Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Müsahibə / 2003-2013: Torpaq islahatından torpaq inzibatçılığına

2003-2013: Torpaq islahatından torpaq inzibatçılığına

06.09.2013 [09:27]

Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Qərib Məmmədov www.yap.org.az saytına müsahibə verib:
- Qərib müəllim, rəhbərlik etdiyiniz Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi yerquruluşu, dövlət torpaq kadastrı, torpaqların monitorinqi, geodeziya və xəritəçəkmə sahəsində dövlət siyasətini, torpaqlardan istifadəyə və onların mühafizəsinə, geodeziya və kartoqrafiya fəaliyyətinə dövlət nəzarətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır. Və bu danılmaz faktdır ki, bir mərkəzi icra hakimiyyəti orqanı olaraq ölkəmizin iqtisadi, siyasi, sosial sahələrində həyata keçirilən tədbirlərdə DTXK-nın mühüm və əhəmiyyətli rolu, fəaliyyəti olmuşdur.
- DTXK-nın həyata keçirilən sosial iqtisadi tədbirlərdə iştirakı və uğurları bu gün ölkədə şahidi olduğumuz iqtisadi nailiyyətlərin yaranmasında öz rolunu oynamışdır. Sözsüz ki, 2003-2013-cü illərdə Azərbaycan Respublikasının Prezidenti möhtərəm İlham Əliyev cənablarının ölkəmizin iqtisadi sahədə həyata keçirdiyi irimiqyaslı tədbirlərin tərkib hissələrindən olan torpaq, geodeziya və kartoqrafiya sahələrindəki tədbirlərin uğurla nəticələnməsi Ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi strategiyanın məntiqi nəticəsidir.
Qeyd etmək lazımdır ki, hələ 1969-cu ilin avqust ayında Kommunist Partiyasının Plenumunda Ulu öndər Heydər Əliyev xalq təsərrüfatının başqa sahələrində olduğu kimi kənd təsərrüfatında da yaranmış vəziyyəti dərin təhlilini aparmış, onun sürətlə inkişafını təmin edəcək kompleks tədbirləri təklif etmişdir. 1970-ci ilin iyulunda Heydər Əliyevin təşəbbüsü və gərgin əməyi sayəsində SSRİ Nazirlər Sovetinin qəbul etdiyi “Azərbaycan SSR-də kənd təsərrüfatını inkişaf etdirmək tədbirləri haqqında” və “Azərbaycan SSR-də kənd təsərrüfatı istehsalını daha da ixtisaslaşdırmaq, üzümçülüyü və şərabçılığı inkişaf etdirmək, habelə irriqasiya-meliorasiya obyektlərinin layihələşdirilməsi və tikilməsi tədbirləri haqqında” qərarları Respublikada kənd təssərrüfatı məhsulları istehsalının inkişafında müstəsna rol oynadı. Təbii ki, həmin dövr üçün bu istək böyük cəsarət və əzmkarlıq tələb edirdi.
Ulu öndər Heydər Əliyevin uğurlu fəaliyyəti nəticəsində “Azərbaycan SSR-də kənd təsərrüfatı istehsalını daha da intensivləşdirmək tədbirləri haqqında” 1975-ci il 9 iyul tarixli SSRİ Nazirlər Sovetinin qərarının qəbul edilməsi və 1977-82-ci illərdə respublikanın iqtisadi və sosial sahələrinin inkişaf etdirilməsi üzrə qarşıya qoyulmuş vəzifələrin müvəffəqiyyətlə həyata keçirilməsi nəticəsində respublikada göstərilən dövr ərzində irriqasiya-meliorasiya işləri sahəsində, həmçinin, üzümçülükdə görünməmiş uğurlar əldə edilmişdi.
Bir fakta diqqət yetirək: 1969-cu ildə 299 min ton pambıq, 272 min ton üzüm istehsal olunmuşdu. 1982-ci ildə pambıq istehsalı təqribən 1 milyon tona, üzüm istehsalı isə 1,8 milyon tona çatdırılmışdı.
Bu qərarların qəbul edilməsi, üzümçülüyün xüsusilə intensiv inkişafı həm şərabçılıq sənayesinin, həm də Azərbaycan kəndinin sosial iqtisadi inkişafına təkan vermişdi. Bu illərdə şərabçılıq sənayesinin istehsal həcmi 6 dəfədən çox artmış və respublikadakı bütün sənaye istehsalı həcminin altıda bir hissəsini təşkil etmişdi. Şərabçılıq sənayesi müəssisələrinin gücü 1969-cu ildə 106 min ton idisə, 1982-ci ildə 1 milyon 80 min tona çatmış və ya 10,2 dəfə artmışdı. Keçmiş Sovet respublikaları içərisində iqtisadi göstəricilərinə görə yalnız Tacikistandan öndə 14-cü yerdə olan ölkəmiz qısa zamanda birinciliyi əldə etdi.
Azərbaycan xalqının bütöv əksəriyyətinin təkidli xahiş və tələbi ilə hakimiyyətə gələn Ulu öndərimiz Heydər Əliyev 1994-cü ildə atəşkəs əldə edərək ölkədə sabitliyə nail oldu. 1993-cü ilin iyun ayından başlayaraq aparılan ardıcıl və məqsədyönlü siyasət nəticəsində ictimai-siyasi sabitliyin təmin olunması, istehsalda yaranmış geriləmə proseslərinin qarşısının alınması və digər tədbirlərdən sonra iqtisadiyyatda tənəzzül tədricən aradan qaldırıldı və bununla da Azərbaycanın iqtisadi inkişafında mahiyyətcə yeni mərhələnin təməli qoyuldu.
1994-cü il “Əsrin müqaviləsi”nin imzalanması ilə uğurlu neft strategiyasının əsası qoyuldu. Daha sonrakı mərhələlərdə Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft boru kəməri çəkildi və nəticədə Azərbaycan neftinin xaricə ixracı ilə ölkəmizin iqtisadi durumunda sıçrayışlı inkişafa nail olundu ki, bu kəmərin çəkilişinin layihəsinin əsas tərkib hissəsi olan və 442 km məsafəni (13 inzibati rayonun ərazisindən keçməklə) əhatə edən torpaqayırma işini Komitə nəzərdə tutulan müddətdə beynəlxalq tələblərə uyğun icra edərək başa çatdırmışdır.
Ulu öndər Heydər Əliyevin uzaqgörən siyasətinin nəticəsində 1996-cı ildən qəbul olunmuş “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanunu ilə qarşıya qoyulan vəzifələrə uyğun olaraq Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən ölkənin 8 milyon 641 min 506 hektar vahid torpaq fondunun 4 milyon 913 min 639 hektarı (56,9 faizi) dövlət mülkiyyətində saxlanılmış, 2 milyon 32 min 744 hektarı (23,5 faizi) bələdiyyə mülkiyyətinə verilmiş və 1 milyon 695 min 123 hektarı (19,6 faizi) isə özəlləşdirilmişdir.
Bu günədək işğal olunmuş ərazilər istisna olmaqla ölkə üzrə torpaq payı alacaq 3 milyon 438 min 625 subyektdən (873 min 618 ailədən) 3 milyon 428 min 136 subyektə (871 min 220 ailəyə) torpaq payları naturada və hüquqi sənədlər əsasında ayrılaraq öz sahiblərinə verilmişdir ki, bu da özəlləşəcək torpaqlardan pay almaq hüququ olan subyektlərin 99,7 faizi deməkdir. Keçmiş sovxoz, kolxoz və digər kənd təsərrüfatı müəssisələrinin istifadəsində olmuş və özəlləşdirilməsi nəzərdə tutulan 1 milyon 395 min hektar torpaq sahəsinin 1 milyon 393 min 274 hektarı, yəni 99,8 faizi pay torpağı kimi xüsusi mülkiyyətə verilmişdir.
Bununla belə, ötən illər ərzində Komitə tərəfindən respublikanın 2637 yaşayış məntəqəsi üzrə 801688 vətəndaşın adına kompleks və fərdi qaydada şəhadətnamə, 551 yaşayış məntəqəsi üzrə 190635 vətəndaşın adına isə kompleks qaydada plan və ölçü sənədi hazırlanıb verilmişdir.
Azərbaycan Respublikası Prezidentinin 25 may 2006-cı il tarixli 411 nömrəli Fərmanınadək Komitə tərəfindən 1128 bələdiyyənin mülkiyyətinə aid torpaq sahəsinə görə Dövlət aktları, həmin Fərmandan sonra isə 1260 bələdiyyənin torpaq üzərində hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün texniki dövlət torpaq kadastrı sənədi olan “Torpaq sahəsinin planı və ölçüsü” sənədləri işlənib təqdim edilmişdir.
- Yəqin ki, sizin rəhbərlik etdiyiniz qurumun da bu Dövlət Proqramları sayəsində əldə edilən uğurlarda öz payı var.
- Sözsüz. Çünki bu Dövlət Proqramlarının icrası ilə əlaqədar bütün dövlət qurumlarına müvafiq tapşırıqlar verilir, o cümlədən də DTXK-ya. Bildirim ki, DTXK-nın mütəxəssisləri “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı (2004-2008)”nın Tədbirlər Planına müvafiq olaraq 956156 hektar torpaq sahəsində, o cümlədən 594964 hektar bələdiyyənin kəndətrafı örüş sahəsində və xüsusi mülkiyyətə verilmiş torpaq sahələrində, dövlət mülkiyyətində olan 301865 hektar qış otlağı və 42877 hektar yay otlağı torpaqlarında və 16450 hektar xüsusi qorunan təbiət əraziləri torpaqlarında tədqiqat işləri aparılmışdır.
“Azərbaycan Respublikasında yay və qış otlaqlarının, biçənəklərin səmərəli istifadə olunması və səhrəlaşmasının qarşısının alınmasına dair Dövlət Proqramı”nın Tədbirlər Planına müvafiq olaraq 1174574 hektar təbii yem sahələrinin (yay və qış otlaqları, kiçik fermerlərin istifadəsindəki otlaqlar) yaxşılaşdırılmasına dair layihə-axtarış işləri həyata keçirilmişdir.
“Azərbaycan Respublikasında 2002-2005-ci illərdə turizmin inkişafına dair Dövlət Proqramı”nın Tədbirlər Planına müvafiq olaraq 36306 hektar turizmin inkişafı və istirahət məqsədləri üçün yararlı hesab olunan ərazilər müəyyənləşdirilmiş və xəritələşdirilmişdir. Bununla yanaşı, həmin Dövlət Proqramı çərçivəsində turizm məlumatlarını əks etdirən Turist Atlasları hazırlanmışdır.
“Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nın Tədbirlər Planına müvafiq olaraq məcburi köçkünlərin məskunlaşdırılması məqsədi ilə qəsəbələrin salınması, həyətyanı və kənd təsərrüfatı ilə məşğul olmaq üçün indiyədək Bərdə, Ağcabədi, İmişli, Saatlı, Sabirabad, Goranboy, Ağdam, Yevlax, Beyləqan, Füzuli, Qəbələ, Abşeron, Göygöl, Şabran, Hacıqabul, Şəki, İsmayıllı, Ucar, Xaçmaz, Balakən, Qobustan, Zaqatala, Oğuz, Ağdaş, Kürdəmir, Tərtər, Cəlilabad, Samux, Qax, Salyan, Daşkəsən, Masallı rayonlarının və Bakı, Gəncə, Sumqayıt, Mingəçevir, Şirvan, Naftalan şəhərlərinin ərazilərindən cəmi 17229,2 hektar (bundan 16 min 188,1 hektarı dövlət mülkiyyətinə aid və 1041,1 hektarı isə bələdiyyə mülkiyyətinə aid) torpaq sahələrinin yerquruluşu qaydasında ilkin torpaqayırma işlərinin aparılaraq sənədləşdirilməsi və naturada sahələrin təhkim edilməsi Komitə tərəfindən aidiyyəti orqanlarla birlikdə təmin edilmişdir.
“Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın Tədbirlər Planına uyğun olaraq torpaqların texniki uçotunun elektron formatda işlənib xəritələşdirilməsi üzrə 26 rayonda 1 milyon 86 min nöqtədə, torpaqların bonitirovkasının elektron formatda işlənib xəritələşdirilməsi üzrə 27 rayon və şəhərdə 619 min 200 hektar sahədə, torpaqların iqtisadi qiymətləndirilməsinin elektron variantda işlənib xəritələşdirilməsi üzrə 28 rayonda 421 obyektdə işlər yerinə yetirilmişdir. 4.2.8 yarımbəndinə uyğun olaraq isə Hövsan və Binə qəsəbələrində 7 min 700 həyətyanı sahələrin özəlləşdirilməsi üçün kompleks yerquruluşu işləri aparılmışdır.
“2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Pproqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planı”na müvafiq olaraq 13 rayonun ərazisində 156 min 320 hektar sahədə suvarılan torpaqların inventarlaşdırılması işləri, 8 rayonda 197 inzibati ərazi dairəsində 264 min 700 hektar sahədə torpaqların bonitirovkası işləri, 14 rayonda 165 inzibati ərazi dairəsində 484 min 400 hektar sahədə isə torpaqların iqtisadi qiymətləndirilməsi işlərinin yerinə yetirilməsi, 5 rayonda 421 min 553 hektar sahədə torpaqların şorlaşma, şorakətləşmə və eroziyaya uğrama dərəcələrinin müəyyənləşdirilməsi işlərinin aparılması və torpaq xəritələrinin tərtib edilməsi, 9 rayonda 38 min 746 hektar sahədə kənd təsərrüfatına yararlı xüsusi mülkiyyətdə olan torpaqların istifadə vəziyyətinin müəyyən edilməsi üçün inventarlaşdırma və xəritələşdirmə işlərinin aparılması, Qaradağ rayonunda 186 hektar sahədə antropogen çirklənmiş və pozulmuş torpaqlarda topoqrafik planalma işlərinin aparılması, 10 rayonda 491 min 221 hektar sahədə qış otlağı və bələdiyyə torpaqlarının münbitlik göstəricilərinin müəyyən edilməsi məqsədilə irimiqyaslı torpaq tədqiqatının və xəritələşdirmə işlərinin aparılması və 16 rayonda 54 inzibati ərazi dairəsi üzrə elektron torpaq-kadastr xəritələrinin tərtibi üçün planalma işləri həyata keçirilmişdir.
“2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı”nın “Tədbirlər Planı”na uyğun olaraq 12 rayonda 231 min 392 hektar sahədə qış otlağı və kəndətrafı örüş sahələrində irimiqyaslı geobotaniki tədqiqat və xəritələşdirmə işləri həyata keçirilmişdir.
- Qərib müəllim, DTXK-nın əsas fəaliyyət sahələrindən biri də ölkəmizin sərhədlərinin delimitasiya və demarkasiyasıdır. Bu sahədə vəziyyət necədir?
- Dövlət sərhədlərinin delimitasiyası və demarkasiyası işləri, o cümlədən Rusiya Federasiyası ilə sərhədlərin radifikasiyası cənab İlham Əliyevin xarici siyasətinin uğurlu nəticələrindən olmaqla yanaşı, diplomatik səriştəliliyinin bariz nümunəsidir.
Komitənin mütəxəssisləri tərəfindən Azərbaycan Respublikası ilə Gürcüstan arasındakı dövlət sərhədində və Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasındakı dövlət sərhədində delimitasiya məqsədləri üçün müvafiq topoqrafiya, geodeziya və yerquruluşu işləri, habelə Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasındakı dövlət sərhədində redemarkasiya (sərhəd nişanlarının bərpası və yenidən qurulması) və sahilbərkitmə ilə bağlı müvafiq topoqrafiya, geodeziya və yerquruluşu işləri aparılmışdır.
Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında 390 km uzunluqda olan dövlət sərhədi delimitasiya olunmuşdur. 2010-cu ilin sentyabr ayının 3-də Bakı şəhərində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Rusiya Federasiyasının Prezideni cənab Dmitriy Medvedev tərəfindən sərhəd müqaviləsi imzalanmışdır və sərhəd xəttinin keçməsinin yazılı təsviri təsdiq olunmuşdur. Həmin il sentyabrın 27-də isə Həştərxan şəhərində dövlət sərhədləri xəritələr toplusu hər iki ölkənin xarici işlər nazirləri tərəfindən təsdiq olunmuşdur.
Azərbaycan Respublikası ilə Gürcüstan arasında hələ ki, delimitasiya işləri tamamlanmamışdır və ekspertlər tərəfindən mütəmadi görüşlər və sərhəd zolağında müvafiq ölçmə işləri həyata keçirilir. Azərbaycan Respublikasının Gürcüstan ilə dövlət sərhədinin uzunluğu 480 km təşkil edir. Bundan 300 km-ə yaxın hissəsi dövlət komissiyaları səviyyəsində razılaşdırılmışdır.
Xəzər dənizinin hüquqi statusunun hazırlanmasında və sektorlara bölünməsi işlərində də Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi fəal iştirak edir. Bu günə kimi Xəzər dənizində Azərbaycan, Rusiya və Qazaxıstanın sektorları müəyyən edilmişdir. Digər ölkələr ilə İran və Tükmənistanla Xarici İşlər Nazirliyinin təşkil etdiyi ikitərəfli görüşlərdə də mütəxəssislərimiz fəal iştirak edirlər.
- Qərib müəllim, xəritəçəkmə sahəsində görülən işlər barədə nə deyə bilərsiniz?
- Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının Milli Atlası”nın nəşri haqqında” 20 aprel 2011-ci il tarixli Sərəncamına uyğun olaraq Dövlət Torpaq və Xəritəçəkmə Komitəsində Atlasın tərtibi və nəşri üçün müvafiq işlər yerinə yetirilir. Azərbaycan Respublikasının Milli Atlası 1000-dən artıq xəritə, diaqram, cədvəl, izahedici mətn və s. məlumatları özündə əks etdirir. Qeyd olunan Atlasın hazırlanması və nəşri işləri ilə bağlı Atlasda məlumatları əks olunacaq qurumlardan zəruri məlumatlar toplanmış və hazırda bu məlumatlar əsasında xəritələrin tərtibi işləri yekunlaşdırılır. Verilmiş tapşırığa uyğun olaraq, Azərbaycan Respublikasının Milli Atlasının nəşrinin yaxın gələcəkdə tamamlanması nəzərdə tutulmuşdur. Milli Atlasın müasir standartlara cavab verən səviyyədə nəşrini təşkil etmək məqsədi ilə Komitənin tabeliyində olan Bakı Kartoqrafiya Fabrikində Almaniyanın istehsalı olan və dəyəri 3 mln avrodan artıq olan iri ofset çap maşını və müvafiq poliqrafiya avadanlıqları alınaraq quraşdırılmışdır.
Müxtəlif kütləvi informasiya vasitələrində, ayrı-ayrı tədbirlərdə Ermənistan tərəfindən coğrafi adlar sahəsində mütəmadi olaraq təxribat xarakterli hərəkətlərə yol verilməsinin, o cümlədən, Azərbaycanın coğrafi adlarının əsassız şəkildə erməniləşdirilməsinin qarşısını almaq məqsədilə, Azərbaycan Respublikası Prezidentinin “Cənubi Qafqaz. 1903-cü il” xəritəsinin nəşri haqqında” 18 aprel 2012-ci il tarixli, 2188 nömrəli Sərəncamı əsasında Dövlət Torpaq və Xəritəçəkmə Komitəsində “Cənubi Qafqaz. 1903-cü il” xəritəsi hazırlanaraq həmin yeni çap maşını vasitəsilə nəşr edilmişdir. Bununla yanaşı, Azərbaycan Respublikasındakı coğrafi adların xarici ölkələrdə nəşr edilən xəritələrdə olduğu kimi əks etdirilməsi məqsədilə, hal-hazırda Azərbaycanın coğrafi adlarının “Eurogeographics” portalında yerləşdirilməsi üçün müvafiq işlər həyata keçirilir. Xəritənin məzmunu 1903-cü ildə çar Rusiyası dövründə Rusiya hərbçiləri tərəfindən rus dilində nəşr edilmiş “Karta Kavkazskoqo voennoqo okruqa 1903 qoda” xəritəsinə əsaslanır. Xəritə 3 dildə (Azərbaycan, rus və ingilis dillərində) hər dildə 25 min tiraj olmaqla, cəmi 75 min tirajda nəşr edilmişdir. Cənab İlham Əliyevin yuxarıda qeyd olunan Sərəncamla tapşırığı ilə bu xəritənin müasir standartlara cavab verən səviyyədə yenidən nəşrində əsas məqsəd keçmiş dövrdəki coğrafi adların tarixi sənəd üzrə olduğu kimi qorunub saxlanılmasını təmin etmək və Ermənistanın coğrafi adlar sahəsində olan təxribatlarına tutarlı cavab verməkdir.
Bununla belə, Komitə tərəfindən ötən illər ərzində ölkənin müdafiəsi və təhlükəsizliyini, iqtisadiyyatın aidiyyəti sahələrini, əhatə edən eləcə də, elm, təhsil və ictimaiyyəti müxtəlif məzmunlu çoxsaylı xəritə və atlaslarla təmin etmişdir. Bunlara misal olaraq “Azərbaycan Respublikasının Ekoloji Atlası”nı (azərbaycan, rus və ingilis dillərində), “Torpaq Atlası”nı, “Azərbaycan Tarixi Atlası”nı, “Naxçıvanın Tarixi Atlası”nı, “Azərbaycan Respublikasının Kompleks Atlası”nı, “Bakı şəhərinin 1:10000 miqyaslı Turist Atlası”nı, Azərbaycan Respublikasının Milli Ensiklopediyası ilə bağlı xəritələri və ayrı-ayrı sahələri özündə əks etdirən çoxsaylı tematik xəritələri göstərmək olar.
- DTXK-nın xarici əlaqələri barədə nə demək olar? DTXK ölkəmizi beynəlxalq təşkilatlarda təmsil edirmi?
- Ümummilli lider Heydər Əliyevin uzaqgörən siyasəti ilə müəyyənləşdirilmiş və onun siyasi məktəbinin ən layiqli davamçışı olaraq cənab İlham Əliyevin ugurla davam etdirdiyi çoxvektorlu və balanslaşdırılmış xarici siyasəti nəticəsində Azərbaycan Respublikası Cənubi Qafqaz geosiyasi məkanında sürətlə regional liderdən qlobal əməkdaşlıq müstəvisində əhəmiyyətli mövqeyə malik ölkəyə çevrilməkdədir. Bu faktor digər sahələrdə olduğu kimi, ölkəmizdə coğrafi informasiyanın idarəolunması sahəsinə məsul dövlət orqanı olaraq Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin fəaliyyət istiqamətində də beynəlxalq əməkdaşlıq üçün geniş üfüqlər açır.
Avropada milli xəritəçəkmə və kadastr agentliklərinin assosiasiyası olan “EuroGeographics”-in fəaliyyət istiqamətinə Azərbaycan Respublikasında yeganə dövlət orqanı kimi Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin fəaliyyət istiqaməti uyğun olduğundan, tərəfimizdən adıçəkilən Assosiasiyaya üzvlüklə bağlı müəyyən olunmuş qaydada ərizə təqdim olunmuşdur. 11-12 iyun 2013-cü il tarixlərində Leuven şəhərində (Belçika Krallığı) keçirilmiş Baş Assambleya Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin “EuroGeographics” təşkilatına üzvlüyə qəbul olunması barədə qərar qəbul etmişdir.
“EuroGeographics” təşkilatına üzvlüyün əsas müsbət cəhətləri kimi məlumat və təcrübə mübadiləsi, üzvlərin ümumi maraqlarının Avropa səviyyəsində təmsil edilməsi, müştərək layihələrdə iştirak və milli məlumat standartlarının təkmilləşdirilməsi, ikitərəfli və ya çoxtərəfli əməkdaşlıq proqramlarında iştirak və texniki dəstəyin əldə edilməsi imkanları xüsusilə qeyd edilməlidir. Təşkilat Avropanın digər təsisatları, xüsusən, Avropa Komissiyası ilə sıx əməkdaşlıq etdiyi üçün müəyyən siyasət, layihə və təşəbbüslərə öz müsbət təsirini göstərə bilər.
Təşkilata üzvlüyün yuxarıda sadalanan müsbət cəhətlərindən əlavə, Ermənistanın işğalı altında olan Azərbaycan torpaqlarında toponimlərin saxtalaşdırılmasına qarşı tədbirlərin sözügedən təşkilatın çərçivəsində tənzimlənməsi perspektivinin mümkün olması, həmçinin, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin bu sahədə zəngin təcrübəsi də olduqca önəmlidir.
BMT-nin təşəbbüşü ilə 2012-ci ilin 29 oktyabr - 1 noyabr tarixlərində Tailand Krallığının paytaxtı Banqkok şəhərində keçirilən 50-yə yaxın ölkəni əhatə edən Asiya və Sakit Okean regionu üçün Beynəlxalq Kartoqrafik Konfransın gedişində də geoməkan informasiyasının idarəolunması ilə bağlı bir sıra mühüm qərarlar qəbul olunmuşdur. BMT-nin Qlobal Geoməkan Məlumatlarının İdarəolunması üzrə Asiya və Sakit okean Regional Komitəsi təsis olunmuşdur. Komitənin ilk plenar iclasında Çin Xalq Respublikası və Yaponiya tərəfindən Komitənin sədrinin namizədliyi Regional Komitənin İcra Şurasına irəli sürülmüş və Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi Azərbaycan Respublikası adından Şuranın on bir üzvündən biri seçilmişdir.
Müstəqil Dövlətlər Birliyi ölkələri üçün bu qəbildən olan koordinasiya məsələləri geodeziya, kartoqrafiya, kadastr və Yerin məsafədən zondlanması üzrə MDB-nin Dövlətlərarası Şurasının iclaslarında müzakirə olunur. Qeyd etmək lazımdır ki, Şuranın növbəti XXXIV sessiyası 2012-ci il 22-23 noyabr tarixlərində Bakıda keçirilmişdir. Tədbirdə region ölkələri üçün bir sıra önəmli qərarlar qəbul olunmuşdur. 2012-ci ilin oktyabr ayının 5-də Qlobal Xəritəçəkmə üzrə Beynəlxalq İdarəetmə Komitəsinin rəsmi saytında Azerbaycan Respublikasının Qlobal Xəritəsinin 2-ci versiyası istifadəyə verilmişdir. Artıq bütün dünya üzrə istifadəçilərin Azərbaycan Respublikasının açıq geoməkan məlumatlarından yararlana bilməsi üçün tam şərait yaradılmışdır. Nəqliyyyat, torpaq örtüyü və sosialyönümlü məkansal məlumatları özündə ehtiva edən 5-dən artıq elektron təbəqəli bu qlobal coğrafi informasiya sisteminin bundan sonra da təkmilləşdirilməsi gözlənilir. Biz həmçinin təqdim etdiyimiz məkansal məlumatlardan istifadə dinamikası və məqsədləri baradə müfəssəl statistik məlumatlar da əldə edirik.
Azərbaycan Respublikası ilk dəfə olaraq 21-24 iyul 2013-cü il tarixlərində Birləşmiş Krallıqda keçirilmiş Kembric Konfransından Komitə sədri rəhbərlik etdiyi nümayəndə heyəti ilə təmsil olunmuşdur. 1928-ci ildən etibarən keçirilən bu tədbir yalnız dəvətnamə ilə iştirakı nəzərdə tutur və strateji müzakirələrin aparıldığı məkan kimi xarakterizə olunur.
Kembric Konfransının son günü Birləşmiş Krallığın Hava Qüvvələri Komandanı, ölkənin hərbi sahəsinin ikinci önəmli siması Marşal ser Stuart Piçin “Coğrafi informasiyanın nüfuzu” adlı dəyərli məruzəsi ilə başladı. Bundan sonra Kembric Konfransı ilə Birləşmiş Millətlər Təşkilatının Qlobal Geoməkan İnformasiyasının İdarəolunması üzrə Ekspertlər Komitəsinin III Sessiyası Nazirlər seqmentində Belçikanın, Ficinin, Namibiyanın, Kanadanın, Yeni Zelandiyanın nümayəndələri ilə birlikdə Komitə sədri də təqdimatla çıxış etdi.
Qeyd etmək lazımdır ki, geoməkan məlumatlarının idarəolunması özlüyündə 4 prosesi əhatə edir: geoməkan informasiyasının toplanması, xəritələşdirmə, məlumatların analizi və paylaşma.
Belə ki, ölkəmizdə geoməkan məlumatlarının idarəolunması ilə bağlı işlər məhz Ulu öndərin banisi olduğu torpaq islahatının aparılmasının nəticəsi olaraq meydana çıxmışdı.
Bu illər ərzində Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən aparılmış işlər nəticəsində olduqca böyük həcmdə aktual coğrafi informasiya toplanmışdır. Bu gün bizim qarşımızda duran ən mühüm məsələlərdən biri toplanmış məkansal məlumatların düzgün strukturlaşdırılmasının, ondan istifadənin sadələşdirilməsi və paylaşmasının yeni formalarının işlənib hazırlanmasıdır. Bununla əlaqədar Komitənin beynəlxalq qurum və təşkilatlarla əlaqələri durmadan genişlənir.
- Qərib müəllim, qarşıda duran vəzifələr barədə nə deyə bilərsiniz?
- Bilirsiniz, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin fəaliyyət sahəsi uzunmüddətli proqnozlaşdırılmış və iqtisadi cəhətdən əsaslandırılmış strategiya olmadan mümkün deyil. Yuxarıda qeyd etdiyimiz və son illər ərzində ölkəmizdə uğurla həyata keçirilmiş islahatlara kompleks şəkildə baxsaq, əsası Ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş və Prezident İlham Əliyev tərəfindən həyata keçirilən strategiyanın əsas mahiyyətini dərk etmək olar - bu MDB-də aparılmış ən uğurlu torpaq islahatından torpaq inzibatçılığına və məkan məlumatlarının müasir səviyyədə idarəolunmasına keçidin təmin olunmasıdır. İkinci istiqamət barədə kifayət qədər danışdıq. Torpaq inzibatçılığına gəldikdə isə onu qeyd etmək lazımdır ki, torpaq islahatını onun məqsədi baxımından qısa zaman kəsiyində aparılmış və yekunlaşmış bir tədbir kimi nəzərdən keçirmək olmaz. Torpaq islahatına mürəkkəb fazaları olan çoxmərhələli, ölkənin dayanıqlı iqtisadi inkişafını və ərzaq təhlükəsizliyini təmin edəcək, müasir standartlara və beynəlxalq təcrübəyə əsaslanan torpaq inzibatçılığı sisteminin yaradılmasından keçən dialektik bir proses kimi yanaşmaq lazımdır. Torpaq konsepsiyalarının təkamülünün dəstəklənməsi, hər bir milli yanaşmada nəzərə alınmalı olan torpaq idarəçiliyi paradiqmalarının, hər bir sistemdə mövcud ümumi proseslərin, vasitə və tətbiq seçimləri təklif edən yanaşmanın, torpaq inzibatçılığının dayanıqlı inkişafın dəstəklənməsində rolunun müəyyənləşdirilməsi zərurətinin qavranılması vasitəsilə bu strategiyanın həyata keçirilməsi davam etdirilməlidir. Son 10 ildə istər aqrar-torpaq münasibətləri, istər regionların sosial-iqtisadi inkişafı, istərsə də informasiya-kommunikasiya texnologiyalarının tətbiqi sahəsində həyata keçirilmiş islahatların külliyyatı bu strategiyanın dəstəkənməsi üçün olduqca əlverişli mühit formalaşdırmışdır.
Son 10 ildə Cənab İlham Əliyevin həyata keçirdiyi islahatların ən böyük özəlliklərindən biri də onların ciddi elmi bazaya söykənməsi və müvafiq sahələrdə elmi tədqiqatların inkişaf etdirilməsidir. Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyevin “Azərbaycanda aqrar sahədə idarəçiliyin təkmilləşdirilməsi və aqrar elmin inkişaf etdirilməsi ilə bağlı Xüsusi Komissiyanın yaradılması barədə” 03 may 2011-ci il tarixli 1487 nömrəli Sərəncamı da mövcud problemlərin elmi əsaslarla həllinə yönəlmiş tədbirlərin həyata keçirilməsini zəruri etmiş və bu məqsədlə, Azərbaycan Milli Elmlər Akademiyasında Aqrar Bölməsinin yaradılması vacib hesab edilmişdir. Aqrar sahədə idarəetmənin təkmilləşdirilməsi barədəki həmin Sərəncam ölkə Prezidentinin tamamilə elmi əsaslara söykənən müasir aqrar sahənin inkişafına göstərdiyi yüksək diqqət və qayğısından irəli gəlmişdir.
Azərbaycan Resspublikası Prezidentinin 17 yanvar 2011-ci il tarixli, 369 nömrəli Fərmanının icrası ilə əlaqədar olaraq, AMEA-nın Rəyasət Heyətinin 16 sentyabr 2011-ci il tarixli 17/3 nömrəli qərarı ilə AMEA-nın strukturunda Aqrar Elmlər Bölməsi yaradılmışdır. Bölməyə daxil olmayan 16 aqrar tədqiqat və təhsil müəssisəsində aparılan elmi tədqiqat fəaliyyətlərinin də koordinasiyası Aqrar Elmlər Bölməsinə tapşırılmışdır.
“Azərbaycanda aqrar sahədə idarəçiliyin təkmilləşdirilməsi və aqrar elmin inkişaf etdirilməsi ilə bağlı Xüsusi Komissiyanın yaradılması barədə” Azərbaycan Respublikası Prezidentinin 03 may 2011-ci il tarixli 1487 nömrəli Sərəncamının 2-ci bəndinin icrasının təmin edilməsi məqsədilə, aqrar sahədə idarəçiliyin təkmilləşdirilməsi və aqrar elmin inkişaf etdirilməsi məsələləri üzrə yaradılmış Komissiya müvafiq təkliflər hazırlamış və ölkə rəhbərliyinə təqdim etmişdir.
Nəzərə almaq lazımdır ki, müasir torpaq inzibatçılığı sistemi torpaq mülkiyyətçiliyinin müəyyənləşdirilməsi ilə yanaşı, torpaqların qiymətləndirilməsi, torpaqlardan istifadə və onların mühafizəsi kimi funksiyaları da əhatə etməlidir. Beləliklə, qarşıda duran vəzifələr 2003-2013-cü illərdə Prezident İlham Əliyev tərəfindən aparılmış ugurlu islahatlarla müəyyənləşdirilmiş torpaq islahatından torpaq inzibatçılığına keçid strateji inkişaf vektoru ilə təyin olunmuşdur.

Paylaş:
Baxılıb: 1277 dəfə

Xəbər lenti

Hamısına bax

Ədəbiyyat

Analitik

Ədəbiyyat

Serial oxucusu

25 Aprel 08:50

Ədəbiyyat

Şənbə üçün nəzm

25 Aprel 08:38  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30