Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Mədəniyyət / Bu kino ki var...

Bu kino ki var...

18.11.2021 [10:58]

Havaya sovrulan pullar

Qazanan bir neçə nəfər, itirən bütün millət

Bir neçə gün öncə Turan Birliyinin təməli qoyuldu. Dəyişən dünya bunu tələb edir. “Türkün türkdən başqa dostu yoxdur” deyən ulu babalarıın sözü yüzillər sonra özünü doğruldur. Dünya yeni qütblərə bölünür və güclü olan başda duracaq. Düzdür, hələlik türk dövlətlərinin hamısı güclü deyil və aralarında da möhtəşəm bağlar yoxdur. Lakin bu əlaqələrin möhkəmlənməsi üzərində işlər gedir. Ən başlıcası bizim özümüzü, kökümüzü tanımağımız, sevməyimiz, bundan sonra da birləşmək üçün iradə göstərməyimizdir. Bu mənada Türkiyə artıq uzun müddətdir türkçülüyün qəbullandırılması yolunda mədəni inqilaba başlayıb. Bu məqsədlərə xidmət edən “Diriliş Ərtoğrul”, “Quruluş Osman”, “Oyanış: Böyük Səlcuqlu” Osmanlı sultanlarının dönəmini əks etdirən tarixi filmlər və bu qəbildən ard-arda təqdim olunan teleseriallar maraqlı olub, tamaşaçını ekran qarşısına kilidləməklə yanaşı, həm də maarifləndirici xarakter daşıyır. Baxdıqca sevirik, özümüzə qayıdırıq, tanıyırıq. Bir zamanlar rus ideologiyası əsasında hazırlanmış tarix kitabları və filmlərdən bizlərə barbarlar, peçeneqlər (bu arada xatırladım ki, “peçeneqlər” sözünü ruslar “bacanaqlar” sözündən götürmüşdülər. Sülh bağlamaq, sabitliyə nail olmaq məqsədilə türklərlə qohum olan rus knyazları türklər haqqında danışarkən “bacanaqlar” sözünü “peçeneqlər” kimi işlədirdilər) kimi tanıdılmış vəhşi, köçəri tayfaların, əslində qorxmaz türk babalarımız olduğunu addım-addım, zərrə-zərrə aşılayır bu filmlər. Həm də yüksək peşəkarlıqla.

Mədəniyyət sərhəd tanımır, yumşaq siyasətdir və onun vasitəsilə istənilən hədəfi qansız, davasız fəth etmək mümkündür. İndi türk dövlətlərinin yaradılmasından bəhs edən serialların da çəkilməsində əsas məqsəd haradan gəlib, hara getdiyimizi bütün dünyaya bəyan etməkdir. Uğurlu işdir, alqışlanmalıdır. Təxminən 10 il öncə “Möhtəşəm yüzyıl” Avropa və Asiyanın ürəyinə türk sevgisinin toxumlarını səpməyi bacardı. İlk baxışda saray intriqaları kimi görünən və elə bununla da izləyicini cəlb edən serial, əslində yanlış anladığımız saray ədəb-ərkanı barədə dərs idi.

Bu serial üzərinə qoyulan əməyi itirmədi və demək olar ki, bir çox ölkələr tərəfindən satın alınaraq nümayiş etdirildi. Həm böyük gəlir mənbəyinə çevrildi, həm də türk xalqının dövlətçilik tarixinin öyrənilməsində mühüm rol oynadı. Eyni keyfiyyətlə Məmməd Səid Ordubadinin “Qılınc və qələm”, Mahmud İsmayılovun “İki od arasında” adlı tarixi romanları ekranlaşdırılsa, yaxud Şah İsmayıl Xətai barədə, ayrı-ayrı xanlıqlarımız barədə film və seriallar çəkilsə, həm şanlı tariximizi tanıtmaq, həm də keyfiyyətli və sanballı işlər ortaya qoymaq olmazdımı?. Bu gün düyünlü kələfə düşmüş və tam anlaşıla bilməyən Atropat, albanlar barədə bu cür ekran işlərinə ehtiyac yoxdurmu? Axı tariximizdə ağ ləkələrin, müəmmaların, bilinməzlərin sayı-hesabı yoxdur. Bilincli şəkildə bizi bizə unutdurub, manqurtlaşdırıblar. Oyanmağımızdan da möhkəm-möhkəm qorxurlar. Gözəl bədii nümunələrimiz çoxdur, lakin istifadə olunmur. Bu işə dövlət səviyyəsində güclü maliyyə ayrılmalıdır. Çünki bu, həm də dövlət siyasətinin və təbliğatın bir qolu olaraq vacibdir.

Milli televiziya filmlərinin istehsalına maliyyə yardımının göstərilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 4 aprel 2013-cü il tarixli sərəncamı var idi və bu sərənama əsasən, MTRŞ-nin qərarı ilə milli teleserialların çəkilişinin dəstəklənməsi məqsədilə milli respublika özəl kanalların hər birinə 200 000 manat məbləğində maliyyə yardımı ayrılmışdı. 7 il zaman keçdi, biz ortada nəinki xaricə satılası, hətta öz izləyicilərimizin belə rəğbətini qazanan hansısa film və ya serial görmədik. Deyə bilərsiniz ki, ayrılan məbləğ azdır. Haqlısınız. Amma bu da var ki, yüksək yaradıcılıq qabiliyyəti, istedad və istəklə az maliyyə ilə də ortaya yaxşı bir iş çıxarmaq olar. Məsələn “Quruluş Osman” serialının birinci mövsümdəki bütün hissələri pandemiya dönəminə düşdüyü üçün az bir heyətlə demək olar ki, meşədə çəkildi. Digər dekorasiyalar (obalar, çadırlar, qədim şəhər, dükanlar və s.) bundan öncə çəkilmiş serialdan hazır şəkildə qalmışdı. Amma ortaya çıxarılan iş öz ideyasını doğrultmaqla qalmadı, sevildi, izləyicini özünə cəlb etdi. Ən əsas da heç bir kinostudiya, şirkət yersiz rəqabətə, daha doğrusu, paxıllığa başlamadı. Məram eyniydi çünki.

Bizdə niyə belə olmasın? Bəzi rejissor və aktyorlar sırf qazanca xidmət edən, ucuz kassa filmləri çəkərək, müəyyən gəlir əldə etsələr də, bu filmlər təəssüf ki, yadda qalmır, nəm çəkmiş fişəng kimi yanmadan sönür. Bu gün dünya standartları səviyyəsində kinoteatrlarımız olsa da, orda nümayiş etdiriləcək yüksək səviyyəli yeni filmlərimiz yoxdur. Sponsor dəstəyi ilə çəkilmiş və yeri gəldi-gəlmədi reklam elementlərinə yer verilən, bəsit komediya filmləri ekranlara çıxarılır. Həm də heç də ucuz qiymətə yox. Eyni aktyorlarla, eyni musiqi ilə. Sanki, bu ölkədə 5-6 nəfərdən başqa aktyor yoxdur. Şit zarafatlarla doldurulmuş “komediyalar”ı eyni ifaçılar bu kanaldan o kanala sürüyə-sürüyə durublar. İstisnalar yox deyil. Amma bu, dəryada damla sayılacaq qədər azdır. Reytinq xatirinə bu gün bir nəsli kor edirik, xəbərimiz yox. 10-u birə dəyməz, biri sıfıra.

 Ayrılan o vəsaitə daha ağıllı bir iş görmək olardı. Rejissorlar deyirlər ki, yaxşı serialın bir bölümünə təqribən 12-15 min manat lazımdır, üstəlik, serialı tamaşaçının baxmaq istədiyi mövzulara əsasən çəkirlər və bizim tamaşaçı da məhz ailə-məişət mövzularında seriala baxır.

Maraq xatirinə bir neçə dəfə izlədim və hər filmdə eyni qanlı baxışları gördüm. Beynimi filmdən çox bir sual zəbt etdi. Komediya janrında çəkilməyən ailə-məişət mövzulu seriallarımız nə üçün nifaq, nifrət toxumları səpir? Bu nəyin qəzəbi, nəyin qisasıdır biz tamaşaçıdan alırlar? Orta həddi tutmaq mümkün deyilmi? Ya çox sərt, qəddar Azərbaycan kişisi, ləçər sayılacaq qadın obrazı var, ya da, ümumiyyətlə kişi sayılmayan orta cins nümayəndələri ilə yuva yıxan yüngül əxlaqlı qadınların təbliği. Bir zamanlar həyatımız üçün yolverilməz olan bir çox ideyalar bu gün müəyyən qüvvələr tərəfindən zorla bizə sırınır. Onsuz da cürbəcür sosial şəbəkələrdə hərə öz əxlaqi səviyyəsində ulduz olub. Populyarlıq xatirinə ruhunu satan, əqidəsini satan, bədənini satan... Barı telekanallarımız ipin ucunu itirməsin.

Bu qarmaqarışıq dünyada Azərbaycan kinosu yolumuza işıq tutacaq, xanım-xatın Azərbaycan qadınının, mərd, çörəkli Azərbaycan kişisinin obrazını yaşadacaq, unutdurmayacaq, milli mənliyimizi dünyaya layiqincə təqdim edəcək və ən yüksək kino mükafatlarını qazanacaq filmlər çəkməyi öhdəsinə götürməlidir.

Milli Televiziya və Radio Şurası bildirir ki, “Vəsaitin uyğun olaraq xərclənməsinə MTRŞ tərəfindən nəzarət olunur. Televiziya və radio yayımı haqqında Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən, yayımçıların yaradıcılıq və redaksiya fəaliyyəti peşə müstəqilliyi əsasında həyata keçirilir və yalnız qanunla müəyyənləşdirilmiş hallarda məhdudlaşdırıla bilər”. Bu da sənə yaradıcılıq azadlığı. Di gəl ki, azadlıq var, yaradıcılıq yox.

“Söz” adlı serialdan sonra Türkiyədə minlərlə gənc hərbçi olmaq üçün müraciət edib. Gəncliyimizin Vətən eşqini alovlandırmaq üçün vətənpərvərlik mövzusunda, məsələn, “Zəfər”, “Xarıbülbül”, “Torpaq” və s. adlı filmlər (adlar təbii ki şərtidir) çəkmək olardı. Dünya Qarabağdakı müharibəni döyüş əfsanəsi kimi qəbullanmışkən, biz niyə bambılı qəhrəmanların obrazlarına pullar tökürük? Hətta komediya janrında əsgər həyatını anladan filmlər də gənclər tərəfindən maraqla qarşılanar. Yetər ki, düzgün yanaşma olsun.

Kino yaddaşdır, kino tarixdir. 200 il sonra bugünkü tariximiz haqqında hansı filmlər danışacaq, onu bilmirik. Gələcəkdə arxivlərdən bu günlərimizi əks etdirən hansı lent çıxacaq, kimsə deyə bilməz. Amma kaş ki, bu həqiqətləri, ədaləti göstərən, Azərbaycanı sevən bir rejissorun əl işi olaydı. Qoyacağımız  miras da gələcək nəsillərin qürur yerinə çevriləydi. Məncə əlçatmaz arzu deyil. Azərbaycan kino tarixində dəfələrlə baxılsa da, tamaşaçını yormayan, təkrar-təkrar ağlatmağı, güldürməyi bacaran sənət inciləri var. Bir zamanlar “Arşın mal alan”, “O olmasın, bu olsun” kimi filmlərimiz dünya arenasına çıxmağı bacarmışdı. Bir Ceki Çan öz filmləri ilə bütün Çini, bir Ayşvariya Rayi öz milli obrazıyla hind qadınlarını təmsil edə bilir. Hollivud filmləri, hətta fantastik qəhrəmanları ilə belə amerikalıları dünyanın xilaskarı kimi təqdim edir, özlərini öyürlər. Biz də ortaya azərbaycanlı obrazını sevdirəcək qəhrəmanlar çıxarmağı bacarmalıyıq. Dövr dəyişir, dünya dəyişir, zövqlər və maraqlar da dəyişir. Dəyişən dünya ilə ayaqlaşmaq üçün ən mülayim silah incəsənətdir. Kino bütün dünyanın malıdır, millətlərin sərhədlərini tanımaz. Türk şairi Atilla İlhanın təbiriylə desək, incəsənət, ictimai bir səydir; cəmiyyətdən gələr, cəmiyyətə dönər. Lakin gələnlə gedən eyni şey deyil.

İlhamə Rəsulova

 

 

Paylaş
Baxılıb: 123 dəfə

Xəbər lenti

Hamısına bax

Məqsəd keyfiyyətdir

02 Dekabr 11:00

Neftin qiyməti artıb

01 Dekabr 15:31

ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31