Heydər Əliyev yeni azerbaycan logo

Ana səhifə / Mədəniyyət / Söz musiqidən düşsün...

Söz musiqidən düşsün...

24.06.2022 [10:44]

Uşaqlarımızın musiqi zövqünü necə formalaşdıraq?

MÜŞFİQƏ

Yetişməkdə olan gənc nəslin şəxsiyyət kimi formalaşmasında estetik tərbiyənin çox böyük əhəmiyyəti vardır. Estetik tərbiyənin əsas məqsədi isə uşaqları ədəbiyyat, təsviri incəsənət, musiqi, teatr və s. bədii yaradıcılıqla tanış etməkdir. Bugünkü mövzumuz uşaqlarımızın musiqi zövqünün formalaşması ilə bağlıdır.

Biz bilirik ki, uşaqların həm mənəvi tərbiyəsi, həm də estetik zövqünün inkişafı üçün uşaq mahnıları təkanverici qüvvəyə malikdir. Mahnılar uşaqları maarifləndirməklə yanaşı, onları nikbin arzular ərtafında birləşdirir, uşaqları doğmalaşdırır, sosiallaşdırır, onlara həmrəylik, əməkdaşlıq kimi müsbət və faydalı sosial-psixoloji vərdişlər aşılayır. Musiqini sevən uşaq insanları, cəmiyyəti, həyatı sevir, özünəməxsus mənəvi güc, zənginlik qazanır. Platonun dediyi kimi, estetik tərbiyə əxlaqi tərbiyəyə də təsir edir.

Analarımızın laylaları, nənələrimizin nazlamaları ilə damla-damla qanımıza hopan doğma və milli musiqimizi qoruyub saxlamalı, gələcək nəsillərə çatdırmalıyıq. Bu işdə ən vacib öhdəlik isə valideynlərin üzərinə düşür. Mütəxəssislərin fikrincə, körpə musiqi ilə tanışlığa ana bətnində olarkən başlamalıdır.

Tədqiqatlar göstərir ki, erkən yaşda musiqi təhsili, xüsusən də fortepiano dərsləri uşaqların beyninin inkişafına təkan verir. Belə ki, Kaliforniya Universitetinin tədqiqatçılarının araşdırmalarına görə, 6 aylıq fortepiano dərsindən sonra 3-5 yaşlı uşaqlar riyaziyyat və digər fənləri daha tez qavrayırlar.

Beləliklə, azyaşlıları musiqimizlə yaxından tanış etmək, mövcud biliklərini daha da artırmaq və sevdirmək lazımdır. Uşaqların estetik zövqünün formalaşması, asudə vaxtının səmərəli keçirilməsi və maarifləndirilməsi naminə valideynlər öz üzərinə düşəm missiyanı yerinə yetirməlidirlər.

Bununla yanaşı, uşaq mahnılarına televiziya və radio kanallarında daha çox efir vaxtı ayrılmalıdır. Beynəlxalq müsabiqələrdə ölkəmizi uğurla təmsil edən uşaq mahnı və rəqs kollektivlərinin çıxışlarına da efirlərdə az rast gəlinir. Əvvəllər AzTV ayda 40 saat uşaq verilişləri yayımlayırdısa, indi efir vaxtı 10 dəfə azaldılıb. Efirlərdə elə xarici mahnılar səslənir ki, nə musiqisi, nə də fakturası var.

Əfsuslar olsun ki, uşaqlar bu gün gənclər, böyüklər üçün yazılmış mahnıları daha çox tanıyır və “bayağı” adlandırılan mahnıları əzbər bilirlər. Mənasını dərk edə bilmədikləri mahnıların sədası altında böyüyürlər. Vaxtilə uşaqlar üçün Oqtay Zülfüqarov, Rəşid Şəfəq, Əfsər Cavanşirov, Səid Rüstəmov, Zabitə Məmmədova, Hökümə Nəcəfova, Ağabacı Rzayeva, Soltan Hacıbəyov, Oqtay Rəcəbov, Musa Mirzəyev, Qəmbər Hüseynli, Fikrət Əmirov, Tofiq Quliyev, Vasif Adıgözəlov, Ramiz Mirişli, Aygün Səmədzadə, Səadət Fərziyeva, Nazim Quliyev və başqalarının yaratdığı musiqi əsərlərinin neçə-neçə nəsil tərəfindən böyük məhəbbətlə ifa olunan və nəinki ölkəmizdə, bütün dünyada tanınan əsərlər yeni nəsil tərəfindən unudulur. Həmin mahnıların təbliğatı zəif olduğundan, indiki uşaqlara çatdırılmasında problemlər var. Respublikada fəaliyyət göstərən uşaq bağçalarının çoxunda musiqi dərsi keçilir, amma bəzi istisnaları nəzərə almasaq, o dərslərdə uşaq mahnıları elə də dərindən öyrədilmir. Heç şübhəsiz, balacaların maarifləndirilməsi üçün müasir aranjemanda olan uşaq mahnılarına da ehtiyac var.

Bir sözlə, uçurumun kənarındayıq. Bizi yalnız söz və musiqi qanadlı əsərlər xilas edə bilər. Fəxrlə öyündüyümüz dünənin musiqilərini, gələcəyin “mahnılar”ı üstələmək üzrədir.

“Bəs uşaqlar hansı musiqilərə qulaq assınlar?”, deyə soruşanlar üçün siyahı tərtib etmişik.

Qeyd edək ki, Asəf  Zeynallının “Uşaq süitası” əsəri ilə ilk dəfə Azərbaycan musiqi tarixində uşaq musiqisi repertuarının əsası qoyulub. Bundan sonra bir çox Azərbaycan bəstəkarı yaradıcılığı boyu uşaq mövzusuna müraciət edib.

Mahnı qanadlı quşa bənzəyir, onun heç bir sərhədi yoxdur, deyiblər. İnsan qəlbinə yol tapır, sevinc və fərəh gətirir. Lakin hər mahnı belə bir sehrli qüvvəyə malik olmur. Nadir mahnılar vardır ki, təkcə öz xalqının, millətinin deyil, bir çox xalqların sevimlisinə çevrilir. Belə mahnılardan biri də dünya şöhrətli “Cücələrim”dir:

Cip-cip cücələrim.

Cip-cip-cip-cip cücələrim.

Mənim qəşəng cücələrim,

Tükü ipək cücələrim.

Uşaqlar üçün yazılsa da mahnının dili sadə, ritmi oynaq, melodiyası isə ürəyəyatan olduğuna görə “Cücələrim” hər bir insanın dilində bu gün də əzbərdir.

 Musiqisi Qənbər Hüseynliyə, sözləri Tofiq Mütəllibova məxsus olan “Cücələrim” mahnısı 74 ildir ki, nəsil yetişdirib, neçə-neçə nəsli də yetişdirmək gücündədir.

Yeganə uşaq musiqisidir ki, yarandığı gündən bu vaxta qədər bütün qitələri gəzib, ölkələri dolaşıb və Azərbaycanın şöhrətini dünyaya yayıb. 1948-ci ildən indiyə qədər dünyanın 100-dən çox xalqının dilinə tərcümə olunub.

Vaxtilə Azərbaycan kinosunun bir qrup nümayəndəsi Fransada olarkən dünya şöhrətli Çarli Çaplin gələnlərin Azərbaycandan olduğunu biləndə piano arxasına keçərək “Cücələrim”i ifa edir və qonaqlara üz tutaraq deyir: “Demək, siz bu melodiyanın Vətənindənsiniz?! Məndən o bəxtəvər bəstəkara salam yetirin!”

Musiqişünaslar və bəstəkarın həmkarları qeyd edir ki, “Cücələrim”in qəribə taleyi olub. Mahnı yazılandan düz 10 il sonra məşhurlaşıb. Demək, 1949-cu ildə bəstəkar Q.Hüseynli şair Tofiq Mütəllibova bir musiqi dinlədir və ondan xahiş edir ki, buna söz yazsın. O dönəmlər uşaq şeirləri yazan T.Mütəllibov musiqiyə söz yazıb verir Q.Hüseynliyə. Mahnının ilk ifaçısı, deyilənə görə, Arif Qazıyev olub. 1959-cu ildə isə Moskvada keçirilən Azərbaycan incəsənəti dekadasında “Cücələrim”i indi hamımızın tanıdığı aktrisa Suqra Bağırzadə oxuyur. Mahnı böyük alqış sədaları ilə qarşılanır və tezliklə dillər əzbərinə çevrilir, sovetlər məkanını aşaraq bütün dünyaya yayılır. Hətta “Dünyanın ən yaxşı uşaq mahnıları” albomuna daxil edilir. Məşhur sovet cizgi filmi “Nu, poqodi!”nin bir bölümünə də salınır. Özü də mahnı cizgi filmində Azərbaycan dilində səslənir!

Ay uzun saç qara göz,

Ağıllı kuklam mənim.

Gəl əlifba oxuyaq,

Sən şagird ol, mən müəllim. 

Bir də görüm “A”,

Ey, gözəl kukla.

Yoxsa səninlə danışmaram, a ?

Yoxsa səninlə danışmaram, a ?

Uzun illərdir ki, dili söz tutan hər bir azərbaycanlı qızcığazın oxuduğu “Kukla” mahnısının sözləri Cahangir Məmmədovun, musiqisi isə Ağabacı Rzayevanındır.

“Kukla”nın musiqi dili sadə, harmoniyaları dolğundur. Xalq musiqisinə yaxınlıq, həzin melodiya əsərlərinin qayəsini təşkil edir. Mahnı bu günə qədər öz əhəmiyyətini itirməyib, məktəb proqramlarında öz yerini tutub və uşaqların sevimli mahnısına çevrilib. Çünki bəstəkar bu mahnını uşaqların anladığı dildə, yadda qalacağı tərzdə yazıb, melodiyasının gözəlliyi ilə onları özünə cəlb edib.

A.Rzayeva yaradıcılığında uşaq musiqisi əhəmiyyətli yerlərdən birini tutur. Bəstəkar gənc dostları olan məktəbliləri, kiçik yaşlı uşaqları unutmayaraq onlar üçün bir-birindən gözəl mahnılar yazmışdı.

Azərbaycanın ilk qadın bəstəkarı, Əməkdar incəsənət xadimi, Üzeyir bəyin tələbəsi Ağabacı Rzayeva tərəfindən yazılan mahnıların 60-dan çoxu uşaqlara həsr olunub. “Xoş gəlmisən, təzə il”, “Qaranquş”, “Mənim ağ göyərçinim”, “Sabahkı günün ustaları”, “Kiçik kapitan”, “Mən qərənfiləm” və s. mahnıları həmişə doğma hisslərlə, səmimiyyətlə xatırlanır.

Kim sevirsə idmanı,

Bir, iki, üç, dörd.

Poladdan olar canı,

Bir, iki, üç, dörd. 

“Kukla” balacalarımızı oxumağa, öyrənməyə və öyrətməyə təşviq edirdisə, bu mahnı isə idmana, sağlam yaşama səsləyir. Oqtay Zülfüqarovun şah əsəri olan mahnının sözləri Teymur Elçinə məxsuddur. Uzun müddətdir, mahnının sözlərini əzbər bilsək də, əksər müəlliflərin kimliyi barədə maraqlanmamışıq belə. Bu cür ibrətamiz əsərlər müəllifləri ilə birlikdə unudulmağa başlanılıb. Bunun qarşısını almaq isə hələ də gec deyil.

Sağıcıdır mənim nənəm

Köməkçisi, mənəm, mənəm

Mən badyanı gətirirəm,

Nənəmə tez yetirirəm

Nənəm sağır inəkləri

Badyada süd köpüklənir

Əynimdə var ağ xalatım,

Köməkçidir mənim adım.

Sözləri Xəlil Rza, musiqisi isə Hökümə Nəcəfovaya məxsus bu mahnı yaddaşımıza Zabitə Məmmədovanın ifası ilə həkk olunub. Müəlliflərin ürəyindən süzülüb gələn bu əsər insanı zəhmətə, əməyə sövq edir. Dostluq, Vətənə sevgi, zəhməti, oxumağın və öyrənməyin önəmi  və s. mahnıların məzmununun əsasını təşkil edir.

Bənövşəyəm, bənövşə,

Düşmüşəm dilə-dişə;

Məni qızlar, oğlanlar

Dərib taxarlar döşə.

(Musiqi: Səid Rüstəmov, sözləri: A.Şaiq)

Uşaq mahnılarından söz açmışkən  “Bənövşə” uşaq xorunun fəaliyyətindən də danışmasaq, olmaz. 1958-ci ildə Azərbaycan Dövlət Televiziya və Radiosunun nəzdində yaradılan “Bənövşə” uşaq xoru məhz Əfsər Cavanşirovun adı ilə bağlıdır. “Uşaqların maestrosu” adını layiqincə daşıyan Əfsər Cavanşirov böyük bir musiqiçi nəslinin yetişməsində rol oynayıb. Bir çox bəstəkarların yazdığı uşaq mahnıları bu kollektivin ifasında səslənib və yaddaşlarda qalıb. Məsələn, uşaqların da, böyüklərin də sevə-sevə dinlədiyi “Yeni il gəldi” mahnısı.

“Bənövşə” Uşaq Xoru bu gün də fəaliyyətini uğurla davam etdirir və gələcəyin istedadlı musiqiçilərini, müğənnilərini yetişdirir.

Paylaş:
Baxılıb: 79 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Mədəniyyət

13 il öncə...

25 İyun 10:35

Xəbər lenti

Siyasət

MEDİA

Prezident bu gün

Prezident bu gün

25 İyun 10:11

Xəbər lenti

Siyasət

4-cü səfər...

25 İyun 10:01  

Gündəm

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30