Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İqtisadiyyat / Üç ildə 105 təməlqoyma, 63 açılış...

Üç ildə 105 təməlqoyma, 63 açılış...

30.11.2023 [10:40]

Azərbaycan dövləti 44 günlük Vətən müharibəsində işğaldan azad edilmiş ərazilərin bərpasına və orada üç onillik ərzində ağır qaçqınlıq və məcburi köçkünlük həyatı yaşamış soydaşlarımızın məskunlaşdırılmasına həssas yanaşma sərgiləyir. Bütün işlər planlı və koordinasiyalı şəkildə həyata keçirilir. Xəbər verildiyi kimi, noyabrın 28-də Azərbaycan Respublikası Prezidenti Administrasiyasının və Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahının rəhbəri Samir Nuriyevin sədrliyi ilə Qərargahın 3 illik fəaliyyətinin yekunlarına həsr olunmuş iclası keçirilib. İclasda ərazilərin bərpası, zəruri infrastruktur quruculuğu, əhalinin məskunlaşdırılması, iqtisadi proqramların reallaşdırılması və digər məsələlər ətrafında geniş müzakirələr aparılaraq təkliflər səsləndirlib.

Azərbaycan xalqı tarixinin ən şanlı və qürurverici dövrünü yaşayır

Müxtəlif beynəlxalq güc mərkəzlərindən və təşkilatlardan gələn təzyiqlərə baxmayaraq , Azərbaycan 30 il ərzində Ermənistanın ötən əsrin doxsanıncı illərinin əvvəllərində respublikamıza qarşı həyata keçirdiyi işğalçılıq siyasəti ilə barışmadı. 44 günlük müharibəyədək dövlətimiz və xalqımız üçün əsas  milli ideya torpaqlarımızın işğaldan azad edilməsi, ölkənin ərazi bütövlüyünün bərpa olunması ilə bağlı idi.  Azərbaycan həm dövlət, həm də cəmiyyət olaraq məhz bu ideya ətrafında birləşmişdi. Burada Prezident İlham Əliyevin məqsədyönlü fəaliyyətinin önəmini xüsusi qeyd etmək lazımdır. Məhz Onun siyasi iradəsi sayəsində ərazi bütövlüyümüzün təmin olunması məsələsi respublikamızın gündəliyinin mərkəzində saxlanıldı. Dövlət başçısının apardığı ardıcıl siyasət,  müxtəlif auditoriyalarda verdiyi mühüm mesajlar, paralel şəkildə milli iqtisadiyyatın və ordunun gücləndirlməsi xalqımıza inam verir və bizi addım-addım böyük hədəfimizə yaxınlaşdırırdı. Həmin an 2020-ci il sentyabrın 27-də gəldi. Prezident, Ali Baş Komandan İlham Əliyevin göstərişi əsasında Silahlı Qüvvələrimiz düşmənin törətdiyi növbəti genişmiqyaslı təxribatların qarşısını almaq məqsədilə əks-hücum əməliyyatlarına başladı. Bu, ölkəmiz üçün ədalətli müharibə idi, biz döyüşləri öz torpağımızda aparırdıq və hədəfimiz də işğal faktına son qoymaq idi. Müharibə günlərində hərbiçilərimiz sözün əsl mənasında torpağa, Vətənə sonsuz bağlılıq və misilsiz şücaətlər göstərdilər. Cəmi 44 gün ərzində düşmənin silahlı qüvvələri bütünlüklə tar-mar oldu və qarşı tərəf onun üçün kapitulyasiya aktı sayılan üçtərəfli bəyanatı imzalamaq məcburiyyətində qaldı.  Vətən müharibəsinin nəticələrinə uyğun olaraq torpaqlarımız hərbi-siyasi yolla işğaldan azad edilib.

Müharibənin nəticələri - Ermənistanın işğalçılıq siyasətinə son qoyulması həm ölkəmiz, həm də bütün region dövlətləri üçün çox əhəmiyyətlidir. İclasda bu məqam xüsusi olaraq vurğulanıb. Qərargahın rəhbəri Samir Nuriyev Azərbaycan Prezidentinin məqsədyönlü, ardıcıl və müdrik siyasəti nəticəsində 2020-ci ilin noyabrında torpaqlarımızın işğaldan azad edilməsi ilə ölkəmizin və bütövlükdə regionun yeni strateji inkişaf mərhələsinə qədəm qoyduğunu diqqətə çatdırıb. O qeyd edib ki, 2023-cü ilin sentyabrında həyata keçirilmiş lokal xarakterli antiterror tədbirləri nəticəsində Qarabağdakı Ermənistan silahlı qüvvələrinin birləşmələri tərk-silah edilib, onların hərbi infrastrukturu zərərsizləşdirilib, işğaldan azad edilmiş bütün ərazilərdə Azərbaycan Respublikasının konstitusiya quruluşu və suverenliyi tam bərpa olunub. Əminliklə demək olar ki, bu gün Azərbaycan xalqı öz tarixinin ən şanlı və qürurverici dövrünü yaşayır.

Əsas fəaliyyət prinsipləri - səmərəlilik, hesabatlılıq, qurumlararası əlaqələndirmə və operativlik

Üç onilliyi əhatə edən işğal dövründən Azərbaycana kədərli miras qalıb. Bir vaxtlar çiçəklənən, ahəngdar inkişaf edən şəhər və kəndlərimiz, tarixi mədəni-dini abidələrimiz erməni vandalları tərəfindən vəhşicəsinə dağıdılaraq yerlə-yeksan edilib. Müharibə başa çatandan sonra ermənilər və onların havadarları tez-tez belə bir iddia səsləndirirdilər ki, əraziləri bərpa etmək mümkün olmayacaq və yaxud buna onilliklər lazım gələcək. Bu, vandalların və onları dəstəkləyənlərin xisləti və bəd niyyətləri idi. Azərbaycan dövləti və xalqımız onların xəbis niyyətlərini gözlərində qoydu. Müharibə başa çatandan dərhal sonra dünya Azərbaycan dövlətinin gücünün və xalqımızın yurd yerlərinə bağlılığının şahidi oldu. Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq işğaldan azad edilmiş ərazilərin bərpasına vaxt itirilmədən başlanıldı. İclasın gündəliyinə uyğun olaraq, antiterror tədbirləri nəticəsində suverenliyin bərpa edildiyi ərazilərdə zəruri məsələlərin həlli istiqamətində görülən işlər, “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində ərazilərdə həyata keçirilən işlərin cari vəziyyəti, geri qayıdan əhalinin məskunlaşmasının, təhlükəsizliyinin və dayanıqlı məşğulluğunun təmin edilməsi, azad edilmiş ərazilərdə kənd təsərrüfatı təyinatlı torpaqlardan səmərəli istifadənin və rəqabətqabiliyyətli aqrar istehsalın təşkili ilə bağlı məruzələr dinlənilib. Samir Nuriyev Qərargahın ötən 3 illik fəaliyyəti dövründə dövlətimizin başçısının verdiyi tapşırıqlara əsasən işğaldan azad olunmuş ərazilərdə irimiqyaslı bərpa-quruculuq layihələrinin həyata keçirildiyini, yeni şəhər və kəndlərin salınması istiqamətində işlərin sürətlə davam etdiyini diqqətə çatdırıb. Bu sahədə qarşıya qoyulmuş vəzifələrin icrasında səmərəlilik, hesabatlılıq, qurumlararası qarşılıqlı kommunikasiya, əlaqələndirilmə və operativlik Qərargahın fəaliyyətinin əsas prinsipləri olub.

Güclü Azərbaycan dövləti qaçqın və məcburi köçkün soydaşlarımızın işğaldan azad olunan ərazilərə Böyük Qayıdışını layiqli şəkildə təmin etmək əzmi nümayiş etdirir. Prezident İlham Əliyevin 22 iyul 2022-ci il tarixində imzaladığı müvafiq sərəncamla təsdiqlənən  “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda Böyük Qayıdış üzrə strateji çərçivə müəyyənləşdirilib. Sənəddə vurğulanır ki, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış məqsədinin reallaşdırılması üçün əhalinin dayanıqlı məskunlaşması təmin olunacaq. Əhalinin dayanıqlı məskunlaşması ərazilərdə planlaşdırılan zəruri ilkin şərtlərin yaradılması ilə dəstəklənəcək. İşğaldan azad edilmiş ərazilərin təhlükəsizlik sistemi və infrastrukturla tam şəkildə əhatəsinə nail olunacaq. Qabaqcıl şəhərsalma qaydaları nəzərə alınmaqla bölgədə yaşayış və qeyri-yaşayış kompleksləri inşa ediləcək, müasir infrastruktura malik “ağıllı şəhər və ağıllı kənd” konsepsiyaları həyata keçiriləcək. Kommunal xidmətlər şəbəkəsi, xüsusilə tullantıların səmərəli idarə edilməsi sistemi qurulacaq. Sosial xidmət infrastrukturu bərpa olunacaq. Nəticədə, ilkin strateji mərhələdə əhalinin təhlükəsiz, ləyaqətli və dayanıqlı əsasda planlaşdırılan məskunlaşmasına nail olunacaq.

Görülən işlərin zəngin statistikası

Aradan cəmi üç il vaxt ötüb. Ötən qısa zaman kəsiyində Qarabağda çox işlər görülüb . İndi bu ərazilərə həyat qayıdır, xarabalıqlar üzərində yeni şəhərlər, kəndlər boy göstərir. Müxtəlif qurumların koordinasiyalı fəaliyyəti ilə həyata keçirilən işlərin statistikası kifayət qədər zəngindir. Qarşıya qoyulan məqsədlərə çatmaqdan ötrü praktiki müstəvidə böyük investisiya qoyuluşu hesabına müxtəlif istiqamətləri əhatə edən çoxsaylı layihələr reallaşdırılır. Müharibə başa çatandan sonra Qarabağın bərpasına dövlət büdcəsindən 7 milyard dollardan çox vəsait ayrılıb. 2024-cü ildə azad edilmiş ərazilərdə yenidənqurma və  bərpa işlərinə dövlət büdcəsi xərclərinin 10,9 faizi və ya 4 milyard manat məbləğində vəsait yönədilməsi nəzərdə tutulub.

Ümumilikdə, 2021-2023-cü illərdə dövlətimizin başçısı tərəfindən 105 layihənin təməli qoyulub, 63 müxtəlif təyinatlı tikinti obyektinin açılışı keçirilib. Ərazidə sosial infrastruktur yenidən qurulur, Füzuli və Zəngilanda olmaqla iki hava limanı, çoxlu sayda avtomobil yolları, su elektrik stansiyaları, su anbarları, məktəblər, xəstəxanalar və sair tikilib istifadəyə verilib. Hazırda yeni layihələrin icrası sürətlə davam etdirilir. İşğaldan azad edilmiş ərazilərin 97 min hektardan çoxu mina və partlamamış hərbi sursatlardan təmizlənib. İndiyədək 8 şəhər və 92 kəndin Baş planı artıq təsdiq edilib və 30 kəndin təməli qoyulub.

Eyni zamanda, artıq işğaldan azad olunmuş ərazilərin məskunlaşdırılmasına start verilib. Ötən ilin iyul ayından etibarən ilkin olaraq 2 şəhərə (Laçın və Füzuli şəhərləri) və 3 kəndə (Zəngilan rayonunun Ağalı, Tərtər rayonunun Talış və Laçın rayonunun Zabux kəndləri) keçmiş məcburi köçkünlərin qayıdışı reallaşdırılıb. İlin sonuna qədər işğaldan azad olunmuş ərazilərdə məskunlaşdırılacaq əhalinin sayının 5500-ə çatdırılacağı gözlənilir.

Diqqətəlayiq məqamlardan biri də ondan ibarətdir ki, Vətən müharibəsində işğaldan azad edilmiş ərazilər  müasir standartlar səviyyəsində yenidən qurulur. Sözügedən ərazilər dövlət başçısı tərəfindən “yaşıl enerji” zonası elan edilib. Qarabağ və Şərqi Zəngəzurda yaşayış məntəqələrinin bərpasında “ağıllı şəhər” və “ağıllı kənd” konseptlərinin tətbiqinə üstünlük verilir.

Mübariz ABDULLAYEV

Paylaş:
Baxılıb: 227 dəfə

Xəbər lenti

Hamısına bax

Ədəbiyyat

Analitik

Xəbər lenti

Siyasət

Xarici siyasət

Xəbər lenti

Analitik

Analitik

İqtisadiyyat

Gündəm

Gündəm

Xəbər lenti

3№-li protokol

23 Fevral 22:28  

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Mədəniyyət

Ədəbiyyat

Xarici siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29