Heydər Əliyev yeni azerbaycan logo

Ana səhifə / Müsahibə / Dövlət siyasətinin episentrində xalqın sosial problemləri dayanır

Dövlət siyasətinin episentrində xalqın sosial problemləri dayanır

23.04.2022 [11:46]

Dotasiya heç vaxt inkişafa yol aça bilməz

“Məclisdən kənar” söhbətlər...

Günel Abbasla

Rubrikamızın budəfəki qonağı 121 saylı Laçın seçki dairəsinin deputatı Mahir Abbaszadədir. O, 2001-ci ildən bank sahəsində müxtəlif vəzifələrdə çalışıb. 2018-ci ildən Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun direktorudur. 2015-ci ildə Yeni Azərbaycan partiyasından təmsil olunan deputat kimi Milli Məclisə üzv seçilib. Hazırda parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin, eləcə də Gənclər və idman komitəsinin üzvüdür.

- Prezident İlham Əliyev öz çıxışlarında xaricdə yaşayan azərbaycanlıları Azərbaycana vəsait yönəltməyə çağırır. Hazırda Şuşada Dünya Azərbaycanlılarının birinci qurultayı keçirilir, qurultay iştirakçılarında Azərbaycana, o cümlədən işğaldan azad olunmuş ərazilərə sərmayə qoymaq istəyi yaranacaqmı?

- İşğal altında olan torpaqlarımızı geri qaytardıqdan sonra Şuşa şəhərində Dünya Azərbaycanlılarının V qurultayının keçirilməsi Azərbaycanın ictimai-siyasi həyatında çox mühüm hadisədir. Qurultay çərçivəsində dünyada yaşayan azərbaycanlının 400-nün Şuşaya səfəri, məhz Cənab Prezidentin özünün burada çıxış etməsi tədbirin nə dərəcədə əhəmiyyətli olduğundan xəbər verir. Burada iştirak edən həmvətənlərimiz yaşadıqları ölkənin iqtisadi və siyasi həyatında yaxından iştirak edirlər. Eləcə də Azərbaycanın işğaldan azad olunan ərazilərinin bərpa prosesində iştirak etməlidirlər. Burada əsas məsələ onların hadisələri və məkanları öz gözləri ilə görmələridir. Hesab edirəm ki, qurultayda iştirak edən iş adamları Cənab Prezidentin özəl sektora çağırışına qoşularaq işğaldan azad olunan ərazilərin, xüsusilə də Şuşanın bərpa-quruculuq proseslərində yaxından iştirak edəcəklər.

- Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun direktoru kimi, bu günə qədər məcburi köçkünlərin sosial inkişafı üçün hansı təklifləriniz və nəticələriniz olub?

- Fondun direktoru təyin olunduqdan sonra Cənab Prezident və Mehriban xanım Əliyeva tərəfindən qarşımıza qoyulan bir çox tələblər var idi. Hər zaman məcburi köçkünlərin sosial inkişafını və həmin tələbləri rəhbər tutaraq fəaliyyətimizi davam etdirmişik. 2018-ci ildə Fond tərəfindən salınmış qəsəbələrdə məcburi köçkünlərdən ibarət özəl sektorun inkişafına böyük imkan yaratmışıq. Onlar bu ərazilərdə böyük sahibkarlıq fəaliyyəti ilə məşğul ola bildi, bu da həmin qəsəbədə işsizlik məsələsinin həll olunması ilə nəticələndi.

- Ölkəmizdə işsizliyə qarşı mübarizə məqsədilə müxtəlif tədbirlər həyata keçirilməkdədir. Son günlər sizə işsizliklə bağlı ünvanlanan müraciətlərin sayı nə qədərdir?

- İşsizlik problemləri dünya ölkələrində müxtəlif səviyyədə ölçülür. Bizdə pandemiya ilə bağlı olan tədbirlər nəticəsində işsizliyin təkcə özündə yox, statistikasında böyük problemlərin olduğuna şahidlik etdik. Məlum olurdu ki, bir neçə təşkilatda insanlar işsiz kimi qeydiyyata alınıb. Halbuki, onlar əmək müqaviləsi olmadan özəl sektorlarda çalışan adamlardır.

Bizim rayondan da bu problemlər kənar deyil. Nəzərə alsaq ki, Laçın keçmiş məcburi köçkün rayonudur və şəhər mərkəzimiz müvəqqəti olaraq Ağcabədi rayonunda yerləşir, insanlarımız da ölkənin 58-dən artıq rayonuna dağılıb. Bu nöqteyi-nəzərdən seçicilərimizin işsizlik və digər problemləri mövcuddur. Məcburi köçkün rayonlarının özünəməxsus  problemləri də var, hansı ki, həmin problemlər digər rayonlarda yoxdur. Onlardan biri məcburi köçkünlərin “çörəkpulu” adlanan müavinətlərinin alınması ilə bağlı müəyyən məsələlərdən ibarətdir. Ancaq istər dövlət, istər özəl sektor bu problemlərin aradan qaldırılması ilə məşğuldur.

- İşsizlik sayının artmasının səbəbi nədir?

- İşsizlik sayının artmasının, yaxud azalmasının iqtisadi ədəbiyyatda bir neçə səbəbləri var. Artan səbəblər iş yerlərinin bağlanması, əldə edilmiş kontraktların müddətinin başa çatması, ixtisaslı işçilərin bazara təkliflərinin artması, ali təhsilli insanların işlə bağlı müraciətlərinin çoxalması ilə əlaqədardır. İşsizlərin hansı hissəsinin ali təhsilli və ya peşə məktəbi bitirən ixtisas sahibləri olduğunu aydınlaşdırmaq üçün bu sahənin strukturunu araşdırmalıyıq. Ölkə rəhbərliyi tərəfindən Azərbaycanda son vaxtlar şaxələndirilmiş iqtisadiyyat inkişaf edir. Şaxələndirilmiş iqtisadiyyatın mənası ondan ibarətdir ki, burada bütün sahələr bizim üçün prioritet sayılır. Belə olduğu təqdirdə dövlətin qarşısında duran əsas məsələlərdən biri də əhalinin işsizlik səviyyəsinin aşağı salınmasıdır.

- Azərbaycanın sosial siyasəti onun iqtisadi gücünə adekvatdır. Bu gün iqtisadi inkişaf ölkəmizin sosial sferasına necə təzahür edir? 

- Ölkədə sosial problemləri həll etməyin birinci yolu iqtisadi yüksəlişi əldə etməkdir. Əgər iqtisadi gücümüz və imkanlarımız olmasa, dövlət sosial problemləri həll etmək gücündə deyil. Ermənistanda iqtisadi vəziyyət o qədər ağırdır ki, orada sosial böhran hökm sürür. Lakin Azərbaycan müharibədən çıxdığı iki il müddətində bütün sosial problemləri qarşılaya bilir. Şəhid ailələrini ev və maşınlarla təmin edir. Biz iqtisadi imkanlarımızı artırmaqla ölkədə sosial paketin həyata keçirilməsini təmin etmişik. 2018-ci ildən bu yana Azərbaycan üç dəfə böyük sosial paket həyata keçirib. Bununla işsizlikdən sığortalanma, müavinətlərlə bağlı ciddi artımlara nail olmuşuq.

- Pensiyaların artırılması ilə bağlı yeni qanun layihəsinin əhatəliliyini necə dəyərləndirirsiniz?

- Milli Məclisdə pensiya siyasəti ilə bağlı qanun müzakirədədir. Hesab edirəm ki, bu, müstəqillik dövründən sonra pensiya sahəsində ilk dəfə çox yüksək səviyyədə hazırlanmış qanundur. Qanunun əsas məqsədi pensiya verilməsində qayda-qanunun formalaşması və baza hissəsinin artmasıdır. Azərbaycanda innovativ idarəetmə inkişaf etdikcə pensiya islahatları buna uyğun davam etdirilməlidir ki, vətəndaş məmnunluğu təmin oluna bilsin.

- Vətəndaş məmnunluğu nə dərəcədə təmin oluna bilir?

- Müxtəlif sahələrdə xırda problemlər var və bunu etiraf edirik. Bu problemlər bəzən məmurların davranışından, məhkəmə qərarlarından, pensiya və müavinətlərin düzgün hesablanmamasından, bəzi vətəndaşların öz hüquqlarını tam şəkildə bilməməsindən baş verə bilər. Amma bütünlükdə vətəndaş məmnunluğu təmin edilib və seçki proseslərində ölkə rəhbərinin xalq tərəfindən dəstəklənməsi bunu bir daha göstərir.

- Pensiya haqqında yeni qanuna bir çox dəyişikliklər edilir. Dəyişikliklərə əsasən pensiya artımı nəzərdə tutulurmu?

- Vətəndaşları prosesin onlara nə dərəcədə xeyirli olması maraqlandırır. Ölkə başçısı da öz çıxışlarında Azərbaycanın sosial dövlət olduğunu vurğulayır. Azərbaycanda dövlət siyasətinin episentrində xalqın sosial problemləri dayanır. Bu problemlərin həllinin qayda-qanunu olmalıdır. Müavinətlərdən yalnız haqqı olanlar yararlanmalıdırlar. Əks halda hüquqlar pozulur, haqsızlıq yaranır. Ona görə də dövlət tənzimləmələr həyata keçirməyə məcburdur. Pensiya və müavinətlər qanunauyğun şəkildə ödənildikdə dövlətin pensiya siyasətində maliyyə imkanları artır. Bu da hüququ çatan şəxs­lərin müavinətlərinin artırılmasına şərait yaradır.

- Digər tərəfdən də narazılıqlara səbəb olur...

- Bu narazılıqlar zaman-zaman olacaq. Dövlət orqanları, xüsusilə də aidiyyəti nazirliklər insanlar arasında maarifləndirmə işi aparmalıdır və açıq şəkildə prosesi izah etməlidir.

- Məsələnin aid olduğu qurumlardan biri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyidir. Bu qurum vətəndaşların maarifləndirməsini yetəri qədər apara bilirmi?

- İstənilən nazirlik dövlətin siyasətini həyata keçirir. Təbliğat işi təkcə nazirliyin deyil, həm də KİV-in, QHT-lərin və ixtisaslaşmış mütəxəssislərin işidir. Ümumiyyətlə, vətəndaş kimi hər birimiz bu prosesin sürətlə həyata keçirilməsində maraqlı olmalıyıq.

- İnvestisiya haqqında qəbul edilən qanun layihəsinin regionlarda azad sahibkarlığın inkişafına hansı təsirləri olacaq?

- 1992-ci ildə Azərbaycanda ilk dəfə xarici investisiyaların qorunması haqqında qanun qəbul olunub. Ondan sonra ardıcıl olaraq 1995-ci ildə investisiya fond­ları haqqında, 1999-cu ildə isə investisiyanın idarə olunması haqda qanun layihələri qəbul edilib. Həmin zamandan bu günə qədər biz çox böyük irəliləyişlər əldə etmişik. Hazırda ölkəmizə investisiyaların daxil edilməsi və idarə olunması ilə bağlı mühit tamamilə yaxşılaşdırılmalıdır. Bunun da qanunvericilik bazasının formalaşdırılması üçün Prezident Milli Məclisə müraciət edib. Nəzərinizə çatdırım ki, bu qanun əvvəlkilərdən tamamilə fərqlənir. Qanun layihəsi investisiyanın ölkədən çıxarılması və milliləşdirmə siyasəti həyata keçirilərsə, investisiya əmlaklarının qorunması ilə bağlı konkret maddələri özündə ehtiva edir. Hesab edirəm ki, bu, müstəqillik dövründə investisiya ilə bağlı ən yaddaqalan qanun olacaq.

Regionlarda investisiya təminatına gəldikdə, bu, təkcə bizdə belə olmur. İnkişaf etmiş ölkələrdə də böyük şəhərlərə cəlb edilən investisiya kiçik şəhərlərdəki ilə eyni deyil. Onu da qəbul edək ki, rayonlarda insanların əldə etdiyi mənfəət Bakıdakı qədər deyil. Bu da investorlara təsir edir. Ona görə də dünyada kapitalın mərkəzə axını daha çoxdur. Ancaq investisiya kateqoriyasına baxsaq, rayonlar heç də Bakıdan geridə deyil. Məsələn, qış-yay turizminin inkişaf etdiyi rayonlar ölkədə turizmin inkişafında xeyli rol oynayır və Bakıdan geridə qalmır.

- 2004-cü ildən bəri regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramları reallaşdırılır. Bu proqramlar çərçivəsində görülən hansı işləri xüsusi olaraq vurğulamaq istərdiniz?

- Bu gün həmin proqramların nəticəsi kimi Beynəlxalq təşkilatların da hesabatlarında Azərbaycan yüksək pillələrdədir. Əgər biz nəzərə alsaq ki, bu illər ərzində rayonlarda magistral, əsas  və şəhərlərarası yollarla bir yerdə 11 min kilometrdən artıq yolun çəkilişini, 93% qazlaşdırmanı, 100% elektrik enerjisi ilə təminatı həyata keçirmişik. Mehriban Əliyevanın rəhbərliyi ilə “Yeniləşən Azərbaycana yeni məktəblər” layihəsi çərçivəsində demək olar ki, bütün rayonlarda məktəblər təmir olunub, yeni məktəblər, mədəniyyət evləri tikilib, şəhərlərimizin siması dəyişdir?lərək müasir formaya salınıb. Bunların hər biri ölkə rəhbərliyinin regionlarla bağlı apardığı müsbət siyasətin və xüsusi dövlət proqramlarının nəticələridir.

- Regionların birləşdirilməsi gündəmdədir. Necə düşünürsünüz, iqtisadi vəziyyətlərini nəzərə alsaq, rayonların birləşdirilməsi nə dərəcədə zəruridir?

- Vaxtilə Azərbaycanda özünü maliyyələşdirən rayonların sayı 4 idi, hazırda bu rəqəm 34-ə çatıb. Konkret hansı rayonların birləşdirilməli olduğunu deyə bilmərəm. Ancaq gələcəkdə dotasiyanı azaltmaq məqsədilə həmin rayonların birləşdirilməsi məsələləri həllini tapacaq. Çünki dotasiya heç vaxt inkişafa yol aça bilməz.

- Avropa ölkələrində regionlar sür­ətlə inkişaf edir. Azərbaycan regionları Avropa ilə bir səviyyəyə gələcəkmi, bu hansı mərhələdən sonra real olacaq?

- Əvvəla Avropanın 30 il müddətində Qarabağ adlı problemi olmayıb. Qarabağda əldə edilən Zəfər bir tərəfdən Azərbaycanın iqtisadi gücü hesabına başa gəlib. Bəlkə bu səbəbdən biz regionların sosial-iqtisadi inkişafına istədiyimiz qədər diqqət ayıra bilməmişik. Çünki həmin illər ərzində qarşımızda daha böyük məsələlər dayanırdı. İndi bu istiqamətdə kifayət qədər addımlar atılmaqdadır. Azərbaycanın regionlarına nəzər saldıqda görürük ki, Avropa regionlarından geri qalmır. Ümumilikdə Avropanın bütün şəhərləri heç də təsəvvür etdiyimiz qədər gözəl deyil. Avropada diqqətdən kənarda qalan bölgələr çoxdur. Ancaq Azərbaycanın hər bir rayonu abadlaşdırılaraq şəhərlərə çevrilməkdədir. Sadəcə bununla kifayətlənməməli, hansısa bir mərhələyə kimi bu işləri həyata keçirməliyik. Ancaq sonunda dotasiyadan azad edə bilmədikdə həmin rayonları daha böyük regionlara birləşdirməliyik.

- Digər ölkələrdə olduğu kimi bizdə də istehlak bazarına xarici təzyiqlər artıb. Belə bir şəraitdə ümumdaxili istehlak bazarımızın qorunması üçün hansı tədbirlər görülür?

- Azərbaycanın xarici ticarət partnyorları içərisində üç əsas dövlət var. Onlar Türkiyə, Rusiya və Ukraynadır. Hazırda Ukraynada müharibə səbəbilə iqtisadiyyat tamamilə çöküb. Ərazisində müharibə getməsə də, Rusiyaya kifayət qədər sanksiyalar tətbiq olunur. Rusiya banklarının SWİFT-dən çıxarılması, logistika problemləri dünya bazarına mənfi təsir göstərməkdədir. Ona görə də bu hadisələr bizdən də yan keçmir. Son on ildə ölkəmizdə inflyasiya ikirəqəmli olmayıb. Hadisələr göstərir ki, problem təkcə Azərbaycanla bağlı deyil. Bu rəqəm arta da bilər. Çünki bizim ticarət partnyorlarımızda vəziyyət o qədər də xoşagələn deyil. Ancaq dövlətin bununla bağlı alternativ tədbirləri var. Baş Nazirin sərəncamına əsasən, bəzi məhsulların vacib olmadığı təqdirdə ölkədən çıxışına qadağa qoyulub, eyni zamanda, ölkəmizin güclü ərzaq ehtiyatı var.

- Xarici təhdidlər fonunda ölkələr özlərinin ərzaq təhlükəsizliyi qayğısına qalır, o cümlədən də, Azərbaycan. Ərzaq təhlükəsizliyində taxılın mühim pozisiya olduğunu nəzərə alsaq, Qazaxıstanın taxıl ixracatına məhdudiyyətlər qoyması hansı perspektivlər vəd edir? Bu, Azərbaycan üçün əlavə çətinliklərlə bərabər ərzaq qıtlığına səbəb olmayacaq ki?

- Qazaxıstan dünyada taxıl məhsulunu ixrac edən böyük dövlətlərdən biri, eləcə də Azərbaycanın əsas əməkdaşlıq etdiyi ölkədir. Hazırda Qazaxıstan tədbir almaq üçün kvotalar tətbiq edir. Bu, Azərbaycan iqtisadiyyatına müəyyən təsirlər edəcək. Cənab Prezident tərəfindən hökumət taxıl ethiyatını artırmaqla bağlı tapşırıq alıb. Bu istiqamətdə qabaqlayıcı tədbirlər ilə vətəndaşların taxıl tələbatını ödəməyə nail olacağıq.

- Azərbaycan taxıla olan tələbatını nə dərəcədə ödəyə bilir?

- Hazırda ölkəmiz taxıla olan tələbatın 65%-ni, una olan tələbatın 25%-ni qaşılaya bilir. Deməli, idxala çox ehtiyacımız olur. Qarabağ və Şərqi Zəngəzur torpaqları olduqca məhsuldardır. Emənistanın isə ümumi taxıla olan tələbatının 60%-ni Qarabağ ödəyirdi. İdxalı azaltmaq və taxıl tələbatını ödəmək üçün işğaldan azad olunmuş bölgələrdə, eləcə də digər ərazilərdə uzun müddət istifadə olunmayan torpaqlarda işlər görə bilərik.

- İşğaldan azad olunmuş ərazilərə Böyük Qayıdışı hansı perspektivdə təsəvvür edirsiniz?

- Hazırkı mərhələdə Böyük Qayıdışın astanasındayıq. Bu ərəfələrdə Ağalı kəndində son tamamlanma işləri gedir və 30 ildən sonra Zəngilan rayonunun sakinləri öz ata-aba yurdlarına qayıdacaqlar. Təbii ki, bu, ölkəmizin iqtisadi imkanlarından xəbər verir. Hesab edirəm ki, bu il Zəngilandan sonra digər qəsəbə və rayonların tikintisi sürətlə davam edəcək, insanlar öz yurdlarına qayıdacaqlar.

- Laçında alternativ yolun çəkilməsi cəmiyyətdə müəyyən suallar yaradır. İnsanlarda dəhlizdən imtina edilir təsəvvürü yaranır. Laçından olan deputat kimi məsələyə aydınlıq gətirmənizi istərdik.

- Üçtərəfli Sazişin müddəalarından biri ondan ibarətdir ki, Azərbaycanın Qarabağ bölgəsində yaşayan ermənilərlə birbaşa əlaqəni təmin etmək məqsədilə rayonun mərkəzindən uzunluğu 5 kilometr olmaqla yol istifadəyə verilsin. Üç ilə qədər Azərbaycan tərəfindən alternativ yol çəkilməli və sülhməramlılar yeni yolun mühafizəsi ilə məşğul olmalıdır. Bu təqdirdə şəhərin mərkəzi yenidən azərbaycanlıların ixtiyarına veriləcək. Bundan sonra laçınlılar öz şəhərlərinin mərkəzinə gedəcək, hətta orada qalıb yaşaya biləcəklər.

- Paytaxtın mərkəzi küçələrində artıq “Formula - 1” yarışlarına hazırlıq işləri aparılır. Bu yarış Azərbaycana nə qazandırır?

- Bu tədbirlərin dövlətlər üçün iki mənası var: dövləti tanıtmaq və iqtisadi divident əldə etmək. Əvvəllər Azərbaycanı tanıtmaqla bağlı böyük problemlərimiz var idi. Ancaq mötəbər tədbirlərin ölkəmizdə keçirilməsi Azərbaycanın beynəlxalq arenada tanınmasında önəmli rol oynadı. Bakıda baş tutacaq “Formula-1” yarışları da ölkəmiz üçün mühümdür. Nəzərə alsaq ki, rəsmi sponsor şirkətlər dünyaca məşhur olan ən böyük şirkətlərdir. Bu yarışın birbaşa yayımla translyasiyasını həyata keçirənlər dünyanın nəhəng dövlətləridir. Azərbaycan haqqında məlumat böyük auditoriyaya ötürüləcək. Eləcə də yarışlar çərçivəsində ölkəmizə gələn qonaqlar bir müddət sonra turist kimi ziyarət edirlər. Deməli, bununla həm də turizmin inkişafına nail oluruq. Onu da deyim ki, ilk illər yarışların infrastrukturu ilə bağlı xərclərimiz olsa da, hazırda daha çox mənfəət əldə edirik.

- Gənclər və İdman Nazirliyində son vaxtlar narazılıqların çoxaldığı məqam var idi. Fərdi idman növlərində legionerlərə daha şox üstünlük verilirdi. Bunu nazirliyin öz işini asanlaşdırması ilə əlaqələndirirdilər. Məsələ barədə nə düşünürsünüz, yeni nazir Fərid Qayıbov çatışmazlıqları aradan qaldıra bilirmi?

- Prezident İlham Əliyev Fərid Qayıbovu nazir təyin edərkən ona Azərbaycan idmanının problemlərini və qarşısında duran öhdəlikləri izah etdi. O məsələlərin içərisində idman siyasətinə yeni baxış, üstünlüyün daxili idmançılara verilməsi ilə bağlı tapşırıqlar da yer alırdı. İdmanı yaxından bilən adam kimi Fərid Qayıbovun böyük şansları var ki, idman sahəsində olan neqativləri aradan qaldırsın.

- Azərbaycan yalnız güləş sahəsində xüsusilə fərqlənir. Qeyri-populyar idman sahələrində uğur əldə etmək üçün hansı işlər görülür?

- Azərbaycanda kifayət qədər idman infrastrukturu qurulub. Bütün rayonlarda idman kompleksləri var, mütəmadi olaraq çempionatlar keçirilir. Milli Olimpiya Komitəsinin sədri İlham Əliyev də idmana xüsusi diqqət göstərir. Deməli, idman həm də dövlət tərəfindən dəstəklənir. Onu da nəzərə çatdırım ki, Gənclər və İdman Nazirliyinin yaradılması MDB məkanında ilk idi. Bu, Azərbaycan dövlətinin idmana olan diqqətini göstərir. Bu gün idmançılarımız dünya çempionatlarında kifayət qədər iştirak edir və medallarla bizi sevindirirlər. Digər idman sahələrinin populyar olmamasının əsas səbəblərindən biri bizdə uşaq idmanının inkişafı ilə bağlıdır. Hesab edirəm ki, inkişafa nail olmaq üçün idmançıları müəyyən yaşa qədər məktəblərdə uzunmüddətli şəkildə yetişdirməliyik. Xüsusilə də yaxşı futbolçuların yetişdirilməsi üçün uşaq futbolunun inkişafı istiqamətində işlər görməliyik.

- İdman Federasiyalarına yeni sədrlər təyin olunub. Onların işində nəzərə çarpan hansı irəliləyiş var?

- Federasiyaya rəhbər təyin olunan şəxslər hökumət üzvləridir. Bunun səbəblərindən biri odur ki, idman strukturu özünü maliyyələşdirə bilmir. Buna dövlət dəstəyi lazımdır və Cənab Prezident məsləhət bilir ki, federasiya rəhbərləri hökumətdə təmsil olunan nazirlər olsun. Öz iqtisadi imkanları hesabına bu sahəni inkişaf etdirsinlər. Elə bu yaxınlarda Ağırlıq Federasiyasının sədri İnam Kərimovun dəvəti ilə iştirak etdiyim yarışda məlum oldu ki, yeni rəhbərlər həqiqətən də idmançıların və idman sahəsinin inkişafı istiqamətində əsaslı işlər görürlər. Düşünürəm ki, bununla rayonlarda idmanın inkişafı təmin olunacaq və biz bütün sahələr üzrə dünya çempionatlarına öz yetişdirdiyimiz idmançıları göndərəcəyik.

- İşğaldan azad olunandan sonra Laçına getmisiniz?

- Bəli... O hissləri sözlərlə ifadə etmək mümkün deyil. (kövrəldi)

- O zaman döyüşlərdə də iştirak etmisiniz?

- Döyüşlərin başladığı vaxtlar mənim yeniyetməlik dövrümə təsadüf edirdi. Ancaq könüllü batalyonda kömək edirdik.

- Laçınla bağlı heç yerdə səsləndirmədiyiniz təklifləriniz varmı?

- Ən böyük istəklərimdən biri Laçın rayonunda “abidə” deyilən yerin yenilənməsidir. Onun yanında Zəfər muzeyi qurulsun və Laçından olan şəhidlərin hər birinin məlumatları orada qeyd edilsin. Biz də hər il orada tədbirlər keçirək, özümüzdən sonra gələn nəsillər də şəhidlərin adını, onların şərəfli yolunu daim xatırlasın.

Paylaş:
Baxılıb: 450 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Ədəbiyyat

Sosial

Çadradan səmaya

21 May 12:21  

Siyasət

Xəbər lenti

İqtisadiyyat

Siyasət

Prezident bu gün

Prezident bu gün

21 May 09:31

Gündəm

Xəbər lenti

Xəbər lenti

Siyasət

İndi vaxtıdır!

20 May 10:43

Xarici siyasət

Siyasət

“B” planı...

20 May 10:37

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31