Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Mədəniyyət / Ənənəvi xalçaçılıq sənətinin UNESCO-nun siyahısına daxil edilməsinin 11-ci ili qeyd olunub

Ənənəvi xalçaçılıq sənətinin UNESCO-nun siyahısına daxil edilməsinin 11-ci ili qeyd olunub

17.11.2021 [15:49]

Noyabrın 16-da Azərbaycan Milli Xalça Muzeyində Azərbaycanın ənənəvi xalçaçılıq sənətinin UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilməsinin on birinci ili və görkəmli alim, Xalq rəssamı Lətif Kərimovun 115 illik yubileyi münasibətilə tədbir keçirilib.

Tədbiri açan Azərbaycan Milli Xalça Muzeyinin direktoru Şirin Məlikova bu qədim milli sənətin dünya miqyasında tanınması kimi mühüm hadisənin Azərbaycanın mədəniyyət və incəsənətinin təbliğində misilsiz xidmətləri olan Prezident İlham Əliyev və Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İSESKO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın dəstəyi ilə baş tutduğunu vurğulayıb. O, rəhbərlik etdiyi muzeyin xalçaçılıq sənətinin inkişafı, qədim xalça toxuma texnikalarının dirçəldilməsi, onların əsasında milli və ümumbəşəri əhəmiyyətli xalça nümunələrinin yaradılması istiqamətində yeni-yeni layihələr reallaşdırdığını bildirib.

Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə elmlər doktoru, professor Kubra Əliyeva, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının professoru, Əməkdar rəssam Məmmədhüseyn Hüseynov, Şuşa rayon İcra Hakimiyyəti başçısının müavini Vüsalə Fətəliyeva çıxış edərək görkəmli alim Lətif Kərimovun həyat və yaradıcılığı, Azərbaycan xalça sənətinin inkişafında misilsiz xidmətlərindən danışıblar.

Tədbirdə muzeyin Ənənəvi texnologiya şöbəsində ilk dəfə xovlu və bütün xovsuz xalçatoxuma texnikalarını tətbiq etməklə toxunan unikal “Narlı” xalçasının, həmçinin “Sor-sor” xalçasının və çiyi palazıntəntənəli şəkildə qədim ənənələrə uyğun dəzgahdan kəsimi həyata keçirilib.

Toxucudan yüksək peşəkarlıq tələb edən “Narlı” xalçası 8 ay müddətində toxunub. Bu nadir sənət əsərinin yerliyində bərəkət, cənnət meyvəsi və uzun ömürlülük rəmzi olan nar ağacı verilib. Ağacdakı hər nar müxtəlif xovsuz xalça texnologiyasında toxunub və onun üzərindəki naxış həmin texnikalar üçün səciyyəvidir. Belə ki, narlar palaz, çiyi-palaz, kilim, qədirqə, ladı, şəddə, vərni, zili və sumax, nar gülləri – xovlu, ağacın gövdəsi – zili texnikasında işlənilib.

Ənənəvi texnologiya şöbəsinin fəaliyyətinin istiqamətlərindən biri də muzeyin kolleksiyasında qorunan nadir eksponatların replikalarının hazırlanmasıdır.

Paylaş
Baxılıb: 96 dəfə

Xəbər lenti

Hamısına bax

Hava dəyişəcək

29 Noyabr 15:05

ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30