Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Mədəniyyət / “Sönməyən ulduzların” unudulan işığı

“Sönməyən ulduzların” unudulan işığı

24.11.2021 [11:01]

Qocaman müğənni şikayət edir

Bir zamanlar konsert salonlarını Raziyə Şirinovanın tamaşaçıları doldurardılar, o isə şaqraq səsiylə ürəkləri ovsunlayar, dinləyənləri feyziyab edərdi. Səhnəyə hər çıxışı həm özü, həm də onu sevənlər üçün bayram olardı. Amma heyhat, bir zamanlar...

Bir zamanlar səhnə ilə nəfəs alan, tamaşaçı alqışları ilə ürəyi fərəhlənən sənətkarlar üçün unudulmaq, yaddan çıxmaq böyük dərd olur. Çoxları hələ populyarlığın zirvəsindəykən unudulmaq qorxusu ilə yaşayır. Şöhrəti dadmış əksər sənətkarlar bu taleyi yaşayırlar. Onlardan biri də müğənni, Əməkdar artist Raziyyə Şirinovadır. 82 yaşlı qocaman sənətkar ömrünün ahıl çağında əzab-əziyyətli yaşayışından, unudulmağından gileylənir.

Raziyyə Şirinova haqqında kiçik xatırlatma: 1940-cı ildə anadan olub. 1962-64-cü illərdə A.Zeynallı adına Bakı Musiqi texnikumunda Seyid Şuşinskinin kursunu, 1977-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunu bitirib. Hələ tələbəlik illərindən o zamanlar çox sevilən “Lalə” qızlar ansamblının solisti kimi çıxış edib. 1964-1970-ci illərdə isə Azərbaycan Dövlət Filarmoniyasının solisti olaraq səhnəyə çıxıb, müxtəlif tamaşalarda baş rolları ifa edib. Yaşlı nəsil Raziyə xanım dedikdə onun “Əsli və Kərəm” operasında Əsli, “Aşıq Qərib”də Şahsənəm, “Şah İsmayıl”da Ərəbzəngi, “Gəlin qayası”nda Tutu, Əmi qızı, “Leyli və Məcnun”da Məcnunun anası rollarını xatırlayırlar. Respublika televiziyası və radiosunda ifa etdiyi muğam, xalq və bəstəkar mahnılarını da  şövqlə oxuyur, hər ifası ilə ürəklərə yol tapırdı. Bu gün isə oxuduğu məşhur bir mahnıda deyildiyi kimi, “Halı pərişandır, bir bilən yoxdur”.

“Uzun illər ən tanınmış sənətkarlarla çiyin-çiyinə çalışmışam. Birinci Qarabağ müharibəsi zamanı cəbhəyə gedib, əsgərlərə konsertlər vermişik. Həyat yoldaşım Əməkdar artist, tarzən Rafiq Məmmədovla birlikdə çox yollar keçmişik. Sovet vaxtı bizləri qastrollara aparırdılar. Gəncliyimiz tarlalarda, yollarda keçib desəm yalan olmaz. Çox zəhmət çəkmişəm. Məni incidən budur ki, çəkdiyim zəhmətlər qarşılığında  layiq olduğum qiyməti ala bilmədim. Arif Babayev, Canəli Əkbərov kimi ustadlar Xalq artisti adını aldılar, mən yada düşmədim. 2005-ci ildən Prezident təqaüdü alıram. 2006-cı ildə isə Əməkdar artist adına layiq görüldüm. Bunun üçün dövlət başçısına minnətdaram. Lakin sonra unuduldum. Evim yoxdur. Dəfələrlə müraciət etmişəm, yazmaqdan barmaqlarım qabar olub. Amma yada düşmürəm. Bir zamanlar  yoldaşım ev növbəsində idi, 1981-ci ildə. Dövr, zaman dəyişdi, bu növbələr ləğv olundu. Qızımın evində yaşayıram. 15 kvadratmetrlik evdir. Bütün arxivim, şəkillərim, diplomlarım, medallarım bir qutunun içində, bir küncdə qalıb. 82 yaşıma gəlmişəm, ömrümün bu illərini bir qədər rahatlıqla yaşamaq istəyirəm. Arzu edirəm ki, yaşımı, keçmiş xidmətlərimi nəzərə alıb məni də yada salsınlar”,- deyir yaşlı sənətkar.

Raziyə xanım bir zamanlar yaşlı aktyorların toplandığı “Sönməyən ulduzlar” teatrında da çıxışlar edib. Ötən əsrin 80-ci illərində keçmiş Sovet respublikalarında olduğu kimi, Azərbaycanda da Mədəniyyət Fondu fəaliyyətə başladı. Həmin Fondun nəzdində 1992-ci ildə açılan “Sönməyən ulduzlar”  teatrı  qocaman aktyorları  ətrafında toplamışdı. Yaşlı sənətkarlar bu sənət ocağında tamaşalarda çıxış edərək, hələ də işləmək iqtidarında olduqlarını sübut edirdilər. O vaxtlar Fondun sədri olan Kamal Abdulla Raziyə xanımı da bu teatra dəvət etmiş, o da müxtəlif tamaşalarda rol almışdı. Ömrünün böyük hissəsini incəsənətə, səhnəyə həsr etmiş bu xanım deyir ki, sənətkar səhnədən nə zaman getməli olduğunu bilməlidir.

“Gərək səhnə şuxluğun, təravətin ola. Aktyor səhnədən çıxarkən alqışlar əvəzinə, öz ayaq səslərini eşitməməlidir. Bu faciə olar. Ona görə, biz də zamanında çəkildik, meydanı gənclərə verdik. Bu gün gənc nəsil bizi xatırlamır, amma bizim də öz dövrümüz üçün xidmətlərimiz olub. Bunların unudulmasını istəməzdim. Bir  aktyordan, müğənnidən geriyə bir zamanlar oynadığı rollar, yaddaşlarda buraxdığı iz qalır. Bir də qazandığı tamaşaçı sevgisi. Həyat yoldaşım Rafiq Məmmədov ömrünün 50 ilini  tar sənətinə həsr edib. Ahıl çağlarımızı yaman əziyyət içində keçiririk. Dəfələrlə Mədəniyyət Nazirliyinə müraciət etmişik. Faydası olmayıb. Sizə müraciət edirik, bəlkə kimsə bizi yada salar”,- deyə Raziyə xanım bildirir.

Ümid edirik, Mədəniyyət Nazirliyi Raziyə xanımın gileyinə, şikayətinə  biganə qalmaz. Böyük sənət məktəbi keçmiş, ömrünün çox hissəsini teatra həsr etmiş Raziyə xanım kimi sənət fədailərinin, sönən ulduzların taleyi ilə yaxından maraqlanar.

İlhamə Rəsulova

 

 

Paylaş
Baxılıb: 111 dəfə

Xəbər lenti

Hamısına bax

Məqsəd keyfiyyətdir

02 Dekabr 11:00

Neftin qiyməti artıb

01 Dekabr 15:31

ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31