldo

Azərbaycan iqtisadiyyatının drayver istiqaməti neft-qaz sektorudur. Müstəqillik illərində uğurlu enerji siyasəti həyata keçirən və Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol alan dövlətə çevrilən Azərbaycan paralel şəkildə iqtisadiyyatın şaxələndirilməsinə, ağırlıq mərkəzinin qeyri-neft sektoruna yönəldilməsinə çalışır. Ölkədə Prezident İlham Əliyevin imzaladığı sənədlər əsasında uğurla reallaşdırılan iqtisadi islahatların bir çoxu məhz bu məqsədə hesablanıb. Deyə bilərik ki, nəticələr də kifayət qədər uğurludur. Son illərdə milli iqtisadiyyatımızda ən yaxşı inkişaf göstəricilərindən biri 10 faizin üzərində olmaqla məhz qeyri-neft sektorunda qeydə alınır.

Ölkədə qeyri-neft sektorunun inkişafı bu sahədə güclü ixrac potensialı formalaşdırıb. 2022-ci ilin yanvar-dekabr aylarında Azərbaycanın ümumi ixracı 38,1 milyard ABŞ dolları, qeyri-neft sektoru üzrə ixrac isə 3 milyard ABŞ dolları təşkil edib. Qeyri-neft sektoru üzrə ixrac 2021-ci ilin on iki ayı ilə müqayisədə 10,3% artıb. 2022-ci ildə respublikamızdan kimya sənayesi məhsullarının ixracı 57,7%, qara metallar və onlardan hazırlanan məmulatların ixracı 17,5%, alüminium və ondan hazırlanan məmulatların ixracı 15,4%, çay ixracı isə 35,6% artıb. Aqrar və aqrar sənaye məhsulları üzrə birgə ixracın statistik dəyəri 912,4 milyon ABŞ dolları təşkil edib. 2022-ci ilin yanvar-dekabr ayları ərzində ixrac edilən meyvə-tərəvəz məhsulları aqrar məhsullar qrupunun 93%-ni təşkil edib. Qeyri-neft-qaz ixracının tərkib hissəsində əhəmiyyətli yer tutan aqrar-sənaye məhsullarının yaratdığı dəyər ötən ilin müvafiq dövrü ilə müqayisədə 35,4% artıb. Bütövlükdə Azərbaycanın xarici ticarət saldosunun müsbət olmasından məmnunluğunu bildirən Prezident İlham Əliyev vurğulayıb: “Həm də xarici ticarət artıb, 50 milyard dolları ötüb. Xarici ticarətin müsbət saldosu 25 milyard dollar təşkil edir”.

Xarici borcun azaldılması strategiyası

Xarici dövlət borcunun idarə edilməsi, onların həcminin optimal səviyyədə saxlanılması hər bir ölkənin iqtisadi siyasətində mühüm yer tutur. Ölkələrin xarici borc öhdəlikləri, adətən beynəlxalq kredit təşkilatlarından, müxtəlif maliyyə qurumlarından dövlət təminatı altında alınan kredit vəsaitlərindən formalaşır. Hazırda dünya üzrə xarici borclanmanın səviyyəsi kifayət qədər yüksəkdir. Elə ölkələr var ki, onların xarici borcu ümumi daxili məhsulun (ÜDM) 100 faizlik səviyyəsini belə ötüb. Bu, təhlükəli bir tendensiyadır, risklərə yol açır, ölkələri daim təzyiq altında saxlayır və onların manevr imkanlarını məhdudlaşdırır, eyni zamanda, beynəlxalq maliyyə sisteminə də neqativ təsir göstərir.   Beynəlxalq maliyyə qurumlarının müəyyənləşdirdiyi normalara görə, xarici borc öhdəliklərinin həcmi ölkələrin ÜDM-nin 60 faizindən çox olmamalıdır. Nüfuzlu reytinq agentliklərinin tövsiyəsi budur ki, ölkələr borclanma məsələsində qırmızı xətti keçməsinlər.

Bu gün dünyada ölkələrin beynəlxalq maliyyə qurumlarından asılı vəziyyətə düşməsini şərtləndirən amillərdən biri  hökumətlərin yanaşması ilə bağlıdır. Məsuliyyətli dövlət olan Azərbaycan borclanma siyasətinə məsuliyyətli yanaşma sərgiləyir. İndiyədək respublikamız ehtiyac olmadığı halda beynəlxalq təşkilatlardan kreditlər götürməyib. Əldə olunan kreditlərin əksəriyyəti əlavə dəyər yaradan sahələrə yönəldilib. Respublikamızın götürdüyü kreditlər aktiv borclardır. Həmin vəsaitlərin yönəldildiyi layihələrin bir çoxu xarici borcların qaytarılmasında mənbələr qismində çıxış edir və yaxud edəcək. Ümumiyyətlə, respublikamız Prezident İlham Əliyevin qətiyyətli siyasi iradəsinə uyğun olaraq xarici borcun azaldılması siyasəti həyata keçirir. Beynəlxalq donor təşkilatları respublikamızla əməkdaşlıq etməyə hazır olduqlarını bildirsələr də, hökumət, əslində onlardan kredit alışını  əhəmiyyətli dərəcədə məhdudlaşdırıb. Eyni zamanda, müvafiq qurumların dövlət zəmanəti ilə kredit alması prosedurları, alınan kreditlərin qaytarılmasına qoyulan tələblər xeyli sərtləşdirilib. Prezident İlham Əliyev hökumət, Maliyyə Nazirliyi qarşısında dövlət borcunun ümumdaxili məhsulun 10 faizi həcmində idarə edilməsi ilə bağlı vəzifə qoyub. “...Eyni zamanda, bizim xarici borcumuz azalıb. Həm mütləq rəqəmlərlə - 7 milyard dollardan aşağıdır, həm də ümumi daxili məhsula nisbətdə təbii ki, kəskin azalıb. Əgər keçən ilin əvvəlində xarici borcumuz ümumi daxili məhsulun 17 faizini təşkil edirdisə, keçən ilin yekunlarına görə bu, 9,5 faizə düşüb. Yəni, müqayisə üçün deyə bilərəm ki, bir çox inkişaf etmiş ölkələrdə bu, 100 faiz, hətta 130-150 faizdir. Bu nədir? Bu odur ki, biz iqtisadi cəhətdən müstəqilik, əgər biz indi istəsək, yenə də beynəlxalq maliyyə qurumları ilə kreditlərin cəlb edilməsi üzrə işlərə başlaya bilərik, əslində başlamışıq”, - deyə Prezident İlham Əliyev bildirib.

Respublikamızda xarici dövlət borcunun azaldılması hüquqi mexanizmlərlə tənzimlənir. Prezident İlham Əliyevin 24 avqust 2018-ci il tarixində imzaladığı müvafiq Sərəncamla təsdiqlənən “Azərbaycan Respublikasında dövlət borcunun idarə edilməsinə dair orta və uzun müddət üçün Strategiya” ölkədə xarici borcun tənzimlənməsi və idarə edilməsi baxımından ciddi bir baza formalaşdırıb. Strategiyada 3 istiqamət üzrə hədəflər müəyyənləşdirilib. Bunlar dayanıqlı və idarəolunan dövlət borcunun səviyyəsinin müəyyənləşdirilməsindən, risklərin idarə edilməsi sisteminin təkmilləşdirilməsindən, dövlət borcalmaları üzrə infrastrukturun və nəzarət mexanizminin gücləndirilməsinə nail olunmasından ibarətdir.  Prezident İlham Əliyevin 30 dekabr 2022-ci ildə imzaladığı Sərəncamla “Azərbaycan Respublikasında dövlət borcunun idarə edilməsinə dair orta və uzun müddət üçün Strategiyanın 2022-2025-ci illər üzrə yenilənməsi çərçivəsi” təsdiqlənib. Yenilənən Strategiya mövcud Strategiyada müəyyən olunduğu kimi, yalnız yeni borcalmalarla bağlı strategiyanı deyil, eyni zamanda, dövlət borcu və dövlət zəmanəti ilə alınmış borclarla bağlı cari vəziyyətin təhlilini, gözlənilən riskləri, görüləcək tədbirləri də əhatə edir.

Paylaş:
Baxılıb: 344 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Ədəbiyyat

Analitik

Siyasət

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31