Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İqtisadiyyat / Prezident Milli Məclisə Qanun layihəsi təqdim edib

Prezident Milli Məclisə Qanun layihəsi təqdim edib

02.06.2023 [10:20]

Daha çox vəsait Qarabağ və Şərqi Zəngəzurun bərpasına yönəldiləcək  

Mübariz ABDULLAYEV

Bir müddət öncə Prezident İlham Əliyev Azərbaycanın müsbət iqtisadi inkişaf göstəricilərinə və maliyyə imkanlarının genişlənməsinə istinad etməklə büdcəyə əlavələrin edilməsi zərurətinin yarandığını bildirmişdi və bununla bağlı müvafiq tapşırıqlarını vermişdi. Artıq 2023-cü ilin dövlət və icmal büdcələrinə dəyişikliklərin edilməsi ilə bağlı dövlət başçısı tərəfindən Milli Məclisə Qanun layihəsi göndərilib. Büdcəyə nəzərdə tutulan dəyişikliklərdə hansı istiqamətlərin prioritetliyi təmin ediləcək?

Ərazilərin bərpası və Böyük Qayıdış prioriteti

Azərbaycanın 2030-cu ilədək müəyyənləşdirdiyi strateji məqsədlər sırasında 44 günlük müharibədə işğaldan azad olunan ərazilərin bərpası, burada zəruri infrastruktur quruculuğu və Böyük Qayıdış beş mühüm prioritetdən biri kimi nəzərdə tutulub. Güclü Azərbaycan dövləti qaçqın və məcburi köçkün soydaşlarımızın işğaldan azad olunan ərazilərə Böyük Qayıdışını layiqli şəkildə təmin etmək əzmi nümayiş etdirir. Prezident İlham Əliyevin 22 iyul 2022-ci il tarixində imzaladığı Sərəncamla təsdiqlənən müvafiq Strategiyada Böyük Qayıdış üzrə strateji çərçivə müəyyənləşdirilib. Sənəddə vurğulanır ki, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış məqsədinin reallaşdırılması üçün əhalinin dayanıqlı məskunlaşması təmin olunacaq. Əhalinin dayanıqlı məskunlaşması ərazilərdə planlaşdırılan zəruri ilkin şərtlərin yaradılması ilə dəstəklənəcək. İşğaldan azad edilmiş ərazilərin təhlükəsizlik sistemi və infrastrukturla tam şəkildə əhatəsinə nail olunacaq. Qabaqcıl şəhərsalma qaydaları nəzərə alınmaqla bölgədə yaşayış və qeyri-yaşayış kompleksləri inşa ediləcək, müasir infrastruktura malik “ağıllı şəhər və ağıllı kənd” konsepsiyaları həyata keçiriləcək. Bu əsasda bütün bölgə qabaqcıl standartlara uyğun sosial-iqtisadi və mədəni infrastrukturla tam təmin ediləcək. Kommunal xidmətlər şəbəkəsi, xüsusilə tullantıların səmərəli idarə edilməsi sistemi qurulacaq. Sosial xidmət infrastrukturu bərpa olunacaq. Nəticədə, ilkin strateji mərhələdə əhalinin təhlükəsiz, ləyaqətli və dayanıqlı əsasda planlaşdırılan məskunlaşmasına nail olunacaq.

Qeyd etmək yerinə düşər ki, güclü və məsuliyyətli dövlət olan Azərbaycan 11 min kvadratkilometri əhatə edən işğaldan azad olunmuş ərazilərin yenidən qurulmasına və bərpasına müharibə başa çatdıqdan dərhal sonra başlayıb. İndiyədək Qarabağın bərpasına dövlət büdcəsindən 6,4 milyard manat vəsait ayrılıb. Aradan cəmi iki il yarım vaxt ötməsinə baxmayaraq, artıq işğaldan azad edilmiş ərazilərdə çoxlu sayda infrastruktur layihələrinin icrası uğurla başa çatıb. Yeni layihələrin icrası da intensiv şəkildə davam etdirilir. Ötən il qaçqın və məcburi köçkün soydaşlarımız işğaldan azad edilmiş ərazilərə ilk qayıdışın böyük sevincini yaşayıblar. Belə ki, Zəngilan rayonunun Ağalı kəndində “Ağıllı kənd” konsepti ilə inşa olunan yaşayış məntəqəsi məskunlaşdırılıb. Bu günlərdə isə Laçına 20 ailənin köçü baş tutdu. Prezident İlham Əliyev doğma yurd yerlərinə qayıdan ailələrlə görüşərək onlara Özünün xeyir-dualarını verdi. Cəmi 7-8 ay ərzində şəhərin böyük hissəsi tamamilə yenidən qurulub. Bütövlükdə bəhs olunan dövrdə 700 bina inşa edilib, onlardan 620-si fərdi yaşayış binası, 9-u isə çoxmənzilli binadır. Həmin binalarda 144 mənzil hazırlanıb. İyun ayının sonuna qədər bura yeni ailələr köç edəcəklər. Birinci mərhələdə Laçında 4 minə yaxın, bəlkə də çox insan yaşayacaq.

Belə layihələrin icrası  digər ərazilərdə də həyata keçirilir. Artıq bir neçə şəhərin tikinti layihəsi hazırlanaraq Prezident İlham Əliyevin iştirakı ilə geniş ictimaiyyətə təqdim olunub. Mayın 2-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ağdam şəhərində salınacaq 2-ci və 3-cü yaşayış məhəllələrinin təməlinin qoyulması mərasimlərində iştirak ediblər. Bildirilib ki, ümumi sahəsi 14 hektara yaxın olan 2-ci yaşayış məhəlləsinin ərazisinin böyük bir hissəsi yaşıllıq zonasından ibarət olacaq. Məhəllə Ağdamın mərkəzi küçəsində, şəhərin təsdiq edilmiş ümumi Baş planına uyğun salınacaq. Bu məhəllədə tikiləcək yaşayış binalarında, ümumilikdə, 1268 mənzil olacaq. Mənzillərdən 114-nün birotaqlı, 464-nün ikiotaqlı, 536-nın üçotaqlı, 154-nün isə dördotaqlı olması planlaşdırılır.

Hazırda mədəniyyət paytaxtımız olan Şuşa böyük quruculuq meydanını xatırladır. Ayrılan dövlət vəsaitləri, həmçinin Heydər Əliyev Fondunun dəstəyi ilə burada müxtəlif təyinatlı layihələrin icrası yüksək səviyyədə təmin edilir. Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri mayın 10-da - ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi günündə Şuşa şəhərində 23 binadan ibarət yaşayış kompleksində aparılan tikinti işləri ilə tanış olub, 17 binadan ibarət 2-ci yaşayış kompleksinin də təməlqoyma mərasimi keçirilib.

Güclü dövlət olan Azərbaycan qarşıdakı dövrdə işğaldan azad edilmiş ərazilərdə quruculuq-bərpa işlərinin miqyasını daha da genişləndirmək niyyətindədir. 2023-cü ilin əvvəlindən bəri əldə olunan müsbət iqtisadi inkişaf göstəriciləri buna imkan verir. Cari ilin büdcəsinə nəzərdə tutulan dəyişikliklərlə bağlı “Yeni Azərbaycan”a məlumat verən Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov Böyük Qayıdış prioritetinin yenə də diqqət mərkəzində saxlanılacağını bildirib.  “2023-cü ilin dövlət büdcəsinə edilən dəyişikliklərə əsasən, daha çox vəsait Qarabağ və Şərqi Zəngəzurun bərpasına yönəldiləcək. Belə ki, işğaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən tikinti, bərpa və yenidənqurma işlərinin sürətləndirilməsi ilə bağlı xərclərin artımı üçün əlavə 2 milyard 260 milyon manat nəzərdə tutulur. 2023-cü ildə bütövlükdə bu istiqamətə 5 milyard 260 milyin manat vəsait ayrılacaq. Bu, Böyük Qayıdış prosesinin daha intensiv şəkildə həyata keçirilməsinə, sürətləndirilməsinə imkan verəcək”, - deyə Vüqar Bayramov bildirib.

Müdafiə qabiliyyətinin, milli təhlükəsizliyin daha da möhkəmləndirilməsi prioriteti

44 günlük Vətən müharibəsində şanlı Zəfərə imza ataraq düşməni diz çökdürən, 30 illik işğal faktına son qoyan və ölkəmizin ərazi bütövlüyünü təmin edən Silahlı Qüvvələrimiz hazırda bütün dünyada Müzəffər Ordu kimi tanınır. Ordumuzun texniki təchizatı yüksək səviyyədədir. Beynəlxalq miqyasda yüksək nüfuza malik Azərbaycan dünyadakı qabaqcıl istehsalçılarla müqavilələr imzalayaraq Ordunun müasir silahlarla təchizatını təmin etməyə nail olub. Bunu Vətən müharibəsi də təsdiqlədi. Ordumuz müasir silahlardan geniş istifadə etməklə və yeni yanaşmalar tətbiq etməklə XXI əsrin müharibəsini apardı və böyük Zəfərə imza atdı.

Müharibəni şanlı Zəfərlə başa vuran Azərbaycan eyni zamanda postkonflikt mərhələsində də ordu quruculuğunu davam etdirir. Prezident İlham Əliyev mayın 10-da ulu öndər Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar Azərbaycan xalqına azad Şuşadan etdiyi müraciətində ölkənin müdafiə potensialının möhkəmləndirlməsinin zəruriliyinə növbəti dəfə diqqət çəkib. Postmüharibə mərhələsində də ordu quruculuğunun sistemli şəkildə davam etdirildiyini bildirən dövlətimizin başçısı deyib: “Əlbəttə, biz ordu quruculuğu işində sistemli fəaliyyət göstərirdik və bu gün də göstəririk. İkinci Qarabağ müharibəsindən sonra biz dayanmadıq, əksinə, irəliyə gedirik. Bu ilin dövlət büdcəsinə əlavələr ediləcək, o əlavələrin böyük bir hissəsi yenə də hərbi məqsədlər üçün nəzərdə tutulur. Nə üçün? Çünki biz daim hazır olmalıyıq. Təhdidlər artır, təhlükələr artır və biz hər bir təhlükəni dəf etməyə qadir olmalıyıq. Bu gün də belədir. Azərbaycan Ordusu dünyanın ən güclü ordularının sırasındadır - həm təchizat, həm döyüş qabiliyyəti nöqteyi-nəzərdən. Bizim ordumuz döyüşüb, bizim ordumuz öz gücünü paradda yox, döyüş meydanında göstərib. 44 gün ərzində bir nəfər də olsun geri addım atmayıb, bir nəfər də olsun fərari olmayıb. Bizim ordumuz budur. Bizim xalqımız budur. Çünki ordu xalqın bir hissəsidir. Orduda xidmət edən xalqın övladlarıdır, bizim yetişdirdiyimiz uşaqlardır. Biz belə gözəl uşaqlar yetişdirmişik ki, onlar düşməni burada, Şuşada əliyalın məğlub edib, düşməni torpaqlarımızdan çıxarıb, bizim qürur rəmzimiz olan bayrağımızı, bax, bu binaya və azad edilmiş bütün başqa torpaqlarda qaldırıb. Ordu quruculuğu bu gün lazımi səviyyədə təmin edilir və bundan sonra da təmin ediləcəkdir”.

Mövcud reallıqlar, xüsusilə də Ermənistanın yeni müharibə riski yaratması ölkənin müdafiə qabiliyyətinin daha da gücləndirilməsinə əlavə vəsaitlərin yönəldilməsini aktual edir. Büdcəyə nəzərdə tutulan dəyişikliklərdə bu amil nəzərə alınacaq. Vüqar Bayramov bildirib ki, mölkənin müdafiə qabiliyyətinin və milli təhlükəsizliyinin daha da möhkəmləndirilməsi üçün 1 milyard 105 milyon manat vəsait nəzərdə tutulur. Millət vəkilinin sözlərinə görə, bu vəsaitin 1.0 milyard manatı birbaşa xüsusi müdafiə təyinatlı layihələr və tədbirlər üzrə xərclərə yönəldiləcək. Artımdan sonra xüsusi müdafiə təyinatlı layihələr və tədbirlər üzrə xərclər 3 milyard 70 milyon manat təşkil edəcək.

Paylaş:
Baxılıb: 224 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Dünya

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Yuxumuz şirin olsun...

28 Sentyabr 11:32

MEDİA

Sosial

Son 8 ayda...

28 Sentyabr 11:10

Analitik

Xəbər lenti

İki terrorçu Ruben

28 Sentyabr 10:50

Siyasət

Fransanın “məkri”

28 Sentyabr 10:40

İqtisadiyyat

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30