Heydər Əliyev yeni azerbaycan logo

Ana səhifə / Müsahibə / Anarın bu məlumatdan xəbəri yox idi

Anarın bu məlumatdan xəbəri yox idi

25.01.2022 [11:36]

Bir gün müxalifət qəzetlərinin birindən mənə bir zəng gəldi.

Bir nəfər deyil, hər kəs bu vətənə görə cavabdehdir

İlhamə Rəsulova

Azərbaycanın Xalq artisti, Əməkdar incəsənət xadimi, professor Cahangir Novruzovla teatr, cəmiyyətimizin  problemləri,  ayağımızdan daş kimi asılmış bəzi yazılmamış “qanunlarımız” barədə söhbət edirik.

- Cahangir müəllim, neçə ildir Türkiyədəsiniz?

- Artıq 25 ildir Adanada  Çukurova Universitetinin Dövlət Konservatoriyasında  səhnə sənətləri bölümündə aktyorluk sənətindən dərs deyirəm. Bu teatr bölümünün qurucu müəllimlərindənəm. 1996-cı ildə yeni qurulan bölümün ilk qəbul imtahanına məni dəvət etdilər. 1997-ci ildən isə burada ştatda çalışmaqdayam. Bu illər ərzində yüzlərcə məzunumuz var. Türk teatrının özəlliklərini nəzərə alaraq, Stanislavski sistemi əsasında qurduğumuz bir dərs proqramı var. O sistem əsasında dərs keçilir.

- Belə başa düşdüm ki, Sovet teatr təhsili sistemini Çukurovaya köçürmüsünüz.

- Belə də demək olar.

Həmin şəxs Sarabski yox, mənim babam Cahangir Zeynalov olub

- Türkiyə və Azərbaycanın teatr sənətlərini müqayisə etsək, nə deyə bilərsiniz?

- Azərbaycan teatrı öz kökləri, ənənələri, tarixdəki yaranış  səbəbləri ilə Türkiyə teatrlarından çox fərq­lidir. Osmanlı dönəmində yaranan Türk teatrı daha çox Avropa teatrına bənzəyirdi, oranın mədəniyyətini, yaşayış tərzini mənimsəyərək, bir az da əyləncə məqsədilə, təqlid və təkrar edərək, dəvət olunmuş alman və fransız teatr adamlarının sənət anlayışları və üslublarına istinadən yaranmışdı. Təməli M.F.Axundzadə tərəfindən qoyulmuş, bir rus imperiyası müstəmləkəsi olan Azərbaycan teatr sənətinin yaranış hekayəsi isə mövcud olduğu tarixi dövrün tələblərindən irəli gəlmişdi. Azərbaycanda peşəkar teatr sənətinin yaradılması babam Cahangir Zeynalovun adıyla da yaxından bağlıdır. Təəssüflər olsun ki, bu barədə SSRİ zamanında geniş və gerçək məlumat yazılmasına imkan verilməmişdi. Çünki zəngin iş adamının bir fəhlə və kəndli kütləsi olan xalqı üçün xeyriyyəçiliyi, zamanın ideologiya qəlibinə uyğun deyildi. Bu səbəbdən də, teatr tariximizdəki xeyriyyəçiliyi, türk və islam tarixində ilk ev teatrının yaranması, pedaqoq olaraq səhnəmiz üçün H.Ərəblinski, M.A.Əliyev, H.A.Abbasov, M.M.Kazımovski, A.S.Gəraybəyli kimi bir çox tələbələri yetişdirməsi, dərnək yaradılmasında oynadığı müstəsna rolu və bir çox əməlləri gözardı edilərək, sadəcə Azərbaycan səhnəsində realist aktyor sənətinin banisi kimi adı Sovet teatr ensiklopediyasına yazılıb. Həyata keçirdiyi xeyriyyəçilik, tarixi fəaliyyəti barədə danışılmayıb. Mən, hətta hörmətli yazıçımız Anarla da bu barədə söhbət etmişəm. Onun ssenari müəllifi olduğu “Uzun ömrün akkordları” filmində  teatr və musiqi sənətimizin inkişafında  böyük xidmətləri olan bir çox şəxsin xatirəsi yad edilir, Cahangir Zeynalov xaric. Çünki tarixi qaynaqlardan onun adı silinmiş, unutdurulmuşdu. Məsələn, sadəcə bir fakt; o filmdə Sarabskinin, teatr pərdəsi açılsın deyə, işarəçiyə üzüyünü girov verdiyi səhnəni xatırlayın. Halbuki, həmin şəxs Sarabski yox, mənim babam Cahangir Zeynalov olub, həm də bu vəziyyət bir neçə dəfə baş verib. Bunu və bir çox hadisələri mənə rəhmətlik nənəm Hüsniyyə xanım danışmışdı. Bir dəfə Üzeyir bəyi özü qarşıladığını və babamla aralarında olan söhbəti də mənə danışmışdı: “Baban barmağından üzüyü çıxarıb Üzeyir bəyə verdi və “Al bu üzüyü, get. Mən də geyinib pulu gətirirəm. O vicdansız pulsuz pərdə almaz” demişdi. Mən bu barədə danışanda Anar bu məlumatdan bixəbər olduğunu söylədi. Əfsuslar olsun ki, Cahangir Zeynalovun bütün arxivi nənəmin qohumları tərəfindən yandırıldı. Qorxurmuşlar ki, yeni hakimiyyətin  əlinə keçsə, onları ittiham edərlər. Çətin dövrlər idi. Gah “Müsavat” hakimiyyətdə oldu, gah Şura Hökuməti. O zaman anam Nəsibə xanım 7 və xalası qızı Leyla xanım 9 yaşlarında uşaq olublar. Sənədlərin yandırıldığı axşam Cahangir bəyin teatr proqramlarından bir neçəsini sandıqdan alıb, gizlədib saxlayıblar. Həmin proqramlar və broşurlar ipək parçadan hazırlanmış kağız üzərində yazılırmış. Yazılarını və nişastasını yuyub yaylıq tikmək mümkün olurmuş. Onların da məqsədləri bu olub. Sonradan analarından qorxublar və proqramları ortaya çıxartmağa cürət etməyiblər, yaxşı ki, elə olub və  sonradan teatr muzeyinin arxivinə verilib. Cahangir Zeynalovun Azərbaycan teatr sənətinin inkişafındakı böyük xidmətləri araşdırılmalıdır.

- Cahangir müəllim, 60-70-ci illərdə Azərbaycan teatrı zirvələrdə idi. Bilet almaq  üçün uzun-uzadı növbələr düzülür, aktyorlar əl üstə tutulurdu. Hər dövrün tələbi var təbii. Bu gün boş qalan teatr internet aləminə uduzduğu üçün bu vəziyyətdədir, ya keyfiyyətini itirib?

- Teatr canlı sənətdir və insanlıq durduqca heç bir zaman ölməyəcək. Söylədiyiniz o illər keşməkeşli yollardan keçərək formalaşmış, öz yolunu tapmış teatrımızın vüsət aldığı illər idi. Bu səbəbdən də insanların teatra olan həvəsi, ehtiramı vardı. Bu həm də aktyor və rejissor sənətini icra edən şəxsiyyətlərə olan  rəğbətdən irəli gəlirdi. Məhz o illərdə səhnədə gördükləri yüksək sənətdən  ilham və örnək alan günümüzün yaşlı teatr xadimlərinin bir çoxu zamanının xalq teatrlarında yetişmişdilər. Onlar, sadəcə məşhurlaşmaq üçün aktyor olmaq istəyənlər deyil, həyatlarını teatr sənətinə həsr etmək istəyən, idealları olan gənclər idi və sayları çox idi. Yaşar Nurinimi deyim, İlham Namiq Kamalımı deyim... Ramiz Əzizbəyli, Hüseynağa Atakişiyev, İbrahim Əliyev və bir çox sevilən sənətkarlarımız xalq teatrlarında yetişmişdilər. Kimsə ən başdan pul qazanacağını düşünmür, sənətində püxtələşmək, tamaşaçıların sevimlisinə çevrilməyi arzulayırdılar. Sovet ittifaqının dağılması ilə, bir ictimai çöküşün qanuni labüdlüyü olaraq ilk dağılan mənəvi sərvətimiz, sənət ocaqlarımız oldu. Onların fiziki bərpası, yəni binaları dövlətimiz tərəfindən istifadəyə verilmiş olsa da, mənəvi bərpası, zərər görmüş ruhi aurası hələ də tam olaraq özünə gəlməyib. Bu xeyli zaman ala bilir. Çünki sosial və ictimai dəyərlər dəyişmiş və yetişməkdə olan gənclik bu dəyərlərə görə özünə peşə seçməkdədir. Bu gün aktyor sənəti əvvəl zamanlarda olduğu kimi hörmət və özəlliklə pul qazandırmırsa, gənclər bu sənətin arxasınca getmək istəməyəcək. Bu gün görünən budur ki, az sayda da olsa, sənəti qibləgahı görən fədailərimiz və bir də başqa peşələri çətin bilib, aktyorluğu asan zənn edərək teatrlara soxulanlar var. Sadəcə, toy məclislərinə yol tapmaqdan ötrü teatr səhnəsini və televiziya ekranını ucuz və mənasız gülüşlə doldurub, özünü tanıdanların bir çoxu bu məqsədlərinə nail olmaq üçün rüşvət daxil hər çeşid şərəfsizliyə əl atırlar.

Bataqlığa çəkən mentalitetimiz - Özümüz öz ayağımızdan daş olub asılmışıq

Bizim xalqın təcili şəkildə canını qurtarmalı olduğu, qanına işləmiş və təhtəlşüuruna oturmuş  “ənənələri” var ki, buna mentalitet deyilir. O mentalitet bizi bir xalq olaraq ayağımıza bağlanmış bir daş kimi bataqlığın dibinə çəkir. Sovet sistemi bizə hər yerə tanışlıqla, rüşvətlə girməyin mümkünlüyü öyrətdi. Bu səbəbdən də hər şeyi, əvvəllər tanışlıqla, indı isə “xətir-hörmət” də qalmadığı üçün rüşvətlə həll edəcəyimizin mübah olduğunu zənn edirik. Hər şeyi, sənətimizi də, təhsilimizi də, elmimizi də, tibbimizi də, ədalət və hüququ da, yəni hər şeyi, sanki bərbad günə qoymaq üçün əlimizdən gələni edirik. Bir gün müxalifət qəzetlərinin birindən mənə bir zəng gəldi. İlk sualı bu oldu ki, Azərbaycanda rüşvətxorluq hökm sürür, bu iqtidarın günahıdırmı filan? Dedim bir dəqiqə... Bu məsələnin iqtidara, müxalifətə dəxli yoxdur. Bu, bizim mentalitet məsələmizdir. Mən Elçibəy zamanını da görmüşəm, ondan əvvəlkiləri də. Yəni, əvvəllər guya bizdə rüşvət olmayıb? Biz, hətta növbələrdə gözləməyək deyə, 5 manat verib başqalarının haqqını yeyərək, qabağa düşməyi öyrənmişik. Bunu heç bir iqtidarın üstünə atmaq olmaz.

Mələklərdən ibarət iqtidarı hakimiyyətə gətirmiş olsaq belə, bir neçə il içərisində rüşvətxorluğa alışdırıb imandan çıxaracayıq.

- Əslində, ayna deyil, üzümüz kirlidir. Üzümüzü yumuruq.

- Bəli.Teatr da cəmiyyətin aynasıdır və həm də böyüdücü şüşəsi olan ayna. O bizim ayıbımızı göstərməlidir, amma biz vurub aynanı qırmışıq. Hər teatr öz millətinin aynası olmalıdır. Biz Mədəniyyət Nazirliyi ilə birlikdə, elm adamları, sənət adamları toplanmalıyıq, müzakirə aparmalıyıq. Qırdığımızı düzəltməli, tökdüyümüzü yığışdırmalıyıq. Və bu məsələdə bizə teatr və kino kömək edə bilər. Teatr və kino insanın  birbaşa təhtəlşüuruna təsir edir. Bu gün Hollivud böyük ustalıqla dünyanın psixologiyası ilə oynayır, istədiyi şəkildə yönləndirir. Əsasən də, insanlığın mənəviyyatını pozub dağıdır, mənəviyyatsızlığı, əxlaqsızlığı yayır.

Biri o “aktyora” söz verir, o birisi onun yerinə yerə yıxılır, bir başqası onun yerinə mahnı oxuyur.

- Cahangir müəllim, türk  filmlərinə baxarkən  şahidi olduğum bir məqama diqqət çəkmək istəyirəm. Adətən, baş rol oyunçuları gözəllik  və ya model yarışmalarından çıxmış gənclərdirlər. Peşəkar aktyor olmasalar da, onlar aktyor işini çox gözəl bacarır,  az zaman içində məşhurlaşırlar. Roldan rola uğurla keçə bilirlər.

-  Siz hazır filmi görürsünüz. Çəkiliş meydançasını yox. Bu, əslində rejissorun, operatorun, montaj ustalarının, kompüter qrafiklərinin ustalığı, hünəridir. İndi texnologiya o qədər inkişaf edib ki...  Yüzlərlə səhnə içərisindən seçilmiş bir uğurlu kadrı kompüter qrafikası və montaj vasitəsi ilə elə hala gətirirlər ki, heyvanların belə insan kimi danışıb düşündüyünə şəksiz inanırsan. Ya da musiqi dünyasına baxaq: studiyada qeyd zamanı tonmaisterlərin qətiyyən səsi olmayan ifaçıların səsini peşəkar vokalistlərin qısqanacağı səsə çevirdiyini görərsiniz...

O dediyiniz maniken, model “aktyorların” çoxunun aktyorluq peşəsindən, peşəkarlıqdan xəbərləri yoxdur. Siz çəkiliş meydanında, kamera arxasında olanları görsəniz, gözlərinizə inanmazsınız. Biri o “aktyora” söz verir, o birisi onun yerinə yerə yıxılır, bir başqası onun yerinə mahnı oxuyur. Sonra da başqa gerçək peşəkar aktyor onu səsləndirir. Onun sahib olduğu şey, sadəcə boy-buxunun və göz-qaşının olmasıdır, onları da ana-atalarına borcludurlar. Bu gün  çəkilən bütün filmlər, seriallar kütlənin zövqünə, reytinqlərə görə dəyərləndirilir. Ssenarisi film gedə-gedə yazılır, dəyişdirilir. Çünki burada “sənətdən” istifadə edilərək, böyük pullar qazanılır, sənət icra edilmir. Məqsəd pul qazanmaq olan yerdə yüksək sənətkarlıq olmur. Mənim tələbələrim var ki, pul qazanmaq  üçün  belə filmlərə çəkilirlər. Lakin onlar mənə bu barədə deməyə utanırlar. Hətta  çəkildikləri üçün məndən üzr istəyirlər. Amma bu da var ki, orda  dizilərə çəkilərək milyonlara sahib olan aktyorlar var və böyük ustalıqla oynayan sənətkar aktyorlar da var.  Onlar aldıqları pullar hesabına  özəl teatrlar açıb onlarla aktyora iş və maaş verirlər. Teatr fədaisidirlər çünki. Bizdə bunu edən varmı?

- Bildiyimə görə, Türkiyədə sizi sənətin incəliklərini gözəl bilən hoca kimi tanıyır, yanınıza məsləhətə də gəlirlər. Bəs bu böyük sənətkardan istifadə etmək  istəyiblərmi? Rollara, filmlərə dəvət gəlir?

-Xeyr. Səbəb odur ki, mən yerli deyiləm. Düzdür, biz qanı bir canı bir xalqıq, lakin türk olmayanların orda tanınması çətindir. Üstəlik, bir çox prodakşn və telekanalların rəhbər kadrları kimliklərini bəlli etməyən ermənilərdir. Hər kəs bilir, şou-biznes onların əlindədir. Onların da mənfi təsirləri olur. Türkan xanımı (Türkan Şoray) bir dəfə Bakıda film çəkilişinə dəvət etmişdilər. Qarabağ hadisələri ilə bağlı bir ssenari imiş. İmtina etmişdi. Demişdi ki, Yeşil Çamda, bu sektorda çoxlu sayda erməni var, bu filmə çəkilsəm, sonra mənə onların yanında yaxşı olmaz.

Mədəniyyət Nazirliyimizin sabiq nazir və nazir müavinlərinə bunu bağışlaya bilmirəm

-  Geri dönmək üçün dəvətlər almısınız? Çağırsalar gələrsiniz?

- Çağırıblar. 2007-də Əbülfəz Qarayev dəvət etmişdi. Qəbul etmədim. Çünki şərtlərim qəbul edilmədi.

- Şərtləriniz nə idi?

- Şərtim bu idi ki, teatrların düzəlməsi üçün aktyorların maaşlarının artması lazımdır. Teatrımızın aktyorları iqtisadi sıxıntılar üzündən psixoloji yük altında olmamalıdırlar. Aktyorlarımız məşq edərkən, tamaşa oynayarkən oynadığı xarakteri düşünməlidir, axşam evə çörək almaq üçün pulu necə və hardan qazanacağını deyil. Mən, Azərbaycan profesional teatrının qurucularından biri olan Cahangir Zeynalovun nəvəsi kimi, xalqımızın ana deyə sevgiylə səsləndiyi Nəsibə xanımın övladı kimi, özümü tanıdığım gündən bəri teatrımız üçün “yox” demədən çalışan bir sənət adamı kimi teatrlarımızın aktyorlarının bu halına illərlə göz yuman Mədəniyyət Nazirliyimizin sabiq nazir və nazir müavinlərinə bunu bağışlaya bilmirəm. Aktyor sənətinin nüfuzunu, hörmətini yüksək tutmaq lazımdır. Bunu hələ o vaxt Əbülfəz bəyə demişdim. Dedi ki, sənin istəklərini gerçəkləşdirmək mümkün deyil. Nə üçün? Prezidentimiz Azərbaycan mədəniyyəti ilə bağlı nə iş varsa hamısını görüb. Şuşanı mədəniyyət paytaxtı elan etmiş bir prezident teatrların problemlərinin həllinə, mədəniyyətlə bağlı məntiqli layihələrə yox deyərmi? Atmayaq hər şeyi iqtidarın üstünə. Təqsiri özümüzdə görməliyik. Sovet dövründən bizə “miras” qalmış bir çox zərərli alışqanlıqlarımız var bizim. Saymaqla bitməz. Bunlar sözdə vətən sevgisi, sözdə xalq sevgisi, vətəndaşımıza qayğı, hamısı da saxta dürüstlük. Yəni, sadəcə əzbərlənmiş sözlər. Ayılmaq zamanı deyilmi? 30 ildən artıqdır ki, biz azadıq. Bu vətən bizimdir, bu torpaq bizimdir. Bu igid və müzəffər millət bizimdir. Mənfi əməllərimizlə ancaq özümüzə, dövlətimizə zərər veririk. Mahnılarda, şeirlərdə deyil, gerçəkdən vətənsevən olaq.

Hər kəs, sadəcə bir nəfər deyil, hər kəs bu vətənə görə cavabdehdir.

Paylaş:
Baxılıb: 339 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Ədəbiyyat

Sosial

Çadradan səmaya

21 May 12:21  

Siyasət

Xəbər lenti

İqtisadiyyat

Siyasət

Prezident bu gün

Prezident bu gün

21 May 09:31

Gündəm

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31