Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / MEDİA / Dövlət və ictimai maraqlar üst-üstə düşəndə...

Dövlət və ictimai maraqlar üst-üstə düşəndə...

19.08.2022 [10:08]

MÜBARİZ

Dinamik inkişaf templərinə malik olan Azərbaycan bir çox sahələrdə dünyaya nümunəvi modellər təqdim edir. Bunu ölkədə ictimai və dövlət maraqlarının qorunmasının timsalında da izləmək mümkündür. Azərbaycan dünyanın elə azsaylı ölkələrindəndir ki, burada ictimai və dövlət maraqları bir-birilərindən fərqli anlayışlar kimi qəbul olunmur. Respublikamızda ictimai və dövlət maraqları tam mənada üst-üstə düşür və bir-birini tamamlayır. Dövlət ictimai maraqların qorunmasının və təmin olunmasının qarantı qismində çıxış edir, eyni zamanda, cəmiyyət bütün ümummilli məsələlərdə dövlətə dəstək verir və onun yanında olur. Bu unikal modelin üstünlükləri və keyfiyyət fərqi isə ölkənin güclü inkişafında, zəruri məqamlarda milli gücün səfərbər edilməsində, onun ümumi məqsədlərə yönəldilməsində özünü aydın şəkildə büruzə verir.

İctimai nəzarətin institusional təsisatı

İctimai və dövlət maraqlarının qorunmasında ictimai nəzarətin rolunu xüsusi qeyd edə bilərik. Ölkədə ictimai və dövlət maraqlarının qorunmasında ictimai nəzarətin gücləndirilməsi təşəbbüsü Prezident İlham Əliyevdən gəlib. Dövlət başçısı müxtəlif auditoriyalardakı çıxışlarında, ictimaiyyət nümayəndələri, əmək kollektivləri ilə görüşlərində bunun zəruriliyi barədə fikirlərini dəfələrlə diqqətə çatdırıb. O bildirir ki, cəmiyyətin sosial sifarişləri Onun üçün çox önəmlidir. Prezident İlham Əliyevin yerlərdən gələn təşəbbüsləri qətiyyətlə dəstəkləməsi və dövlət siyasətində nəzərə alması ölkədə vətəndaş məmnunluğunu artırır. Yerlərdə həlli vacib problemləri hamıdan yaxşı kim görə bilər? Əlbəttə ki, həmin bölgənin sakinləri, yerli icmalar. Buna görə də dövlətimizin başçısı insanları ümumi maraqlarımız naminə fəal olmağa, problemlərin üstünə getməyə çağırır. Yerlərdə, əmək kollektivlərində hansısa problemlərin aradan qaldırılması elə bütövlükdə ölkənin inkişafı anlamına gəlir.

Prezident İlham Əliyev ictimai nəzarətin gücləndirilməsi ilə bağlı çağırışlar edərkən, həmçinin bunun institusional təsisatlarının formalaşdırılmasının da aktuallığını gündəmə gətirib. “Biz cəmiyyətdə də elə ab-hava yaratmalıyıq ki, ictimai nəzarət güclənsin. Siz yaxşı bilirsiniz ki, mən dəfələrlə bu məsələ ilə bağlı öz fikirlərimi bildirmişəm. Mən daim bunu deyirəm, vətəndaşlara müraciət edirəm, biganə qalmayın və nəzarət edin. İctimai nəzarət bir çox məmurları bu cinayət xarakterli işlərdən çəkindirəcək. Ona görə ictimai nəzarətin hansısa institusional formatı da gərək işlənilsin”, - deyə dövlətimizin başçısı Azərbaycan Televiziyasına müsahibəsində vurğulayıb.

Artıq respublikamızda ictimai nəzarətin müxtəlif institusional formalarının yaradılması istiqamətində işlərə başlanıb. İnstitusional platformaların yaradılması son nəticədə ictimai nəzarətin səmərəliliyinin artmasına güclü impuls verir. Mərkəzi və yerli icra strukturları yanında  yaradılan ictimai şuralar uğurla fəaliyyət göstərirlər. Bu qurumlar cəmiyyətlə dövlət orqanları arasında bir növ körpü rolunu oynayır və idarəetmədə ictimai iştirakçılığı artırır. Onların fəallığı sayəsində müxtəlif qurumların fəaliyyətində inklüzivlik və şəffaflıq daha yüksək səviyyədə təmin olunur, çatışmazlıqlar qısa müddətdə aradan qaldırılır.

Müvəqqəti saxlama yerlərində monitorinqlər

Daxili İşlər Nazirliyi (DİN) yanında İctimai Şura iyul ayında Xətai və Qaradağ rayon polis idarələrinin müvəqqəti saxlama yerlərində monitorinqlər keçirib. Bu bardə DİN yanında İctimai Şuranın sədri, “Konstitusiya” Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev məlumat verib. Bildirilir ki, monitorinqlərin keçirilməsində məqsəd saxlanılma şəraitinin, qanunvericiliyə müvafiq şəkildə saxlanılan şəxslərin hüquqlarının təmin olunması vəziyyətinin öyrənilməsi olub. Müşahidələr bitdikdən sonra sözügedən polis idarələrinin rəhbərliyi ilə monitorinqlərin nəticələri barədə müzakirələr aparılıb, çatışmazlıqların aradan qaldırılması ilə bağlı müvafiq tövsiyələr verilib. Monitorinqlərin nəticələrinə dair müvafiq rəy DİN yanında İŞ sədrinə təqdim edilib. “DİN yanında İŞ-in “Polis orqanlarında müvəqqəti saxlama yerləri üzrə” monitorinq qrupunun Fəaliyyət Planı təsdiq edilib. Fəaliyyət planına uyğun olaraq, Monitorinq qrupu tərəfindən Bakı şəhərinin 11 rayonunun polis idarələrində, Daxili İşlər Nazirliyinin İnzibati Həbs Olunanların Saxlanma Məntəqəsində və Abşeron rayonu Polis İdarəsində yerləşən müvəqqəti saxlama yerləri üzrə monitorinqlər həyata keçirilməsi nəzərdə tutulub. Hər bir monitorinq üzrə və monitorinq prosesinin yekununda İŞ tərəfindən Daxili İşlər Nazirliyinə müvafiq rəylər, hesabat və tövsiyələr təqdim ediləcək. DİN rəhbərliyi ilə nəticələrin müzakirə olunması da planlaşdırılıb”, - deyə Əliməmməd Nuriyev vurğulayıb.

Gənclərə dəstək

“Bir ildir ki, Gənclər və İdman Nazirliyi yanında İctimai Şurada fəaliyyət göstəririk. On beş şura üzvümüz var, onlardan yeddisi gənclər, səkkizi idman sektoru üzrə mütəxəssislərdir. Bu günə qədər şura üzvləri ilə 6-dan çox iclasımız olub. Düşünürəm ki, gənclərlə bağlı məsələlərdə və idman sahəsində məsləhətləşmələr, ictimai dinləmələr mütləqdir. Ancaq bu yolla real vəziyyəti dəyərləndirə və sonradan təkliflərlə çıxış edə bilərik. Hər zaman bu məqamı nəzərə almışıq.”

Bu sözləri Gənclər və İdman Nazirliyi yanında İctimai Şuranın sədri, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının sədri Azər Əliyev deyib. Yaxın gələcəkdə rəhbərlik etdiyi şuranın indiyədək gördüyü işlərlə bağlı ictimaiyyətə geniş məlumat veriləcəyini vurğulayan Azər Əliyev, fəaliyyətin davam etdirilməsi üçün əzmlə çalışdıqlarını bildirib. Onun sözlərinə görə, şura üzvləri ilə 50-yə yaxın gənclər təşkilatları nümayəndələri arasında görüşlər təşkil olunub. Şuranın işinin daha effektiv qurulması üçün bölgələrə də səfərlər edilib. “Tovuz, Mingəçevir, Lənkəran gəncləri, idmançıları ilə görüş zamanı onları maraqlandıran məsələləri, şikayət və problemləri dinləmişik. Hədəfimiz daha çox regionu əhatə etməyə nail olmaqdır. Fəaliyyətimizin növbəti ilində bu tanışlıq davam etdiriləcək. Bizim bölgə gənclərinə dəstəyimiz çox vacibdir, ona görə ki, onlar da diqqətdə olduqlarını bilməlidirlər”, - deyə Azər Əliyev əlavə edib.

Gənclərin problemləri ilə bağlı sualı cavablandıran şura sədri bunları deyib: “Həllini gözləyən problemlər var. Misal üçün, Lənkəranda səfərdə olanda gənclərlə bağlı psixoloji konsultasiya xidmətlərinə ehtiyac olduğu deyildi. Bu sahə bahalı xidmət olduğuna görə, gənclər istədiyi kimi yararlana bilmirlər. Regionlarda gənclər evləri yaradılıb, amma orada psixoloq ştatları olsa belə, bu sahənin təkmilləşdirilməsinə ehtiyac var. Həm də pandemiya, İkinci Qarabağ müharibəsi, şanlı qələbəmizdən sonra psixoloji problemlər yaşından asılı olmayaraq hərədə bir cür iz buraxıb. Xüsusən də, gənc nəsil daha həssas olduğundan onların dəstəyə böyük ehtiyacları yaranıb. Müharibənin ağır izlərinin aradan qaldırılması üçün psixoloji dəstək vacibdir. Bunun üçün paytaxtdan psixoloqların getməsi yox, elə regionlarda peşəkar psixoloji yardımın təşkil edilməsinə nail olmaq lazımdır. Biz elə səfərdə olduğumuz müddətdə operativ şəkildə müvafiq qurumlarla danışıb bu məsələni həll etməyə çalışdıq.

Tovuzda da qazilərə dəstək məsələsi əsas müraciətlərdən biri olub. Düzdür, “Yaşat” Fondu bu işlə məşğul olur. Amma görünür, ehtiyac daha geniş formada təmin edilməlidir. Müraciətlərdən biri də nəqliyyat vasitəsi ilə bağlı olub. Lənkəran İdman Kompleksi idmançılara hərtərəfli xidmət edir, şərait əladır, amma oraya hansısa bir marşrut xətti yoxdur.

Bilirsiz ki, bölgələrdə də əsas məsələlərdən biri gənclərin məşğulluğudur. Məşğulluqla bağlı dövlət qurumları, nazirlik, agentlik səviyyəsində proqramlar həyata keçirilir. Amma yenə də bu sahədə problemlər var.

Şuraya ünvanlanan müraciətlərdən biri gənclərimizin 4 illik bakalavr təhsili əsasında qazandığı diploma uyğun işlə təminat məsələsidir. Bizim araşdırmalarımız onu göstərir ki, gənclərimizin iş, məşğulluq probleminin əsasında vaxtında doğru ixtisasa yiyələnməmələri dayanır. Başqa sözlə, ixtisas seçimi vacibdir. Bəhs olunan mövzu üzrə gənclərlə geniş, əhatəli müzakirələrin aparılmasına ciddi ehtiyac var. Gənclər sevdikləri və seçdikləri ixtisasa yiyələndikdə, sonrakı həyatlarında karyera qurmaq onlardan ötrü daha asan olur”.

Şura sədri daha bir vacib məsələyə - ayrı-ayrı təşkilatlarda gənclərin təmsilçiliyinin hələ də aşağı səviyyədə təmin olunduğuna da diqqət çəkib. Maraqlıdır, ictimai şura üzvləri arasında gənclər varmı? Məsələyə aydınlıq gətirən Azər Əliyev bildirib ki, şura üzvləri arasında gənclər çoxluq təşkil etməsə də, onlara dəstək verməkdə maraqlı olan təşəbbüskarlar var. “Biz bütün hallarda gənclərin aktivliyini artırmağa, onlar arasında bərabər imkanların yaradılmasına çalışırıq. Gənclər təşkilatlarının təlimatlandırılmasına, onların müxtəlif beynəlxalq layihələrdə iştirakına dəstək veririk”, - deyə Azər Əliyev əlavə edib.

Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə“İctimai və dövlət maraqlarının müdafiəsi” istiqaməti üzrə hazırlanmışdır

Paylaş:
Baxılıb: 114 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Sosial

Xəbər lenti

Xəbər lenti

Dünya Ürək Günüdür

29 Sentyabr 10:30

Prezident bu gün

Prezident bu gün

29 Sentyabr 10:21

Sosial

Elektron, yoxsa auksion?

29 Sentyabr 10:19

Xəbər lenti

Siyasət

Gündəm

İkinci zəng...

29 Sentyabr 09:52

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30