Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Müsahibə / "AZƏRİKİMYA": YENİ UÄžURLARA DOÄžRU

"AZƏRİKİMYA": YENİ UÄžURLARA DOÄžRU

13.02.2010 [09:00]

Məcid Kərimov: Dünyanın ən müasir texnologiyaları əsasında yaradılacaq yeni neft-kimya kompleksi Azərbaycanı regionda neft-kimya məhsullarının mühüm istehsalçısına çevirəcək, qeyri-neft sektorunun inkişafında əhəmiyyətli rol oynayacaq
Azərbaycanın neft-kimya sənayesinin bu günü və sabahı, Sumqayıtın kimya kompleksinin perspektiv inkişafı ilə bağlı “Azərikimya” Dövlət Şirkətinin prezidenti, Milli Məclisin deputatı, Azərbaycanın Əməkdar elm xadimi, texnika elmləri doktoru, professor Məcid Kərimovun qəzetimizə müsahibəsi:
- Məcid müəllim, məlum olduğu kimi Ulu öndərimiz Heydər Əliyev Azərbaycan rəhbərliyinə gəldiyi ilk illərdən etibarən respublikamızın iqtisadiyyatının bütün sahələrinin geniş və dinamik inkişafına nail olmuş, keçmiş Sovetlər İttifaqında həm kənd təsərrüfatı və sənayenin, həm də elm və texnikanın inkişafı sahəsində yüksək nailiyyətlər əldə edilmişdi. Həmin illərdə Sumqayıtın Azərbaycanın kimya və neft-kimya sənayesinin yüksəlişində, onun potensialının gücləndirilməsində, yeni istehsalat sahələrinin yaradılması və modernləşdirilməsində dahi rəhbərin müstəsna xidmətləri olub. Mümkünsə, ilk olaraq bu barədə bir qədər geniş məlumat verərdiniz.
- Məlum olduğu kimi, Sumqayıt şəhəri hələ ötən əsrin ortalarına yaxın kimya sənayesi mərkəzi, kimya şəhəri kimi salınmışdı. Artıq 1960-cı illərin sonlarında Sumqayıtda tikilmiş kimya sənayesi müəssisələri - Sintetik kauçuk, Superfosfat, “Kimyasənaye” zavodları və Kimya kombinatı (indiki “üzvi sintez”) təkcə Azərbaycanın deyil, keçmiş Sovetlər İttifaqının neft-kimya sənayesinin ən iri və qabaqcıl müəssisələri olmaqla istehsal etdikləri məhsulların çeşidlərinə, keyfiyyətinə və istehsal həcminə görə xüsusi çəkiyə malik idilər. Lakin bütün bunlara baxmayaraq, həmin müəssisələrdə tətbiq olunan texnologiyalar, istismarda olan avadanlıqlar, nəticə olaraq isə istehsal olunan məhsullar dövrün tələblərinə tam uyğun gəlmir, dünya iqtisadiyyatının sürətli texniki inkişafından geri qalırdı.
Məhz Ulu öndərimiz Heydər Əliyev 1969-cu ildə respublika rəhbərliyinə gəldikdən sonra Azərbaycanın kimya və neft-kimya sənayesi, xüsusilə də Sumqayıtın kimya müəssisələri özlərinin yeni, dirçəliş dövrünü yaşamağa başladı. Bilavasitə Heydər Əliyev Azərbaycanın kimya sənayesində, o cümlədən, Sumqayıtın müvafiq müəssisələrində o dövrdəki vəziyyəti dərindən araşdıraraq, kimya zavodlarının yenidən qurulması, yeni texnologiyalar tətbiq edilməsi, ən müasir texnoloji avadanlıqlarla təmin edilməsi təşəbbüsü ilə məsələ qaldırmış və bu sahədə özünün hazırladığı texniki-iqtisadi konsepsiyanın ardıcıl şəkildə və qətiyyətlə həyata keçirilməsinə nail olmuşdu. Hətta bu gündən həmin illərə - 1969-80-ci illərə ötəri bir nəzər saldıqda belə, heyrətlənməmək olmur ki, Ulu öndər necə böyük bir müdriklik və uzaqgörənliklə respublikamızın bir çox şəhərlərində və xüsusilə də Sumqayıtda kimya sənayesi müəssisələrinin dövrün müasir tələbləri səviyyəsində yenidən qurulması və genişləndirilməsi istiqamətində işlər görmüş, irimiqyaslı texniki-iqtisadi tədbirlərin həyata keçirilməsinə, son nəticə olaraq istehsal olunan kimya məhsullarının çeşidlərinin və keyfiyyətinin, həmçinin, istehsal həcminin xeyli dərəcədə artmasına nail olmuşdu.
Məhz ümummilli lider Heydər Əliyevin hakimiyyətdə olduğu həmin dövrlərdə Sumqayıtda kimya və neft-kimya sənayesi müəssisələri təkcə Azərbaycanın deyil, digər SSRİ respublikalarının da kimya məhsullarının əsas təchizatçısına çevrilmişdi.
Bu gün bunu qətiyyətlə demək olar ki, əgər Heydər Əliyev vaxtilə təşəbbüskarlıq, qətiyyət göstərməsəydi, heç şübhəsiz ki, bu gün Azərbaycan “EP-300”, “Polimir-120” və Buxar-generator komplekslərinə malik olmazdı. Bu isə o deməkdir ki, ümummilli lider Heydər Əliyevin kimya sənayesinin inkişafı üçün göstərdiyi xidmətlər olmasaydı, adları çəkilən nəhəng kimya kompleksləri vaxtında yaradılmasaydı, bu gün, hətta ölkəmizin kimya sənayesinin varlığından belə söhbət açmaq olmaz, ən yaxşı halda ancaq keçmiş zamanın təəssüratları ilə danışmaq olardı. Təsadüfi deyil ki, kimya müəssisələrinin bugünkü səmərəli fəaliyyətinə, 7 mindən artıq əmək adamının daimi işlə təmin olunduğuna görə, Azərbaycan kimyaçıları Ulu öndəri daim böyük bir məhəbbət və minnətdarlıqla xatırlayırlar. Heç şübhəsiz ki, dahi rəhbər Azərbaycanın bir çox sənaye sahələri kimi, kimya sənayesinin də reformatoru olaraq kimyaçılarımızın qəlbində əbədi yaşayacaq.
- Bu gün Azərbaycan regionda kimya və neft-kimya məhsullarının ixracatçısı kimi hansı imkanlara malikdir və yaxın gələcəkdə - yeni neft-kimya kompleksinin inşası başa çatdıqdan sonra hansı perspektivlər gözlənilir?
- Hazırda “Azərikimya” Dövlət Şirkətinin müəssisələri onlarla adda və çox qiymətli, yüksək keyfiyyətli kimya və neft-kimya məhsullarını dünyanın 30-dan artıq ölkəsinə, o cümlədən, iqtisadi-texniki cəhətdən yüksək inkişaf etmiş ölkələrə - Rusiya, ABŞ, İngiltərə, Almaniya, Fransa, çin, Türkiyə, İran, Yunanıstan, Ukrayna, Hollandiya və s. ixrac etməklə dünya bazarında özünə layiqli yer tutur. İxrac məhsulunun həcminin artırılması baxımından görülmüş tədbirlərin nəticəsi olaraq, son 4 ildə əmtəəlik məhsulun istehsalı əvvəlki müvafiq dövrə nisbətən 37,2 faiz artıb. Xarici bazar üçün ən əsas göstərici olan keyfiyyətə gəlincə isə, xüsusi bir məmnunluqla demək olar ki, bir-çox neft-kimya məhsulları dünya standartları səviyyəsində olduğundan sənaye məhsullarının keyfiyyətinə nəzarət edən bir sıra beynəlxalq qurumlar tərəfindən xüsusi prizlərlə mükafatlandırılıblar. Məsələn, “Sintezkauçuk” zavodunun istehsalı olan mütləqləşdirilmiş izopropil spirti “Arka Avropa” qızıl mükafatına layiq görülüb. ötən il isə “üzvi sintez” zavodu Beynəlxalq Kommersiya Rəhbərləri Klubunun (Madrid) qərarı ilə “Texnologiya və keyfiyyətə görə” beynəlxalq mükafatının, bütünlükdə isə “Azərikimya” Dövlət Şirkəti Beynəlxalq İdarəetmə və Məsləhətləşmə Assosiasiyasının (Fransa) qərarı ilə “Keyfiyyət və biznes prestijinə görə” qızıl mükafatının sahibi olub.
Heç şübhəsiz ki, yeni neft-kimya kompleksi inşa edilib, istismara verildikdən sonra “Azərikimya”nın istehsal edəcəyi məhsulların çeşidi və həcmi daha da artacaq, ixrac coğrafiyası xeyli genişlənəcək, kimyaçılarımız ölkə üçün daha böyük və sanballı töhfələr verə biləcək.
- Prezident İlham Əliyev ölkəmizdə neft-kimya sənayesinin perspektiv inkişafı ilə bağlı təkliflərin hazırlanması barədə müvafiq orqanlara tapşırıqlar verib. Bu baxımdan “Azərikimya” Dövlət Şirkətində neft-kimya sənayesinin inkişafı ilə əlaqədar hansı işlər görülür? Azərbaycan iqtisadiyyatında mühüm rol oynayan, strateji əhəmiyyətə malik bu sahənin gələcək inkişaf perspektivləri barədə danışmağınızı xahiş edirik.
- Bildiyiniz kimi, Sumqayıtda kimya sənayesi müəssisələrinin istehsal etdiyi bir çox məhsullar əsas etibarilə yarımfabrikat xarakteri daşıyır. Bu günədək onların əksəriyyətinin daha qiymətli olan və respublikamız üçün böyük gəlir gətirə biləcək son hazır məhsula çevrilməsi məsələsi həll olunmamış problem kimi qalmaqdadır. Məsələ ondadır ki, zəngin karbohidrogen ehtiyatlarına və müxtəlif çeşidli neft və neft-kimya məhsullarına malik respublikamızda dünya bazarında tələbatın çox yüksək olduğu qiymətli poliolefin, aromatik və digər kimyəvi məhsulların istehsalı üzrə potensial olduqca böyükdür. Azərbaycanda kimya və neft-kimya sənayesinin perspektiv inkişafı yaxın gələcəkdə, ilk növbədə, bilavasitə bu cür qiymətli, xarici ölkələrdə tələbatın çox yüksək olduğu məhsulların istehsalına nail olmağı mühüm, təxirəsalınmaz bir vəzifə kimi qarşıya qoyur. Məhz bu səbəbdən də son 3 il ərzində şirkətimiz tərəfindən yeni kimya və neft-kimya məhsullarının istehsalı üzrə dünyanın ən mütərəqqi texnologiyalarına əsaslanan yeni müəssisələrin yaradılması ilə bağlı çox geniş və ardıcıl iş aparılmaqdadır.
Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən son illərdə qəbul edilmiş Dövlət Proqramlarında məhz bu məqam önə çəkilir və ölkəmizin müxtəlif sənaye strukturları, dövlət orqanlarının qarşısında iqtisadiyyatın bütün sahələrində ən yeni, mütərəqqi texnologiyaların tətbiqini genişləndirmək, ən müasir tələblərə, dünya standartlarına tam cavab verə bilən məhsullar istehsal etməyə qadir olan yeni sex və müəssisələrin yaradılması mühüm bir vəzifə kimi qoyulur. Bu baxımdan şirkətimizdə, qeyd etdiyim kimi, artıq üçüncü ildir ki, müasir neft-kimya sahəsində zəngin təcrübəyə malik “Nexant” (İngiltərə), “Societe Generale” (Fransa) və “White&Case” (İngiltərə) şirkətləri Texniki-İqtisadi Əsaslandırma sənədlərini hazırlayıblar. Belə ki, bütünlüklə elm və texnikanın ən son nailiyyətləri əsasında yaradılması nəzərdə tutulan, müasir səviyyədə olacaq yeni müəssisə və istehsalatları özündə birləşdirəcək neft-kimya kompleksinin layihələrinin hazırlanması və tikintisi ilə bağlı son dövrlərdə çox mühüm işlər görülüb. İnşa olunması planlaşdırılan yeni kompleksin tikintisi ilə dünya bazarında tələbatın yüksək olduğu yeni kimyəvi məhsullar - illik həcmi 400 min ton olan, aşağı sıxlıqlı polietilen və illik həcmi 130 min ton nəzərdə tutulan polipropilen, 300 min ton yüksək sıxlıqlı polietilen istehsal ediləcək.
Yeni kompleksin istismara verilməsi ilə həm də ildə 1 mln. ton azot gübrələri istehsal ediləcək ki, bununla da kimyaçılarımız respublikada Ərzaq Təhlükəsizliyi Dövlət Proqramının uğurla həyata keçirilməsinə öz layiqli töhfələrini verə biləcəklər.
Soruşula bilər ki, nəyə görə biz Azərbaycanın neft-kimya sənayesinin gələcək perspektivini bu istiqamətə yönəltməyə, həm də mövcud müəssisələr və istehsalat sahələri olduğu halda yeni neft-kimya kompleksi yaratmağa çalışırıq? Məsələ ondadır ki, bu gün bütün iqtisadi çətinliklərə və maliyyə böhranına baxmayaraq, son dövrlərdə dünyada kimya və neft-kimya sənayesi məhsullarına olan ehtiyacın durmadan artması beynəlxalq bazarda “Azərikimya” Dövlət Şirkətinin məhsullarına olan tələbatı da yüksəldib. Odur ki, bu gün əldə olunmuş uğurlarla kifayətlənməyərək, sabaha baxmaq, vaxt itirmədən işi sabahın tələbləri səviyyəsində qurmaq lazımdır. Bu isə, ilk növbədə, ölkədə kimya məh-sullarının çeşidinin genişləndirilməsini və keyfiyyətinin artırılmasını təmin edə bilən, ən son texnologiyalar və müasir avadanlıqların tətbiq olunaraq ixrac məhsullarının həcmini maksimum artırmağa imkan verən yeni neft-kimya kompleksinin inşasını tələb edir. Hazırda bu sahədə Şirkətimiz tərəfindən ardıcıl və məqsədyönlü şəkildə, intensiv iş aparılır.
Məmnunluqla bildirmək istərdim ki, bizim nəzərdə tutduğumuz kompleksə, onun layihə və digər sənədlərinin hazırlanması işlərinə dünyanın ən qabaqcıl ölkələrinin - ABŞ, İngiltərə, Almaniya, Fransa və s. ölkələrin ən nüfuzlu, neft-kimya komplekslərinin yaradılması sahəsində zəngin təcrübəyə və texniki-maliyyə potensialına malik şirkətləri -”Exxon Mobile” (ABŞ), “İneos” (İngiltərə), “Basell” (Hollandiya), “Uhde” (“Thysenn Krupp” - Almaniya), “Technip” (Fransa), KBR (İngil-tərə) və digər şirkətlər həvəslə qoşulub. Onlar yeni layihə sənədləri üzərində aparılan işlərdə son dərəcə fəal iştirak edirlər. İndiyədək şirkətimizin nümayəndələri və həmin şirkət rəhbərləri arasında bir sıra görüşlər keçirilib, müvafiq kontraktlar, əməkdaşlıq haqqında memorandumlar imzalanıb. Yeni komplekslə bağlı bütün müvafiq sənədlər mövcud prosedur qaydalarına uyğun olaraq hazırlanıb və beynəlxalq banklar və investorlar tərəfindən qəbul edilib.
- Məcid müəllim, yeni neft-kimya kompleksnin istifadəyə verilməsi ilə Azərbaycanda hansı yeni kimyəvi məhsulların istehsalına başlanılacaq? Həmin məhsullar haqqında bir qədər ətraflı məlumat verməyinizi xahiş edirik.
- Əvvəla, onu deyim ki, yeni neft-kimya kompleksinin tikintisi üç mərhələdə aparılacaq. Onun ilkin mərhələsi yüksək və aşağı sıxlıqlı polietilen (LDPE və HDPE), polipropilen (PP), benzol istehsalatlarının, azot gübrələri istehsalı zavodunun və qazayırma qurğusunun inşasını nəzərdə tutur. İlk istehsalat qurğularının istifadəyə verilməsi ilə ölkəmizin kimya və neft-kimya sənayesi özünün daha yüksək inkişaf mərhələsinə qədəm qoyacaq, Azərbaycanın yeni kimya məhsulları ilk dəfə olaraq dünya bazarına çıxarılacaq.
Yeni kompleksin gələcək inkişaf mərhələlərində yeni məhsulların - etilen-qlikol, butadien, etil-benzol, alkilbenzol, stirol, polistirol, poliollar, poliuretan və s. istehsalı nəzərdə tutulur. Lakin yeni kompleksin işə salındığı dövrdə dünya bazarında bu məhsullara olan tələbat üzrə hansısa bir dəyişiklik baş verərsə, şirkət də buna uyğun olaraq həmin məhsulların istehsalında müvafiq korreksiyalar etməli olacaq. Bütünlükdə isə, yeni neft-kimya kompleksi Azərbaycanın kimya sənayesinin məhsullarının çeşidinin xeyli artmasını və istehsal həcminin genişlənməsini təmin etməklə yanaşı, “Azərikimya”nın dünya bazarındakı mövqeyinin daha da möhkəmlənməsinə, ölkəyə valyuta axınının artımına səbəb olacaq. Belə ki, yeni kompleksdə alınacaq məhsulların hər birinə dünya miqyasında çox böyük ehtiyac var, çünki onların tətbiq sahələri olduqca geniş və müxtəlifdir. Yeni məhsullar əsasında respublikanın yüksək templə inkişaf edən xalq təsərrüfatının digər sahələrində - tikinti, səhiyyə, cihazqayırma, kənd təsərrüfatı, maşınqayırma, avtomatika və məişət avadanlıqlarının istehsalı üçün ölkəmizdə ən müasir, dünya stan-dartlarına cavab verən yeni istehsal və xidmət sahələrinin yaradılmasına, çoxprofilli iş yerlərinin açılmasına, yüksək ixtisaslı kadrların hazırlanmasına imkan verəcək.
Düşünürəm ki, Azərbaycanın kimya və neft-kimya sənayesinin dünya standartları tələblərinə cavab verən ən müasir texnologiyalar və yüksək məhsuldarlıqlı avadanlıqlar əsasında yenidən qurulması, tələbatın daha yüksək olduğu yeni kimya məhsullarının istehsalına başlanılması istiqamətində aparılan genişmiqyaslı işlər yaxın gələcəkdə kimya sənayesi məhsullarının istehsal həcmini və keyfiyyəti baxımından şirkətimizin inkişafını təmin edəcək.
Azərbaycan Prezidenti İlham Əliyevin neft-kimya sənayesinin daha da inkişaf etdirilməsi və istehsalatda ən müasir texnologiyaların tətbiqi ilə bağlı irəli sürdüyü konsepsiyaya uyğun olaraq “Azərikimya” Dövlət Şirkətinin Azərbaycanda ən yüksək beynəlxalq standartlara cavab verən yeni neft-kimya və gübrə kompleksinin yaradılması sahəsində apardığı işlər təsadüfi deyil ki, bu gün dünyanın bir çox aparıcı neft-kimya şirkətlərinin, alıcı təşkilat və firmaların diqqət mərkəzindədir.
Tikintisi nəzərdə tutulan yeni müəssisənin istehsalat və qurğuları dünyanın ən mütərəqqi, tullantısız texnologiyaları əsasında inşa ediləcəyindən ekoloji şəraitin daha da yaxşılaşdırılması da maksimum təmin ediləcək.
Şübhə yoxdur ki, dünyanın ən müasir texnologiyaları əsasında yaradılacaq yeni neft-kimya kompleksi Azərbaycanı regionda neft-kimya məhsullarının mühüm istehsalçısına çevirəcək, qeyri-neft sektorunun inkişafında əhəmiyyətli rol oynayacaq.
- Məlum olduğu kimi, bir vaxtlar zəhərli qazların atmosferə atılması və müxtəlif kimyəvi tullantıların dənizə axıdılması səbəbindən Sumqayıt ekoloji baxımdan çox böyük narahatlıq doğururdu və qeyri-qənaətbəxş şəhərlər cərgəsində ilk sıralarda idi. Bəs indi vəziyyət necədir? Sumqayıtlıların əvvəlki narahatlıqları davam edirmi, yoxsa artıq belə hallara son qoyulub?
 - Bu gün hər bir sumqayıtlı qətiyyətlə təsdiq edə bilər ki, son 4-5 ildə şəhərin ab-havası xeyli dərəcədə yaxşılaşıb, saflaşıb. Bu da yalnız bəzi zəhərli kimyəvi məhsulların istehsalının azaldılması və məhdudlaşdırılmasının deyil, daha çox bütün müəssisələrimizdə ardıcıl olaraq və məqsədyönlü şəkildə səmərəli ekoloji tədbirlərin, texnoloji təkmilləşmə işlərinin həyata keçirilməsinin nəticəsidir. Xüsusilə qeyd etmək istərdim ki, son illərdə ekoloji məsələlər müəssisələrimizdə arxa planda yox, istehsalat məsələlərinin ən vacib tərkib hissəsi kimi ön plandadır.
İstehsalın stabilliyini saxlamaqla yanaşı, son vaxtlarda şirkətin müəssisələrində qurğuların təhlükəsiz və ekoloji cəhətdən normal istismarını təmin etmək məqsədilə bir çox vacib tədbirlər, o cümlədən, müxtəlif texniki-texnoloji yeniliklər həyata keçirilib və bu sahədə müvafiq işlər bu gün də uğurla davam etdirilir. Təbii ki, görülən tədbirlər öz səmərəsini verməkdədir.
Məsələn, bir neçə il əvvəl “Sintezkauçuk” zavodunun texniki izopropil spirti sexində iş prosesi zamanı müəyyən səbəblərdən texnoloji avadanlıq vaxtından tez sıradan çıxırdı ki, bu da həm məhsul itkisinə, həm də ətraf mühitin çirklənməsinə səbəb olurdu. Bunun qarşısının alınması üçün görülən tədbirlər nəticəsində texnoloji qurğunun fasiləsiz işləməsi təmin edilib, eyni zamanda, ətraf mühitə atılan qaz tullantıları təkrar istehsala qaytarılıb, nəticədə əlavə məhsul istehsalına nail olunub. Həmin sexin soyutma sistemində həyata keçirilən rekonstruksiya da həm məqsədli məhsulun çıxımının artmasına, həm də ətraf mühitin sağlamlaşdırılmasına səbəb olub.
Məlum olduğu kimi, ölkə rəhbərliyi tərəfindən Azərbaycan Respublikasında son vaxtlar ekologiya, təbiəti mühafizə və ətraf mühitin qorunmasına, təbii ehtiyatlardan istifadənin tənzimlənməsinə dair bir sıra normativ hüquqi aktlar, habelə “Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair 2006-2010-cu illər üçün Kompleks Tədbirlər Planı” təsdiq edilib. Bu sənədlərdə nəzərdə tutulan tədbirlərin icrasını təmin etmək məqsədilə şirkətimizdə müvafiq proqram sənədi hazırlanıb və Səthi Aktiv Maddələr Zavodundakı civə tərkibli tullantıların 2006-2009-cu illər ərzində Təhlükəli tullantılar poliqonuna daşınması və zərərsizləşdirilməsi həmin proqrama daxil edilib. Məhz bu proqram çərçivəsində civənin ətraf mühitə vurduğu ziyanın qarşısının alınması üçün şirkətimiz tərəfindən konkret tədbirlər həyata keçirilib. Belə ki, müəssisə ərazisində illərlə yığılıb qalmış, tərkibində civə olan çirklənmiş torpaqdan civənin ayrılması və fiziki-kimyəvi üsulla təmizləndikdən sonra yenidən texnoloji prosesə qaytarılması həm məhsuldarlığın artması, həm də ekologiyanın yaxşılaşdırılması baxımından xüsusilə əhəmiyyətli olub.
Nəzərə alınsa ki, bu gün də uğurla davam etdirilən təmizləmə prosesi nəticəsində son 5 il ərzində 20 tona yaxın civə yenidən elektroliz prosesinə qaytarılıb, onda ekologiyaya vurula biləcək zərərin qarşısının alınması miqyası daha aydın təsəvvür edilə bilər.
“üzvi sintez” zavodunun propilen oksidi istehsalatında yaranan zərərli qazların zərərsizləşdirilməsi, propilen oksidinin dəmiryol çənlərinə doldurulması sahəsində çənlərin nəfəsliklərindən çıxan propilen oksidi buxarlarının tutulması qurğusunun quraşdırılması da ətraf mühitin çirklənməsinin qarşısını xeyli dərəcədə alıb.
Xəzərin zərərli kimyəvi tullantılarla çirklənməsinin qarşısının alınması, həmçinin, şəhərin bütün müəssisələrindən və kommunal təsərrüfatından qəbul olunan məişət və kimyəvi tullantı sularının mexaniki, bioloji və kimyəvi üsulla təmizlənməsi üçün mövcud sutəmizləyici qurğular sexi də müəssisələrinin daxili imkanları hesabına təmir və bərpa olunub. Kimyaçılarımız ekoloji təmizliyin və sağlamlığın saxlanıb-qorunmasında müstəsna əhəmiyyətə malik olan yaşıllıqların salınmasına və onların artırılmasına da son illər xüsusi diqqət yetirirlər. Kimya müəssisələrinin daxili və ətraf ərazilərində bu baxımdan genişmiqyaslı işlər görülüb və bu iş artıq daimi xarakter alıb. Bu günədək zavoddaxili və zavodlarətrafı 22 hektar ərazidə 42 mindən artıq müxtəlif ağac əkilib, onların vaxtaşırı suvarılması üçün həmin ərazilərə 16680 p/m su xətti çəkilib.
- Məcid müəllim, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu daimi komissiyasının üzvü kimi kimya sənayesinin inkişafı ilə bağlı qanunvericiliyin təkmilləşdirilməsinə ehtiyac duyursunuzmu? ümumiyyətlə, Azərbaycan parlamentinin son 5 ildəki fəaliyyətini necə xarakterizə edərdiniz?
- Belə hesab edirəm ki, qanunvericilikdə hər hansı bir dəyişiklik, təkmilləşmə işi ayrı-ayrı şəxslərin yox, həyatın və cəmiyyətin inkişafının bu və ya digər məqamlarından, tələbindən doğmalıdır, buna xüsusi bir ehtiyac olduğu halda edilməlidir. Neft-kimya sənayesi ölkə iqtisadiyyatının digər sahələri kimi öz dinamik inkişafını yaşamaqdadır.
Milli Məclisin son 5 ildəki fəaliyyətinə gəlincə isə, deməliyəm ki, bu müddət ərzində qanunvericilik aktlarının işlənib-hazırlanması, təkmilləşdirilməsi və qəbul edilməsi baxımından xeyli işlər görülüb.
ölkəmizdə demokratik prinsiplərin bərqərar olunması, qanunun aliliyinin əsas götürülərək, sivil bir cəmiyyət qurulması istiqamətində Milli Məclis üzvlərinin ayrı-ayrılıqda və daimi komissiyalarda, həmçinin, parlamentin yığıncaqlarında fəaliyyəti geniş və məhsuldar olub. Parlament işgüzarlığı, parlament mədəniyyəti və deputat məsuliyyəti ümumən hiss olunacaq dərəcədə yüksəlib. Xüsusən də, Milli Məclisin xarici əlaqələri daha da genişlənib, onun nüfuzu təkcə respublika miqyasında deyil, həm də beynəlxalq səviyyədə-MDB-nin Parlamentlərarası Assambleyasında, Avropa Şurasında da xeyli artıb. Bütün bunlar Milli Məclisin fəaliyyətinin çox mühüm, yüksək göstəriciləridir.
- Geniş və əhatəli, maraqlı müsahibəyə görə sağ olun!
Pərviz SADAYOÄžLU

Paylaş:
Baxılıb: 1310 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Gündəm

İqtisadiyyat

İqtisadiyyat

Hadisə

Analitik

YAP xəbərləri

Xəbər lenti

Siyasət

Təhrif, yoxsa qəsd?

03 Dekabr 11:45  

Siyasət

İqtisadiyyat

İqtisadiyyat

İqtisadiyyat

MEDİA

Analitik

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31