Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Müsahibə / AK Parti sədrinin müavini: Qarabağ zəfəri Türkiyə-Pakistan-Azərbaycan birliyini daha da möhkəmləndirdi

AK Parti sədrinin müavini: Qarabağ zəfəri Türkiyə-Pakistan-Azərbaycan birliyini daha da möhkəmləndirdi

27.09.2022 [10:14]

Azərbaycan Türkiyəni, Türkiyə Azərbaycanı dərindən öyrənməlidir

Türkiyənin Ədalət və İnkişaf Partiyasının (AK Parti) Sədrinin iqtisadiyyat məsələləri üzrə sədr müavini, sabiq millət vəkili, Türkiyədəki Pakistan Dostluq Qrupunun rəhbəri Burhan Kayatürkün “Yeni Azərbaycan” qəzetinə müsahibəsi:

Pakistanda keçirdiyim 10 ildə Cənubi Asiyanı araşdırdım

- Siz Türkiyə parlamentində təmsil olunarkən Türkiyə-Pakistan Parlamentlərarası Dostluq Qrupunun sədri, Asiya Parlament Assambleyasının komissiya sədri  vəzifələrini icra etdiniz. Bu ölkəyə xidmətləriniz “Pakistan Dövlət Nişanı” ilə mükafatlandırılıb. Pakistanla nə kimi əlaqələriniz mövcuddur?

- 1990-cı ildə mən Türkiyə ilə Pakistan arasında tələbə mübadiləsi proqramı çərçivəsində Pakistana getdim və Lahor Texniki Universitetində təhsil aldım, magistratura təhsilimi isə Amerikada davam etdirdim. Türkiyəyə döndükdən sonra Pakistanda ixtisasım üzrə elektrik mühəndisinə ehtiyac oldu və mən Türkiyə ilə də, Nepalla da əməkdaşlıq edən bir türk şirkətilə işə başladım. Pakistanın 3 böyük şəhərində layihələrə rəhbərlik etdim. Təhsil illərim də daxil olmaqla Pakistanda 10 il fəaliyyət göstərdim. Bu səbəbdən o bölgəni yaxşı bilirəm, orada mən, Pakistanın rəsmi dili olan urdu dilini və hindcə öyrəndim. Türkiyəyə qayıtdıqdan sonra da Türkiyə-Pakistan Dostluq Qrupu Təşkilatına rəhbərlik etdim, yəni siyasi fəaliyyətə başlamadan öncə də, millət vəkili olduqdan sonra da təşkilat mənim rəhbərlikdən getməmi istəmədiyi üçün bu işim davam edir. Millət vəkilliyim dönəmində də mən Türkiyə-Pakistan Parlamentlərarası Dostluq Qrupuna rəhbərlik etdim. Bu səbəbdən də Pakistanla belə sıx dostluq əlaqələrimiz yarandı. Amma yalnız Pakistan deyil, mənim Hindistan, Nepal, Əfqanıstanla da sıx əlaqələrim var.

- 44 günlük Qarabağ savaşında Azərbaycan cəmiyyəti Türkiyə ilə bərabər Pakistanın da yaxından qayğıkeşliyini və dəstəyini hiss etdi. Bu gün Azərbaycanda hələ də bəzi yerlərdə  Azərbaycan, Türkiyə və Pakistan bayraqları birgə dalğalandırılmaqla, insanlarımız bu dəstəyə minnətdarlığını əks etdirir. Siz Azərbaycan-Türkiyə-Pakistan birliyini necə dəyərləndirirsiniz?

- Son zamanlar, xüsusilə II Qarabağ Savaşı dönəmində Pakistanın Azərbaycana çox ciddi diqqətinin olduğunu gördüm. Pakistanlılar   islam aləmində yeniliklərə ehtiyac olması haqqında davamlı fikirlər bildirirdilər. Türkiyənin Azərbaycandan başqa Pakistanla da möhkəm əlaqələri var. Pakistandan bizim ölkəyə təhsil almağa gələn tələbələr  Türkiyə ilə Azərbaycan arasındakı mehribanlığa şahid olurlar, onlar Türkiyənin ən çox sevdiyi ölkənin Azərbaycan olduğunu görürlər. Məncə bu da onlara sirayət edir və 3 ölkə arasında əlaqələr  möhkəmlənir.  Pakistanın həm də çox güclü hərbi strukturu var.  Mənə görə Azərbaycanın Qarabağ zəfəri Türkiyə, Pakistan və Azərbaycanın birliyini daha da möhkəmləndirdi.

Tağıyevin Pakistana olan xeyriyyəçiliyini Heydər Əliyev Fondu davam etdirir 

- Cənab Kayatürk, bir məsələni qeyd edim ki, Azərbaycan-Pakistan əlaqələrinin əsası Azərbaycanın tanınmış xeyriyyəçisi Hacı Zeynalabdin Tağıyevin adı ilə bağlıdır. Belə ki,  XX əsrin əvvəllərində Pakistanda kütləvi epidemiya olub və Hacı Zeynalabdin Tağıyev şəxsi vəsaiti ilə onlara 300 min ampula peyvənd göndərib. Bu, Pakistanda tarix dərsliyinə də salınıb. Pakistan da 1992-1993-cü ilin əvvəllərində Azərbaycana 1 milyon dollar həcmində yardım edib. Heydər Əliyevin hakimiyyəti dönəmində və sonra da bu əlaqələr daha da möhkəmlənib. Belə ki, Heydər Əliyev Fondunun  Pakistana humanitar yardımlarına görə, Fondun rəhbəri Mehriban xanım Əliyeva  “Hilal-e Pakistan” mükafatı ilə təltif olunub.

“Atatürk Pakistanın 701 min liralıq dəstəyi ilə Türkiyə İş Bankını qurub və Atatürk Orman Çiftliyi alıb”

- Bu məlumatlara görə təşəkkür edirəm, mən də araşdıraram. Türkiyə ilə Pakistan əlaqələrinin də maraqlı tarixi var.  Qurtuluş savaşında hind qitəsindəki müsəlmanlar bizə 721 min lira dəyərində yardım ediblər. Onların hədəfi Osmanlı dövlətini qorumaq olub. Mustafa Kamal Atatürk bu pulun 220 min lirəsinə Ankarada böyük meşə təsərrüfatı (Atatürk Orman Ciftliyi) alıb, 501 min lirə ilə isə Türkiyə İş Bankını qurub. Bu gün AK Partililər, CHP-lilər və digər partiya nümayəndələri təbii ki, bunu unutmurlar və yüksək dəyərləndirirlər. Ağır günlərində hər iki ölkə bir-birinə təmənnasız dəstək verir. Məsələn, Pakistanda olan son sel fəlakətinə görə 12 təyyarə, 5 qatar dolu avadanlıq göndərdik. 2005-ci ildə Pakistanda olan güclü zəlzələdə ən böyük dəstək Türkiyədən oldu.

Pakistanlılar tarixdəki türk hökmdarları ilə qürur duyurlar

Onu da qeyd edim ki, Pakistan xalqı islam aləmində olan problemlərinin olduğu hər yerdə həllinə çalışırlar, bu ölkənin rəhbərliyi kim olursa olsun, fərq etməz, xalq məzlumların yanındadır, cəmiyyət problemlərin çözümü üçün aktivdir və ölkə rəhbərliyinin seçimində obyektivdir, rəhbərlik də xalqın bu tələbinə həssas yanaşır. Pakistan Hindistanda 1947-ci ildə islam dövləti qurmaq üçün ayrılıb, adından da göründüyü kimi “pak” təmiz anlamındadır. Hindistana da uzun illər monqol türkləri, müsəlmanlar başçılıq edib, Əkbər şah,  Şahi Cahan və sairə.  1947-dən öncə Pakistan tarixində ən güclü dönəmlər monqol türklərinin Hindistana başçılıq etdiyi dönəmlərdir. Pakistan xalqı hələ də bu tarixlə öyünür, bununla qürur duyur.

Monqolların hind yarımadasında çox böyük əməyi var. Tac Mahal daxil olmaq üzrə bu ərazilərdə türklərə məxsus çox tarixi abidələr var. Pakistanda da məşhur monqol bağçaları salınıb ki,  500 min kvadratmetr böyüklüyündə şəlalələrin olduğu, ətrafları kralların evləri ilə əhatələnmiş bu tarixi yerlər hələ də qorunur. Lahor qalası da monqol türklərinə aiddir. Pakistanın məşhur milli şairi Məhəmməd İqbal orada dəfn edilib.

Üçüz övladlarımla Qarabağa səyahət edəcəyəm

- Söhbətlərinizdən birində Azərbaycanla bağlı biznes əlaqələrinizin qurulacağını bildirmişdiniz. Bir siyasətçi, iş adamı və mühəndis olaraq Azərbaycan-Türkiyə əlaqələri ilə bağlı nə kimi düşüncələriniz var?

- Əlbəttə həm iş adamı, həm siyasətçi olaraq Azərbaycan üçün dua edirik. O torpaqlar Azərbaycanın ana südü kimi halal haqqıdır.

Cənab Ərdoğan və Cənab İlham Əliyev hakimiyyətdə olduqları müddətcə hesab edirəm ki, əlaqələrimiz daha da inkişaf xətti üzrə davam edəcək.

İşə gəlincə, xaricdə Qazaxıstan və başqa ölkələrdə yatırımlarımız var. 4 il öncə də Bakıda iki mağazamız və şirkətimizin nümayəndəliyi açıldı, başqa heç bir ölkədə belə bir nümayəndəliyimiz yoxdur. 

Mənim üçüz övladlarım var, biri mühəndis, biri vəkil, biri psixoloq ixtisasına sahiblənməyi arzulayırlar. Onlar Qarabağa getməyi çox istəyirlər. Gələn il ali məktəbə daxil olduqdan sonra İrandakı Azərbaycan torpaqları da daxil, Qarabağ torpaqlarına birgə səyahət etməyi planlaşdırmışıq.

Türkiyədəki azərbaycanlı tələbələrə xüsusi güzəştlər tətbiq olunmalıdır

- Söhbətlərinizdə Türkiyədə təhsil alan azərbaycanlı tələbələrə fərqli güzəştlərin tətbiq edilməsinə tərəfdar olduğunuzu dediniz. Sizcə, bu güzəştlərin hansı şəkildə reallaşdırılması mümkündür?

- Sadəcə təhsil baxımından deyil, eyni bölgədə bir-birini sevən, dəstəkləyən iki ölkənin arasında sərhəd problemi belə olmamalıdır. Azərbaycanlı tələbələr türk tələbələr statusunda təhsil almalıdırlar. Bu mövzuda əgər bir kültür bağı qurmaq istəyiriksə, bunu gənclər vasitəsilə etmək daha məntiqlidir.  Əgər biz bu gün o gənclərimizə Türkiyə və Azərbaycanda mədəni əlaqələrin möhkəmlənməsində iştirakına daha yaxşı şərait yaratmasaq, o zaman onlar başqa ölkələrə meyillənəcəklər. Regionda Rusiya, İran, Ermənistan, Gürcüstan var, İngiltərə və Amerika bu bölgədə Azərbaycanla əlaqələr qurmağa  çox maraqlıdır.

Bizim tariximiz, keçmişimiz, atalarımız, etnik varlığımız, dinimiz bir olduğu halda, aramızda olan bu bağları bacardığımız qədər qorumalı və möhkəmləndirməliyik.  İnsan bilmədiyinə düşməndir. Azərbaycan Türkiyəni, Türkiyə Azərbaycanı dərindən öyrənməli, tanımalıdır, gəlməlidir, getməlidir. Bunun üçün də Türkiyə universitetlərində sizin, Azərbaycan ali məktəblərində bizim tələbələrə hər cür şərait yaradılmalıdır. Tələbə əgər, misal üçün Gürcüstanda daha uyğun qiymətə təhsil alarsa, niyə Türkiyəyə gəlsin ki? Bəzi məsələlərin hesabı aparılmaz, çünki o, gələcəkdə daha böyük gəlir gətirəcək. Türkiyədə təhsil alan tələbə sabah Azərbaycanda baş nazir ola bilər. Azərbaycanla bağlı edə biləcəyimiz nə dəstək lazımdırsa, mən kömək etməyə hazıram. 

Sevil Hilalqızı Ünal

Ankara

Paylaş:
Baxılıb: 537 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Sosial

Xarici siyasət

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30