Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Müsahibə / Ermənistanın cinayətləri...

Ermənistanın cinayətləri...

13.01.2023 [11:41]

Beynəlxalq məhkəmələr yolu ilə sübut olunmalıdır

Ankara Universitetinin professoru: Qarabağ məsələsi  Ermənistanın məsuliyyəti baxımından yox, hərbi baxımdan bitib

Ankara Universiteti Hüquq Fakültəsinin müəllimi, professor Cavid Abdulahzadənin “Yeni Azərbaycan” qəzetinə müsahibəsi:

- Qarabağ probleminin hüquqi aspektləri ilə bağlı yazdığınız kitabda  erməni mənbələrinə də istinadla faktlar təqdim edirsiniz.  Bu problemdə Ermənistanın rolu, məsuliyyəti haqqında qısa və konkret olaraq nə deyə bilərsiniz?

- Qarabağ məsələsi hərbi baxımdan bitdi, amma Ermənistanın cavabdehliyi  hüquqi baxımdan bitməyib. Və Ermənistanın rolunu mümkün olduğu qədər düzgün və hüquqi mövqedən qiymətləndirsək, o zaman Ermənistanın məsuliyyəti də aşkar görünəcək.

Ermənistan hər zaman Qarabağda erməni yerli idarəetməsi üzərində qanunsuz səlahiyyət sahibi rolunu oynayıb, amma beynəlxalq aləmdə tərəf olmadığını, guya bu hadisələrə heç bir müdaxilə etmədiyini göstərməyə çalışıb. Azərbaycanın dövlət, ordu, xalq birliyinin qələbə ilə başa çatan 44 günlük mübarizəsi də Ermənistanın iç üzünü beynəlxalq aləmə göstərdi. Odur ki, hələ də havadar axtarışı və qanunsuz əməllərindən qalmayan Ermənistan beynəlxalq hüququn tələbləri çərçivəsində məsuliyyətə cəlb olunmalıdır.

Ermənistanın cinayətlərinə Beynəlxalq Ədalət Məhkəməsi baxmalıdır

- İşğaldan əziyyət çəkmiş Azərbaycan dövləti və vətəndaşları hüquqi müstəvidə necə addım atmalıdırlar?

-  Burada iki ayrı cəhət var. Birisi şəxslərlə əlaqəlidir, beynəlxalq hüquqa zidd hərəkətə, törədilən cinayətlərə görədir. Məsələn, Xocalı soyqırımında iştirak etmiş erməni hərbiçilər, ayrı-ayrı şəxslər məsuliyyətə cəlb olunmalıdırlar. Bu qətliamda bir də Ermənistan dövlətinin ayrıca məsuliyyəti var.  Əsas məsələ də Ermənistanın dövlət olaraq məsuliyyətilə bağlıdır. Beynəlxalq hüquqa görə, bir dövlətə bağlı olan qurumlar, o dövlətin hərbçisi, polisi və sair başqa bir dövlətə ziyan vurursa, bu, birbaşa zərər verən dövlətin hərəkəti kimi qiymətləndirilir. Ermənistan məsuliyyəti Qarabağdakı yerli qurumların və erməni əhalisinin üzərinə atsa da, hadisələrə birbaşa müdaxiləsinə dair xeyli faktlar olduğu üçün bu, Ermənistanın hərəkəti sayılır. Və bu faktları məhkəmə ilə sübut etmənin ən məqbul yolu Beynəlxalq Ədalət Məhkəməsidir.

Şəxslərə vurulmuş zərər beynəlxalq cəza hüququ ilə sorğulanmalıdır

Şəxslərə qarşı törədilmiş cinayətlərin araşdırılması üçün Beynəlxalq Cinayət Məhkəməsinin Roma Əsasnaməsi, beynəlxalq cəza hüququ var. Ermənistan dövlətinin məsuliyyətə cəlb olunması da ayrı-ayrı iddialar üzrə olmalıdır. Məsələn, Xocalı soyqırımı keçmiş Yuqoslaviyadakı Srebrenitsa hadisələri kimi ayrıca bir cinayət hərəkətləridir.

Ermənistanın Azərbaycan dövləti qarşısında iki məsuliyyəti var. Bunun biri beynəlxalq hüquqa görə, Ermənistanın gücdən istifadə etmək qadağasını pozaraq 27 il ölkəmizi işğal altında saxlamasıdır. Heç bir dövlət gücdən istifadə edərək, başqa bir dövlətin ərazisini işğal edə bilməz. Buna beynəlxalq hüquqda gücdən istifadənin qadağan olunması deyilir. Bu qadağa BMT-nin Nizamnaməsində də əksini tapıb.

Digər bir məsələ işğal müddətində Azərbaycan dövlətinə ziyan vurulması, beynəlxalq humanitar hüquq qaydalarının pozulması ilə bağlıdır.

Ermənistan işğal dövründə Qarabağda Azərbaycanın demoqrafik quruluşunu dəyişdirdi, azərbaycanlı əhalinin oradan köçməsinə məcbur etdi və bu, ayrıca bir beynəlxalq məsuliyyətdir.

Buna görə Ermənistan dövlət olaraq beynəlxalq məsuliyyətə, bu prosesdə iştirak edən hərbçilər və şəxslər də  beynəlxalq cinayət məsuliyyətinə cəlb olunmalıdır.

Xocalıda törədilən cinayətlərdə əli olan, Qarabağda yerli idarəetmədə çalışmış  Robert Köçəryan,  Serj Sərkisyan sonradan Ermənistanda dövlət başçısı oldular, bu cinayət faktlarında iştirakları və məsuliyyətləri var və onlar beynəlxalq hüquq qarşısında cinayət əməllərinə görə cavab verməlidirlər.

Haaqa Beynəlxalq Ədalət Məhkəməsi tərəfindən verilmiş qərarlara görə, dövlətin tarixi abidələr, muzeylər, kitabxanalar, məktəblər və digər dövlət mülkiyyətlərinə, eləcə də ekologiya, ətraf mühit, mədənlərə zərər  vurulması beynəlxalq ədalət məhkəməsində cinayət hesab edilir.

- Bu məsələlərdə beynəlxalq təşkilatların mövqeyini və Azərbaycan dövlətinin cəhdlərini necə dəyərləndirirsiniz?

- Müşahidələrimə görə,  Azərbaycan torpaqlarını tam işğaldan azad etmədən bu məsələlərin üzərinə çox da getmək istəməyib. Amma şəxslərlə bağlı “Çıraqov və başqlarının işi üzrə” nümunə var. Bu nümunənin ardınca AİHM-də bir neçə belə iddia da qaldırılıb. 

Amma dövlət səviyyəsində müraciətlə bağlı, fikrimcə, indi əsl məqamdır. Bu məsələ BMT də daxil, bütün beynəlxalq təşkilatlarda gündəmə gətirilməlidir. Ermənistanın tərəf olduğunu sübut edən dəlillərlə Beynəlxalq Ədalət Məhkəməsinə müraciət edilməlidir.

Ayrıca, necə ki, keçmiş Yuqoslaviya ilə bağlı BMT tərkibində keçici bir məhkəmə quruldu, bütün problemlər araşdırıldı,  eləcə də Qarabağda yaşanmış beynəlxalq cinayətlərə,  şəxslərin daşıdıqları cavabdehliyə görə də erməni idarəçilər məsuliyyətə cəlb olunmalıdır.  Xocalı soyqırımı ilə bağlı faktlar kifayət qədər olduğu üçün bunu sübut etmək asan olacaq.

Bütün hallarda dövlət dəstəyi ilə, həm də gecikmədən, çox əhatəli araşdırmalar, arxiv sənədləri, fotolar, videogörüntülər, sübutlar, faktlar bir araya toplanmalıdır. Həm də bu məsələyə vicdanla, könüllə yanaşan mütəxəssislər cəlb olunmalıdır. Beynəlxalq məhkəməyə müraciət hüququ olan, Türkiyə və digər xarici ölkələrdən də mütəxəssislər dəvət oluna bilər. Bu işin infrastrukturu hazırlanmalıdır, bundan sonra beynəlxalq məhkəmələrə müraciət olunmalıdır ki, hüquqi baxımdan da qalibiyyət əldə edək. Və bu məsələyə köklü şəkildə yanaşmalıyıq ki, Ermənistanın əlinə heç fürsət verməyək. 

“Çıraqov” işi köçkünlərə də, qaçqınlara da nümunəvi yol xəritəsidir”

- “Çıraqov və digərləri Ermənistana qarşı” nümunəsinin kütləviləşməsi üçün zərərçəkən bir milyondan çox məcburi köçkün AİHM-ə necə müraciət etməlidir?

- Ermənistan işğalından zərər çəkən məcburi köçkünlərin, qaçqınların da beynəlxalq məhkəməyə müraciətinə dövlət dəstəyi olmalıdır. AİHM-in “Çıraqov və digərləri Ermənistana qarşı” qərarında açıq şəkildə göstərilir ki, “Qarabağın işğalda olan ərazisinə Ermənistan nəzarət edir”. Bu qərar mülkiyyət hüququ baxımından Ermənistanın məsuliyyətini təsdiqlədi.  Ona görə də “Çıraqov işi” o kateqoriyadan olan şəxslər üçün gözəl yol xəritəsidir.

Biz mülkiyyətə zərər və insan hüquqları ilə bağlı AHİM-ə, Ermənistanın dövlət olaraq məsuliyyəti üçün Haaqa Beynəlxalq Ədalət Məhkəməsinə, şəxslərin cinayətləri ilə bağlı  Beynəlxalq Cinayət Məhkəməsinə müraciət etməliyik, bu ölkəni fərqli şəkildə hüquqlar üzrə elə bir məsuliyyətə cəlb etməliyik ki, Ermənistan iqtisadiyyatı imkan versə də, verməsə də ya tələb olunan təzminatı verməlidir, ya da Azərbaycanla razılaşmaya getməlidir. Ola bilər ki, bu tələblər qarşılığında heç məhkəməyə getmədən də  müzakirələrlə həll edilər. Bu, isə yalnız beynəlxalq hüququn tələbləri çərçivəsində mümkündür. 

Qərbi azərbaycanlıların da Ermənistandan təzminat tələbi haqları var

- Kitabınızda da qeyd olunur ki, SSRİ dağılmazdan öncə Ermənistanın Azərbaycanın müstəqilliyinə təcavüzünü beynəlxalq hüquq çərçivəsində mühakimə etmək mübahisəli məsələdir. O zaman Ermənistandan qaçqın düşən Qərbi azərbaycanlıların durumu beynəlxalq  hüquq çərçivəsində necə dəyərləndirilə bilər?

- Beynəlxalq hüquq beynəlxalq hüququn subyektləri ilə maraqlanır. 1988-ci ildə Azərbaycan və Ermənistan  Sovet İttifaqının tərkibində idi. Odur ki, 1991-ci ildən etibarən Ermənistan beynəlxalq hüququn subyekti halına gəlir. Amma beynəlxalq hüquq bu hadisələrin tarixi keçmişi ilə  maraqlandığı üçün, əlbəttə Azərbaycan bu hadisələrin keçmişilə bağlı faktları da üzə çıxarmalıdır. Amma Qərbi Azərbaycandan olan qaçqınlar da mülkiyyət hüquqlarından istifadə edə bilmədikləri üçün bu, davam edən bir müddət hesab edilir ki, bunlar da Ermənistanın məsuliyyətidir. Qarabağda yaşayan Azərbaycan vətəndaşı ermənilər digər vətəndaşlara məxsus hüquqlara malikdirlər. Ermənistandan vaxtilə zorla çıxarılan Qərbi azərbaycanlılar arasında öz yurdlarına qayıtmaq istəyənlər də digər Ermənistan vətəndaşları kimi orada bütün  hüquqlara sahib olmalıdırlar. Bu, həm də siyasi baxımdan hər iki ölkənin xeyrinə olan məsələdir.

- Hazırda Ermənistan iş ortaqları ilə birgə ermənilərin Qarabağda yaşadığı yerləri ekoloji terrora məruz qoyur. Azərbaycanın bununla bağlı hansı beynəlxalq məhkəməyə müraciət hüququ var? 

- Azərbaycan təbii sərvətləri və ekologiyasına verilən zərərlə bağlı Haaqa Beynəlxalq Ədalət Məhkəməsinə müraciət etməlidir.  Bundan əlavə 30 ilə yaxın müddət ərzində Qarabağın ekologiyasına ciddi zərbə vurulub.  Əlbəttə, Ermənistan ekologiyamıza verdiyi zərərə görə də təzminat ödəməlidir.

Sevil Hilalqızı Ünal, Ankara

Paylaş:
Baxılıb: 428 dəfə

Xəbər lenti

Hamısına bax

Mədəniyyət

Xəbər lenti

XİN Makrona cavab verib

25 Sentyabr 13:17

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30