Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Müsahibə / Azərbaycanın beynəlxalq müstəvidə nüfuzunun artması Dağlıq Qarabağ münaqişəsinin həllinə müsbət təsir göstərir

Azərbaycanın beynəlxalq müstəvidə nüfuzunun artması Dağlıq Qarabağ münaqişəsinin həllinə müsbət təsir göstərir

24.07.2012 [22:16]

Yeni Azərbaycan Partiyası İcra katibinin müavini, Milli Məclisin deputatı Mübariz Qurbanlı www.yap.org.az saytına müsahibə verib:
- Mübariz müəllim, son zamanlar nüfuzlu beynəlxalq təşkilatların, dövlətlərin rəhbər şəxslərinin Azərbaycana səfərləri intensiv xarakter alıb. Azərbaycanın beynəlxalq müstəvidə nüfuzunun güclənməsi baxımından bu səfərlərin əhəmiyyətini necə qiymətləndirirsiniz?
- Azərbaycanın beynəlxalq aləmdə nüfuzu ilbəli artmaqdadır. Bu nüfuzun qazanılması Azərbaycan Prezidenti İlham Əliyevin apardığı uğurlu xarici siyasətin nəticəsidir. Bu gün Azərbaycan apardığı siyasət nəticəsində bu regionda liderliyini qoruyub saxlayır. Eyni zamanda, ölkəmiz Cənubi Qafqazın iqtisadi baxımdan da lider dövlətidir. Statistik rəqəmlərdə də bu fakt bir daha aydın görünür. Belə ki, Cənubi Qafqaz iqtisadiyyatının 80 faizi Azərbaycanın payına düşür. İyulun 11-də Azərbaycan Prezidentinin Sədrliyi ilə Nazirlər Kabinetinin 2012-ci ilin birinci yarısının sosial-iqtisadi yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş iclası keçirildi. İclasda Prezident İlham Əliyev ölkəmizin sosial-iqtisadi, siyasi, beynəlxalq və mədəni sahələrdə əldə etdiyi uğurlar barədə fikirlərini bildirdi. Cənab Prezidentin iclasda söylədiyi fikirlər Azərbaycanın yüksələn xətlə inkişafının göstəricisidir.
Azərbaycanın iqtisadi potensialı artır, ölkədə investisiyaların həcmi yüksəlir, valyuta ehtiyatlarımızın həcmi bu gün 44 milyard dollar civarındadır. Əlbəttə, bütün bunlar Azərbaycanın beynəlxalq aləmdəki nüfuzuna da müsbət təsir göstərir. Bizim beynəlxalq aləmdəki nüfuzumuzun bariz göstəricisindən biri BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməyimizdir. ötən il müstəqilliyinin 20 illiyini qeyd edən Azərbaycan belə bir mötəbər quruma üzv seçilibdir və buna qısa zamanda nail olubdur. Təbii ki, bu, böyük bir nailiyyətdir. Bu baxımdan, Azərbaycanın gücünün, nüfuzunun artması ölkəmizə marağı daha da yüksəldib. Ona görə də, Azərbaycana maraq ayrı-ayrı beynəlxalq təşkilatların və ölkələrin nümayəndələrinin intensiv xarakterli səfərləri ilə müşayiət olunmaqdadır. Bu intensivlik əvvəllər də var idi, bu gün də var və getdikcə də artmaqdadır. Artıq bizim xarici əlaqələrimizin coğrafiyası da genişlənməkdədir. Bu gün Azərbaycan 150-ə yaxın ölkə ilə ticari-iqtisadi ələqələrə malikdir. Dünyanın hər bir bölgəsində əlaqələr qurduğumuz dövlətləri və şirkətləri görə bilərik. Bu əlaqələrin genişliyi, intensivliyi üzləşdiyimiz Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə müsbət təsir göstərir. Aparılan xarici siyasətin uğuru beynəlxalq təşkilatlarda Ermənistanın təcavüzünə qarşı müxtəlif xarakterli sənədlərin qəbul edilməsində özünü göstərməkdədir. Eyni zamanda, ermənilərin Xocalıda törətdikləri vəhşiliklərin və soyqırımı siyasətinin ayrı-ayrı ölkələrin parlamentlərində tanınmasını müşahidə etməkdəyik. Bu gün bir neçə ölkənin parlamenti ermənilərin Xocalıda törətdiyi soyqırımı faktını rəsmən tanıyıb. Həmçinin, ABŞ-ın bəzi ştatları bununla bağlı qərarlar qəbul ediblər. Bu proses genişlənməkdədir.
Prezident İlham Əliyevin apardığı xarici siyasət kursu Ulu öndər Heydər Əliyevin müəyyən etdiyi strategiyaya uyğun olan, Azərbaycanın milli maraqlarına söykənən bir siyasətdir. Bu siyasət müstəqil fəaliyyəti və müstəqil xətti özündə əks etdirir. Bu gün dünyanın bütün ölkələrinin təsnifatını versək, onların heç də hamısının bu və ya digər məsələlərin həllində müstəqil olmadığını görə bilərik. Elə ölkələr var ki, üçüncü bir ölkənin və yaxud güc mərkəzinin təsiri altındadır və həmin güc mərkəzlərinin verdikləri tapşırıqları sözsüz yerinə yetirməkdədir. Yəni, ölkələr var ki, üçüncü dövlətin forpostu rolunu oynayır. Belə ölkələrdən biri Cənubi Qafqazda Ermənistandır. Azərbaycan isə yeni müstəqil dövlət olsa da, sürətlə inkişaf edən ölkələrin sırasındadır, inkişaf etmiş ölkələrin sırasına çatmağı özünün strateji vəzifəsi kimi müəyyən edibdir. Qətiyyətlə demək olar ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə dövlətimiz bütün sahələr üzrə, o cümlədən beynəlxalq sahədə müstəqil siyasət həyata keçirir.
- Bu istiqamətdə konkret olaraq hansı məqamları vurğulamaq istərdiniz?
- Bu faktor özünü bütün sahələrdə biruzə verir. Azərbaycan öz iqtisadi sərvətlərinə tam nəzarət edən bir ölkədir. Bu gün Azərbaycan iqtisadiyyatında xarici şirkətlərin investisiyaları mövcuddur, lakin bütövlükdə Azərbaycan iqtisadiyyatının mühüm hissəsi və mütləq hissəsi Azərbaycan xalqına və dövlətinə məxsusdur. Yəni, bizim strateji sahələrimiz, strateji-iqtisadi istiqamətləri özündə əks etdirən sahələrimiz yalnız Azərbaycana və ölkədaxili şirkətlərə məxsusdur. Amma Ermənistanın və bəzi başqa ölkələrin iqtisadiyyatı faktiki olaraq üçüncü bir ölkənin əlindədir. ölkələrin dövlət büdcəsinin formalaşması üçüncü bir ölkənin ayırdığı maliyyə yardımlarından asılıdır. Belə ölkələr, əlbəttə ki, müstəqil siyasət yürüdə bilməz. Və ya elə ölkələr var ki, onlar beynəlxalq maliyyə qurumlarından, Beynəlxalq Valyuta Fondundan, beynəlxalq iqtisadi mərkəzlərdən asılıdır və onların müəyyən etdiyi proqramlardan kənara çıxa bilməz. Amma bu gün Azərbaycan iqtisadi baxımdan tam müstəqil bir siyasət həyata keçirir. Azərbaycan özünün iqtisadi təhlükəsizliyini, ərzaq təhlükəsizliyini, enerji təhlükəsizliyini təmin edən ölkələr sırasındadır. Digər tərəfdən, Azərbaycan karbohidrogen ehtiyatları ilə zəngin bir ölkədir. Belə olan şəraitdə Azərbaycanın öz təbii sərvətlərinə nəzarət etməsi çox önəmli bir vəzifədir. Ulu öndər Heydər Əliyevin zamanından biz bu siyasəti həyata keçirməkdəyik. Azərbaycan bu gün öz təbii sərvətlərini istədiyi istiqamətdə, istədiyi formada ixrac edə bilir və bunu həll edibdir. Bu gün Azərbaycanın 7-dən yuxarı ixrac boru kəmərləri var. Bununla Azərbaycan təbii qaz və neft ehtiyatlarını ixrac edir və bu prosesi həyata keçirir. Bu yaxınlarda Azərbaycan “TransAnadolu” kəməri ilə əlaqədar Türkiyə ilə mühüm bir müqavilə imzaladı. İmzalanan müqavilə Azərbaycanın öz sərvətlərinə nə qədər böyük dərəcədə sahib olduğunu bir daha göstərdi. Buna qədər proqnozlar ondan ibarət idi ki, Azərbaycan guya üçüncü bir ölkənin təzyiqi altında olacaq, təbii qazın ixracı ilə əlaqədar müstəqil siyasət yürüdə bilməyəcək, Azərbaycan təzyiqlərə davam gətirməyəcək və s. Düzdür, bunları deyən erməni mətbuatı, erməni lobbisi və radikal müxalifətin nəzarətində olan mətbuat idi. Həmin “politoloq”lar, yazarlar belə bir bədbin mənzərə təqdim etməyə çalışsa da, Prezident İlham Əliyevin yürütdüyü qətiyyətli siyasət göstərdi ki, biz heç bir təzyiq altında qərar qəbul etmirik. Bizim qəbul etdiyimiz qərarlar milli maraqları özündə əks etdirir, bu qərarlar qəbul edilərkən Azərbaycan üçüncü bir tərəfə nəzər salaraq, oradan hər hansı bir göstərişi, işarəni gözləmir. Azərbaycan özü bu gün hansısa qərarların qəbul edilməsi üçün kiməsə təsir etmək imkanına malik bir ölkədir. Bölgədə Azərbaycanın iştirakı olmadan hansısa bir layihəni həyata keçirmək, iqtisadi proqramı reallaşdırmaq qeyri-mümkündür. Başqa misalları gətirmək və müqayisəli şəkildə təqdim etmək mümkündür. Dünyada ciddi bir proses gedir. Faktiki olaraq yenidən bölüşdürmə, təsir altına alma prosesi gedir. Bu prosesdə beynəlxalq təşkilatlar və onların qərarları xüsusi rol oynayır. Azərbaycan dövləti BMT TŞ-nın üzvü olaraq Yaxın Şərqdə və dünyanın ayrı-ayrı bölgələrində gedən proseslərlə bağlı verilən qərarlarda fəal iştirak edir və bütün bunlarda ölkəmizin mövqeyi nəzərə alınır. ölkəmiz BMT TŞ-nın qeyri-daimi üzvü olaraq son bir il ərzində-həm sədrlik etdiyi vaxt, həm də üzv olaraq yalnız beynəlxalq hüququn norma və prinsiplərinə söykənərək qərarlara səs veribdir və hansısa bir ölkənin, qurumun marağına deyil, yalnız hüququn marağına xidmət edibdir.
ölkəmizə xarici ölkələrin başçılarının səfərləri daha da genişlənməkdədir. Bu səfərlər zamanı ikitərəfli əlaqələrin qurulması və sənədlərin imzalanmasını müşahidə etməkdəyik. ABŞ dövlət katibi Hillari Klintonun, Avropa İttifaqı Şurasının prezidenti Herman Van Rompuyun və digər rəsmi şəxslərin səfərləri və aparılan danışıqlar Azərbaycanın mövqelərini daha da möhkəmləndiribdir. Azərbaycan bu gün bölgədə söz sahibi olan dövlətdir və söz sahibliyinin əldə olunmasında iqtisadi potensialımızın güclənməsi ilə bərabər Prezident İlham Əliyevin məntiqli, praqmatik siyasəti və lider olaraq şəxsi nüfuzu böyük rol oynayır.
- Bu intensivlik və ölkəmizin beynəlxalq müstəvidə nüfuzunun artması Ermənistan -Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli prosesinə necə təsir göstərə bilər?
- Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, onun səbəbləri hamıya bəllidir. Bizim iqtisadi gücümüz nəticə etibarı ilə Dağlıq Qarabağ münaqişəsinin həllində imkanlarımızı artırır. Mən indi Ermənistanla müqayisələr aparmaq, bunun üzərində dayanmaq istəmirəm, çünki reallıq hər kəsə aydındır. Yalnız onu qeyd etmək kifayətdir ki, bu gün Azərbaycan iqtisadi gücünə görə Ermənistandan 10 dəfə güclü dövlətdir. Azərbaycanın beynəlxalq təşkilatlarla əlaqələrinin genişlənməsi, beynəlxalq nüfuzunun artması, beynəlxalq maliyyə qurumlarının Azərbaycanın iqtisadi baxımdan reytinqini ildən ilə artırması, əlbəttə ki, erməni lobbisini və Ermənistanı çox narahat edir. Bu prosesin Dağlıq Qarabağ münaqişəsinə təsiri məsələsinə gəldikdə isə ikitərəfli və çoxtərəfli danışıqlarda, qəbul olunmuş sənədlərdə Ermənistanın təcavüzkarlığı daha çox dövlət tərəfindən etiraf olunur. Digər tərəfdən, Azərbaycanın iqtisadi qüdrətinin artması Ermənistanı iqtisadi cəhətdən taqətdən salmaq istiqamətindəki vəzifənin yerinə yetirilməsində böyük təsir göstərir. Düşmənlə üz-üzə dayanmaq, döyüşmək yalnız hərbi cəbhədə deyil, başqa cəbhələrdə də özünü göstərir. Hər hansı bir düşmən ölkə ilə mübarizə mədəniyyətdə, mənəviyyatda, iqtisadiyyatda, həmçinin şüurda və ümumilikdə, bütün sahələrdə də özünü göstərir. Xarici siyasətdə əldə edilən uğurlar, yeni dostların qazanılması, xarici dövlətlərin ictimai rəyinə təsir imkanlarının artması, təbii ki, bütün bunlar Azərbaycanın xeyrinədir. Azərbaycan hər sahədə Ermənistanı üstələyib. “Eurovision 2012” mahnı yarışmasının Bakı şəhərində möhtəşəm keçirilməsi, ölkəmizin dünyada mədəniyyət mərkəzi kimi tanıdılması və beynəlxalq mədəniyyət mərkəzlərinin diqqətinin Azərbaycana yönəldilməsi, Azərbaycanın artan potensialı və ölkəmizin bu gün iqtisadi baxımdan kapital idxal edən ölkədən kapital ixrac edən, yəni sərmayələr yatıran ölkəyə çevrilməsi ciddi amillərdir.
Bu gün Azərbaycan xüsusilə Türkiyədə, Balkan ölkələrində və başqa yerlərdə yüksək sərmayələr yatırır. Xüsusilə ARDNŞ-ın bu istiqamətdə fəaliyyəti o qədər genişlənib ki, onun başqa ölkələrin iqtisadiyyatındakı payı xeyli güclənib. Azərbaycan geniş şəkildə ölkələrə sərmayələr yatırır, həmçinin humanitar xarakterli addımlar atır.
O cümlədən, Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban xanım Əliyevanın xarici ölkələrdə humanitar xarakterli proqramlar həyata keçirməsi Azərbaycanın dostlarının artmasına gətirib çıxarır. Bu gün dünya mübarizə meydanıdır. Mübarizə meydanında kimin daha çox dostları varsa, onun uduş imkanları daha böyükdür. Bu gün Azərbaycan istənilən təşkilatda söz sahibinə çevrilib, orada Azərbaycanın maraqlarına uyğun qərarların qəbul edilməsinə nail olunur. Eləcə də, Bakı şəhəri beynəlxalq tədbirlərin ev sahibinə çevrilir. Bildiyiniz kimi, ATƏT-in Parlament Assambleyasının illik yay sessiyasının 2014-cü ildə Azərbaycanda keçirilməsi qərara alınıb. Bütün bunlar Azərbaycanın dostlarının sayının artmasına xidmət edir və bu amillər Dağlıq Qarabağ münaqişəsinin həllinə müsbət təsir göstərir.
Bu gün münaqişənin ATƏT-in Minsk qrupu çərçivəsində danışıqlarla həll edilməsi istiqamətində diplomatik axtarışlarımız davam etməkdədir. Biz danışıqlar masasını tərk etmək niyyətində deyilik. Amma bu münaqişənin indiyə qədər həll edilməməsinin başlıca səbəbi böyük güclərin geopolitik baxımdan uzlaşa bilməməsidir, böyük güc mərkəzlərinin bu bölgədə biri-biriləri ilə üz-üzə dayanmasıdır. Ona görə də, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün Azərbaycan bütün gücünü, potensialını, fəaliyyətini səfərbər edib. Amma bu münaqişənin həlli ilə əlaqədar bizdən asılı olmayan bəzi problemlər var ki, onlar zamana bağlıdır. Burada da Azərbaycanın yenə də genişmiqyaslı fəaliyyəti bir tərəfdən, Ermənistanın təcavüzkarlığının dünyaya çatdırılmasında daha geniş uğurlar əldə etməyə gətirib çıxarıb, digər tərəfdən, Ermənistanı daha çox dalana dirəyən bir siyasət həyata keçirilib. Ermənistan çıxmaza daxil olmaqdadır və bu da özünü göstərir. Ermənistan bu gün daha çox üçüncü ölkənin təsir dairəsində qalan asılı, vassal bir dövlət kimi tanınmaqdadır. Ona görə də, bir dövlət olaraq Ermənistanın və onun başçısının hər hansı nüfuzu yoxdur. Bu ölkə yalnız erməni lobbisinin və bəzi dövlətlərin ianələri hesabına fəaliyyət göstərir.
- Danışıqlar prosesi intensivləşən zaman Ermənistan müxtəlif təxribatlara əl atır. Xankəndidə hava limanın istifadəyə verilməsi cəhdləri və Dağlıq Qarabağda qondarma “seçkilər” də bu təxribatın növbəti göstəriciləridir. Sizcə, bütün bunlar prosesə nə dərəcədə zərbə vura bilər?
- Bu gün Azərbaycan Dağlıq Qarabağ probleminin danışıqlar yolu ilə həlli məqsədilə real təkliflərlə çıxış edir və sülhə nail olmaq üçün böyük səylər göstərir. Lakin Ermənistan tərəfi əks mövqe numayiş etdirir və təxribatlarını davam etdirir. Təbii ki, burada üçüncü qüvvənin də təsiri özünü göstərir. üçüncü qüvvə Ermənistanın bu məsələdə bir alət kimi işlədilməsinə maraq göstərir. Ermənilər hər zaman danışıqların gedişinə əngəl olmaq üçün bəzi təxribatlara əl atırlar və biz bunu zaman-zaman müşahidə etmişik. Dağlıq Qarabağ problemi, onun anatomiyası, danışıqların gedişi, indiyə qədər olan təkliflər cəmiyyətə bəllidir.
Ermənistanın atdığı addımlara baxaq. Danışıqlar zamanı razılaşdırılmış məsələlər müəyyən olunur və sonra razılaşdırılmamış məsələlərə keçilir. Bu mərhələdə ermənilər yenə qayıdır əvvəlki məsələlərə. Bu onu göstərir ki, Ermənistan danışıqları uzatmaqla zamanı öz xeyirlərinə istifadə etməyə çalışırlar. Amma erməni hiyləsi onun ziyanına işləyir. Azərbaycan öz müdafiə qabiliyyətini artırıb, gücləndirib. Erməni tərəfi müəyyən manevrlərlə danışıqlar prosesini dalana aparmaq istəyir. Amma Azərbaycan tərəfi real təklifləri ortaya qoyduqda ermənilərin deməyə sözü olmur. Yalnız prosesi pozmağa xidmət edən addımlar atır. Ermənistanın Xankəndidə hava limanı tikərək istifadəyə vermək cəhdi növbəti provakasiyadır, danışıqlar prosesinə vurulan zərbədir. Beynəlxalq hüquqda işğal olunmuş ərazilərin statusu müəyyən edilib və ona münasibət də öz əksini tapıb.
Yəni, bu ərazi sahibsiz deyil, Azərbaycanındır və Ermənistan bu torpaqları işğal edib. Ona görə də, bu ərazidə baş verən bütün hadisələrə, təxribatlara işğalçı Ermənistan cavabdehlik daşıyır. Ermənistan işğal olunmuş ərazilərdə qanunsuz əməllər həyata keçirir. Hətta başqa ölkələri də buna cəlb etmək istəyir. Amma Azərbaycan bəyan edib ki, işğal olunmuş ərazilərdə hansısa iqtisadi addımlar atılırsa, hansısa xarici bir şəxs oraya gəlirsə, xarici şirkət orada iş qurursa, Azərbaycan bunun qəti əleyhinədir və belə hərəkətlərə yol verənlərə qarşıdır. Bu əraziyə Azərbaycanın razılığı olmadan gələnlər “personanon-qrata” elan edilir. İşğal olunmuş ərazidə hansı hava limanını inşa etmək olar? Burada məqsəd nədir? Digər tərəfdən, bu ərazidə hava limanından istifadə edəcək insanlar yoxdur. Erməni xalqının iqtisadi imkanları buna yol vermir. Yəni, bu, bir təxribatdır. Ermənistanın işğal olunmuş ərazidə oyuncaq bir rejim yaradaraq “seçkilər” keçirməsi də təxribatdır. Həmin qondarma “prezident seçkiləri”ni nə Azərbaycan, nə də beynəlxalq təşkilatlar tanımır. Bu cür “seçkilər”in keçirilməsi işğal olunmuş ərazilərdəki separatçı rejimin üzərinə pərdə çəkməkdir. Əslində, burada olan hərbi quldur rejimi işğal olunmuş ərazi sayılan bir sistemə daxildir, bu da rəsmi Yerevan tərəfindən idarə olunur. Azərbaycan tərəfi hər zaman belə hərəkətləri qarşı qəti etirazını bildirib. Mövqeyimiz ondan ibarətdir ki, Ermənistan təxribatçı hərəkətlərindən əl çəkməlidir.
- Mübariz müəllim, bildiyimiz kimi, Müsavat Partiyası Erməni ümummilli Hərəkatı ilə əməkdaşlıq edir. Necə hesab edirsiniz, bu əməkdaşlıq milli maraqlarımıza zidd deyilmi?
- Azərbaycanda müxalifətin, xüsusilə də onun radikal qanadının ümummilli maraqları daima tapdadığını biz görməkdəyik. Bununla bağlı bir çox misallar gətirmişik. Vətəndaş olaraq biz hamımız dövlətimizin hər bir uğuruna sevinməli, Azərbaycana qarşı edilən hər bir hərəkətə qarşı da birgə dayanmalıyıq. Xocalını işğal edən erməni quldur dəstələri orada insanları siyasi baxışlarına görə yox, yalnız azərbaycanlı olduğu üçün qətlə yetirirdi. Yəni, biz eyni xalq, eyni millət eyni maraq üzərində dayanırıq. Qarşımızda düşmən var və bu düşmən bizə bütün sahələrdə zərbə endirmək istəyir. Və o düşmənin də arxasında dayanan qüvvələr, o düşməni birləşdirən lobbi təşkilatları var. Onlar bizə qarşı bütün sahələrdə təxribatlara əl atırlar. Azərbaycanın daxilindəki siyasi mübarizəmiz seçkilərdə özünü göstərə bilər. Azərbaycandan kənarda dövlətin, xalqın marağına zidd hərəkət edən hər bir adam milli maraqları tapdamış sayılır. Milli maraq hər şeydən ucada dayanmalıdır. Dövlətə qarşı müxalifətçilik ola bilməz. Müxalifətçilik siyasi hakimiyyətlə mübarizədə özünü göstərə bilər və bu da seçki zamanı özünü göstərməlidir. Amma kimsə üçüncü qüvvə ilə birləşib dövlətinin marağına qarşı çıxırsa, bu milli marağı tapdamaqdır. Müxalifətin radikal qanadı zaman-zaman xarici ölkələrə, beynəlxalq təşkilatlara şikayətlər edir, danos yazır. Onların nə qədər milli maraqlara zidd mövqe tutduğunu hamı “Eurovision” yarışması günlərində gördü. O zaman bir daha özlərinin əsl simalarını nümayiş etdirdilər. Milli maraq hər bir kəsi xalqına, millətinə bağlamalıdır. Məhz ona görə də, bu müxalifət xalq tərəfindən inkar edilir. Mən hətta onları məsciddən qovulmuşlar adlandırıram. Onlar heç vaxt Azərbaycan xalqının adından danışa bilməzlər. Bu düşərgənin rəhbərləri Azərbaycanda siyasi hakimiyyətə gəlmək hərisliyini o həddə çatdırıblar ki, bu hərislik onların ağlını başından çıxarıb, gözünü, qulaqlarını yumub. Onlar həqiqəti görə bilmirlər, hər şeydə qara axtarırlar. İsa Qəmbərin hərəkətinə gəldikdə isə, bu birinci dəfə deyil.
Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı tərəflər dövlət səviyyəsində danışıqlar aparırlar. Azərbaycan Prezidenti, xarici işlər naziri, millət vəkilləri sülh naminə ermənilərlə danışıqlarda bir masa arxasında otururlar. Amma müxtəlif qurumların, QHT-lərin, siyasi təşkilatların “xalq diplomatiyası” adı altında işğalçılarla görüşməsi nəticə etibarı ilə ermənilərin öz işğalını pərdələməsinə xidmət edə bilər. Bəli, mən tərəflər arasında etimad yaradılması üçün icmalar arasında görüşlərin keçirilməsinin tərəfdarıyam. Amma siyasi partiyalar səviyyəsində görüşüb əməkdaşlıq etmək, saziş imzalamaq yolverilməzdir. Bu mənada Erməni ümummilli Hərəkatı ilə Potsdam bəyannaməsi imzalamaq, daha sonra görüşlər keçirib əməkdaşlıq etmək hansısa bir formada erməni tərəfinə əl uzatmaqdır. Ermənistan işğalçı bir dövlətdir və işğalçı siyasəti həyata keçirmiş bir siyasi partiyanın nümayəndələri ilə bir masa arxasında oturub bunu da şişirdərək guya Müsavat Partiyasının beynəlxalq aləmdə uğuru kimi göstərmək gülüncdür. Müsavat Erməni ümummilli Hərəkatı ilə 2012-cu ildə imzalanmış sənədin sadəcə, demokratiyanın inkişafı ilə bağlı əməkdaşlığı nəzərdə tutduğunu bildirirdilər və burada milli maraqlara zidd məsələ olmadığını iddia edirdilər. Amma nəzərə almaq lazımdır ki, Erməni ümummilli Hərəkatı Azərbaycan torpaqlarının işğalını dəstəkləyən qüvvədir və bunu partiyanın sənədlərində, bəyanatlarında da açıq-aşkar görmək olar. Belə olan təqdirdə, torpaqlarımızın işğalını dəstəkləyən siyasi qüvvə ilə əməkdaşlığı milli maraqlarımıza uyğun hesab etmək olarmı? Əlbəttə, yox.
Əslində, İsa Qəmbər və onun tərəfdarlarının Müsavat ideologiyasına vurduğu zərbəni heç kim vurmayıb. Onlar özlərini Məhəmməd Əmin Rəsulzadənin davamçıları sayırlar. Amma o dövrdə yaranan Müsavat Partiyasının ideologiyasının indiki Müsavata heç bir dəxli yoxdur. Bunların gözünü hakimiyyət hərisliyi o qədər yumub ki, məqsədlərinə çatmaq üçün milli maraqları tapdalayaraq hər kəslə əməkdaşlıq etməyə hazırdırlar.
Paylaş:
Baxılıb: 1066 dəfə

Xəbər lenti

Hamısına bax

Ədəbiyyat

Analitik

Ədəbiyyat

Serial oxucusu

25 Aprel 08:50

Ədəbiyyat

Şənbə üçün nəzm

25 Aprel 08:38  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30