Heydər Əliyev yeni azerbaycan logo

Ana səhifə / Müsahibə / Dedilər, nömrəniz bir şəhidin cibindən çıxıb

Dedilər, nömrəniz bir şəhidin cibindən çıxıb

09.04.2022 [10:21]

Əsgərlər davaya getmək üçün dava edirdilər

O, müharibə başlayan kimi könüllü cəbhəyə yollanıb. 44 günlük müharibə bitəndən sonra da evə dönməyə tələsməyib, ən son xəstəsini evə yola salıb, elə qayıdıb. Təmənnasız xidmət edib, şəfa verməklə yetinməyib, dəfələrlə cəbhəyə maddi dəstək aparıb. Bunun müqabilində nə bir təltif alıb, nə də belə bir gözləntisi var. Onunla söhbət asan olmur. Cəbhə xatirələrini danışanda dağ cüssəli bu insanın əslində uşaq ürəyi kimi mehriban, kövrək qəlbi olduğunu görürsən. Danışdıqca o, qəhərlənir, mən ağlayıram. Hər yaralı əsgəri yarasından tanıyan adamdır o. Müsahibim Sumqayıt şəhər Təcili Yardım Xəstəxanasının əməkdaşı, travm?toloq-cərrah Aqil Yusubovdur.

İlhamə HƏKİMOĞLU

- Aqil həkim, döyüş bölgəsində, qospitaldakı ilk günü necə xatırlayırsınız?

- İşdə dedim ki, cəbhəyə gedirəm, dedilər, yetərli qədər tibbi personal var, sənə ehtiyac yoxdur. Amma rahatlıq tapa bilmirdim. Bir nəfərin yarasına barmağımı qoyub qanını kəssəm belə, bu, yardım idi. Eləməliydim. Dinləmədim, dedim gedəcəyəm. Göygöl xəstəxanasına göndərdilər məni. Xəstəxanaya çatanda oranın baş həkiminin tələbə yoldaşım olduğunu gördüm. Heç görüşməyə, üstümü dəyişməyə imkanım olmadı. Maşından düşüb, əməliyyata girdim. Günorta 12-də başlayan əməliyyat saatlarla davam elədi, çıxanda gecə saat 3 idi. İlk bir həftəni gecəmiz-gündüzümüz olmadı. Murovdan çox sayda yaralı gətirirdilər. Yalnız 2 həftə sonra ara sakitləşdi, yaralıların sayı azaldı. Dəfələrlə olub ki, istəmişəm yuyunmaq, üstümü dəyişmək üçün çıxım, təcili yardım maşınlarının gəldiyini görüb, geri qayıtmışam. Tək mən yox. Bütün həkimlər beləydi.

- Ən çox haradan hansı yaralarla gəlirdi əsgərlərimiz?

- Müharibə başa çatandan sonra əsasən minaya düşürdülər. Amma müharibə günlərində snayper yaraları, qəlpə yaraları və yanıq yaraları çox olurdu. Şəhidlərimizin çoxu yanaraq həlak olmuşdu. Bir də  snayperlər bilmirəm bunu bilərəkdən edirdi ya yox, zirehli jilet sinəni qorusa da, boynu, qolları qorumur. Boyunu və bazu sümüyünü hədəfə alırdılar. Güllə bazu kələfinə toxunanda məcbur olub, qolu amputasiya etməli olurduq.

- Yəqin gənc əsgərin əlini, qolunu amputasiya eləmək ağrılı bir hiss idi.

- O anda yalnız onun həyatını xilas eləməyi düşünürsən. İnsan olaraq yox, peşəkar olaraq baxmaq məcburiyyətindəsən. Kəsməsən, ölə bilər.

- Əsgərlərimizin ruh halı necəydi?

- Bu, inanılmaz idi. Belə şeyə yəqin dünyanın heç yerində rast gəlinməyib. Yaralı əsgəri yataqda saxlaya bilmirdik. Minaya düşüb, topuqdan yuxarı ayağı  parçalanıb, sallanır deyir “doktor, şinayla bərkit, botinkanın içində qopmayacaq. Geri qayıdım”. 052-dən bir əsgərimiz var idi, ayağının altını qəlpə dağıtmışdı. Sarğı vurdurub, geri qayıtmaq  üçün əməlli-başlı bizimlə dava elədi. Yoldaşları ayaqqabılarını gizlətdilər ki,  tapa bilməyib, qalsın. İnanın az qala xəstəxananı dağıdırdı. Tibbi komissiya yararsız desə də, axsamadan yeriyirdi ki, yararlı desinlər. Dedi, döyüşə bilməsəm də, postda duraram, o postda duran əsgər bir saat yatmaq imkanı qazanar. Getməmişdən öncə nömrəsini aldıq, o da bizim nömrəmizi aldı. 2 gün sonra zəng gəldi telefonuma, dedilər nömrəniz bir şəhid əsgərin cibindən çıxıb. O, döyüşdə həlak olub. Onun ölümü məni çox yandırdı. (Bu yerdə doktor susur, gözləri dolur). Bir sürücü gəlmişdi, gecəylə təhlükəli dağ aşırımlarından keçərək, öz yük maşınında 17 yaralı əsgəri sağ gətirib çıxarmışdı. Keçdiyi yollar həm qarla, buzla örtülüydü, həm də düşmən zirvədən bu yola nəzarət edə bilirdi. 1-2 saat dəhlizdə boş xərəklərdən birinin üstündə uzanıb yatdı. 3 gün idi yuxusuz idi. Yenidən yaralı daşımaq üçün geri qayıdanda  düşmənin açıq gördüyü bir çökəklikdə maşın xarab olmuş, minomyotla vurulmuşdu. Çox mərd oğlan idi rəhmətlik. Hərbiçi deyildi o, özü gəlib qoşulmuşdu, mülki vətəndaş idi. Mən o 44 gün ərzində bir dəfə bir əsgərin “ doktor, mən bir gün də artıq qalım” dediyini eşitmədim. Sarğı vuranda, bəzən keyidici vurmadan yaralarına toxunanda da səsləri çıxmırdı. Elə bir ağrımırdılar, dəmirdən idilər. Ağılları, fikirləri ancaq geri qayıtmaqda idi. Avtobuslara dolub cəbhəyə gedənlər xəstəxanada qalanlara acıq verirdilər ki, biz getdik, siz qaldınız. Hamısı cavan oğlanlar idilər. Amma hər birinin polad kimi iradəsi var idi. Bir də mülki əhalidən danışmaq istəyirəm. Siz inanın ki, adam vardı, bircə qoyunu varsa, onu da kəsib əsgərə pay gətirirdi. Dövlət hər şeyi verirdi. Amma o qədər yemək, ərzaq gəlirdi ki, qoymağa yer tapılmırdı. Restoran sahibləri hər gün soruşurdular  ki, neçə nəfər var. 10 deyirdiksə, 30 adamlıq yemək qablaşdırıb göndərirdilər. Qadınlar var idi, əsgərlərimizə xidmət edən. Sanki ana öz körpə balasına xidmət edir. Bəlkə evində ailə üzvlərinə elə qulluq göstərməzdilər ki, yaralılarla elə rəftar edirdilər. Birinin altını təmizləyir, birini çimizdirir, birinin ağzına yemək verir, birinin qanlı yarasını sarıyır...

Gələn yardımların həddi yox idi. Mən bir dəfə Bakıya gəlmişdim, dostlara dedim ki. xəstəxanada əsgərlərimizə filan şeylər lazımdır. Minik maşınını doldurub gətirdilər. Mən xəstəxanaya çatanda gördüm ki, həmin oğlanlar yük taksisi ilə istədiyim əşyalardan bir maşın da göndəriblər. İnsanlar hətta son tikələrini əsgərlə paylaşmaq istəyirdilər.

- Xəstəxanada qələbə xəbərini necə qarşıladınız?

- Gecəydi, əsgərlər hay-küy qopardılar ki, müharibə bitib. Kənd camaatı əlində bayraq, çalğıyla-musiqiylə töküldü xəstəxananın həyətinə. Hamı bir-birinə qarışdı, sevincdən ağlayırdılar. 5 dəqiqəyə kimi musiqi səsləndi, oynadılar. Amma sanki birdən-birə qolları, qanadları qırıldı, sükut çökdü. Şəhidləri, itkiləri xatırlayıb hamı sustaldı. 052-nin oğlanları isə, ümumiyyətlə, qarışmayıb, sakitcə kənardan baxırdılar.

- Doktor, müharibədən sonra psixoloji gərginlik yaşadınız?

- Həm də çox. Ən adi şeylərə görə ailədə narahatlıq yaradırdım. 2 il keçib, hələ də o gərginlik, o stress qalır. Müharibə bitəndən sonra 6 ay psixoloq yanına getdim. Bunu cəbhədən gələn bütün qardaşlarıma tövsiyə edirəm. Yaşananlar asan deyildi. Bir təsəllim var ki, heç bir xəstəm şəhid olmadı, hamısını xilas edə bildim. Allah xalqımıza bir daha müharibə acısı yaşatmasın. Hələlik nəzarətimiz altına ala bilmədiyimiz torpaqlar da bizim olacaq. O günə çox az qalıb.

Paylaş:
Baxılıb: 323 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Sosial

İqtisadiyyat

Prezident bu gün

Prezident bu gün

28 May 10:15

İqtisadiyyat

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31