Heydər Əliyev

Аналитика

Внешняя политика

Актуальное

yeni azerbaycan logo

Ana səhifə / Müsahibə / Yeni Qarabağa şahid olacağıq!

Yeni Qarabağa şahid olacağıq!

28.01.2022 [09:48]

Ağaməli Məmmədov

1958-ci ildə Bakıda anadan olub. Lomonosov adına Moskva Dövlət Universitetinin (MDU) fəlsəfə fakültəsini fərqlənmə diplomu ilə bitirib. Sosiologiya elmləri doktoru və professordur. Hazırda MDU-nun “Kommunikasiya sistemlərinin sosiologiyası” kafedrasının müdiridir.

Böyük Britaniya, İtaliya və Almaniyada yüksək səviyyəli universitet nəşrlərində çap olunmuş 40-dan çox elmi kitabın müəllifidir. Alimlik üzrə H (Hirsch, Jorge E.) indeksi 33 olmaqla, o, MDU-da yüksək reytinqli, ən yaxşı professorlar sırasına daxildir.

Professor Ağaməli Məmmədov uzun müddət Hollandiyada və Kubada elmi-pedaqoji fəaliyyət göstərib. O, Minsk Universitetində ustad dərsləri keçir, MDU-nun Bakı filialında da dərs deyir.

Elmi-pedaqoji fəaliyyətlə yanaşı, Ağaməli Məmmədov həm də publisistik məqalələr, hekayə, ssenari və pyeslər yazır. Onun bədii əsərləri nüfuzlu Moskva jurnallarında dərc olunub.

- Müsahibəyə razılıq verib redaksiyamızla əlaqə saxladığınıza görə təşəkkür edirik.

- Moskvadan sizi salamlayıram. Söhbətə dəvət etdiyiniz üçün minnətdaram.

- Ağaməli müəllim, Vətən müharibəsinin başa çatmasından bir ildən çox vaxt keçir. Ötən dövrü Moskvadan necə görürsünüz?

- Düşünürəm ki, məqsədləri və nəticələri ilə müqəddəs olan Vətən müharibəsi heç kəsi laqeyd qoymadı. Baş verən intensiv gərginliyi xarici analitiklər də qeyd ediblər. Xüsusilə bizim üçün. Bütün azərbaycanlılar, harada yaşamaqlarından asılı olmayaraq, Azərbaycandan gələn xəbərlərlə nəfəs alırdılar. Və hər yerdə eşidilirdi - biz bacardıq, biz azad etdik! Xalqın misli görünməmiş mənəvi birliyi baş verdi, yekdillik və inteqrasiya xalqımızın (ümid edirəm ki, daimi) atributlarına çevrildi. Xalqın gerçəkləşmiş məqsədi yarandı! Bu Qələbə, heç şübhəsiz ki, azərbaycanlıların özünə inamını gücləndirdi, milli qürur mənbəyimiz oldu. Biz, bir millət olaraq, çoxdan gözlədiyimiz “hamılıqla birgə duymaq” hissini yaşadıq. Düşünürəm ki, mütəxəssislər təkcə hərbi əməliyyatların keçirilməsi təcrübəsini deyil, həm də milli həmrəylik fenomenini yaxından öyrənəcəklər.

- Bizim sözümüzün qarşısına informasiya səddləri qoyulduğu halda, bu dedikləriniz Moskvada da mütəxəssislər tərəfindən nəzərə alınırmı?

- Bilirsiniz, vəziyyət dəyişir, özü də kifayət qədər sürətlə. Və bunda Prezidentimizin müsahibələri, çıxışları çox böyük rol oynadı. Onun sarsılmaz məntiqi, münaqişə və region haqda dərin biliyə malik olması, bir neçə dildə ən çətin, bəzən bilə-bilə dolaşıqlaşdırılan suallara özünəməxsus nəzakətli bir sərtliklə və operativ şəkildə cavab vermək bacarığı - bütün bunlar simpatiya vektorunu daha çox bizə tərəf əyməyə bilməzdi. Yetkin dövlət xadiminə xas erudisiya və böyük təcrübə onun hər sözündə hiss olunur. Digər tərəfdən, Moskvanın bir çox qadınları üçün Mehriban xanımın cazibədarlıq və yüksək üslub təcəssümü olduğunu desəm, böyük bir sirr açmış olmaram. Heydər Əliyev Fondunun rolunu və səfirliyimizin səmərəli fəaliyyətini də unutmayaq. Jurnalistlərimizin də peşəkarlığı artmaqdadır. “Kommunikasiya sistemlərinin sosiologiyası” kafedrasının müdiri kimi belə deyə bilərəm: peşəkar olun, onda hər cür “ağ ləkələr” və “səssizlik spiralları” mütləq aradan qaldırılacaq. Hər şey bu qədər sadədir. Həqiqət, öz bütün metamorfozalarına baxmayaraq, hələ də üzə çıxır və qalib gəlir. Həm də ki, dünyada Solovyov və ya Bağdasarov kimilərdən “zövq almayan” ağıllı insanlar hələ ki, çoxdur.

- Bəs sizcə, bizim xəbər agentlikləri tərəfindən kifayət qədər işıqlandırılmayan mövzular varmı?

- Mən nəzakətsiz olmaq istəmirəm, axı mən bu strukturların “mətbəxində” işləmirəm. Mən yolgöstərən mentor və ya ustad bir quru deyiləm. Yəqin ki, onlar daha yaxşı bilirlər. Amma bir mütəxəssis və bir vətənpərvər kimi öz fikrimi deməyə bilmərəm. Böyük Çin Səddini hamı tanıyır və çoxları onu ziyarət də ediblər. Möhtəşəm bir tikilidir, elə deyilmi? Amma o divar heç vaxt Çini şimaldan gələn köçərilərdən xilas etməmişdir. Onlar sadəcə olaraq mühafizəçilərə rüşvət verirdilər və sonra odla-qılıncla içəri keçib şəhərləri qarət edirdilər. Sözümü nəyə gətirirəm - ölkəni qoruyan nə tikililərdir, nə qurğular, nə texnologiya, hətta ən qabaqcıl olsa belə. Ölkəni qoruyan onun hər bir sakinidir. Onun savadı, mədəniyyəti və sağlamlığı çox vaxt ölkənin potensialını müəyyən edir. Bildiyiniz kimi, artıq Metternix (19-cu əsrdə Avstriya diplomatı - red.) dövrü deyil, indi ölkənin qüdrəti onun təkcə kəmiyyət göstəricilərinin böyüklüyü ilə ölçülmür...

- Yəqin ki, qloballaşma prosesləri də buna təsir edir.

- Şübhəsiz, axı millət daimi bir plebissitdir. Millət - sadəcə toplum deyil, mühüm sualların qoyuluşu və həll yollarının tapılıb formalaşmasıdır. Millət - gələcəyin sorğu-suala tutulması və həmən bu gələcək naminə edilən əməllərdir. Bu isə çox mürəkkəb və dramatik, çoxşaxəli və ağrılı bir prosesdir. Bu prosesi böyük tarix və ucsuz-bucaqsız ərazilər haqqında yalan əfsanələr üzərində də qurmaq olar. Tarix bizə göstərir ki, belə əfsanələrdən asanlıqla “nasizm” tipli milli üstünlük ideyalarına və “konslager” tipli həbs düşərgələrinə “yuvarlanmaq” təhlükəsi var, halbuki bərabər imkanlar təmin edən tolerant və multikultural cəmiyyət qurmaq da mümkündür. Sözsüz ki, Azərbaycanın bu titanik sıçrayışı bizim ziyalılarımız tərəfindən hərtərəfli tədqiqatlar həyata keçirilməklə dəstəklənməlidir. Bu, təkcə dövlət strukturlarının qayğısı deyil. Axı biz, azərbaycanlı olduğumuza görə, etnik mənşəyindən asılı olmayaraq, böyük mədəniyyətə, tarixə mənsub olduğumuza görə bütün dünya üçün maraqlıyıq. “N saylı” xalq/əhali isə, hətta gözlənilmədən maddi firəvanlığa nail ola bilsə belə, tarixin subyekti olmayacaq.

- Sizcə, gündəmdə olan əsas prioritet nədir?

- Xalqımızın və mədəniyyətimizin “kimliyini”, özlüyünü, ümumi özünəməxsusluğunu müəyyən etmək və dərk etmək; üstün cəhətlərimizi nəzərə çarpdırmaq, vacib olmayanları qabartmamaq (freyminq); mədəniyyətimizi yad ideyaların təsirindən qorumaq. Digər mədəniyyətlərə məxsus hətta ən yüksək nümunələrdən, qəliblərdən istənilən surətçıxarma, onları yamsılama xalqımız üçün autentik, orijinala uyğun olmayacaq. Ümumbəşəri varlıq olaraq insan və konkret bir şəxs arasında ciddi ziddiyyət var. Bir vaxtlar böyük ustadlar tərəfindən yaradılmış yüksək sənət nümunələri mənəvi yoxsulluğun olmayacağına zəmanət deyil. Mədəni-maarif amilinin daimiliyi tələb olunur. İstehlakçılıq əsarətinə düşən Qərb öz sakinini anti-mədəni lobotomiyaya məruz qalmış məxluqa çevirdiyinin fərqinə varmadı. Müasir sakin getdikcə daha çox məşhur “Mexanik Portağal” və ya “Qara Güzgü” filmlərindəki insanları xatırladır, yenidən kodlaşdırıldıqdan sonra onlara yalnız bir hüquq verilir: istehlak etmək və istehlak etmək.

- Həy şey bu dərəcədə ciddidir?

- Ötən əsrin məşhur idman şərhçisi Nikolay Ozerov deyərdi: “Takoy xokkey nam ne nujen” (“Bizə belə hokkey lazım deyil” - red.). “Plavali, znaem!” (“Üzmüşük, bilirik”, bir cizgi filmindən - red.). Biz öz həyat normalarımızı, öz standartlarımızı bərqərar etməliyik - Vətənə məhəbbət, ənənəvi ailəyə rəğbət, valideynlərə ehtiram, ağsaqqallara və hakimiyyətə hörmət kimi dəyərlərimizi üzə çıxartmalı və önə çəkməliyik. Bu siyahı bizim bütün tariximiz və mədəniyyətimiz tərəfindən işlənib hazırlanmışdır. Bu, bizim “yazılmamış qaydalarımızda” əks olunub. Baxın, əgər şərti Qərb - “Düşünürəm, deməli, varam” (Rene Dekart, fransız filosofu - red.) prinsipi ilə formalaşıbsa, tarixən biz - “Utanıram, deməli, varam” prinsipinə uyğun hərəkət etmişik. Amma Dekartdan sonra Volter (fransız maarifçi, şair - red.) gəldi və bəyan etdi: “Mən bədənəm və mən düşünürəm. Qalanı maraqlı deyil”. Bu, sadəcə başqa bir plast, başqa laydır, bizim yazılarımız isə başqa “xəmirdən” yoğrulub. Təbii ki, sivilizasiyaların konvergensiyasını, qarşılıqlı yaxınlaşmasını heç kim inkar etmir, artıq o dövran deyil. Lakin dövrün çağırışı - milli özlüyümüzün saxlanılması, milli tariximizin hər anının qorunmasıdır. Bu, pafos deyil, zəruri tələbatdır.

- Bəs bu necə gerçəkləşdirilməlidir?

- Keçmiş Çin lideri Den Syaopin “Çini yenidən böyük gücə çevirmək üçün nə etmək lazımdır?” sualına qısaca belə cavab verib: “Bu barədə danışmaq lazımdır”. Milli özlüyümüz, etnogenezimiz, dövlətçilik tariximiz haqda daha çox yazmaq lazımdır, bu yöndə fundamental əsərlər, ensiklopediyalar, dissertasiyalar yazılmalı, elmi konfranslar, ictimai müzakirələr keçirilməlidir. Bizim mədəniyyət tariximizə dünya elmində tələbat oyadılmalıdır. Refleksiya “Vox populi” kimi portallarda müzakirələrə səbəb olacaq və elmdə bir növ hipermətnə çevriləcək. Və bu refleksiyanın aktorları və sosial tarlaları, məncə, universitetlər ola bilər.

- Buna görə də Prezident Şuşa və Ağdamda azı iki universitetin açılması planını açıqladı.

- Əla və vaxtında edilmiş təşəbbüsdür. Əlbəttə, tikintilərin sürəti və keyfiyyəti istisnasız olaraq bütün mütəxəssisləri heyran edir. Amma əsas o deyil ki,  biz hava limanları tikirik, əsas odur ki, gələcəyə inamla baxırıq. Ən vacib olan məhz budur. Xose Orteqa-i-Qasset (ispan filosof - red.) bu haqda yazırdı: “Millət daimi plebissitdir”, xalqın qərarıdır. Biz Qarabağı azad etdik və bura əbədi olaraq gəlmişik. Və buna görə də, biz gələcəyi planlaşdırırıq. Və buna görə də, biz bütün vətəndaşlara ümumi sivilizasiya məkanı təklif edirik. Universitetlər, məktəblər isə bu Qələbənin rəmzi olacaq. Xəbərlərdən oxudum ki, ali məktəblərdən biri Azərbaycan-Türkiyə Universiteti ola bilər. Düzgün nisbətlər təmin edilərsə, bu ortaqlığın səmərəsi, şübhəm yoxdur ki, çox əhəmiyyətli olmalıdır. Bilirsiniz, mən Moskva Dövlət Universitetində “Universitet - developer fəaliyyətində aktor kimi” magistr kursu üzrə dərs deyirəm və bir mütəxəssis kimi deyə bilərəm ki, çox vaxt universitet özü-özlüyündə şəhər yaradır. Universitet şəhər yaradan sanki bir onurğa sütunudur. Onun ətrafında elm və təhsil üzrə törəmə sahələr, biznes strukturlar, yaşayış yerləri və sairə formalaşır. Ümumiyyətlə, işğaldan azad edilmiş şəhərlərdə öz enerjisi ilə minlərlə gənc və savadlı insanın olması təbii olaraq bölgəni canlandıracaq. Mahiyyətcə, bu, ölkənin sosial kapitalına, onun yaxın gələcəyinə böyük investisiyadır. Üstəlik, Universitet həm də sosiallaşma meydanıdır, ünsiyyət bacarıqlarının əldə edilməsi və əməkdaşlıq mədəniyyətinin qavranılması məkanıdır. Odur ki, biz yaxın gələcəkdə, inşaAllah, yeni Qarabağa şahidlik edəcəyik!

- Biz də buna əminik. Maraqlı söhbətə görə təşəkkür edirik, Ağaməli müəllim. Sizə elmi-pedaqoji fəaliyyətinizdə yeni uğurlar arzulayırıq.

- Çox sağ olun. Redaksiyanıza və bütün oxucularınıza minnətdaram.

Paylaş:
Baxılıb: 312 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Mədəniyyət

Siyasət

Analitik

İqtisadiyyat

Xarici siyasət

İqtisadiyyat

Xarici siyasət

İqtisadiyyat

Gündəm

Prezident bu gün

Prezident bu gün

17 May 09:58

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31