Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Müsahibə / AK Parti Sədrinin birinci müavini Numan Kurtulmuş: Bu siyasətdə bizim soloya deyil, xora ehtiyacımız var

AK Parti Sədrinin birinci müavini Numan Kurtulmuş: Bu siyasətdə bizim soloya deyil, xora ehtiyacımız var

24.09.2022 [10:16]

YAP-ın siyasi fəaliyyətilə Azərbaycan demokratik həyata qədəm qoydu

Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası (AK Parti) Sədrinin birinci müavini, siyasətçi, akademik Numan Kurtulmuşun “Yeni Azərbaycan” qəzetinə müsahibəsi:

Türkiyə və Azərbaycan media, təhsil, elm, incəsənət, qeyri-hökumət təşkilatları və digər sahələrdə müştərək layihələrə imza atmalıdır

- Siz Türkiyə-Azərbaycan əlaqələri ilə bağlı çıxışlarınızda “Ulu öndər Heydər Əliyevin dediyi kimi “bir millət, iki dövlət” olaraq milli, dini, mədəni, tarixi köklərə əsaslanan əlaqələrimizi gələcəyə daşımaq ümdə vəzifələrimızdən biridir” demişdiniz. Türkiyənin hakim partiyası Azərbaycanla bu istiqamətlərdə əlaqələrin inkişafı üçün nə kimi təkliflər verir?

- Türkiyə ilə Azərbaycan qardaşlığının tarixi qədimdir. Eyni regionda yerləşən, eyni millət olaraq təbii ki, digər ölkələrlə qurulan və qurulacaq diplomatik əlaqələrlə müqayisədə bizim əlaqələrimiz fərqlidir. Bizim milli, dini, mədəni, sənətkarlıq əlaqələrimiz bir-birilə iç-içədir. Amalda, məqsəddə, niyyətdə birlik iki milləti qardaş edir.  Biz Türkiyəmizin Azərbaycanımızla əl-ələ verib gələcəyə qalib və firavan addımlarla getməsini istəyirik. Bu kontekstdə mediada, akademik əlaqələrdə, incəsənətdə və qeyri-hökumət təşkilatlarında yaxşı qarşılıqlı əlaqələrlə, müştərək layihələrdə birləşmək lazımdır. Türkiyənin inkişaf etdirdiyi yüksək müdafiə texnologiyasının həm bilik və təcrübəsi, həm də logistik imkanları Azərbaycanda öz əksini tapır və bunun da əlaqələrimizi gücləndirdiyini düşünürük.

Bununla yanaşı iki ölkə arasında hərbi təlim və texnologiya mübadiləsi də təmin edilməlidir. Eynilə, universitetlərimizdə də qarşılıqlı tələbə və akademik mübadilə, rotasiya kimi məsələlər bilik istehsalı baxımından mühüm tərəfdaşlıq fürsəti yaradacaq. İstərdik ki, ədəbiyyat - hekayə, şeir, deyişmə, musiqi - mahnı, şərqi, opera, teatr, kino və digər incəsənət sahələrində tez-tez görüşlər keçirək. Hesab edirik ki, birgə konsertlər, ədəbi məclislər, kino günləri Türkiyə və Azərbaycanın mədəniyyət dairələrində qardaşlıq əlaqələrini daha da artıracaq. Gənclik dedikdə ağlımıza idman yarışları da gəlir. Köçəri oyunlarımız əcdadlarımızın mədəniyyətidir. Demək olar ki, hər sahədə gəncləri bir araya gətirməliyik.

Şuşa Bəyannaməsi Türkiyə və Azərbaycanı daha möhkəm ittifaqla bir-birinə bağlayır

- Cənab Kurtulmuş, Azərbaycanla Türkiyənin mənəvi-siyasi birliyinin güclənməsinə töhfə verən “Şuşa Bəyannaməsi”ni necə dəyərləndirirsiniz?

- Şuşa Bəyannaməsində birgə maraqlarımızın qorunmasında Türkiyə və Azərbaycanın siyasi, iqtisadi, müdafiə, mədəni, humanitar, səhiyyə, təhsil, sosial, gənclər və idman sahələrindəki potensiallarımızın, imkanlarımızın birləşdirilməsinin vacibliyi qeyd edilib. Azərbaycan Milli Məclisi 2021-ci il iyunun 15-də Şuşada imzalanmış Azərbaycan və Türkiyə arasında müttəfiqlik münasibətlərinə dair Şuşa Bəyannaməsini təsdiq edib.

Şuşa Bəyannaməsinə əsasən; hər iki ölkə həm hərbi, həm də müdafiə sahəsində birgə əməkdaşlıqla fəaliyyət göstərə biləcək. Azərbaycan Ermənistanın 30 illik təcavüzünə son qoyulmasında, işğal olunmuş torpaqların azad olunmasında, Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində Türkiyə Respublikasının mənəvi-siyasi dəstəyini yüksək qiymətləndirir. Tərəflər Qafqaz regionunda sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsi, bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpası, eləcə də region dövlətləri arasında münasibətlərin normallaşdırılması və uzunmüddətli sülhün təmin edilməsi istiqamətində səylərini davam etdirəcəklər. Düşünürəm ki, xüsusilə bu hissə çox vacib, gələcəyə yönəlmiş və stimullaşdırıcıdır. Tərəflərdən hər hansı birinin fikrincə, onun müstəqilliyinə, suverenliyinə, ərazi bütövlüyünə, beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına və ya təhlükəsizliyinə qarşı üçüncü dövlət və ya dövlətlər tərəfindən təhdid və ya təcavüz edildiyi təqdirdə, Tərəflər birgə məsləhətləşmələr aparacaq və bu təhdid və ya təcavüzün aradan qaldırılması məqsədilə BMT Nizamnaməsinin məqsəd və prinsiplərinə müvafiq təşəbbüs həyata keçirəcək, bir-birinə BMT Nizamnaməsinə uyğun zəruri yardım göstərəcəklər. Bu yardımın həcmi və forması təxirə salınmadan keçirilən müzakirələr yolu ilə müəyyən edilərək birgə tədbirlər görülməsi üçün müdafiə ehtiyaclarının ödənilməsinə qərar veriləcək və Silahlı Qüvvələrin güc və idarəetmə strukturlarının əlaqələndirilmiş fəaliyyəti təşkil olunacaq. Bu maddələr kontekstində Şuşa Bəyannaməsi Türkiyə və Azərbaycanı milli müdafiə mövzusunda möhkəm ittifaqlarla bir-birinə daha sıx bağlayır və daha yaxşı qardaş edir.

Qarabağ zəfəri türk millətinə və islam aləminə qürur verən örnəkdir

- Siz Qarabağ məsələsi ilə bağlı müzakirələrinizdə vurğulayırsız ki, Ermənistan öz xalqının maraqlarını nəzərə alaraq Qafqazda sülhə nail olmaq üçün var gücü ilə çalışmalıdır. Amma Ermənistan dövləti həmişə olduğu kimi, sülh əvəzinə münaqişə variantına üstünlük verir. Bir siyasətçi kimi Ermənistanın məğlubiyyətini etiraf edərək sülhü dəstəkləyəcəyini nə vaxta proqnozlaşdırırsınız?

-  Azərbaycan Cənab Prezident və Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Qarabağın azadlığı uğrunda  mübarizəsilə tarixdə dəyərli və qürurverici zəfərə imza atdı. Türkiyə möhtərəm Prezidentimiz Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə Qarabağ uğrunda azadlıq mübarizəsində can Azərbaycanın yanında oldu və olacaq. İstər əsgərlərimizin dəstəyi, istər yüksək müdafiə texnologiyamız, istərsə də türk xalqının mənəvi dəstəyi ilə bu savaşda sizinlə çiyin-çiyinə dayanırıq. Uca Rəbbimizə şükürlər olsun ki, Azərbaycan sayəsində türk millətinə və islam aləminə bu zəfəri bəxş etdi.  Əslində, bu qələbə təkcə türk dünyasının və ya islam aləminin deyil, bütün bəşəriyyətin zəfəridir, çünki zülmə qarşı qürur və əzm qalib gəlib. Ona görə də mən deyərdim ki, Qarabağın işğaldan qurtuluşu bütün bəşəriyyət üçün mühüm nümunə və dəyərli ilham mənbəyidir.

Sualınızın cavabı əslində Ermənistanda demokratiya mədəniyyətinin olub-olmamasından asılıdır. Onlar Azərbaycanla münasibətlərinə dövlət məsələsi kimi baxmır, bundan daxili siyasətlərinin tərkib hissəsi kimi istifadə edirlər. Xalqını aldatmaqla, seçkidən-seçkiyə səs toplamaq üçün darda qalanda xalqın səbirsizliyi, narazılığı yüksələndə dərhal Azərbaycana hücumlara başlayırlar. Bütün bunlar da onu göstərir ki, Ermənistan hələ də demokratiyanı həzm etməyib.

YAP və AK Parti olaraq əl-ələ verib gücümüzü daha da artıracağımıza əminik

- Azərbaycana son səfəriniz zamanı YAP Sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov dedi ki, YAP və AK Parti digər ölkələrin, xüsusilə türk dövlətlərinin siyasi partiyaları ilə əlaqələri gücləndirmək istiqamətində yeni addımlar atmağı nəzərdə tutur. Bu istiqamətdə nə kimi yeniliklər var?

-  Türk Dövlətləri Təşkilatının Ağsaqqallar Şurası bunun ən gözəl nəticələrindən biridir. Türkiyə və Azərbaycan tərəfləri olaraq tarixdən böyük dərslər almışıq, təklənməyin nəticələrinin nə qədər ağır olduğunu bilirik, ona görə birlikdən güc doğular, prinsipi üzrə hərəkət edirik.  Baxın, 1992-ci il fevralın 25-26-da baş verən Xocalı Soyqırımı zamanı Türkiyədən başqa hansı ölkədən səs gəldi?  Human Rights Watch-dan başqa heç bir beynəlxalq qurumun diqqətini cəlb edə bilməyən bu soyqırım açıq-aşkar etinasızlıq  idi.  7 min əhalisi olan Xocalıda 600-dən çox Azərbaycan vətəndaşı qətlə yetirildi... Dünyaya baxdığımızda niyə belə öldürücü susqunluq Azərbaycanın payına düşdü? Dünya miqyasında televiziya kanallarında, qəzet səhifələrində yalnız Azərbaycanın təbii qaz və neft mədənlərinin zənginliyi tez-tez xatırlanır, Azərbaycanın yüksək geosiyasi dəyəri, strateji əhəmiyyəti şərh edilir. Elə təəssürat yaradılır ki, sanki Azərbaycan hava yollarının faydalı güzərgahından ibarət olan, azərbaycanlılardan daha çox dünyanın tarazlığına müdaxilə edən böyük dövlətlərə aid bir dövlətdir. Amma siz azərbaycanlıların problemlərinə fikir vermədən, dərdlərinə şərik olmadan qiyabi hazırladığınız hesabatları oxuyursunuz. Şuralar toplanır, dağılır, heç birisi də Azərbaycanın əsl problemilə maraqlanmır. Odur ki, biz  YAP və AK Parti olaraq əl-ələ verib koordinasiya və əməkdaşlıq etdiyimiz məsələlərlə gücümüzün daha da artacağına əminik. Bu siyasətdə bizim soloya deyil, xora ehtiyacımız var.

Azərbaycan YAP-ın siyasi fəaliyyətilə demokratik həyata güclü bir şəkildə qədəm qoydu

- AK Partinin müttəfiqi YAP fəaliyyətinin 30 illiyini tamamlayır. Bununla bağlı nə bildirmək istərdiniz?

- 1992-ci ildə Naxçıvan Ali Məclisinin sədri Heydər Əliyevin Azərbaycanda hakimiyyətə qayıdışı üçün mübarizə aparan  “91-lər”in tələbilə noyabrın 21-də  Yeni Azərbaycan Partiyası ilk konfransını keçirdi.  Bu konfrans mərhum hörmətli Heydər Əliyevin rəhbərliyi altında 550 qurucu üzvün iştirakı ilə baş tutdu. Həmin il dekabrın 18-də partiya Ədliyyə Nazirliyinin rəsmi qeydiyyatından keçdi. Biz bu prosesləri o zaman çox həyəcanla izlədik. Sovet İttifaqının dağılması ilə müstəqilliyinə qovuşan Azərbaycan YAP-ın siyasi fəaliyyətilə demokratik həyata güclü bir şəkildə qədəm qoydu. Hazırda isə Cənab İlham Əliyevin rəhbərliyi ilə quruculuq, sosial, səhiyyə, ədliyyə, təhsil və xüsusilə də dövlətin müdafiəsi sahələrində böyük uğurlar əldə edilmişdir. Azərbaycanın yolu açıq olsun...

Qafqazın qırmızı lalələri sanki şəhidlərimizin al qanıydı...

- Sentyabrın 15-i Qafqaz İslam Ordusu tərəfindən Bakının azad edilməsinin 104-cü ili tamam oldu.  Bakının işğaldan azad edilməsi ilə bağlı fikirləriniz necədir?

- Sualınız  mənə “Lalələr”  mahnısını xatırlatdı. Telman Hacıyevin bəstəsi ilə bu mahnının Qafqaz İslam Ordusunun şərəfinə yazıldığı bildirilir. Qafqazın qırmızı lalələri sanki şəhidlərimizin al qanıydı.  1918-ci il sentyabrın 15-də erməni və bolşevik işğalı altında inləyən Bakını azad edən Nuri Paşanı və onun komandanlığındakı Qafqaz İslam Ordusunun əsgərlərini böyük ehtiramla və qürurla yad edirik.

Şübhəsiz ki, Uca Kitabımız “Qurani-Kərim”də söyləndiyi kimi şəhidlər “ölü” deyil, onlara ölü deməyimiz yasaqdır. Onlar əbədiyyət sirrini qazanmış igidlərdir. Nuri Paşanın rəhbərliyi altında qazi və şəhidləri Azərbaycan torpaqlarına gətirən hiss ‘’ila-yi kelimetullah’’ məsuliyyəti idi. Azərbaycanın azadlığı, müstəqilliyi üçün canlarını fəda eləyən  şəhidlərlə bərabər onlar da  vətən aşiqləri olaraq Bakıda əbədiyyətə qovuşublar.

Azərbaycanla qəlbimiz bir, canımız bir, sözümüz bir, nəğməmiz, sevincimiz, kədərimiz birdir. Bu yerdə bizi eyni ruhla səsləşdirən,  ortaq mənəvi köklərimizi tapan ədiblərimizi, müdriklərimizi də yad etmək yaxşı olardı.  1900-cü illərdə Azərbaycan ədəbiyyatının milli poeziya nümayəndələri olan Hüseyn Cavid, Muhammet Hadi, Əhməd Cavad kimi ədiblər, İstanbul şair və yazıçıları Əbdülhaq Həmid, Namiq Kamal, Tovfiq Fikrət, Rəcaizadə Əkrəm və xüsusilə Mehmet Akif Ersoy ilə sıx əlaqədə olublar. Onlar Türkiyə ilə Azərbaycanı, İstanbulla Bakını birləşdirən mənəvi-mədəni körpüləri qurdular və bizlərə bir-birilərinin kölgəsində böyüyən fidan bağçaları miras qoydular. Biz bu gün o mirasdan cənnət bağçaları qurmalıyıq.

Azərbaycanda baş verən bütün proseslər Türkiyədə böyük maraqla izlənir

-  Numan bəy, az öncə siz  Azərbaycanla Türkiyə mediasının da ortaq fəaliyyətinin önəmindən bəhs etdiniz. Azərbaycanda mətbuatın, aparıcı xəbər agentliklərinin 40, bəzən 50 və daha çox faizinin gündəlik məlumatları Türkiyədən bəhs edir. Bu tendensiyanın Türkiyə media mühitində intensivləşməsi üçün Sizcə, hansı addımlar atılmalıdır?

- Türkiyədə mətbuat azadlığına çox böyük diqqət yetirilir.  Bu, prinsip bizə mətbuat tariximizin başlanğıcından qalıb. Azad mətbuat həm keçmişdə, həm də bu gün ölkəmizdə ictimaiyyətin səsi kimi üzərinə düşən vəzifəni yerinə yetirir. Mediamızın ortaq dəyərləri arasında demokratiya, azadlıq, sülh, tərəqqi və inkişaf kimi prinsiplər var ki, bunlar həm Türkiyə, həm də Azərbaycan mediasının ortaq nöqtələridir.  Biz mediamızı bir araya gətirəcək şəraiti təmin edə bilərik və etməliyik. Onu da deyim ki, Türkiyə cəmiyyəti və mediası Azərbaycanda baş verən bütün prosesləri böyük maraqla izləyir.

Sevil Hilalqızı Ünal,

Ankara

Paylaş:
Baxılıb: 357 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Mədəniyyət

Xarici siyasət

Xarici siyasət

Xəbər lenti

Analitik

Xəbər lenti

İqtisadiyyat

Prezident bu gün

Prezident bu gün

04 Oktyabr 10:30

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31