Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Müsahibə / Şuşanı alan İlham Əliyev kimi olar, dedi və aldı

Şuşanı alan İlham Əliyev kimi olar, dedi və aldı

09.10.2021 [10:18]

Qarabağ uğrunda döyüşlərdə minlərlə oğul qanını, canını verib şəhid adını qazandı, Cənnət qapılarını açdı. Biz Cənnətdə ordusu olan tək millətik. O şəhidlərdən biri də Akademik Milli Dram Teatrının aktyoru, Xalq artisti Əli Nurun oğlu, Baş leytenant Rövşən Nurzadədir.  O, Şuşa uğrunda döyüşlərdə adını əbədiyyətə yazdırıb. Vətən yaşasın deyə, ömründən ömür verən igidimiz haqqında danışacağıq bu gün. Atası Əli Nurla onun barəsində danışmaq asan deyil. Söhbətimiz zamanı dəfələrlə kövrəlir, qəhər boğur atanı. Nə qədər oğlunun müqəddəs amal uğrunda həlak olmasından qürur duyduğunu desə də, övlad itkisi yandırır, yaxır... Torpaq Rövşən kimi oğullarla Vətən olur! Ruhu şad olsun! Bütün şəhidlərimizin əbədi və əziz xatirəsi qarşısında baş əyirik.

- Əli müəllim, Rövşən necə bir oğul, necə bir insan idi? İstəyirik qəhrəmanımız haqqında sizin dilinizdən eşidək.

-1975-ci il mart ayının 24-də dünyaya gəlmişdi Rövşən. O zaman Sumqayıt Dövlət Teatrında işləyirdim. Həmin gün anşlaqla keçən bir tamaşada rol almışdım. Fasilədə aktrisa Sevil Məhərrəmova mənə  gözaydınlığı verdi, dedi ki, oğlum olub. Sevincdən uçurdum.  Rövşən ikinci övladım idi. Özü ilə uğur, bərəkət gətirmişdi Rövşən. Üzündən nur yağırdı. Uşaqlıqdan qəribəydi. O qədər ağrıya dözümlü, möhkəm uşaq idi ki, yadıma gəlir, yaşyarımlığında barmağı qapı arasında qalıb qırılmışdı, başqa  uşaq olsaydı  ağlar, bağırardı, səsini də çıxarmamışdı. Çox gülərüzlü uşaqdı, həmişə gözündə, dodaqlarında təbəssüm olardı. Qorxusuz idi. Bir dəfə dostları ilə küçədə futbol oynayanda top gedib bir sürü itin arasına düşmüşdü. Heç kim götürməyə cəsarət etməmiş, Rövşən getmişdi. İtlər hücum edib yaralamışdılar onu. Başını, boynunu, əlini it dişləmişdi. Amma bir kəlmə də ah-uf etmir, şikayətlənmirdi. İdmanla məşğul olurdu uşaqlıqdan, yaxşı boksçuydu. Bakı, Şirvan, Gəncə, Qazaxda keçirilən boks yarışlarında iştirak edib, həmişə də mükafatla qayıtmışdı. Uşaqlıqdan hərb sənətinə böyük marağı vardı. Evdə mənim böyük sərkərdələr haqqında kitablarım var idi, hamısını oxuyurdu. Plutarx, Makedoniyalı İsgəndər onun qəhrəmanları idi. Yadıma gəlir, bir dəfə marşal Hovannes Baqramyan haqqında oxuyub əsəbiləşmişdi. Onun Həzi Aslanovun qatili olması barədə materiallar əldə etmişdi, nifrət yaranmışdı o zamandan onda ermənilərə qarşı.

O IX sinifdə oxuyanda Qarabağ müharibəsinin çətin günləri idi. Bizə xəbər eləmədən qaçıb cəbhəyə getmişdi. Sinif yoldaşlarına deyib ki,  mən Ağdama gedirəm, kimin əsgər sovqatı varsa, gətirsin. Sovqatı toplayıb əsgərlərin yanına gedə bilmişdi. Məktəbin direktoru mənə deyəndə  həyəcanlandım, ora-bura əl atdım, zəng etdim Ağdama posta ki, o uşaqdı, geri qaytarın. Özünü ağdamlı tələbə kimi qələmə verib, postdan keçmişdi. Bir həftə qalmışdı əsgərlərin arasında. Tankların üstündə şəkilləri də var idi. O zaman  əsgərlərə demişdi ki, mən də tankçı olub  vaxtı çatanda döyüşəcəyəm. II Qarabağ müharibəsi zamanı tankın üstündəki şəklini görəndə düşündüm ki, niyyətin hara, mənzilin də ora. İnsanın arzusu bu qədər çin olardımı? Böyük vətənpərvərlik ruhu var idi onda. Bir həftədən sonra bir mayor  gətirib məktəbə təhvil vermişdi. Biz əslən Ağsudanıq. Qarabağ barədə məndən çox eşitmişdi. O zaman biz  aktyorlar da tez-tez əsgərlərimizə ruh vermək  üçün  cəbhəyə gedərdik. Mən Nurəddin Mehdixanlı ilə  Şuşanın işğalından az öncə ordaydım. Bizi oradan aldadıb çıxardılar ki, Azərbaycan əsgərləri gələcək, mindirdilər helikopterə sonra eşitdik ki, Şuşa təslim edilib. Güllə yağışı altında çıxmışdıq oradan, indiki kimi yadımdadır. I Qarabağ müharibəsində aramızda satqınlar çox oldu. Hanı “Şuşa getsə, başıma güllə çaxacağam “deyən nazir, niyə çaxmadı? Şuşanı alan İlham Əliyev kimi olar, dedi və aldı. Azadlıq meydanına çıxıb xalqa yalan vədlər verənlər hanı? Hamısının necə olduğunu zaman göstərdi bizə. Bu söhbətləri mən evdə edirdim, o da eşidirdi,  ruhu cisminə sığmırdı.

Rövşən Hərbi Akademiyanı bitirəndən sonra Qarabağda rota komandiri kimi çalışdı uzun illər. Əsgərlərinə ata, qardaş qayğısı göstərirdi. Evə gələndə ilk işi  əsgərləri üçün dərman, tibbi ləvazimatlar almaq olurdu. Təsadüfi adamların orduya daxil olması bizim başımıza faciələr gətirdi. Erməniyə işləyən nə qədər satqın var idi. Səngərlərdə yatmaqdan xəstəlik tapmışdı. Sərhəddə xidmət edirdi. Mən o ikinci dəfə cəbhəyə qayıdanda yoldaşından öyrəndim ki, ağrıkəsicilərdən tez-tez istifadə edirmiş. Sümük, bel ağrıları yaranmışdı onda. Çox düzgün işlədiyinə görə yola vermirdilər bəzən. Mən, onun təxris olunmasını istədim, təxrisdən sonra iqtisadiyyat üzrə təhsil aldı. Bankda işləyirdi. 25 ilin zabiti idi, döyüşə gedəndə hələ də kirayədə qalırdı. Ölümündən sonra Prezidentimizin Sərəncamıyla  onun ailəsinə 2, mənə 4 otaqlı ev verildi. Bu, bizim ailəmiz üçün böyük hədiyyə oldu. Allah ondan razı olsun. Mən Cənab Prezidentin orduya, əsgərlərə, şəhid ailələrinə göstərdiyi  böyük diqqəti mütləq qeyd etmək istəyirəm. İlham Əliyev layiqli komandan, əvəzsiz liderdir.

-Rövşənin övladları varmı?

-İki oğlu  var. Vaqif və Kənan. Vaqif Türkiyədə təhsil alır, Kənan yeddinci sinifdə oxuyur.  Rövşən zahirən mənə çox bənzəyirdi. Hər kəs deyirdi ki, oğlun sənin klonundur sanki. Vaqif də mənə çox bənzəyir, Rövşən birlikdə fotoşəkillərimizi  çəkib, zarafatla həmişə  “3 klon bir arada” deyirdi. Ailəcanlıydı çox. Uşaqlarına həddinən artıq mehriban idi.

- Döyüşə getdiyi günü necə xatırlayırsınız?

- Bizə gəldi, dedi “ata, döyüşə gedirəm, narahat olma, gənclərə silah təlimi keçəcəyəm”. Yaxşı atıcılığı var idi. 5 hərbçi dostunu da cəlb eləmişdi. Dedim sənin 45 yaşın var, nə döyüş, nə cəbhə. Anası çantasını topladı ki, mən də səninlə gedəcəyəm, orada cəbhədə qab-qacaq yuyaram, yemək bişirərəm, həm də gözüm üstündə olar. Anasını  geriyə güclə qaytardıq. Heç rahatlıq tapa bilmirdi. Ondan öncə bir neçə dəfə səfərbərlik xidmətinə zəng edib, narazılığını bildirmişdi, deyirdi bizim kimi peşəkarlar dura-dura cəbhəyə cavanlar getməsin. Cəbhəyə getdiyi gün hamının adını çəkdilər onun yox. Maşının qabağını kəsdi ki, bu adamları mən toplamışam bura, o siyahıda mənim adım necə olmaya bilər?  Sənədlərə yenidən baxdılar, adı çıxdı, o da oturdu maşına. Dönüb  gülə-gülə dedi ki, qələbə ilə qayıdacağam, bu günü çoxdan gözləyirdim.

- 30 illik  vətən həsrətimizə, yaralarımıza oğlunuzla bərabər bütün şəhidlərimiz öz qanları ilə məlhəm oldular. Şəhid atası olmaq necə bir duyğudur?

- O, Polad Həşimovla oxumuşdu. Poladın ölümü oğluma yaman ağır təsir etmişdi. Tez-tez zabit yoldaşlarıyla danışırdı, görüşürdü. Orduyla əlaqələrini kəsməmişdi, əsgər valideynləri tez- tez müraciət edirdilər ona, kömək edərdi. Müharibə başlayanda özündə deyildi. Cəbhəyə gedən kimi tabor komandiri təyin edildi. Tez-tez zəng edirdi. Füzuli, Cəbrayıl , Qubadlının azad edilməsi əməliyyatlarında iştirak etdi. Noyabrın 2-də  zəng vurdu ki, yenidən Cəbrayıldayam, sabah bizi ayrı yerə göndərəcəklər. Soruşsam da gedəcəyi yeri demədi. Dedi ki, danışmaq olmaz burada. Şuşaya gedəcəklərmiş. 30-40 kilometr yolu gecəynən piyada gedib Şuşaya yaxınlaşıblar - əllərində ağır çantalar, döyüş sursatı. Bu yolları onlar hansı zülmlərlə gediblər kim bilir. Mən onun şəhid olduğu yeri, şəhid olacağını öncədən yuxuda görmüşdüm.  Müharibədən sonra getdim o yerlərə. Necə yuxuda görmüşdümsə,  eləydi hər yer. Həmin o qayalar, həmin o daşlar, sanki fotoşəklini çəkmişdim yuxumda (qəhərlənir).

Şuşa qalasına 2 yerdən giriş var. Gəncə qapılarından maşın girə bilmir. Qaladı və bir də Xankəndidən gələn yol. Onlar Daşaltı tərəfdə  vuruşub, düşmənin diqqətini yayındırıblar ki,  xüsusi təyinatlılarımız qayalarla dırmaşıb şəhərə girə bilsinlər. Ermənilər duyuq düşməsin deyə, 2 gün susuz qalıblar. Şuşa qalası 400-500 metr hündürlükdə sıldırım qayaların üzərində tikilib. Onların nə qədər çətin bir iş gördüyünü anlamaq  üçün bunu öz gözlərinizlə görməlisiniz. İnanılmazı bacarıblar igidlərimiz. Ayın 2-də atışma başlayıb. Ayın 6-na qədər güllə yağışı altında qalıblar. Əsgər yoldaşlarından eşitdiyimə görə, ermənilər tərəfdə Livandan, İrandan gələn  güclü snayperlər olub. Döyüşlərdə ayağından yaralansa da, dayanmayıb, davam edib Rövşən. Dostları deyir ki,  hamımıza ruh verirdi Starik. Ona öz aralarında “Starik” (Qoca) deyirdilər. Ayın 5-də mərmi düşür. 4-5 əsgəri şəhid olur, özü də yaralanır. Amma yenə döyüşlərdən ayrılmır. Son ağrıkəsici iynəni vurub rotasının önündə döyüşlərə qatılır və 2 snayper gülləsi ilə həlak olur. Yaralı halda döyüşməsini istəməyiblər, nə qədər “qayıt” desələr də, “bu qələbəni kimimiz qanını, kimimiz canını verərək qazanacağıq” deyib. Əhdi var idi, Şuşa məscidində namaz qılsın. Son gün deyib ki, Şuşada qurbanlar kəsib sizə qonaqlıq verəcəyəm. Yuxarıdan snayperlə vurmuşdular. 45 dəqiqə yaralı vəziyyətdə atəş altında qalıb. Ordumuz Şuşaya girirdi deyə, ermənilərin müqaviməti güclü olub. Sərxan adlı tabor komandirinin qucağında can verib. Sərxana deyib ki, buracan gəlmişik, bizim ölməyə ixtiyarımız yoxdur. Sonra də Kəlmeyi-şəhadətini deyib, 14.40-da  keçinib.

- Onun qanı töküldüyü torpaqlara getdiniz, gördünüz. Yəqin ki, duyğular birmənalı olmayıb.

- Onun şəhid olduğu yerdə torpağa üzümü sürtdüm (yenə qəhər boğur böyük aktyoru). 300 nəfərlik qrupla getmişdik. Jurnalistlər Cıdır düzündə xahiş etdilər bir şeir deyim. Orada “Salam oğlum” deyə şeir deyib salamladım balamı.

Salam oğlum! Vətənə arxa duran qəhrəman,

Daşaltıda düşmənə qan udduran qəhrəman!

Sən əbədi bu xalqın xatirində qalmısan,

Şuşanın göylərindən cənnətə yol salmısan,

Salmısan ürəklərə sonsuz məhəbbət, Şəhid!

Bu yalançı dünyada mütləq həqiqət, Şəhid.

Elə bil ki, Babəksən yağı döyüşlərində,

Qarabağ savaşında, Şuşa döyüşlərində.

Canla zarafat olmaz, cəsarətin bəllidir,

İndi sənin balalar anana təsəllidir.

Təsəllidir atana təbəssümlü şəkillər,

Səni xatırlayacaq gələcəkdə nəsillər.

Mən də şəhid olardım o məndən başlasaydı,

Sənə Tanrı deyərdim, Tanrı bağışlasaydı.

Sağ ol oğlum, salamat qal,

Salam deyərsən, şəhid qəhrəmanlara

Qayalara dırmanıb Şuşanı alanlara...

Bu şeiri dedim, hamı ağlayırdı. Bu göz yaşları bütün şəhidlərimiz üçün idi. Biz onların, qazilərimizin, Ali Baş Komandanın  iradəsinin, xalqın əzminin  nəticəsində bu savaşdan qalib çıxdıq. Hələ daha böyük uğurlarımız olacaq, hələ ki, orada müəyyən problemlər qalıb, amma heç kim narahat olmasın. Qarabağı bütövlüklə azad edəcəyik. Nə qədər ki, igid oğullarımız var, Vətən əyilməyəcək!

Gərilir zorlu bir yay oxu fırlatmaq  üçün,

İnsan böyüyür beşikdə, məzarda yatmaq  üçün,

Qəhrəmanlar can verir yurdu yaşatmaq  üçün.

Siz sual vermədən mən könlümdən keçən son sözümü də demək istərdim. Onlar hamısı qəhrəman idilər, kəfənlərini boyunlarına dolayıb getmişdilər ki, bu ləkəni alnımızdan silsinlər. Düşmən daşı daş üstə qoymayıb. Bunlar insan deyilmiş, çaqqal sürüsüymüş - onlar 200 ildir bizim qanımızı içiblər. Onlarda müharibəyə hünər nə gəzirdi? 30 ildir  bizə düşmən dövlətlər kömək edir ermənilərə. İndi də İranın sifətini görürük, Qarabağda ermənilərin  məğlubiyyətini qəbul edə bilmirlər. 30 ildi erməniyə silah satıb, bizə də yalandan dostum deyiblər. İndi  bizi raketlə hədələyirlər? Biz Qarabağı öz hünərimizə, şəhidlərimizin, qazilərimizin canı, qanı bahasına almışıq, mollaların duasıyla, fətvasıyla deyil. Bu gün ölkəmizdə var olan İran satqınlarını tapıb ifşa etmək lazımdır.

Cənab Prezident dağ kimi durub ortada. Əlindən gələni edir,  bir sakit günü yoxdur, amma hansıyla mübarizə aparsın, düşmənlə, ya içimizdəki satqınlarla? Hamının işini o görməlidir?  Biz şəhidlər verdik ki, bu Vətəni qoruyaq. Hamımız ona dəstək olub, dağ kimi arxasında dayanmışıq. Lazım gələrsə, yenə döyüşəcəyik, yenə öləcəyik, amma Vətəni bölünməyə, əyilməyə qoymayacağıq!

İlhamə Rəsulova

 

 

Paylaş
Baxılıb: 68 dəfə

Xəbər lenti

Hamısına bax
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31