Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Müsahibə / 900 yaşayış məntəqəsi, 130 min 939 evin təzminatı ödənməsə...

900 yaşayış məntəqəsi, 130 min 939 evin təzminatı ödənməsə...

02.08.2022 [10:38]

Daha kimlər Ermənistandan təzminat tələb edə bilər?

“Azərbaycan savaşda olduğu kimi hüquq dünyasında da qələbə çalmalıdır” - Türkiyəli vəkillər köçkünlərin Ermənistandan təzminat almaları üçün dəstəyə hazırdır 

Ermənistan tərəfindən yurd-yuvalarından zorla didərgin salınan  vətəndaşlarımızın mülkiyyət hüquqlarının pozulması mövzusu aktualdır. Avropa İnsan Haqları Məhkəməsinin (AİHM) “Çıraqov və digərləri Ermənistana qarşı” işi üzrə qərarı 6 məcburi köçkünümüzün lehinə olsa da, indiyədək  təsdiqini tapmayıb.

Ankara İldırım Bəyazid Universiteti Hüquq Fakültəsi Mülki Hüquq Bölməsinin müəllimi Ünsal Dönməzlə söhbətimiz 30 il boyunca mülkiyyət hüququ pozulan qaçqın və məcburi köçkünlərimizin bu hüquqlarının necə bərpa edilməsilə bağlı oldu.

Həmsöhbətimiz Ankarada çalışdığı hüquq bürosu əməkdaşlarının da sözügedən məsələ ilə bağlı insanlarımıza qısa zamanda hər şəkildə hüquqi dəstək verməsinin mümkünlüyündən bəhs etdi.

“Beynəlxalq hüquqa önəm verilməlidir”

Ünsal Dönməz:

- Bildiyimiz kimi, mülkiyyət hüquqları həm daxili, həm də xarici hüquqda qanunlarla qorunur.  Məlumdur ki, Azərbaycan Sovet Sosialist Respublikaları İttifaqına (SSRİ) daxil olduğu müddətdə bu ölkədə mülkiyyət qanunları başqa idi, hazırda başqa.  Sovetlər dönəmində daşınmaz əmlakın torpaq sahəsi dövlətə aid idi, o torpaq sahələrinin  üzərindəki evlər isə şəxsə. Ona görə də bu məsələyə iki aspektdən yanaşmaq lazımdır. 

Bir də ki, beynəlxalq hüquqda - həm Cenevrə, həm də Avropa İnsan Hüquqları konvensiyalarında mülkiyyət  hüquqları təsbit olunub. 

Bizim indiyə qədər bu məsələlərdə geridə qalmamızın səbəbi beynəlxalq hüquqa önəm verməməmizdən irəli gəlir. Çünki biz bu məsələni Avropa İnsan Haqları Məhkəməsinə kifayət qədər çatdıra bilmədik.

“Çıraqov və başqaları” işi Ermənistan işğalçılığını ilk dəfə beynəlxalq aləmə sübut etdi  

- İndiyədək Avropa Məhkəməsinin “Çıraqov və digərləri Ermənistana qarşı” işi üzrə  müsbət qərar verdiyi yeganə nümunə var. Amma bu qərarı Ermənistan dövləti heç saydığı üçün mülkiyyət haqqı tələbini vaxt itkisi hesab edənlər var.

-  “Çıraqov və başqaları” işini bir dönüm nöqtəsi hesab etmək olar və  bu iddia ilə bağlı  AİHM-in verdiyi qərar çox önəmlidir. Bu qərarla ilk dəfə beynəlxalq aləmdə Ermənistanın işğalçı olduğu sübut edildi. 

Sənəddə Avropa İnsan Hüquqları Konvensiyasının (AİHK) 8-ci (şəxsi həyatın qorunmasına hörmət), 13-cü (səmərəli hüquqi müdafiə vasitələri hüququ) və 14-cü (ayrı-seçkiliyin qadağan olunması) maddələri, konvensiyaya dair 1 saylı Protokolun 1-ci maddəsi əsas götürülüb və  mülkiyyətin müdafiəsinə əsasən ərizəçilərin şikayəti qəbul edilib. Amma bu qərarda təzminata əvəzin ədalətli ödənilməsilə bağlı (AİHK-in 41-ci maddəsi üzrə - red.) məsələ saxlanılıb. Çünki AİHM ərizəçilərin mülkiyyətlərinin işğal altında olduğu üçün hələ də davam edən mülkiyyət hüququ pozuntusuna dair heç bir qərar vermə səlahiyyətinin olmadığını bildirib. Ona görə də biz hüquqşünasların, xüsusilə diasporada yaşayanların  üzərinə düşən vəzifə budur ki, biz bu məsələ ilə  yeni konyukturaya uyğun davranaq. Artıq Qarabağda ərazilərin böyük bir qismi işğaldan azad edilib və orada vaxtilə yaşayan Azərbaycan vətəndaşları təbii olaraq öz yurdlarına dönmək haqqına sahibdirlər. Amma indiki duruma uyğun deyil, keçmişdə baş verən mülkiyyət hüququ pozuntusuna dair təzminat tələbi olmalıdır.

Yol xəritəsi

AİHM-nin bu qərarı ilə bizə çox gözəl bir yol xəritəsi çəkilib.  

Məlumdur ki, savaş zamanı işğalçı ölkə, ilk növbədə, işğal etdiyi  ölkənin həm əhali sayına, həm də yerləşmə yerinə aid sənədləri məhv edər.

Ən həssas və çətinlik doğuran məqam budur ki, vətəndaşlar məhkəməyə orada doğulub böyüdüyünü sübut edəcək sənədlər təqdim etməlidir. Məhkəmə sənədləri arasında da AİHM doğum şəhadətnaməsi, ibtidai sinif təhsilinə aid bir qiymət cədvəlini, onun olduğunu sübut edəcək bir fotonu belə fakt kimi qəbul edər. Çünki  Avropa Məhkəməsi də bunun çox yaxşı fərqindədir. Sovetlər dönəmində yalnız Qafqaz ölkələri deyil, Baltikyanı və digər SSRİ tərkibinə daxil olan ölkələrdə də eyni ideologiya, kollektiv təsərrüfat anlayışı vardı, evlərin “kupça”sı yox idi. Bu səbəbdən də AİHM mülkiyyətə dair texniki pasportu belə “kupça” olaraq qəbul edir. 

“Çıraqov və başqaları” işində də Avropa Məhkəməsinə sübutlar təqdim edildikdən sonra  burada mülkiyyət hüququnun pozulduğunun təsdiqlənməsilə bağlı qərar verilib.

Bu məsələdə Ermənistan tərəfi özünü belə müdafiə edir ki, Dağlıq Qarabağ Respublikası  dövləti var və buna o dövlət məsuliyyət daşıyır. Avropa Məhkəməsi isə bu dövləti tanımadığını, de-fakto olduğunu əsas gətirərək Ermənistan tərəfi cavabdeh hesab edib. Ən vacibi odur ki, Azərbaycan hökuməti də bu məsələdə üçüncü tərəfdir. 

“130 min 939 evdən bəhs edilir”

Məcburi köçkünlərin 900 yaşayış məntəqəsi, 130 min 939 evindən bəhs edilir. Bu insanların iş yeri, bağ-bağçası, əkin yerləri və başqa əraziləri də daxil edilsə, dəymiş zərər çox böyük rəqəmlərlə ortaya çıxacaq. Bundan başqa, Avropanın beynəlxalq təşkilatlarının müqavilələri üzrə məsələyə yanaşarsaq, bu zərər daha böyük rəqəmlərlə ifadə olunar. 

- 1993-cü ildə Qarabağda qısa müddətə işğalda qalan, talan olunan, dağıdılan ərazilərimizin bir qismi 1994-cü ildə geri alındı. Bundan başqa, 1988-ci ildə Ermənistanda yaşayan Azərbaycan türkləri kütləvi olaraq qovuldular, qaçqın düşdülər. Bu durumda olanlar necə, Ermənistandan təzminat tələb edə bilərmi?

- Təbii ki. Ermənistan tərəfindən yurd-yuvasından zorla didərgin salınaraq mülkiyyət hüququ pozulan hər kəs iddia qaldıra bilər. Bütün bunlarda  mülkiyyət hüququnun pozulması əsas götürülür.

Hətta o torpaqlarda mülkiyyət haqqı olan şəhidlərin və başqa yerlərdə dünyasını dəyişən didərginlərin mirasçıları da  Avropa Məhkəməsinə  müraciət edə bilər.

“Beynəlxalq məhkəməyə müraciət hüququ olan mütəxəssislər

bu işə cəlb olunmalıdır”

- Müraciətlər fərdi olmalıdır?

- Bəli.  Amma  AİHM-ə edilən bu müraciətlər doğru bir metodologiya ilə hazırlanmalıdır.  Bunun üçün beynəlxalq hüququ ingiliscə, fransızca mükəmməl bilən, AİHM-ə müraciət hüququ və bacarığı olan büro nümayəndələri ilə əməkdaşlıq etmək lazımdır. Deyək ki, Ankarada 12 min vəkil var, amma bu vəkillərin nə qədəri Avropa Məhkəməsinə müraciət etmək intellektindədir?!

Azərbaycan dövləti də bu məsələyə dəstək verməlidir. Bundan başqa, akademik dəstək də lazımdır. Elmi baxımdan mütəxəssislər də burada rol oynamalıdır.

Xüsusi komissiya yaradılmalıdır və heyətə konstitusiyanın əsas nəzəriyyəsini və dövlətlər hüququnu bilən, hüquq və müstəqilliklər baxımından  AİHK-i və bu konvensiyaya sonradan əlavə edilən protokolları mükəmməl bilən  bir mütəxəssis, mülki və torpaq hüququndan bilən bir hüquqşünas, bundan əlavə o bölgənin torpaq və kadastr mütəxəssisi daxil olmalıdır.

Kütləvi müraciətlər  hər zaman daha təsirli olur,  amma bu, bir mərkəzdən icra edilərsə, proses daha da sürətlənər. Nəzərə almalıyıq ki, Çıraqovların məhkəməsi üçün 2005-ci ilin aprelində müraciət edilib, 10 il sonra məhkəmə qərarı verilib. Bu, çox uzun müddətdir.

Bu səbəbdən də prinsipial, məsuliyyətli və ardıcıl olaraq AİHM-ə kütləvi müraciətlər edilsə,  məhkəmə də oxşar iddialar üçün oxşar qərarlar vermək məcburiyyətində qalacaq.   

Müraciətdə təqdim olunan dəlillər və şahidlərlə yanaşı, Qarabağ torpaqlarının məhsuldarlığı, o regionda geniş ticarət olduğu üçün Qarabağda yaşayan Azərbaycan vətəndaşlarının maddi vəziyyətlərinin yüksək olduğunu isbat edən faktlar, arxiv fotoları da çox önəmlidir. Məsələn, bir qəbir daşının görkəmi belə o şəxsin maddi durumunu bəlli edir.

“Ermənistan təzminat ödəməkdən imtina etsə, Qərbdən qopacaq”

 - Ermənistan icradan yenə imtina edərsə, o zaman nə olacaq?

- Yenə də iddiaçının xeyrinə olacaq. Həm Azərbaycan, həm də Ermənistan Avropa İnsan Hüquqları Konvensiyasına qoşulub. Həm də hər iki dövlət  Avropa Şurasının üzvüdür. Ermənistan bu tələbləri icra etməyəcəyi halda  onu ən çox dəstəkləyən Qərbdən qopmaq məcburiyyətində qalacaq. Ya Avropa İnsan Hüquqları Konvensiyası tərəfdarı olmaqdan vaz keçəcək, ya da erməni diasporası, lobbiləri Ermənistana olan təzminat tələbimizi ödəyəcək. Hər iki halda qazanan yenə də biz olacağıq.

Azərbaycan savaş meydanında qələbə çaldı, hüquq dünyasında da qələbə çalmalıdır. Mülkiyyət haqqı tələbi tezləşdirilməli və bundan vaz keçilməməlidir.   Çünki 30 ildən çox bir müddətdə öz torpaqlarından məhrum qalan insanların təzminatını Ermənistan ödəmək məcburiyyətindədir.

 “25 fərqli dildə danışan avropalıların  ortaq hüququ var, bizdə niyə olmasın?”

- Hüquqi baxımdan iki qardaş ölkə arasında fərqliliklər olduğu üçün hüquq sahəsində Türkiyədə təhsil alan tələbələrimiz Azərbaycana döndükdə tətbiq məsələsində çətinlikləri olur. Bu məsələ ilə bağlı nə fikriniz var?

- Mən özüm 6 il Almaniyada yaşamışam,  magistratura təhsilimi bu ölkədə  almışam. Almaniya II Dünya müharibəsində topla, tüfənglə edə bilmədiyini, hüquq ixracı ilə etdi. Türkiyə Almaniya hüququndan faydalanıb.

Bizim də Türk dünyası, ən azından Türkiyə və Azərbaycan olaraq ortak hüququ təşkil etməmiz lazımdır. Qanunlarımızı bir-birinə uyğunlaşdırarsaq, vətəndaşlarımız arasında da hüququmuz inkişaf edəcək, ticarət əlaqələrimiz, qardaşlıq bağımız möhkəmlənəcək və bu da ?ürk dünyasının qüdrətini artıracaq.

Mən hər zaman Azərbaycan və Türkiyənin hüquq fakültəsinin tələbələri arasında mübadilə aparılmasının və ortaq hüququmuzun yaradılmasının tərəfdarı olmuşam.

Avropalılar 25 fərqli dil danışdıqları halda  hazırda Avropa Birliyinin ortaq hüququ mövcuddur. Biz isə ləhçə fərqi ilə eyni dili danışırıq. Ona görə bu prosedur bizim üçün daha rahat şəkildə mümkündür.

Sevil Hilalqızı Ünal,

Ankara

Paylaş:
Baxılıb: 146 dəfə
Multi-media

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Xəbər lenti

Prezident bu gün

Prezident bu gün

12 Avqust 10:29

İqtisadiyyat

MEDİA

Gender bərabərliyi

12 Avqust 10:21

Yeni texnologiyalar

Xəbər lenti

4 ildən sonra...

12 Avqust 10:16

Siyasət

Siyasət

Gündəm

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Dünya

Ədəbiyyat

Ədəbiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31