Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Müsahibə / “Bu, sovetlər dövründən qalma bir sistemdir”

“Bu, sovetlər dövründən qalma bir sistemdir”

13.04.2022 [10:19]

Müsahibimiz sabiq təhsil naziri, AMEA-nın müxbir üzvü, AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun baş direktoru, professor Misir Mərdanovdur

- Misir müəllim, hazırda AMEA-nın prezidenti vəzifəsi boş olduğuna görə ictimaiyyət arasında kimin ora rəhbərlik edəcəyinə dair müxtəlif fikirlər söylənilir. Proqnozlar verilir. Lakin belə bir məsələ də var ki, prezidentliyə yalnız AMEA-nın həqiqi üzvü seçilə bilər. Bu yanaşma haradan qaynaqlanır?

- Bu məsələ akademiyanın nizamnaməsi ilə tənzim olunur, ona görə də hazırda həqiqi üzv olmayanların rəhbər seçilməsi məsələsi müzakirə edilmir. Lakin akademiyanın tarixində elə hallar olub ki, heç bir akademik adı olmayan, hətta elmlər namizədi belə prezident vəzifəsini aparıblar və sonradan akademik seçiliblər. Son 30-40 ildə isə Akademiyaya yalnız həqiqi üzvlər rəhbərlik ediblər.

- Həmin təcrübə yenidən tətbiq edilsə, siz akademiyaya rəhbərlik etmək istərdinizmi?

- Bu, AMEA-nın ümumi yığıncağında seçki yolu ilə həyata keçirilir. Mən isə indiki işimdən çox razıyam. Akademiyanın Riyaziyyat və Mexanika İnstitutunun rəhbəriyəm. Bu institut Akademiyanın ən qədim, nüfuzlu elmi-tədqiqat mərkəzlərindən biridir. Səmimi və işgüzar kollektivimiz var. Son illərdə yaxşı elmi nəticələr əldə etmişik, ona görə də mən bu kollektivdən ayrılıb başqa vəzifəyə getmək barədə düşünmürəm.

- Çox zamanlar vətəndaşlar arasında sual yaranır, həqiqi üzvlə müxbir üzv arasında fərq nədədir?

- Həqiqi üzvlər akademik elmi adını alırlar, müxbir üzvlər isə yox. Həqiqi üzv müxbir üzvdən bir pillə daha yuxarı elmi addır. İndiki nizamnaməyə görə, əvvəlcə müxbir üzv seçilir, sonra isə akademik. Akademiklərin seçilməsinə yalnız akademiklər, müxbir üzvlərin seçilməsinə isə akademiklər və müxbir üzvlər səs verirlər.

- Dünya təcrübəsində elmi adların verilməsi sadələşdirilib, bizdə isə gənclər qocalana qədər professor adını ala bilmirlər. Hətta professor sözü məhz yaşlı adam kəlməsiylə assosiasiya olunur, sanki gənclərin boyuna biçilməyib. Ümumiyyətlə, elmi ad almaq xarici dövlətlərdən fərqli olaraq bizdə çoxmərhələli bir sistemdir.

- Bu, sovetlər dövründən qalma bir sistemdir. Keçmiş Sovet respublikalarının bir çoxu bu sistemi dəyişiblər, bizdə isə qalır. Yüz ilə yaxındır bizdə bu sistem ikipilləlidir. İndi Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyası (AAK) bu məsələyə baxır, eyni zamanda, həmin məsələ Parlamentin Elm haqqında qanun layihəsində də müzakirə edilir. Yeri gəlmişkən onu da qeyd edim ki, hazırda AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda fəaliyyət göstərən Dissertasiya Şurasının sədri kimi bu məsələ məni də narahat edir. Bizim fikrimizcə, prosedurlar çox uzundur və bəzi hallarda elm adamları belə süründürməçiliyə dözməyib dissertasiya müdafiə etməkdən imtina edirlər. Elə hallarla da rastlaşırıq ki, iddiaçı öz işindən xəbərsiz olur. Bu kimi hallara hətta elmlər doktorluğu dissertasiyalarında da rast gəlmişik. Fikrimizcə, bu və ya digər sahədə elmlər doktoru olmaq istəyən şəxsi ölkəmizdə həmin sahənin alimləri tanımalı, qəbul etməli və onun elmi nəticələri ilə tanış olmalıdırlar. Onu da qeyd edim ki, hazırda bu məsələləri ədalətlə həll etmək və heç bir əyintiyə yol vermədən həll etmək o qədər də sadə məsələ deyil. Son aylar qeyd etdiyim problemlər AAK rəhbərliyi və üzvləri, müdafiə şuralarının sədrləri səviyyəsində müzakirə olunur və inanıram ki, yaxın gələcəkdə onlar öz müsbət həllini tapacaqdır.

- Son zamanlar qurumun zəif fəaliyyət göstərdiyi əsas gətirilərək, “AMEA ləğv edilsin” şəklində təkliflər səslənir, buna münasibətiniz necədir?

- Mənim fikrimcə, bir sistemi dağıtmaq asan, qurmaq, yaratmaq və inkişaf etdirmək isə çox çətin bir məsələdir. Artıq doqquz ildir ki, AMEA-da işləyirəm, əvvəllər də bu sistemin quruluşu və idarəetmə mexanizmi ilə tanış idim. Gəldiyim qənaət ondan ibarətdir ki, Azərbaycan Milli Elmlər Akademiyası güclü elmi potensiala malik olan bir məbəddir. Burada güclü elmi baza formalaşıb və alimlərimiz aldıqları yüksək səviyyəli elmi nəticələr ilə dünyanın müxtəlif ölkələrində Azərbaycanı layiqincə təmsil edirlər. Əsas məsələ isə bundan ibarətdir ki, həmin potensialı vaxtında müəyyənləşdirib, əməyini layiqincə qiymətləndirəsən. Təəssüf ki, son illərdə belə vacib məsələlər tamamilə unudulmuş, akademiyaya rəhbərlik edənlər bu taleyüklü məsələlərlə məşğul olmaq əvəzinə başqa işlərlə maraqlanmış, elmə heç bir fayda verməyənləri irəli çəkmiş, elmi və layiqli alimləri gözdən salmağa çalışmışlar.

Onu da yaxşı xatırlayıram ki, Xalq Cəbhəsinin hakimiyyəti dövründə Akademiyanın fəaliyyətini dayandırmaq haqqında fikirlər səslənirdi. Mən hesab edirəm ki, bu yanaşma düzgün deyildi. Ulu öndər Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra AMEA-nın vəziyyəti ilə dərindən maraqlandı, rəhbərlik ilə geniş görüş keçirdi və nəticədə bəyan etdi ki, Akademiya Azərbaycanın milli sərvətidir və biz onu qoruyub saxlamalıyıq.

Sualınıza konkret cavabım ondan ibarətdir ki, Ulu Öndərin vəsiyyətinə əməl edərək biz bu elm məbədini qoruyub saxlamalı və onu müasir dövrün tələblərinə uyğun inkişaf etdirməliyik, buna çatacaq gücümüz də var, potensialımız da! Biz həmin potensialdan daha səmərəli və düzgün istifadə etməliyik.

- Sizcə alimlərə lazımi qiymət verilməyib?

- Təəssüf ki, müəyyən məqamlar üçün belə də demək olar, verilməyib. Bəzən layiq olmayan adamlar akademik seçiliblər, müxbir üzv seçiliblər, elmə xeyirləri dəyməyib, ancaq elmin nüfuzuna böyük ziyan vurublar. Akademiyaya rəhbərlik edən şəxs, tabeliyində çalışan alimləri yaxşı tanımalıdır. Tanımaq üçün də insanlarla ünsiyyətdə olmalıdır, akademiyanın institutlarına getməlidir. Mən təhsil naziri olanda, respublikamızın bütün məktəblərində, ən ucqar kəndlərin təhsil müəssisələrində dəfələrlə olub, vəziyyəti gözümlə görməyə, insanları yaxından tanımağa çalışırdım. Doqquz ildir ki, burada işləyirəm, hələ AMEA-nın heç bir prezidenti bizim instituta gəlməyib. İndiyə qədərkiləri deyə bilmərəm, ancaq son 9 ildə Akademiyaya rəhbərlik etmiş şəxslərdən soruşsaydınız ki, tutaq ki, Riyaziyyat və Mexanika institutunda 10 yaxşı alimin adını çəkin, deyə bilməyəcəkdi. Niyə? Çünki, tanımır, tanımırsa hansı dəyəri verə bilər? Bir dəfə sabiq prezident Akif Əlizadəyə dedim ki, istərdim instituta gəlib, elmi hesabatı dinləyəsiniz. İldə bir dəfə (cəmi bir dəfə!) institut direktorları bölmə iclasında hesabat verir. Mənə cavab verdi ki, ay Misir müəllim, mənim başqa işim yoxdur məgər? Onun bundan vacib başqa nə işi ola bilərdi ki? Nə o gəldi, nə ondan sonra rəhbərliyə gəlmiş Ramiz Mehdiyev. Məsələ orasındadır ki, Akif müəllimə heç olmasa, əlimiz çatırdı, o instituta gəlməsə də, bizi qəbul edirdi, sözümüzü, dərdimizi deyə bilirdik. Ramiz Mehdiyevin isə heç qəbuluna düşə bilmirdik, nə vaxt müraciət edirdik, deyirdilər, işi var, yaxın bir həftədə görüşə bilməyəcək, gələn həftə zəng edin. Amma başqa işlərə vaxt tapırdı. Nə isə...

Mənim fikrimcə, elmi-tədqiqat institutları Azərbaycan elmini dünyada layiqincə təmsil edən yüksək səviyyəli kadrlar yetişdirməlidir, elmi nəticələr olmalıdır və bu nəticələr nüfuzlu dünya nəşrlərində dərc edilməlidir. Bizim institutda ingilis dilində dörd jurnal buraxılır, bunlardan üçü yüksək reytinqli (Web of Science və Scopus bazalarına) aparıcı beynəlxalq elmi bazalara daxildir. Qalan heç bir institutda bu səviyyədə elmi nəticələr alınmayıb.  Scopus bazasına düşmüş üç jurnalımız impact faktoru qazanmışdır. İki ay öncə əməkdaşlarımızdan biri, riyaziyyat üzrə elmlər doktoru Vüqar İsmayılovun ABŞ-ın Riyaziyyat Cəmiyyətinin nəşriyyatında monoqrafiyası çap olunmuşdur. Bu nəşriyyat 1943-cü ildən fəaliyyət göstərir. Təxminən 80 il ərzində yalnız beynəlxalq səviyyədə təsdiqini tapmış xüsusi əsərlər çap edən bu nüfuzlu nəşriyyatda 250-dən çox kitab çap olunsa da, indiyədək müsəlman aləmində və türk dünyasında yaşayan heç bir alimin monoqrafiyası burada nəşr edilməmişdi. Bu böyük elmi nəticəni yüksək qiymətləndirərək institutun kollektivi qarşısında onu təbrik etdim, təşəkkürümü bildirdim, mətbuatı məlumatlandırdım, AMEA rəhbərliyinə təqdimat göndərdim, daxili imkanlar hesabına biraylıq əməkhaqqı həcmində mükafatlandırdım. Gözləyirdim ki, rəhbərlik onu qəbul edib, maddi və mənəvi dəstək göstərəcəkdir. Təəssüf ki, həmin vaxtdan iki aydan çox keçmiş olsa da, bu böyük elmi hadisəyə heç bir reaksiya vermədilər.  Alimə stimul verilmirsə, onun gördüyü iş dəyərləndirilmirsə, işləməyə nə marağı olacaq?  Gənc alim gəlib ayda 600 manata işləmək istəmir. O kişidirsə, ailə saxlamalıdır, gedib bir özəl qurumda kompüter proqramçısı işləyəndə, yaxud kommersiya ilə məşğul olanda bundan qat-qat artıq pul qazana bilir. Ancaq onun istedadı elmimizə yönəlsə, gələcəyimiz daha çox fayda görə bilər. Biz isə, təəssüf ki, istedadları saxlaya, onların potensialını elmin inkişafına yönəldə bilmirik. Bu səbəbdən də AMEA-ya üz tutan gənclərin 90 faizi xanımlardır. Qadınlara yüngül iş, rahat əmək şəraiti baxımından əl verir. Əlbəttə, çox istedadlı qızlarımız da var, amma onlar da ailə qurur, ana olur və s. elmdən uzaq düşürlər. Bu da bir reallıqdır.

Bu gün cəmiyyətdə akademiya haqqında çox sərt fikirlər səsləndirilir və bu məni çox ağrıdır. Baxın, Azərbaycanda idman sahəsi niyə inkişaf edir? Çünki ona rəhbərliyi birbaşa cənab Prezident İlham Əliyev edir, beynəlxalq yarışlara özü yola salır, gələndə onları qəbul edir. Hər idman sahəsi bir nüfuzlu şəxsə həvalə edilib. Televiziyada, digər kütləvi informasiya vasitələrində idmana xüsusi yer ayrılır. Hətta Azərbaycanda iki xüsusi idman kanalı var. Elm kanalı da varmı? Yaxud elm nə qədər təbliğ edilir? Həftədə neçə dəqiqə elm haqqında söhbət olur? Əgər nəticə istəyiriksə, elmə də qayğı göstərilməlidir. Xalqımız çox istedadlıdır, elm sahəsində idmandan da böyük uğurlar qazana bilərik!

- Misir müəllim, 15 il təhsil naziri olmusuz. Bu müddət ərzində siz elmə, təhsilə  yetərli səviyyədə qayğı göstərə bildiniz?

- Mən hər dəfə dünya səviyyəsində olimpiadalarda medallar qazanmış şagirdləri qəbul edir, mükafatlandırırdım. Çox çalışdım ki, Dünya Olimpiadasının qalibi olmuş şagirdlər ali məktəblərə imtahansız qəbul olunsun. Amma buna da imkan vermədilər. Bilirsiniz, nazir olmaq hələ istədiyin bütün arzuların reallaşması demək deyil. Mənim istedadına güvənib ali məktəbə qəbul etdirə bilmədiyim onlarla istedadlı gənc ölkədən çıxıb getdi, Almaniyada, ABŞ-da, Cənubi Koreyada, Sinqapurda və başqa yerlərdə universitetlərə qəbul olub orada qaldı. Beləliklə, biz istedadlı adamlarımızı itiririk.  Problemlərimiz çoxdur, həllinə doğru getmək lazımdır... İş görən adamı, uğurlu gənci, istedadı dəstəkləmək lazımdır, özü də hərtərəfli! Azərbaycandan kənarda yüzlərlə alimimiz var. Çoxu dolanışıq dalınca gedib. Çoxuna xarici elm ocaqları məmnuniyyətlə qucaq açıb. Sual olunur, AMEA rəhbərliyinin həmin alimlərlə hər hansı əlaqəsi varmı?

- Necə olur ki, onlar xaricdə yüksək qarşılanır, bizdə yox?

- Deməli, bu barədə düşünmək lazımdır. Sadəcə dəstək, dəstək, dəstək! Bu problemin də kökü akademiyada, ali məktəblərimizdədir. AMEA-nın 40 institutu var, bu 40 institutun dünya səviyyəsinə çıxarılacaq 5 jurnalı yoxdur, daxil olana da qiymət vermirlər. Mən bir dəfə AMEA-nın Rəyasət Heyətinin iclasında bu yanaşmanı tənqid elədim, bu da çoxlarının xoşuna gəlmədi. Təklif verdim ki, beynəlxalq elmi bazaya düşən jurnalın kollektivinə mükafat verilsin, qısqanclıqla yanaşdılar, düşündüm ki, belə olsa, digər institutlar da yüksək reytinqli jurnallar buraxmağa həvəslənərlər, ancaq onlar fikirləşdilər ki, Misir müəllim öz jurnallarını reklam edir, vermədilər.

- Niyə verilmir? Maliyyə ayrılmır, yoxsa ayrılan maliyyəni bəzi səlahiyyət sahibləri “özəlləşdirirlər”?

- Bu gün müharibədən çıxmış dövlətdən alimlərin maaşını bir neçə dəfə artırmağı tələb eləmək düz olmaz. Bu 30 ildə biz qaçqın və köçkünlərin rifahına vəsait ayırmışıq, işləməyən insanlara maaş verilib, müharibəyə nə qədər xərclər çəkilib. Bunu anlamaq olar. Sadəcə, dövlət büdcəsindən elmin inkişafına ayrılmış vəsaitdən səmərəli istifadə edilməlidir. Məsələn, akademik Akif Əlizadənin rəhbərliyi dövründə müəyyən vəsait ayrılırdı, müsabiqə keçirilirdi, öz aralarında hər instituta bir layihə verirdilər, 15-20 adamın əmək haqqına əlavələr olunurdu. Akif müəllim gedən kimi bu layihələr də dayandırıldı. Elmin İnkişafı Fondu var. Bu fondun fəaliyyəti dövründə Azərbaycan elmi hansı uğurlara imza atıb? Hansı böyük elmi kəşflər edilib? Doqquz il öncə instituta rəhbər seçiləndə dedim, gəlin, biz də fondun müsabiqələrində iştirak edək, əməkdaşlar güldülər ki, nə müsabiqə? Müəyyən vəsait var, hamı öncədən bilir ki, o kimlərə çatacaq. Bu vəziyyətdə elm inkişaf edə bilərmi? SOCAR-ın elmin inkişafına ayırdığı böyük vəsait var. Açığını deyək ki, bu vəsaiti də öz adamları arasında bölürlər. Dördüncüsü, Azərbaycan-Rusiya arasında elmin əlaqələndirmə proqramı var, oranın da  böyük məbləğdə həvəsləndirmə fondu olsa da, o da obyektiv işləmir. Əsl elm adamlarını küsdürürlər, elmi iş aparmayanlara qrantlar verirlər.

- Bacarıqlı adamlardan qorxurlar, yoxsa bu qohumbazlıq, tərəfkeşlikdir?

- Buna qorxmaq demək olmaz! Əgər hər şeydən ehtiyat edilsəydi, cəmiyyət inkişaf etməzdi. Məsələn, yaxın keçmişimizi götürək. Heydər Əliyev olmasaydı, Azərbaycanı dağılmaq təhlükəsi gözləyirdi. O, qoruyub saxladı, İlham Əliyev də onu gücləndirdi. 1990-cı illərdə çox böyük rəhbər vəzifədə olanlar Azərbaycanın məhv olmasında maraqlı olublar,  ona cəhd ediblər. Bu  qədər müqavimətlər içində biz irəli getməyi bacarmışıq.

Amma tək bir rəhbərin çalışması ilə iş bitməməlidir, hamı bu işə əmək sərf etməlidir. Mühit necədirsə, elm də elədir. Mühitə uyğun elm olur. Vaxtilə Heydər Əliyev mənə dəfələrlə tapşırırdı ki, təhsilin inkişafında sıçrayışa ehtiyac yoxdur, təhsildə də, elmdə də inkişafı inqilabi yolla deyil, təkamül yolu ilə, addım-addım həyata keçirmək lazımdır. O, həmişə bizə tapşırırdı ki, hansısa bir ölkənin təhsil və elm sistemini olduğu kimi Azərbaycanda tətbiq etmək olmaz, bizim öz təcrübəmiz və ənənələrimiz var.

- Mühit elmi arxasınca aparmalıdır, ya elm mühiti? Qurumun  vəzifəsi mühiti dəyişmək deyilmi? Mühit öz-özünə dəyişəsi deyil axı?

- Bəli, mühiti dəyişmək lazımdır. Mühiti rəhbərdən tutmuş, adi vətəndaşa qədər hər kəs dəyişməlidir. Yadınızdadırmı, Ulu Öndərin bir sözü var idi, “mövqeyini bildir!” deyirdi. İndi hamı mövqeyini bildirirmi? Bizim ən böyük bəlamız  budur ki, necə deyərlər, yan keçirik, yola veririk. Şair demişkən, “məndən ötsün” düşünürük. Vətəndaş mövqeyini bildirmədən bütövlükdə cəmiyyət inkişaf edə bilməz.

- Bir çox ölkələrdə akademik adı yoxdur. Bu sistemdən imtina etməyin vaxtı deyilmi?

- Elm haqqında hazırlanan qanun layihəsində bu məsələ geniş müzakirə edilməlidir. Bir halda ki, dünyaya inteqrasiya edirik, Avropa Şurasının üzvüyük, beynəlxalq aləmdən kənarda qalmamalıyıq. Hətta qardaş Türkiyədən belə, bu sahədə çox fərqlənirik. Lakin elə dəyişiklik etməliyik ki, elmi ictimaiyyət ziyan çəkməsin. Bayaq dediyim kimi, təkamül yolu ilə getməliyik.

- Misir müəllim, işdən çıxarılmış bir çox yüksəkvəzifəli məmurlar və ya oliqarxlar hər şeyləri olsa da, nədənsə elmi ad almağa, kitablar yazmağa çox meyillidirlər. AMEA işdən çıxarılmış məmurların son dayanacağıdır sanki. Akademik ada can atırlar, elmi işi də çox zaman özləri yazmırlar. Bu, nə üçün belədir sizcə?

- Dediklərinizdə müəyyən həqiqətlər var. Bəzən belə hallar olur. Əlbəttə, səhv addımdır.  Həqiqətən elmə xidmət edəcəklərsə, buyursunlar, yoxsa nə mənası var? Ancaq cəmiyyətdir də, hər cür hadisə ola bilər.

- Yazdıqları kitabları oxuyan varmı ki, işığı heç yerə düşməyən elm və alim nəyə lazmdır? Elə belələri deyilmi bayaq dediyiniz kimi hər yerə seçilənlər, ayrılan vəsaitləri mənimsəyənlər?

- Bu, bizim elmimizin inkişafına mane olan əsas cəhətlərdən biridir. Təəssüf ki, belə hallar var.

- Bəs akademiyadakı mühiti sağlamlaşdırmaq  üçün hansı addımlar atılmalıdır?

- Məncə akademiyanın fəaliyyətini yaxşılaşdırmaq üçün  AMEA prezidenti akademik mühitə yaxşı bələd olmalıdır. Rəhbər bütün ixtisaslar üzrə ən yaxşı alimləri şəxsən tanımalı, onların haqqında məlumatlar stolunun üstündə olmalıdır. Elə adamların sayı hələlik azdır və onlar daim diqqət mərkəzində olmalıdırlar. O adamlara öz fikirlərini demək üçün imkan yaradılmalıdır. Alim dinlənilməli, fikirləri nəzərə alınmalıdır. Akademiya rəhbəri alim olmaqla yanaşı, idarəetmə, insanlarla ünsiyyət qurmaq, anlamaq qabiliyyətinə malik olmalıdır.

Söhbətləşdi:

İlhamə HƏKİMOĞLU

Paylaş:
Baxılıb: 1088 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Ədəbiyyat

Maraqlı

Mədəniyyət

Sosial

İqtisadiyyat

MEDİA

Siyasət

ABŞ izi azdırır

19 Aprel 10:23

Xəbər lenti

Siyasət

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30